Məhkəmə qərarları › İş №2(103)-1949/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1949/2024

07.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1949/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 Ələskər qızına, Cavabdeh2 Süleyman oğluna və Cavabdeh3 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər:müqavilə öhdəliyinin icra olunması, müqavilənin etibarsız hesab edilməsi) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 Ələskər qızına, Cavabdeh2 Süleyman oğluna və Cavabdeh3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. "xxxx" MMC ilə İddiaçı arasında 09 mart 2019-cu il tarixdə 364002 saylı müqavilə bağlanmış, müqaviləyə görə MMC, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 4-cü blokunun 17-ci mərtəbəsində, ümumi sahəsi 90,4 kv.m olan 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzili payçı İddiaçı pay kimi verilməsini, İddiaçı isə mənzilin dəyərini – 55 000 manatı vaxtında və tamamilə ödəməyi öhdələrinə götürmüşlər.

2. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 4-cü blokunun 17-ci mərtəbəsində, ümumi sahəsi 90,4 kv.m olan 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzilin dəyərindən 25 000 (iyirmi beş min) manatı "xxxx" MMC-nə ödəmişdir.

3. "xxxx" MMC ilə Cavabdeh1 arasında 12 noyabr 2019-cu il tarixdə 364002 saylı müqavilə bağlanmış, müqaviləyə görə MMC, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 4-cü blokunun 17-ci mərtəbəsində, ümumi sahəsi 90,4 kv.m olan 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzili payçı Cavabdeh1 pay kimi verilməsini, Cavabdeh1 isə mənzilin dəyərini – 63 280 manatı vaxtında və tamamilə ödəməyi öhdələrinə götürmüşlər.

4. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksəkmərtəbəli yaşayış binasının 4-cü blokunun 17-ci mərtəbəsində, ümumi sahəsi 90,4 kv.m olan 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

5. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, həmin qurumun İstintaq İdarəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4, 308.2 və 313-cü maddələri ilə ********* nömrəli cinayət işi üzrə istintaq aparılmış, istintaqla müəyyən olunmuşdur ki, MMC tərəfindən ünvan 2 ünvanında inşa olunan binanın 4-cü giriş, 17-ci mərtəbəsində yerləşən, sahəsi 90,4 kv.m olan 2 otaqlı mənzil 63 280 manat müqabilində 20 000 manat ilkin ödəniş olunmaqla X3 xx.xx.2018-ci il tarixdə sonuncunun qızı X5 ilə MMC-nin direktoru Cavabdeh2 Sülyman oğlu arasında bağlanmış xx.xx.2018-ci il tarixli 364002 saylı alqısatqı haqqında müqavilə əsasında satıldıqdan sonra xx.xx.2019-cu il tarixdə İddiaçı, xx.xx.2019-cu il tarixdə Cavabdeh3 Alış qızına satılmış, istintaq müddətində İddiaçı və Cavabdeh3 Alış qızı zərərçəkmiş şəxs qismində tanınmış, Cavabdeh3 Alış qızına dəymiş maddi ziyan ödənilmişdir.

6. Cavabdeh2 Süleyman oğlu "xxxx" MMC-nin direktoru olmuş, İddiaçı ilə bağlanmış müqavilə onun tərəfindən imzalanmışdır.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

7. İddiaçı (iddiaçı) Cavabdeh1 Ələskər qızına, Cavabdeh2 Süleyman oğluna və Cavabdeh3 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, "xxxx" MMC-nin direktoru ilə Cavabdeh1 Ələskər qızı və Cavabdeh3 arasında ünvan 3 ünvanında yerləşən yüksəkmərtəbəli evin 364 saylı mənzilinə dair bağlanmış müqavilələrin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 09 mart 2019-cu il tarixdə X2 ilə ünvan 4 ünvanında yerləşən binanın 17-ci mərtəbəsində sahəsi 90,4 kv.m olan iki otaqlı 364 saylı mənzilin alınmasına dair müqavilə bağlamış, lakin sonradan məlum olmuşdur ki, cavabdeh eyni nömrə ilə, lakin onunla bağlanmış müqavilədən sonrakı vaxtlarda digər şəxslərlə də müqavilə bağlamış və onlardan biri də ona məxsus olan mənzilə qapı belə qoymuşdur. Öz mənzilindən istifadə edə bilməkdən məhrum olmuşdur, buna görə mənzillə bağlı digər müqavilələr etibarsız sayılmalıdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmunua uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmiş, cavabdehlər məhkəməyə gəlməmişlər.

