Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1939/2025 10.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş (Açar sözlər: «əsassız hesablanmış borcun silinməsi») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4447/2024 saylı, 10 dekabr 2024cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:
1. 03 avqust 2021-ci il tarixdə R seriyalı 230379 saylı aktda göstərilib ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında «X1 Qaydaları»na riayət olunması yoxlanılmışdır. EESQ-a əsasən uçot komplekt dəstinə baxış keçirən zaman məlum olmuşdur ki, elektrik sayğacı “optik gözlə” oxuna bilmir. Belə ki, sayğacın zavod nömrəsi ilə “optik gözün” qeyd etdiyi nömrəsinə uyğun gəlmir. “Optik gözün” qeyd etdiyi nömrə A380780729-dur. Elektrik sayğac dəyişdirilərək laboratoriya şəraitində rəy verilsin və akta əsasən abonentə 907,11 manat əlavə sərfiyyat hesablansın.
2. Sayğacların və cərəyan transformatorlarının yoxlanmasına dair 10 sentyabr 2021-ci il tarixli 231520 saylı protokol ilə müəyyən olunur ki, sayğacın 243738 saylı qırmızı dövlət möhürü pozularaq sayğacın daxili sxemi dəyişdirilmişdir. Proqram əlavəsi oxunan zaman sayğacın faktiki seriya nömrəsi “A101039330” olduğu halda “A3807807” olduğu aşkar olunmuşdur. Sayğaca müdaxilə olunmuşdur.
3. "xxxx" Limited Liability Company MMC-nin 15 fevral 2022-ci il tarixli 151 nömrəli arayışı ilə müəyyən olunur ki, K.Kazımzadə küçəsi ev 7 dalan 2 ünvanında yerləşən “Green Park” yaşayış kompleksinin 151 saylı mənzilində yaşayan İddiaçı xx.xx.2007-ci il tarixdən mənzil ona məxsus olsa da, xx.xx.2020-ci ildən indiyədək həmin ünvanda yaşamır. ünvan 2hibinin və komendantın iştirakı və razılığı olmadan işıq sayğacı dəyişdirilmiş, yenisi ilə əvəzlənmişdir.
Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək cavabdeh tərəfindən tərtib edilmiş 03 avqust 2021-ci il tarixli 230379 nömrəli aktın ləğv olunması, həmin akta görə hesablanmış 907,11 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabadeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiada göstərilib ki, 03 avqust 2021-ci il tarixdə cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu Kazımzadə küçəsi ev 7 ünvanında yerləşən 151 nömrəli mənzilin elektrik sayğacına baxış keçirmiş və sayğacda qüsur aşkar olunduğu üçün 230379 nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən keçirilən yoxlama zamanı isə qüsurun sayğacın zavod nömrəsinin optik gözlə oxunan zaman uyğun gəlmədiyi göstərilmişdir. Bütün bunlar onun xəbəri olmadan və qanunsuzluqlara yol verilməklə baş vermişdir. Mənzilindən kənarda - dəhlizdə yerləşən yuxarıda adıçəkilən qüsur aşkar edilmiş sayğac onun xəbəri olmadan cavabdehin əməkdaşları tərəfindən dəyişdirilmişdir. Bununla bağlı heç bir sənədləşmə aparılmamış, o cümlədən hər hansı müqavilə bağlanmamışdır. Sayğac dəyişdirildikdən sonra ondan istifadə də etməmişlər. Çünki pandemiya ilə əlaqədar, yəni 2 ilə yaxın müddətdir ailəliklə bağ evinə köçdüyü üçün qeyd olunan mənzildə yaşamırlar. Bütün bunlar mənzilinin yerləşdiyi binanın idarəedicisi "xxxx" MMC-nin 143 nömrəli 15 fevral 2022-ci il tarixli arayışı ilə də öz təsdiqini tapır. Belə ki, həmin arayışda 15 may 2020-ci il tarixdən sözügedən mənzilində yaşamadığı, habelə ünvan 2hibinin və komendantın iştirakı və razılığı olmadan işıq sayğacının dəyişidirilərək yenisi ilə əvəzlənməsi göstərilmişdir. Belə olduğu halda, "xxxx" ASC-nin işlənməyən sayğacda hər hansı qüsur aşkar etməsi müəmmalıdır. Bu problemlə bağlı cavabdehə etdiyi müraciətlər ya qəbul edilməmiş ya da cavabsız qalmış, heç bir nəticə verməmişdir. Göründüyü kimi, cavabdeh "xxxx" ASC-nin əməkdaşlarının qeyd olunan qanunsuz hərəkətləri, özbaşınalıqları, o cümlədən tərəfsiz şəxslərin iştirakı olmadan akt tərtib etmələri nəticəsində hüquqları kobud şəkildə pozulmuşdur.