Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1953/2023 02.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişimim tutulması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(009)-718/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Astara rayon Polis Şöbəsinin DYPB-nin 61 nömtəli arayışına əsasən “Mercedes Benz” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobil və İddiaçı mülkiyyətində olan “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermişdir.
2. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən "xxxx" ASC-də “Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Mercedes Benz” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin və “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akta əsasən “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləğinin 500 manat müəyyən edildiyi bildirilmiş və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 20.3-cü maddəsinin tələblərinə uyğun olaraq həmin məbləğin ödənilməsi üçün bank hesabının təqdim edilməsi ondan xahiş edilmişdir.
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2519 saylı ekspert rəyinə əsasən "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 500 manat müəyyən edilir;
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4896 saylı ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 500 manat müəyyən edilir. Nəzəri hesablama yolu ilə “Gənclik” KM tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı atomobilin təmir-bərpa xərci hadisəbaş verən tarixə təxminən 2.902 manat müəyyən edilir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 3.152 manat məbləğində maddi ziyanın, həmin məbləğin ödənildiyi günədək hər gün üçün bu məbləğin 1 faizi həcmində dəbbə pulunun, habelə ödənilmiş 51 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən “ Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası” üzrə sığortalanmış “Mercedes Benz” markalı, ** BF *** dövlət nömrə nişanlı avtomobil və onun mülkiyyətində olan “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı onun mülkiyyətində olan avtomobilə 3,152 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh isə xx.xx.2022-ci il tarixdə akt tərtib edərək, onun avtomobilinə dəymiş zərəri 500 manat məbləğində müəyyən etmişdir. Cavabdehlə dəfələrlə ziyanın düzgün hesablanması barədə danışıqlar aparılsa da, ümumiyyətlə dəymiş ziyanın məbləğindən asılı olmayaraq, cavabdeh tərəfindən icbari sığorta hadisəsinə görə 500 manatdan artıq ödənişlərin edilmədiyi bildirilmişdir. Cavabdeh tərəfindən icbari sığorta hadisəsinə görə standart olaraq, 500 manatdan artıq pul ödənilmir. Qeyd olunanlara əsasən iddianın təmin olunması xahiş olunmuşdur.
7. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(009)- 718/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" ASC-dən 2,902 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi tutularaq İddiaçı ödənilməsi, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manat hissəsinin İddiaçı, 50 manat hissəsinin cavabdeh "xxxx" ASC-dən tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim X4).
8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. Qanunverici dərəcəsindən asılı olmayaraq, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. Bununla bağlı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair tərtib edilmiş ekspert rəyinə əsasən avtomobilin təmir-bərpa xərci, hadisə baş verən tarixə dəyişilməli hissələrin qiyməti 2.252 manat, təmir-bərpa işlərinin qiyməti 650 manat olduğu təqdirdə cavabdeh birtərəfli qaydada həmin avtomobilə dəymiş zərəri 500 manat məbləğində qiymətləndirmişdir. Nəticədə məhkəmə ekspertinin bu rəyi mötəbər sübut kimi qiymətləndirilərək, cavabdehdən 2.902 manat zərər məbləğinin tutulması, iddianın qalan hissədə təmin edilməməsi qənaətinə gəlmişdir.