10. Birinci instansiya məhkəməsinin 22 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət olunmuşdur.

11. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, 09 mart 2019-cu il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzilin payçı İddiaçı pay kimi verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqavilə mahiyyət etibarilə podrat müqaviləsidir. Çünki "xxxx" MMC mübahisəli mənzili inşa edərək iddiaçıya təhvil verməyi, sonuncu isə həmin mənzilin dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməmiş, "xxxx" MMC tərəfindən mübahisəli mənzil iddiaçıya təhvil verilməmişdir. İddiaçı mənzilə üzərində sahiblik və istifadə hüququ yaranmamışdır. Daha sonra "xxxx" MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 17-ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 364 nömrəli, izolə olunmuş 2 otaqdan ibarət mənzilin payçı Cavabdeh1 pay kimi verilməsinə dair müqavilə bağlanmışdır. Hazırda iddiaçı, "xxxx" MMC-nin direktoru ilə Cavabdeh1 Ələskər qızı və Cavabdeh3 arasında ünvan 3 ünvanında yerləşən yüksəkmərtəbəli evin 354 saylı mənzilinə dair bağlanmış müqavilələrin etibarsız sayılmasını tələb edir. İddia ərizəsinə "İnşaat Konstruksiyaları” MMC-nin direktoru ilə Cavabdeh1 Ələskər qızı arasında bağlanmış müqavilə əlavə edilsə də, Cavabdeh3 ilə "xxxx" MMC arasında bağlanmış müqavilə məhkəməyə təqdim olunmamışdır.

12. Məhkəmə vurğulamışdır ki, müqavilənin etibarsızlığı üçün qanuni əsaslar, həmçinin iddiaçının mənafeyini və qanuni maraqlarını pozan hallar müəyən edilmir.

13. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 337.1-ci, 390.1-ci, 752.1-ci, 752.2-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.

14. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün hüquqi qiymət vermədiyini, maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, gəldiyi nəticənin işin hallarına uyğun olmadığını, "xxxx" MMC-ni cavabdeh kimi işə cəlb etmədən qanunsuz və əsassız qərar çıxardığını irəli sürmüşdür.

Apellyasiya şikayətinə qarşı etiraz

15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Apelyasiya baxışı, verilən izahat

16. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək onun təmin olunmasını xahiş etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

17. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

20. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

22. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

23. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

24. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

26. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir.

27. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

29. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

30. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

31. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

32. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir.

36. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

37. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

40. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

45. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının həddi

46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

47. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

48. Məhkəmə kollegiyası birinici instansiya məhkəməsinin gəldiyi nəticə və iddia tələbinə verdiyi qiymətlə razılaşaraq hеsаb еdir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

49. Belə ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

50. Birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış müqavilə podrat müqaviləsi kimi qiymətləndirilməlidir.

51. İddiaçının mübahisələndirdiyi müqavilələrə də podrat müqavilələri kimi baxılmalıdır.

52. Kollegiya hesab edir ki, iddiaçının mübahisələndirdiyi müqavilələrin etibarsız sayılmasına səbəb ola biləcək dörd mühüm şərtin - əqdin subyektiv tərkibinə, məzmununa, iradə və iradə ifadəsinin vəhdətinə və formasına aid qüsurların mövcudluğu müəyyən olunmamışdır.

53. Kollegiya həmçinin qeyd edir ki, mülki hüquq münasibətlərində fərdi müəyyən əşya ilə bağlı bir neçə razılaşmanın olması istisna edilmir və bu cür vəziyyət özü-özlüyündə həmin müqavilələrin birinin və ya bir neçəsinin etibarsızlığı üçün əsas deyil.

54. Belə yanaşma Mülki Məcəllənin 452.1-ci maddəsinin məzmunundan irəli gəlir – hansı ki, həmin normanın mənasına görə, fərdi müəyyən əşyanın digər şəxsin mülkiyyətinə və ya əvəzli istifadəsinə verilməsi barədə bir neçə etibarlı müqavilənin olması istisna deyil və qanunverici belə halda əşyanın hansı kreditora verilməsi qaydasını da tənzimləyir.

55. Etibarlı müqavilə isə hüquqi nəticə, yəni hüquq və öhdəliklər yaradır. Başqa sözlə, ikitərəfli əqd üzrə borclunun kreditorun xeyrinə müəyyən hərəkəti etmək (əmlak vermək, pul ödəmək və s.) öhdəliyi, kreditorun isə həmin ödəliyin icrasını tələb etmək hüququ əmələ gəlir. Müqavilədə razılaşdırılmış öhdəliyin icrası mümkünsüz olduqda kreditorun təklif olunan ayrı icranı qəbul etmək (Mülki Məcələ, maddə 435) və ya öhdəliyin pozulması nəticəsində düşdüyü zərərin əvəzinin ödənilməsini tələb etmək (Mülki Məcəllə maddə 443.1 və 452.2) hüquqları vardır.

56. Hazırki işdə müəyyən olunan odur ki, mübahisəsi gedən mənzillə bağlı iddiaçıdan əvvəl X5 ilə müqavilə bağlanmış, iddiaçının özünün bildirdiyinə görə mənzil ondan əvvəl digər şəxsə təhvil verilmişdir.

57. Buna görə də iddiaçının mübahisələndirdiyi müqavilələr etibarsız hesab edilə bilməz -lakin bu hal iddiaçını ayrı icranı qəbul etmək və ya ona dəymiş zərərin əvəzinin ödənilməsini "xxxx" MMC-dən tələb etmək imkanından məhrum etmir.