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4447/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia tələbinin təmin edilərək 03 avqust 2021-ci il tarixdə tərtib edilmiş R seriyalı 230379 saylı aktın ləğv edilməsi; ünvan 3 ünvanı üzrə **********70151 saylı abunə koduna hesablanmış 907,11 manat elektrik enerjisi borcun əsassız sayılaraq silinməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, «Elektroenergetika haqqında» 03 aprel 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin tələblərinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. İşin faktiki halları ilə müəyyən olunur ki, ünvan 4 ünvanında yerləşən 151 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Qeyd edilən mənzilin yerləşdiyi ünvanda "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirildiyi zaman 151 nömrəli mənzilə quraşdırılmış olan sayğacda qüsurların olması əsası ilə sayğac dəyişdirilmiş, laborotoriya müayinəsinə göndərilmiş və müvafiq olaraq akt tərtib edilmişdir. Lakin aktın tərtib edildiyi zaman abonentin iştirakı təmin edilməmiş və nəticədə qeyd edilən akta əsasən abonentə borc hesablanmışdır. Sayğacda qüsurların aşkar olunub aktın tərtib edilməsinə, eləcə də akt üzrə borcun hesablanmasına baxmayaraq qeyd edilməlidir ki, işdə olan sənədlərlə iddiaçının uzun müddət ərzində sözügedən mənzildə yaşamaması müəyyən edilmişdir. Belə ki, hətta sayğac dəyişdirildikdən sonra həmin mənzil üzrə istehlak edilən enerji sərfiyyatında dəyişiklik olmamışdır. Bununla da, mənzildə yaşayış olmadığı halda mənzildən kənarda ümumi dəhlizdə quraşdırılmış olan abonentin təqsiri müəyyən edilmədən sayğacda qüsurların aşkar edilməsi əsası ilə abonentə borcun hesablanması əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «X1 Qaydaları»nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir Həmin Qaydaların 7.11-ci bəndinin tələblərinə görə yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Sayğacda müdaxilə aşkar edilsə idi belə "xxxx" ASC-nin əməkdaşları sayğacın abonentin nəzarətindən kənar ərazidə quraşdırıldığını nəzərə almamış və aktın tərtibi zamanı yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə riayət etməmişlər. Akt qüsurlu olduğu halda həmin akta əsasən hesablanmış borc da əsassız hesab edilməlidir. Borcun hesablanmasının əsassız olması qənaətinə gəlməklə yanaş, işdə olan sənədlərlə müəyyən olunur ki, cavabdeh tərəf iddia tələbinə qarşılıq olaraq iddia müddətinin tətbiqinə dair ərizə təqdim edib, müddətin tətbiq edilməsi ilə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Sənədlərə baxış keçirdikdə aktın 2021-ci ilin avqust ayında tərtib edilməsini, iddiaçı tərəfin 2024-cü ilin iyun ayında məsələ ilə bağlı rəsmi qaydada cavabdeh quruma müraciət etməsini, lakin hər hansı bir nəticənin əldə edilməsinin mümkünsüz olması səbəbilə qısa müddət sonra eyni növ tələblə məhkəməyə müraciət etməsini nəzərə alıb, iddia müddətinin ötürülmədiyini müəyyən edir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd olunmasını xahiş edib şikayətində göstərir ki, xx.xx.2021-ci il tarixdə İddiaçı ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə (abunə kodu: **********70151) quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış keçirilən zaman elektrik sayğacın zavod nömrəsi optik gözlə oxunan zaman uyğun gəlmədiyi müəyyən edilmişdir. "xxxx" ASC-nin əməkdaşları( R.Tahirov,A.Əliyev və İ.Qasımov) tərəfindən xx.xx.2021-ci il tarixdə R 230379 saylı müvafiq akt tərtib olunmuş və video-çəkiliş aparılmışdır. Aktın tərtib edilməsi zamanı abonent iştirak etməmişdir. "xxxx" ASC-nin Aktların Uçotu və İcrasına Nəzərət şöbəsinin qərarına əsasən xx.xx.2024-cü il tarixdə R 230379 saylı akt üzrə 8.901 kvts=(1.533kvts:31 gün*180 gün) itirilmiş elektrik enerjisinin dəyəri 907,11 manat məbləğində müəyyən edilməklə abonentin (kod: **********70151) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirik ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
9. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və qətnamənin ləğv edilərək iddianın təmin olunmamasını xahiş etdi.
10. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 550. Tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Maddə 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
12. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanunu(11 aprel 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada).
Maddə 11. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
13.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun.
Maddə 3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Maddə 13 (8-ci bənd). Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır.
14.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları.
Bənd 8.33. Məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur.(28 sentyabr 2021-ci il tarixədək olan redaksiyada) Bənd 9.13.2. Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır. Azərbaycan
15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz.
17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
19. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
21. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. 22 Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin iddia müddətinin keçməsi ilə əlaqədar etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmadığından iddia haqlı sayılır.
23. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
24. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
25. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
26. Belə ki, cavabdeh elektrik enerjisinin satışına dair müqaviləyə əsasən, istehlak olunan elektrik enerjisinə görə iddiaçının silinən məbləğdə borcu olmasına və ya X1də pozuntuya yol verildiyinə dair iddia tələbinə etirazının əsası kimi məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşdə olan akt isə borcun olduğunu yaxud cavabdehə vurulan zərəri təsdiq edən sübut kimi qəbul oluna bilməz. Çünki həmin sənəddə göstərilənlər o məlumatların həqiqi olduğunu təsdiq etməməklə yanaşı borcun olması yaxud elektrik enerjisindən qanunsuz istifadə ilə bağlı deyildir. Maraqlı şəxs olaraq istənilən sayda mötəbərliliyi təsdiq olunmayan həmin aktı hazırlaya bilər.
27. Məhkəmə tərkibi vurğulayır ki, bu xarakterli işlər üzrə yaranmış borcun və ya zərərin istehlakçıdan tələb edilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ "xxxx" ASC-yə aid olduğundan, belə tələblər üzrə iddia müddəti ötürüldüyü halda həmin işdə potensial cavabdeh olan şəxsin ərizəsinə əsasən iddia müddətinin tətbiq edilməsi və iddianın həmin əsasla rədd edilməsi mümkündür. Ancaq "xxxx" ASC belə iddia tələbi ilə məhkəməyə müraciət etmədən, həmin borcu iddiaçıdan məhkəmədən kənar qaydada tələb etdiyinə görə, iddiaçı qeyd olunan borcun silinməsi, yəni borcunun olmadığını təsbit etmək barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Ona görə də tələb hüququ ilə bağlı olmayan, borcun olmadığını (borcun silinməsini) təsbit etmək barədə iddiaya iddia müddəti tətbiq oluna bilməz. Birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi ilə bağlı apardığı hüquqi dəyərləndirmə düzgün olmasa da iş üzrə gəlinən yekun nəticə düzgün olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
28. Şərh olunanlara əsasən, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4447/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4447/2024 saylı, 10 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.