9. Məhkəmə öz mövqeyini “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.1-cı, 6.2-ci, 7-ci, 15.3-cü, 20.2-ci, 56.1-ci maddələrinə, Mülki Məcəllənin 883cü, 884.5-ci, 934-cü maddəsinə və Mülki Prossesual Məcəllənin 14.2-ci, 77.1-ci və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın qismən təmin olunaraq 500 manat sığorta ödənişinin və 25 manat dövlət rüsumunun “Günay Sığorta“ASC-dən tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli təyinə əsaslanaraq, “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 2.902 manat olması qənaətinə gəlmişdir. Həmin rəy verilərkən tədqiqatın nəticələri olaraq nəzəri hesablama yolu ilə “Günay Sığorta“ ASC-nin xx.xx.2022ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sorento” markalı, 90UU606 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 500 manat müəyyən edildiyi, “Gənclik” KM tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sorento” markalı, 90UU606 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.902 manat müəyyən edildiyi qeyd edilmişdir. Lakin birinci instansiya məhkəməsi qətnamə çıxararkən ekspertin “Günay Sığorta“ ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sorento” markalı, 90UU606 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinə dair gəldiyi nəticəyə heç bir qiymət verməmiş, ekspertiza rəyinin həmin hissəsinin üzərindən keçmiş, əsassız olaraq yalnız ekspertin “Gənclik” KM tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sorento” markalı, 90UU606 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin 2.902 manat olması qənaətinə gəlmişdir. Lakin, ekspertin rəyində konkretlik olmadığı üçün ekspertə suallar verilməsi zərurəti yaranmışdır. Bu səbəbdən iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizası üzrə rəy vermiş ekspert məhkəməyə dəvət olunaraq dindirilməli idi, lakin dindirilməmişdir. Qeyd edilənlər qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsasdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır; 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır; 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir; 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir; 925.3-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır; 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
15. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərinə aid edilmişdir; 15.3.1-ci maddəsinə əsasən əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir; 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır; 20.2-ci maddəsinə əsasən bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir; 20.5-ci maddəsinə əsasən üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur; 24.1.6-cı maddəsinə əsasən zərərçəkənin sığortaçının sığorta ödənişindən imtina barədə qərarından, zərərin müəyyənləşdirilməsi ilə bağlı müstəqil ekspertin təyin edilməsi tələbinin sığortaçı tərəfindən yerinə yetirilməməsindən və ya sığorta ödənişinin məbləği ilə razılaşmadığı halda maliyyə bazarlarına nəzarət orqanına və məhkəməyə şikayət etmək hüququ vardır; 50.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir; 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur; 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən təmin olunan hissəsində ləğv olunması və həmin hissədə iddianın 500 manat həddində təmin edilməsi xahiş olunduğundan, qətnamə həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası yuxarıda göstərilən və bu sahəni tənzimləyən qanunvericiliyin digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin məbləğini müəyyən etməklə, onun əvəzinin ödənilməsini təmin etməlidir. Üçüncü şəxsin də onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud qanunvericiliklə müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb etmək hüququ nəzərdə tutulmuşdur. Eyni zamanda, dəymiş zərərin qiymətləndirilməsi, habelə müəyyən edilmiş zərər məbləği ilə bağlı tərəflər arasında razılıq əldə edilmədikdə bu məsələnin həlli qaydası (zərərin qarşılıqlı razılıqla təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılması) təsbit edilmişdir.
22. 25 dekabr 2021-ci il tarixdə iddiaçının mülkiyyətində olan “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobillə cavabdeh "xxxx" ASC-də sığortalanmış “Mercedes Benz” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsinin (sığorta hadisəsinin) baş verməsi, nəticədə iddiaçıya məxsus avtomobilə maddi zərərin vurulması, bununla da cavabdehin dəymiş zərərə görə icbari sığorta müqaviləsinə əsasən sığorta haqqını ödəmək öhdəliyinin yaranması işin mübahisə olunmayan hallarıdır.
23. Bununla bağlı məhkəmə kollegiyası vurğulayır ki, sığorta hadisəsi baş verdikdən sonra cavabdehin özü tərəfindən iddiaçının avtomobilinə dəymiş zərər qiymətləndirilmiş və bunun nəticəsi olaraq, tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Dəymiş zərərin hesablanmasına dair” akta əsasən vurulmuş zərər 500 manat (ondan 220 manat dəyişilməli olan ehtiyat hissəsinin, 280 manat isə təmir olunmalı olan hissələrin dəyəri) məbləğində müəyyən edilərək, bu məbləğin ödənilməsi barədə ona məktub göndərilmişdir. Lakin iddiaçı zərər məbləği ilə razılaşmamış və müraciətinə əsasən “Gənclik” KM tərəfindən keçirilmiş qiymətləndirməyə əsasən tərtib edilmiş defekt aktına istinadən avtomobilə 3.152 manat məbləğində maddi zərərin vurulduğunu iddia edərək, bu məbləğin ödənilməsini tələb etmişdir. Tərəflər arasında mübahisə də məhz vurulmuş zərərin məbləği ilə bağlı yaranmışdır.
24. Lakin cavabdeh icbari sığortanı həyata keçirərkən sığorta hadisəsi baş verdikdən sonra zərərin obyektiv qiymətləndirilməsi istiqamətində zəruri addımlar atmamış, zərərin özü (mütəxəssisləri) tərəfindən müəyyən edilmiş həcmi barədə iddiaçı ilə aralarında razılıq əldə edilmədiyinə baxmayaraq, qanunvericiliyin belə hallarla bağlı tələblərinə riayət etməyərək, qarşılıqlı razılıq əsasında zərərin miqdarının qiymətləndirilməsinin aparılması üçün qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert təyin olunmamış, bu istiqamətdə ümumiyyətlə hər hansı addım atılmamışdır. Halbuki, cavabdehə aid defekt aktı ilə iddiaçıya aid dəymiş zərərin hesablanmasına dair akt arasında ehtiyyat hissələrinin sayı, görülməli olan işlər və onların dəyəri baxımından açıq və aydın fərq var. Bu da öz növbəsində zərər məbləğinin qiymətləndirilməsinə müstəqil ekspertin cəlb edilməsini bilavasitə şərtləndirir. Nəzərə alınmalıdır ki, sığorta ödənişinin aparılması vəzifəsini daşıyan cavabdeh iddiaçının aktını mübahisələndirməsi və nəticə etibarı ilə öz aktının mövcud və gələcək mötəbərliyinin təmin edilməsi baxımından bu işdə daha maraqlı olmalı idi.
25. Zərər məbləğində aydınlıq gətirilməsi məqsədi ilə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 9/4896 nömrəli rəyində nəzəri hesablama yolu ilə "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 500 manat, “Gənclik” KM tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sorento” markalı, ** UU *** dövlət qeydiyyat nişanlı atomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2.902 manat müəyyən edilir (“Gənclik” KM tərəfindən tərtib edilmiş qüsur aktı üzrə ekspert tədqiqatı aparılmadığından iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 9/2519 saylı ekspert rəyi mötəbər sübut kimi qəbul edilməmişdir).
26. Bununla belə, iddiaçının avtomobilinə vurulmuş zərərin məbləği hər iki aktda olan məlumatlar nəzərə alınmaqla dəqiqləşdirilmişdir. Lakin məhkəmə kollegiyası cavabdehin yuxarıda göstərilənlərin əksini (24-cü bənd), habelə ekspertiza rəyinin hər hansı hissəsinin əsassız olmasını təsdiq edən sübut təqdim edə bilməməsini nəzərə alıb, hesab edir ki, cavabdehin mövqeyi, o cümlədən apellyasiya şikayətinin əsası kimi (yəni zərərin məbləğinin 500 manat təşkil etməsi barədə) istinad edilən akt qanuni və əsaslı sayıla bilməz. Zədələnmiş ehtiyyat hissələrinin sayı, habelə onların təmir və dəyişdirilməli olmasının zəruriliyi baxımından məhz iddiaçının təqdim etdiyi aktda olan məlumatlar (ehtiyat hissələrinin sayı hissəsində, habelə dəyişdirilməli və ya təmir olunmalı ehtiyat hissələri hissəsində) və bu məlumatlara uyğun məhkəmə eksperti tərəfindən müəyyən edilmiş zərər məbləği əsas götürülməlidir. Başqa sözlə, məhkəmə kollegiyası ekspert rəyini zərər məbləğinin 2.902 manat müəyyən edilməsi hissəsində mötəbər hesab edir.
27. Hər iki tərəfin təqdim etdiyi akt avtomobilə baxış keçirilməklə tərtib edildiyindən, ekspert tədqiqatı isə bu aktlarda əks olunmuş məlumatlar əsas götürülməklə aparıldığından və tərtib edilmiş rəydə hər hansı qeyri-müəyyənlik aşkar edilmədiyindən məhkəmə ekspertinin məhkəmə iclasına dəvət edilərək, rəylə bağlı izahının alınması zəruri bilinməmişdir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi (sığorta hadisəsi) nəticəsində iddiaçının avtomobilinə dəymiş zərərin əvəzinin ödənilməsi istiqamətində cavabdehin hərəkətləri qanuna zidd olmuş, nəticədə iddiaçının hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi də pozulmuş hüquqların bərpasının təmin edilməsi məqsədi ilə onun avtomobilinə vurulmuş zərərin əvəzi olaraq, cavabdehdən məhz 2.902 manat məbləğində sığorta ödənişini tutmaqda haqlı olmuşdur. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə əsaslı olmaqla, qanunvericiliyin tələblərinə uyğun qəbul edilməsini təsdiq edir. Bu səbəbdən cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, qətnamə mübahisələndirilən (apellyasiya şikayətinə əsasən yoxlanılan) hissədə dəyişdirilmədən saxlanılmalıdır. Ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.
29. Hazırkı iş üzrə iddianın qiyməti mübahisələndirilən hissədə beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384-cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: . Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli, e-2(009)- 718/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.