58. Apellyatorun, məhkəmənin "xxxx" MMC-ni cavabdeh qismində işə cəlb etməli olduğu arqumenti ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir:

59. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanır. Bütün mülki mühakimə icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsipləri Konstitusiyanın 125 və 127-ci maddələrində öz əksini tapmışdır.

60. Qeyd olunan konstitusion təminata uyğun olaraq, Mülki Prosessual Məcəllə məhkəmə icraatının əsas prinsiplərindən biri kimi onun çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında həyata keçirilməsi prinsipini təsbit etmişdir (§ 33).

61. Çəkişmə prinsipi isə “tərəflərin prosesdə hökmranlığı” və bundan irəli gələn “dispozitivlik”, habelə “formal həqiqət” prinsiplərini zəruri edir.

62. Tərəflərin prosesdə “hökmranlığı” prinsipinə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmeti və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir, prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verirlər. Yəni proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu prinsip həm də onu tələb edir ki, hakim bir yandan yalnız tərəflərin məhkəməyə bildirdiyi və təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalı, digər yandan isə həmin faktlarla və hallarla bağlı tərəflərin dəlillərinin həqiqiliyini onların mübahisələndirdiyi həcmdə müəyyən etməlidir. Bu kontekstdə Azərbaycan Mülki Prosessual qanunvericiliyi mülki prosesin yalnız şəxsin ərizə və ya şikayəti əsasında başlandığını (MPM-in 5.1-5.3-cü maddələri), iddiaçının iddiadan imtina və cavabdehin iddianı etiraf edə biləcəyini, tərəflərin məhkəmə işini barışıq sazişi bağlamaqla tamamlama imkanlarına sahib olduqlarını nəzərdə tutmuşdur (MPM-in 5.4, 52.1-51.3-cü maddələri).

63. Dispozitivlik (təqdimetmə) prinsipi çəkişmə prinsipi ilə sıx əlaqədar olmaqla işdə iştirak edən şəxslərin, ilk növbədə tərəflərin iş materiallarından və prosessual hüquqlardan maraqlarına uyğun sərbəst istifadə etməsinin mümkünlüyünü nəzərdə tutur. Buna uyğun olaraq iddianın qaldırılması, onun əsasının və predmetinin müəyyənləşdirilməsi, habelə iddiadan imtina edilməsi iddiaçının iradəsindən asılıdır. Bunun məntiqi davamı olaraq iddiaçı tələbinin, yəni məhkəmə müdafiəsinin həcmini sərbəst müəyyən edir. Dövlət üçün kreditorun borcludan öhdəliyini tamamilə və ya hissəvi icrasını tələb etməsinin heç bir əhəmiyyəti yoxdur. Bundan “məhkəmə tərəflərin tələbindən kənara çıxmamalıdır” ("judex ne eat ultra petita partium, ultra petita non соgnoscitur") norması təzahür edir. Tərəflər öz hüquqlarının müdafiəsi üsullarını müstəqil şəkildə özləri seçə bilərlər, məhkəmə isə mülki məhkəmə icraatının prinsiplərini, maddi və prosessual hüquq normalarını rəhbər tutaraq yalnız ədalət mühakiməsi funksiyasını həyata keçirir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək şəxsin sərbəst iradəsindən asılı olmalıdır. Müvafiq olaraq, ona aid qərardan yuxarı, o cümlədən kassasiya məhkəməsinə şikayət vermək və ya onunla razılaşmaq, kassasiya və əlavə kassasiya şikayətini vermək və ondan imtina etmək, qərarı tam və ya qismən mübahisələndirmək, yeni açılmış hallar üzrə müraciət etmək, məhkəmə qərarının icrasını tələb etmək də şəxsin sərbəst iradəsindən asılıdır və dispozitivlik prinsipinin məzmununu təşkil edir.

64. Beləliklə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasən şəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir; dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana kecirilə bilməz.

65. İşin hallarından görünür ki, iddiaçı iddia ərizəsi verərkən "xxxx" MMC-ni deyil, onun direktorunu cavabdeh kimi göstərmiş, sonradan da MMC-nin cavabdeh olaraq cəlb olunmasını istəməmişdir.

66. Prosessual qanunvericilik digər cavabdehin işə cəlb olunması, yaxud iddia tələbinin həcminin artırılması imkanını yalnız işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər (§ 36, 37), istisnai hallarda isə məhkəmə baxışı zamanı mümkün hesab etmişdir.

67. Nəzərə alınmalıdır ki, müvafiq prosessual normalar həm də hüquqi müəyyənliyin təmin olunması, hüquq münasibətlərinin iştirakçılarının intizamlandırılması və vaxtında həyata keçirilməyən prosessual hərəkətlər üçün məsuliyyəti məhz onların özlərinin daşıması məqsədinə xidmət edir.

68. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2620/2023 saylı iş üzrə 22 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən İddiaçı tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar