Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1943/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Səlimova Səadət Rəşid qızından və X1 ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 24 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. 26.02.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, **- UG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Skoda Kodiaq” markalı, 055D004 (Səfirlik avtomobili) dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, Nəsimi RPİ-nin DYPŞ-nin 12 fevral 2023-cü il tarixli ******* saylı inzibati tənbehvermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 (altmış) manat miqdarında cərimə edilmişdir.
2. 22 iyun 2022-ci il tarixli sığorta aktına əsasən “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli 3 saylı hesabatına uyğun olaraq 32608 manat müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən 105749 saylı sığorta aktına əsasən 27634,27 manat sığorta ödənişi həyata keçirilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 27604,44 manat məbləğində vəsaitin və ödənilmiş 173,40 manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, dəymiş zərər “Toyota Prius” markalı, **-UG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan İddiaçı SŞ ASC tərəfindən ödənilmişdir (Əvəzlənmişdir). xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. 27.608,44 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim G.Babazadə, iş № 2(004)-4680/2023) iddia qismən təmin edilmiş, cavabdehdən 18620 manat məbləğində sığorta ödənişi və iddiaçının ödədiyi 173,40 manat dövlət rüsumunun 146 manat hissəsi olmaqla, cəmi 18766 manatın iddiaçının xeyrinə tutulması, 50 (əlli) manat ekspertiza xərcinin cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.
6. Məhkəmə belə qənaətə gəlmişdir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən zərəri tələb etmə hüququ subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə keçdiyindən iddia qismən təmin edilməli, nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği qismində ekspert rəyi ilə müəyyən edilmiş 23620 manat əsas götürülməli və qeyd edilən pul vəsaitindən 5000 manat icbari sığorta üzrə əvəzləşdirilmiş məbləğ çıxılmaqla (23620-5000)=18620 (on səkkiz min altı yüz iyirmi) manat Cavabdeh İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3, 936.1, 936.2, 1096.1, 1096.2, 1097.1, 1097.3, 1108.1, 1114.1-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ekspert əəmtəəşünaslıq ekspertizasını düzgün və qanuni həyata keçirməmiş, nə üçün İddiaçı Sığorta Şirkəti ACnin birinci verdiyi qüsur aktını qəbul etdiyinin əsaslarını ekspert rəyində tam və kifayət qədər açıqlamamışdır. Məhkəmə ekspertizasının əsas mahiyyəti ondan ibarət olmalı idi ki, avtoqəza nəticəsində, yəni toqquşma zamanı real olaraq maşına nə qədər ziyan yetirilə bilərdi və bu maşın uzrə təmir edilən ehtiyat hissələrinin qiyməti obyektiv həqiqəti əks etdirirmi? Ekspert rəyi verilən suallar üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadığını aşkar surətdə göstərsə də, hakimin ekspert rəyini sübut kimi qiymətləndirməsi və bunun əsasında qətnamə qəbul etməsi qanunvericiliyin tələblərinin kobud surətdə pozulması kimi qiymətləndirilməlidir. Ekspertiza düzgün keçirilməmişdir və ekspertin gəldiyi nəticələr obyektiv həqiqəti əks etdirmir. Ekspert iddiaçının təqdim etdiyi qüsur aktında göstərilən ehtiyat hissələrini düzgün hesablamamış və gəldiyi nəticəni kifayət qədər aydınlaşdırmamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdeh və vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər.
12. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddələr 936.1 və 936.2. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən mübahisələndirildiyindən, iddiaçı isə apellyasiya şikayəti vermədiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası aşağıdakılara görə apellyasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, avtomobilə dəymiş zərərin müəyyən edilməsi üçün ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyi ilə avtomobilin təmir-bərpa xərci dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 24521 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 22521 manat, təmir-bərpa işlərinin qiyməti – 2000 manat, dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 23620 manat, dəyişilməli hissələrin qiyməti 21620 manat, təmir-bərpa işlərinin qiyməti – 2000 manat müəyyən edilmişdir.
18. Ekspert nəzəri hesablamalar yolu ilə və iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən rəy vermişdir.
19. Bundan əlavə rəy vermiş ekspert X3 məhkəmə iclasına dəvət olunmuş, rəyi müdafiə etmiş, dəymiş zərərin real olaraq rəydə göstərdiyi məbləğ olduğunu, xx.xx.2022-ci il tarixli qüsur aktı rəsmi blank formasında tərtib edildiyindən, məbləğlər daha ətraflı göstərildiyindən həmin qüsur aktı əsasında rəy verdiyini, məbləğlərin aşınma nəzərə alınmaqla qeyd edildiyini, avtoservislərdən asılı olaraq qiymətlərin tərəfindən göstərilmiş məbləğdən sadəcə olaraq 200-400 manat arası yüksək və ya aşağı ola biləcəyini bildirmişdir.
20. Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirsə də, həmin rəyin mötəbərliyini şübhə altına alan ilkin sübutlara istinad etməmişdir. Buna baxmayaraq apellyasiya baxışı zamanı apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsini təmin etmək məqsədilə xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və həll edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur:
1. Yol-nəqliyyat hadisəsi nəticəsində “Skoda Kodiaq” markalı, 055D004 dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği yuxarıda adı çəkilən sənədlərdə göstərilən qiymətlər arasındakı uyğunsuzluq nəzərə alınmaqla yenidən müəyyən edilsin.
2. Mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə cədvəlində (i.v.29) göstərilən ehtiyat hissələrinin qiyməti və onların dəyişdirilməsi üçün xidmət haqları həmin tarixdə və hazırkı dövrdə mövcud bazar qiymətlərinə uyğundurmu? Əgər uyğun deyilsə, qeyd olunan tarixdə və hazırda mövcud bazar qiymətləri əsasında qiymətlər və xidmət haqları müəyyən edilsin.
21. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi xx.xx.2024-cü il tarixli məktubla rəy verməkdən imtina etmiş və bunun səbəbini yerli internet saytlarında həmin avtomobilin ehtiyat hissələrinin satışına və qiymətinə dair məlumatın mövcud olmaması ilə izah etmişdir.
22. Məhkəmə kollegiyası qeyd olunanları, birinci instansiya məhkəməsində işə baxılarkən müvafiq ekspertiza keçirildiyini, həmin rəydə göstərilənləri təkzib edən sübutlar təqdim olunmadığını nəzərə alaraq 14 noyabr 2023-cü il tarixli 9/7844 nömrəli ekspert rəyinin mötəbərliyini qəbul edir və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.
23. Elə bu əsasla da Məhkəmə kollegiyası təkrar ekspertiza təyin olunması barədə iddiaçının nümayəndəsinin vəsatətini əsassız saydı və təmin etmədi.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək tərəflərin vəzifəsidir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 25 dekabr 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.