Məhkəmə qərarları › İş №2(103)-1954/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1954/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1954/2022 09.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4593/2020 saylı, 12 noyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Kreditor İddiaçı X2 Cavabdeh oğluna qarşı “pul tələbinə dair” ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, borclu Cavabdeh oğlundan müəssisənin xeyrinə 1.736,25 manat abunə və 20 manat dövlət rüsumu olmaqla, cəmi 1.756,25 manat məbləğində pulun məcburi qaydada tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-6765/2018 saylı, 22 oktyabr 2018-ci il tarixli məhkəmə əmrinə əsаsən borclu Cavabdeh oğlundan 1.736,25 manat məbləğində abunə borcunun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun kreditor İddiaçı xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh oğlu tərəfindən verilmiş etiraza əsasən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixl qərardadı ilə 2(010)-6765/2018 saylı, 22 oktyabr 2018-ci il tаriхli məhkəmə əmri ləğv edilmiş və ərizəyə tərəflərin iştirаklаrı ilə ümumi iddiа icrааtı qаydаsındа bахılmаsı qərаrа аlınmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4593/2020 saylı, 12 noyabr 2020ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh oğlundan İddiaçı xeyrinə 1.736,25 (bir min yeddi yüz otuz altı manat iyirmi beş) manat məbləğində pulun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması, dövlət rüsumunun çatışmayan 10 (on) manat hissəsinin Cavabdeh oğlundan tutularaq dövlət büdcəsinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh oğlu apelyasiya şikayəti vermiş və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, 13 aprel 2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, yəni məhkəmə əmri verilərkən və icrayə yönəldərkən o, həqiqi hərbi xidmətdə olmuşdur. Məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır, qanunsuz və əsassızdır. 13 aprel 2018-ci il tarixdən müddətli həqiqi hərbi xidmətə çağırılmış, bir il altı ay hərbi xidmətdə olmuş, bu səbəbdəndə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmişdir. Həmin zaman İddiaçı MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə müqavilə şərtlərinə uyğun olaraq ona verilən rabitə xəttini bağlamış xidmət göstərməmiş və bu xidmətin müqabilində onun istifadə etmədiyi xidmət haqqı kimi hesablanmışdır. Məhkəmə bir il altı ay hərbi xidmətdə olduğu zaman məlumat vermək onun imkanları xaricində olduğunu nəzərə almamışdır. Apelyasiya şikayətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4593/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsinin iddia tələbinin təmin edildiyi hissədə qismən, yəni danışıq və internet üzrə hesablanmış borc hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı nümayəndəsi və Cavabdeh oğlu məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən İddiaçı MMC-nin nümayəndəsinin və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnamənin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, ********* saylı, 08.06.2017-ci il tarixli Abunə müqaviləsindən və həmin müqaviləyə əlavənin təsdiq olunmuş surətindən görünür ki, müqavilənin şərtlərinə və müddəalarına uyğun olaraq Cavabdeh oğlu hər ay 89 manat ödəniş etməklə və bu qayda ilə dəyərini 24 ay müddətində ödəmək şərtilə "xxxx" MMCdən güzəştli şərtlərlə “İphone 7 (32GB)” markalı mobil telefon alaraq “5 GB” internet paketinə qoşulmuşdur.(İ.vər. 56 - 60) İş materiallarında olan, 12.10.2020-ci il tarixli cari hesab arayışından görünür ki, Cavabdeh oğlunun ümumilikdə ödənilməmiş faktura borcu 1736,25 manatdır, son ödəmə tarixi isə 08.11.2017-ci il müəyyən olunmuşdur.(İ.vər. 32 - 38) Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən iş materiallarında olan sübutlara və tərəflər arasında olan ********* saylı, 08.06.2017-ci il tarixli Abunə müqaviləsinə əsaslanaraq iddia tələbinin təmin edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, 08.06.2017-ci il tarixli Abunə müqaviləsinə əsasən Cavabdeh oğlu “5GB” internet paketinə qoşularaq "xxxx" MMC-dən dəyərini hissə-hissə 24 ay müddətində ödəmək şərti ilə nisyə “İphone 7 (32 GB)” mobil telefon almış, lakin üzərinə götürdüyü öhdəliyini icra etməmişdir. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanun normalarının tələblərini əsas götürərək, iş üzrə toplanmış sübutlara, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına və apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh oğlundan 1.736,25 (bir min yeddi yüz otuz altı manat iyirmi beş) manat borcun tutulması hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qətnamə qəbul edilmişdir. Belə ki, tərəflər arasında sərbəst iradə ifadəsi əsasında bağlanmış müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh həmin müqavilə üzrə yaranan öhdəliyi tam icra etməmişdir. Bununla da müqavilə üzrə öhdəlik tam icra edilməmişdir. Halbuki həm qanunvericiliyin tələbləri baxımından, həm də tərəflər arasında bağlanmış müqaviləyə görə cavabdeh müqavilənin şərtlərini icra etməməyə görə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası Cavabdeh apelyasiya şikayətinin onun 13 aprel 2018-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq, bir il altı ay hərbi xidmətdə olması, bu səbəbdəndə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, həmin dəlillər onun müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra etməkdən azad olunması üçün əsas hesab edilə bilməz. Bundan başqa, Cavabdeh apelyasiya şikayətində İddiaçı MMC telekommunikasiya xidmətlərini həyata keçirməklə müqavilə şərtlərinə uyğun olaraq ona verilən rabitə xəttini bağlamasını, xidmət göstərmədiyini və bu xidmətin müqabilində onun istifadə etmədiyi xidmət haqqı kimi hesablandığını bildirsədə, göstərdikləri dəlillərini təsdiq edən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin həmin dəlilləridə əsassızdır və apelyasiya şikayətinin həmin dəlilləri ilə bağlı əlavə araşdırma aparılmasını zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddədə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası həmçinin apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə tədqiq olunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə kоllegiyası hesab edir ki, apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4593/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Qeyd olunan normadan görünür ki, qanunvericilikdə yalnız mülki işlər üzrə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. İşdə olan iddia ərizəsindən görünür ki, hazırki iş üzrə iddiaçı tərəfindən tələb olunan iddianın qiyməti beş min manatdan az, yəni 1.736,25 (bir min yeddi yüz otuz altı manat iyirmi beş) manat təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4593/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar