Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1945/2021 24.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinə dair tərtib edilmiş protokolunun, müqavilənin və onun hüquqi nəticəsinin etibarsız sayılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Hərrac Mərkəzinə qarşı iddia ərizəsi və “iddia ərizəsinin dəqiqləşdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, iş üzrə üçüncü şəxs olan Bakı Şəhəri Xətai Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında cavabdeh Hərrac Mərkəzi tərəfindən iddiaçıya məxsus olan və Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, bina № 100-də yerləşən 70 №-li mənzilə dair keçirmiş hərracın nəticəsi barədə 50/04 saylı, 31.07.2019-cu il tarixli protokolun, iş üzrə digər üçüncü şəxs olan Maraqlı şəxs1 Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə cavabdeh Hərrac Mərkəzi arasında bağlanmış “Alğı-satqı müqaviləsinin”, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin Kredit Təşkilatına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş və qeydiyyat nömrəsi ********** olan 09.11.2019-cu il tarixli “Çıxarışın” etibarsız sayılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə hazırki iş üzrə üçüncü şəxslərdən biri olan Kredit Təşkilatı arasında 2015-ci ildə bağlanmış 2015/00193-01 saylı “Kredit müqaviləsi” üzrə iddiaçının Kredit Təşkilatı qarşısında üzərinə götürdüyü kredit öhdəliklərinin icrasının təminatı olaraq iddiaçıya özünə məxsus mənzili Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit borcunun bir hissəsini ödəmiş iddiaçı, Kredit Təşkilatı qarşısında üzərinə götürdüyü öhdəliyi tam icra edə bilməmiş, onun Kredit Təşkilatına borcu yaranmışdır. Kredit Təşkilatının iddiaçıya qarşı irəli sürmüş “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbləri” barədə iddiasına dair mülki işə baxmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 12.10.2016-cı il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 51.000 ABŞ dolları məbləğində pulun ondan Kredit Təşkilatının xeyrinə tutulması, tutumanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 75.584 manat müəyyən edilməklə açıq hərracdan satılmasını və sair məsələləri qət etmişdir. Bundan sonra iddiaçının qətnamənin icrasından məlumatı olmamış və yalnız bu yaxınlarda ona məlum olmuşdur ki, qətnamə qanuni qüvvəsini 14.06.2017-ci il tarixdə almış və onun əsasında tərtib edilmiş icra vərəqəsi icra olunması üçün hazırki iş üzrə digər üçüncü şəxs olan İcra Şöbəsinə göndərilmiş, icra hərəkətlərini həyata keçirən İcra Şöbəsinin sifarişi əsasında cavabdeh Hərrac Mərkəzi tərəfindən mənzil ilə bağlı hərrac keçirilmiş, hərracın nəticələri ilə mənzil Kredit Təşkilatına satılmış, hərracın nəticəsi barədə 50/04 saylı, 31.07.2019-cu il tarixli protokol və Kredit Təşkilatı ilə “Alğı-satqı müqaviləsi” bağlanmış, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Kredit Təşkilatına “Daşınmaz əmlakın dövlət reyestrindən” qeydiyyat nömrəsi ********** olan 09.11.2019-cu il tarixli “Çıxarış” verilmişdir. Hərrac barədə iddiaçıya məlumat verilmədiyindən iddiaçı hesab edir ki, hərracın nəticəsi barədə protokolun, Kredit Təşkilatı ilə bağlanmış “Alğı-satqı müqaviləsi” və Kredit Təşkilatının adına verilmiş “Reyestrindən çıxarış” məhkəmə qaydasında etibarsız sayılmalıdır. İşə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi 19.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) birgə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Bildirişlərdə imza iddiaçı tərəfindən icra olunmamışdır. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclaslarında iştirak etməmiş, nümayəndələr vasitəsi ilə təmsil olunmamış, nə də ki, bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.10.2016-cı il tarixli qətnaməsindən (İş № 2(011)-6284/2016) görünür ki, həmin qətnamə ilə iddiaçı (hazırki iş üzrə üçüncü şəxs olan) Kredit Təşkilatının cavabdeh (hazırki iş üzrə iddiaçı olan) İddiaçı qarşı irəli sürdüyü “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbləri” barədə iddiasının qismən təmin edilməsi, yaranmış kredit borcunun ödənilməsi məqsədi ilə 51.267,57 ABŞ dolları məbləğində pulun ondan Kredit Təşkilatının xeyrinə tutulması, tutumanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 75.584 manat müəyyən edilməklə açıq hərracdan satılması, mənzil satıldığı halda İddiaçı əşyaları ilə birlikdə mənzildən çıxarılması qət edilmişdir. İş materiallarından görünür ki, qətnamə qanuni qüvvəsini almış və onun əsasında tərtib edilmiş icra vərəqəsi icra olunması üçün hazırki iş üzrə digər üçüncü şəxs olan İcra Şöbəsinə göndərilmişdir. İcra hərəkətlərini həyata keçirən həmin İcra Şöbəsinin sifarişi əsasında cavabdeh Hərrac Mərkəzi tərəfindən mənzilin açıq hərracdan satılması prosesi başlanmışdır. Cavabdeh Hərrac Mərkəzi tərəfindən iddiaçıya, İcra Şöbəsinə və Kredit Təşkilatına ünvanlanmış 24.05.2019-cu il tarixli 01 nömrəli və 07.06.2019-cu il tarixli 01/2 nömrəli bildirişlərdən görünür ki, Xətai Rayon Məhkəməsinin 12.10.2016-cı il tarixli icra sənədi üzrə icra hərəkətlərinin yerinə yetirilməsi məqsədi ilə ipoteka predmeti olan və iddiaçıya məxsus mənzil ilə bağlı hərrac 24.06.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək. Mənzilin ilkin satış qiyməti 75.584 manatdır. ƏİV seriyalı, 082177 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, 24.05.2019-cu il tarixli № 01 nömrəli bildiriş 24.05.2019-cu il tarixində Hərrac Mərkəzi tərəfindən İddiaçı yaşadığı və ünvan 1 ünvanına göndərilmiş və Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir (həmin şəxs çatdırılmanın tarixini qəbzdə qeyd etməyib). Kredit Təşkilatı tərəfindən İddiaçı ünvanlanmış ***-**** nömrəli, 27.05.2019-cu il tarixli məktubundan və “Azari express” kuryer xidməti tərəfindən verilmiş qəbzin surətindən görünür ki, ipoteka predmeti olan və iddiaçıya məxsus olan, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 100 saylı evin 70 nömrəli mənzilinin 24.04.2019-cu il tarixdə saat 11:00-da 75.584 manata hərracda satışa çıxarılması ilə bağlı məlumat verilmişdir. Həmin məktub 29.05.2019-cu il tarixdə göndərilmiş, 30.05.2019-cu il tarixdə iddiaçının ünvanı üzrə çatdırılmış, məktubu həmin ünvanda Ramil Qarayev adlı şəxs tərəfindən qəbul edilmişdir. ƏİV seriyalı 082531 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, 07.06.2019-cu il tarixli 01/2 nömrəli bildiriş 07.06.2019-cu il tarixində Hərrac Mərkəzi tərəfindən iddiaçıya yuxarıda qeyd edilən ünvan üzrə göndərilmiş, 11.06.2019-cu il tarixdə həmin ünvan üzrə çatdırılmış və bildiriş Qarayev Ramil adlı şəxs tərəfindən qəbul edilmişdir. İşin hallarından görünür ki, 24.06.2019-cu il tarixə saat 11:00 təyin edilmiş hərrac baş tutmamışdır. Hərrac Mərkəzi tərəfindən iddiaçıya, İcra Şöbəsinə, Kredit Təşkilatına və iddiaçıya ünvanlanmış 28.06.2019-cu il tarixli 02 nömrəli bildirişdən görünür ki, həmin mənzil ilə bağlı hərrac 15.07.2019-cu il tarixdə saat 11:00-da keçiriləcək. Mənzilin ilkin satış qiyməti 15 % aşağı salınmış və 64.246,4 manat təşkil edir. ƏİV seriyalı 084501 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin kötüyünün surətindən görünür ki, 28.06.2019-cu il tarixli 2 nömrəli bildiriş 28.06.2019-cu il tarixində Hərrac Mərkəzi tərəfindən iddiaçıya yuxarıda qeyd edilən ünvan üzrə göndərilmiş, 01.07.2019-cu il tarixdə həmin ünvan üzrə çatdırılmış və bildiriş Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Kredit Təşkilatı tərəfindən iddiaçıya ünvanlanmış ***-**** nömrəli, 08.07.2019-cu il tarixli məktubdan və “Azari express” kuryer xidməti tərəfindən verilmiş qəbzin surətindən görünür ki, ipoteka predmeti olan və iddiaçıya məxsus olan mənzilin 15.07.2019-cu il tarixdə saat 11:00-da 64.246,4 manata hərracda satışa çıxarılması ilə bağlı məlumat verilmişdir. Həmin məktub 10.07.2019-cu il tarixdə iddiaçının ünvanı üzrə çatdırılmış, məktubu həmin ünvanda Cəfərov soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Hərrac Mərkəzi tərəfindən iddiaçıya, İcra Şöbəsinə və Kredit Təşkilatına ünvanlanmış 19.07.2019-cu il tarixli, a/2546 nömrəli məktubundan görünür ki, mənzil ilə bağlı təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 19.07.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 % az olmayan qiymətlə, yəni 48.184,8 manat olmaqla ipoteka saxlayana təklif olunur. İcra Şöbəsi tərəfindən Hərrac Mərkəzinə, Kredit Təşkilatına, İddiaçı və Xətai Rayon Məhkəməsinə ünvanlanmış 29.07.2019-cu il tarixli 17/74 239629-2017/877/17 nömrəli məktubun surətindən görünür ki, İcra Şöbəsi ünvançılara bildirmişdir ki, Kredit Təşkilatı Şöbəyə müraciət edərək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra vərəqəsinin məhkəməyə qaytarılması xahiş etmişdir. Şöbə göstərilənlərə nəzərə alaraq mənzil ilə bağlı hərracın keçirilməsinin dayandırılmasını xahiş etmişdir. İş materiallarında olan 24-30 may 2019-cu il tarixli, 07-13 iyun 2019-cu il tarixli, 28 iyun-04 iyul 2019-cu il tarixli və 19-25 iyul 2019-cu il tarixli “Birja Yenilikləri” qəzetlərinin surətindən görünür ki, mənzili ilə bağlı hərracın keçirilməsi tarixləri barədə elanlar verilmişdir. Kredit Təşkilatı tərəfindən Hərrac Mərkəzinə və İcra Şöbəsinə ünvanlanmış 24.07.2019-cu il tarixli, ***-**** saylı məktubdan görünür ki, Kredit Təşkilatı “İpoteka haqqında” Qanununun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25 % aşağı qiymətə, yəni 48.184,8 manata mənzili əldə etməyə razıdır. Hərrac Mərkəzi tərəfindən tərtib edilmiş 50/04 nömrəli, 31.07.2019-cu il tarixli “Hərracın yekunları barədə protokoldan” görünür ki, Xətai Rayon Məhkəməsinin 12.10.2016-cı il tarixli icra vərəqəsinə, Xətai Rayon İcra Şöbəsinin 17/74-130482- 2018/4950/17 saylı 21.05.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan mənzilin hərracdan satılması ilə əlaqədar hərrac təşkil olunmuşdur. Mənzilin ilkin satış qiyməti ilk hərracda 75.584 manat, təkrar hərracdakı 15% aşağı olan satış qiyməti 64.246,4 manat, 25% aşağı olan satış qiyməti 48.184,8 manatdır. İcra vərəqəsində tələbkar kimi göstərilmiş Kredit Təşkilatının həmin qiymətlə mənzili əldə etmək hüququ var və Kredit Təşkilatı buna razı olduğunu bildirmişdir. “Azari Express” kuryer xidmətinin meneceri tərəfindən 15.09.2020-ci il tarixdə tərtib edilərək imzalanmış aktdan görünür ki, 29.05.2019-cu il tarixdə Kredit Təşkilatından qəbul edilmiş zərf (qaimə 134121) ünvan 3 ünvanı üzrə çatdırılmış və Ramil Qarayev tərəfindən 30.05.2019-cu il tarixdə imzalanaraq qəbul edilmişdir. Həmçinin, 09.07.2019-cu il tarixdə Kredit Təşkilatından qəbul edilmiş zərf (qaimə 138012) həmin ünvana çatdırılmış və 10.07.2019-cu il tarixdə Cəfərov soyadlı şəxs tərəfindən bildirişə imza edilməklə qəbul edilmişdir. Hərracın yekun nəticələri üzrə Hərrac Mərkəzi ilə Kredit Təşkilatı arasında bağlanmış 31.07.2019-cu il tarixli “Alğı-satqı müqaviləsindən” görünür ki, Kredit təşkilatı mənzili 48.184,8 manata almışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” Kredit Təşkilatına verilmiş ********** qeydiyyat nömrəli, 09.11.2019-cu il tarixli “Çıxarışdan” görünür ki, mənzil xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi Kredit Təşkilatının adına qeydiyyata alınmışdır. İşdə olan sənədlərə əsasən müəyyən edilir ki, mübahisəli mənzilin mülkiyyətçisi olmuş iddiaçı öz iradə ifadəsini sərbəst şəkildə nümayiş etdirərək Kredit Təşkilatı ilə “İpoteka müqaviləsi” bağlamışdır. İddiaçı, Kredit Təşkilatından aldığı borcun qaytarılmasının təminatı olaraq mənzili Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı borcunu qaytara bilmədiyi üçün məhkəmə tərəfindən qəbul edilmiş və qanuni qüvvəsini almış qətnamə əsasında mənzilə tutuma yönəlmiş və mənzil açıq hərraca çıxarılmışdır. Mənzilin ilkin satış qiyməti 75.584 manat, təkrar hərracdakı 15% aşağı olan satış qiyməti 64.246,4 manat, 25% aşağı olan satış qiyməti 48.184,8 manat olmuşdur. Təyin edilmiş hərracların yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada xəbər verilmiş, bundan başqa xüsusi təyinatı olan qəzetdə hərracların yeri və vaxtı barədə müvafiq elanlar dərc edilmişdir. İşin hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Mülki Məcəllənin 416.1-ci maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İddiaçı, hərracın təşkilatçısı olan cavabdeh Hərrac Mərkəzinin qanunvericiliyin tələblərini pozduğunu, hərracın yeri və vaxtı barədə onu lazımi qaydada xəbərdar etmədiyini iddia etsə də, bu xüsusat iş materialları ilə öz təsdiqini tapmır. Çünki iş materiallarına əlavə edilmiş hərracın keçirilməsi barədə bildirişlərin surətindən görünür ki, hərracın vaxtı və yeri barədə cavabdeh Hərrac Mərkəzi tərəfindən iddiaçıya məlumat verilmiş və iddiaçı həmin bildirişləri qəbul etmişdir. Bildirişlərin qəbul edilməsinə dair qəbzlərdəki imzanın iddiaçıya məxsus olmaması barədə dəlili də inandırıcı deyil. İş materiallarından görünür ki, hər dəfə bildirişlər iddiaçının ünvanına göndərilmiş və hər dəfə də həmin ünvan üzrə qəbul edilmişdir. Bu halın əksini təsdiq edən sübutlar isə iddiaçı tərəfindən məhkəmələrə təqdim edilməmişdir. MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən maddi və prosessual hüquq normalarının tələblərinin işin müəyyən edilmiş hallarına tətbiqi nəticəsində müəyyən edilir ki, mübahisəli ipoteka predmeti ilə bağlı hərracın keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq təşkil edilmişdir. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, cavabdeh Hərrac Mərkəzi tərəfindən iddiaçıya məxsus olmuş mənzilə dair keçirmiş hərracın nəticəsi barədə tərtib edilmiş protokolun, Hərrac Mərkəzi ilə Kredit Təşkilatı arasında bağlanmış “Alğı-satqı müqaviləsinin”, habelə həmin sənədlər əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin Kredit Təşkilatına “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışın” etibarsız sayılması üçün əsaslar yoxdur. İddia əsassızdır. Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Həmin qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 19 oktyabr 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1945/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1945/2021
24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver