Məhkəmə qərarları › İş №2(103)-1950/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1950/2025

11.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1950/2025 11.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, Cavabdeh1 nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, Səbail Rayon Məhkəməsinin 2(009)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 ilə Cavabdeh1 arasında xx.xx.2018-ci il tarixdə 03 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisində bağlanılmış bağışlama müqaviləsinin etibarsız sayılması və Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahə 1254A saylı bağ sahəsinə dair Cavabdeh1 adına olan xx.xx.2021-ci il tarixli qeydiyyat üzrə çıxarış qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Səbail Rayon Məhkəməsinin 2(009)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Şahin Abdullayev) iddia təmin edilməmişdir.

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

4. İddiaçı apellyasiya şikayətində rayon məhkəməsinin maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etdiyinə istinad etmiş, bildirmişdir ki, anası bağışlama müqaviləsi bağlanan vaxt anlaqlı olmamış, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməmişdir. Bu, anasının fəaliyyət qəbiliyyəti olmayan hesab edilməyə dair məhkəmə qətnaməsi ilə də öz əksini tapmışdır. Lakin məhkəmə iddiaçının anasının bu hallarını araşdırmamış, bunun üçün müvafiq sorğular göndərməmişdir. Ona görə də düzgün olmayan qətnamə qəbul olunmuşdur. Göstərilənlərə əsasən qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

5. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq, şikayətin tamamilə əsassız olduğunu bildirdi və göstərdi ki, iddiaçı əsassız iddia verib, indi də əsassız şikayət verməklə tərəfin vaxtını alır, odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

6. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

7. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş xx.xx.1965-ci il tarixli evlənmək haqqında şəhadətnaməsinin surətinə əsasən Cavabdeh1 ilə X7 arasında xx.xx.1965-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 3697 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir.

8. Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2000-ci il tarixli, 097240 nömrəli alqı-satqı müqaviləsinin surətinə əsasən X8 mülkiyyətində olan Bakı şəhəri, Mərdəkan qəsəbəsində yerləşən, yaşayış sahəsi 47 kv.m. olan 3 otaqlı, köməkçi sahəsi 20 kv.m. olan 1 otaqlı 1254A bağ evini X4 50.000.000 manata satmışdır.

9. Bakı şəhəri 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2010cu il tarixli etibarnamənin surətinə əsasən X6 tərəfindən həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, həddiyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, yaxud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarda ona aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq lazım gələn hərəkətləri etmək səlahiyyəti 10 il müddətinə- xx.xx.2020-ci il tarixədək İddiaçı etibarnamə verilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 tərəfindən verilmiş sənədlərdən görünür ki:

11. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş BM seriyalı 000096 nömrəli, xx.xx.2000-ci il tarixli qeydiyyat vəsiqəsinin surətinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, 14188 sahədə yerləşən ümumi sahəsi 47,0 kv.m. olan 1+2 otaqdan idarət olan 1254A saylı bağ evi xüsusi mülkiyyət kimi X3 adına qeydiyyatdan keçmişdir;

12. - 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş və X6 ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X6 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 14188 sahə ünvanında yerləşən ümumi sahəsi 189,7 kv.m., yaşayış sahəsi 47 kv.m. olan 3 otaqlı 1254A saylı bağ evini həyat yoldaşı Cavabdeh1 bağışlamışdır.

13. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanında, 0.12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 451,40 kv.m. olan 1254A saylı bağ evi xüsusi mülkiyyət kimi Cavabdeh1 adına qeydiyyatdan keçmişdir.

14. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışın notarial qaydada təsdiq edilmiş surətinə əsasən Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1254A saylı bağ evində yaşayış yeri üzrə qeydiyyatdadır.

15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2079/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizəçi Cavabdeh1 ərizəsi təmin edilməsi, xx.xx.1941-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, xx.xx.1941-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə olunması qət edilmişdir.

16. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “M.Ə.Əfəndiyev adına X13” publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü vətəndaş X6 xx.xx.2019-cu il tarixdə M.Ə.Əfəndiyev adına X13 publikhüquqi şəxsin X5 Yardım şöbəsinə “Dəqiqləşdirilməmiş beyin infarktı” diaqnozu ilə daxil olub. X1 Reanimasiya və İntensiv Terapiya şöbəsində davam edib. Vəziyyəti yaxşıllaşdıqdan sonra xx.xx.2019-cu il tarixdə evə buraxılmışdır.

17. 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022 ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 438 No ilə qeyd edilmişdir. Ölümün səbəbi kimi beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı göstərilmişdir.

18. 33 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışından görünür ki, X6 1941-ci ildə anadan olmuş, 1994-cü ildən poliklinikada qeydiyyatda olmuş. xx.xx.2019-cu il tarixdə vəziyyəti ilə əlaqədar nevropatoloq evə çağırılmış, xəstəyə “serebral ateroskleroz, beyin qan dövranı pozulması, Hipertoniya xəstəliyi” diaqnozu qoyulmuş. Xəstə 16.07.-xx.xx.2019-cu il tarixdə Əfəndiyev adına Xəstəxanada müalicə almış, nevropotoloqla yanaşı terapevtin evdə baxışı həyata keçirilib. X6 xx.xx.2022-ci il tarixdə saat 11.30-da evdə vəfat etmişdir. Ölümün səbəbi: “Beyinönü arteriyaların trombozu nəticəsində yaranan beyin infarktı”. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası:

19. 13.1-cı maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

20. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

21. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

22. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

24. 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

25. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

26. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

27. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

28. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

34. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

35. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

39. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

41. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

42. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası, cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. İddiaçı müqavilə bağlanan vaxt anasının fəaliyyət qabiliyyətli olmamasına istinad edir.

45. Mülki iş materiallarından müəyyən edilir ki, mübahisələndirilən bağışlama müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmışdır.

46. İddiaçı anasının həmin vaxt beyin infarkı keçirməsi nəticəsində anlaqlı olmaması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını dərk edə biləcək vəziyyətdə olmamasına istinad edərək, həmin müqaviləni münahisələndirir.

47. Halbuki mülki iş materiallarına əsasən müəyyən edilir ki, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxs “M.Ə.Əfəndiyev adına X13” publik hüquqi şəxsi tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü vətəndaş X6 xx.xx.2019-cu il tarixdə M.Ə.Əfəndiyev adına X13 publikhüquqi şəxsin X5 Yardım şöbəsinə “Dəqiqləşdirilməmiş beyin infarktı” diaqnozu ilə daxil olub. X1 Reanimasiya və İntensiv Terapiya şöbəsində davam edib. Vəziyyəti yaxşıllaşdıqdan sonra xx.xx.2019-cu il tarixdə evə buraxılmışdır.

48. Göründüyü kimi, bağışlama müqaviləsi bağlanan xx.xx.2018-ci il tarixdə Validə Əliyevanın anlaqlı olması, mülkiyyətində olan əmlakla bağlı bağışlama müqaviləsi bağlanarkən iradəsinin zədələnməməsi, yalnız 2019-cu ildə onun beyin infarktının keçirilməsi səbəbi ilə səhhətində qüsurların yaranması və bunun nəticəsində fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi ilə bağlı məhkəməyə müraciət olunması, məhkəmənin 2021-ci il tarixli qətnaməsi ilə onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi müəyyən edilmişdir.

49. Bundan başqa, iddiaçı xx.xx.2018-ci il tarixdə Validə Əliyevanın anlaqlı olmamasını qeyd etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

50. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Demək ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri mülahizə xarakterli olmaqla, rayon məhkəməsinin mahiyyət etibarı ilə düzgün və əsaslı olan qətnaməsinin ləğvinə əsas vermir. Nəticə:

51. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddia tələbini təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

53. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir.

54. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Səbail Rayon Məhkəməsinin 2(009)-168/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar