Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1959/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizami oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ondan aldığı malın dəyərinin ödənilməsi məqsədi ilə 13.815 manat, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödədiyi dövlət rüsumunun əvəzi olaraq 132 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı, təxminən 3 ildir ki, Bakı-Sumqayıt yolunun kənarında toyuq sexi işlədir və toyuqların satışı ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıdan qiyməti 6.027 manat olan müxtəlif məhsullar götürərək, pulu 1-2 günə ödəyəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə isə cavabdeh iddiaçıdan qiyməti 7.778 manat olan məhsulları alaraq, pulu 3-4 günə ödəyəcəyinə söz vermişdir. Cavabdeh həmin məhsulları alanda iddiaçı ilə cavabdeh bunu müvafiq fakturalar ilə rəsmiləşdirmişlər. Buna baxmayaraq, cavabdeh, 13.815 manatı iddiaçıya ödəməmişdir, baxmayaraq ki, iddiaçı pulun ödənilməsini cavabdehdən dəflərlə tələb etmişdir. İddiaçı, cavabdehin bu kimi hərəkəti ilə bağlı yaşadığı ərazi üzrə Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət etmiş və onun müraciəti əsasında 5-ci PB tərəfindən müəyyən araşdırmalar aparılmışdır. Polis orqanına verdiyi izahatda cavabdeh bildirmişdir ki, iddiaçıdan 13.815 manat dəyərində məhsul almış, satılması üçün həmin məhsulları Orxan adlı tanışına vermiş, lakin Orxan məhsulları satsa da, pulu ona verməmiş, bu səbəbdən də o, məhsulların pulunu iddiaçıya qaytara bilməmişdir. Son nəticədə polis orqanı tərəfindən iddiaçıya tövsiyə olunmuşdur ki, o, cavabdehə qarşı iddia ilə müvafiq məhkəməyə müraciət etsin. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, cavabdehin iddiaçıdan aldığı məhsulların dəyəri olaraq 13.805 manat, iddia ərizəsinin verilməsi üçün iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi olaraq 130 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsini, iddianın qalan hissəsinin təmin edilməməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş qaimə fakturalardan görünür ki, xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıdan qiyməti 6.027 manat olan, xx.xx.2024-cü il tarixdə isə qiyməti 7.778 manat olan toyuq məhsullarını götürmüşdür. Fakturalarda qeyd edilən məhsulların ümumi dəyəri 13.805 manat təşkil edir. Cavabdehin Sumqayıt ŞPİ-nin 5-ci PB-nə verdiyi izahatından da görünür ki, cavabdeh iddiaçıdan toyuq məhsullarını götürmüş, onların pulunu ödəməmiş, satılması üçün həmin məhsulları Orxan adlı tanışına vermiş, lakin Orxan məhsulları satsa da, pulu ona verməmiş, bu səbəbdən də o, məhsulların pulunu iddiaçıya qaytara bilməmişdir. Yuxarıda qeyd edilən fakturalarda məhsulların ümumi qiyməti 13.805 manat təşkil etməsi qeyd edilsə də, cavabdeh, polis orqanına verdiyi izahatda məhsulların qiymətinin 13.815 manat məbləğində olduğunu qeyd etmişdir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayətində qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, cavabdeh iddiaçıdan ümumilikdə dəyəri 13.805 manat olan toyuq məhsullarını alsa da, onları Sabirabad rayonunda toyuq məhsulların satışı ilə məşğul olan Orxan adlı şəxsə göndərmişdir. Orxan onları satıb, pulunu göndərməli idi, lakin göndərməmişdir. Buna görə də, iddiaçı iddia ərizəsini Orxana qarşı verməli və həmin pulun ödənilməsini Orxandan tələb etməli idi. d) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı barədə məlumat
7. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq apellyasiya baxışı iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.
8. Bu hal işin baxılmasına mane olmadığından Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) apellyasiya baxışının hədləri barədə məlumat
9. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.
10. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnaməni iddianın bir qisminin təmin edilməsi hissəsində mübahisələndirmişdir. O, iddianın bir qisminin təmin edilməməsi barədə hissədə qətnaməni mübahisələndirməmişdir.
11. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
13. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
15. Belə ki, işdə olan sənədlərdən, iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan işin halı kimi müəyyən edilir və iş üzrə tərəflər arasında mübahisə doğurmur ki, xx.xx.2024-cü il tarixdə cavabdeh iddiaçıdan qiyməti 6.027 manat olan müxtəlif məhsullar götürərək, pulu 1-2 günə ödəyəcəyinə söz vermişdir. xx.xx.2024-cü il tarixdə isə cavabdeh iddiaçıdan qiyməti 7.778 manat olan məhsulları alaraq, pulu 3-4 günə ödəyəcəyinə söz vermişdir. Cavabdeh həmin məhsulları alanda iddiaçı ilə cavabdeh bunu xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, ******* nömrəli fakturalar ilə rəsmiləşdirmişlər. Həmin məhsulların dəyərinin uzun müddət ərzində ona ödəniləmədiyini görən iddiaçı, cavabdehin bu kimi hərəkəti ilə bağlı yaşadığı ərazi üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə müraciət etmiş və onun müraciəti əsasında 5-ci PB tərəfindən müəyyən araşdırmalar aparılmışdır. Polis orqanına verdiyi izahatda cavabdeh bildirmişdir ki, iddiaçıdan 13.815 manat dəyərində məhsul almış, satılması üçün həmin məhsulları Orxan adlı tanışına vermiş, lakin Orxan məhsulları satsa da, pulu ona verməmiş, bu səbəbdən də o, məhsulların pulunu iddiaçıya qaytara bilməmişdir. Cavabdeh bu halı qətnamədən verdiyi apellyasiya şikayətində də qeyd edir. Aparılmış araşdırmanın nəticəsi olaraq polis orqanı tərəfindən iddiaçıya tövsiyə olunmuşdur ki, o, cavabdehə qarşı iddia ilə müvafiq məhkəməyə müraciət etsin.
16. Məhkəmə qeyd edir ki, cavabdeh, iddiaçıdan nisyə aldığı toyuq məhsullarının dəyərinin onun tərəfindən deyil, satılması üçün toyuq məhsullarını göndərdiyi Orxan adlı şəxs tərəfindən iddiaçıya ödənilməli olmasını bildirsə də, işin hallarından müəyyən edilir ki, həmin şəxs ilə iddiaçı arasında bununla bağlı nə yazılı, nə də ki, şifahi qaydada razılıq olmamış, müqavilə bağlanmamış, həmin şəxs iddiaçı qarşısında hər hansı öhdəlik götürməmiş, bu öhdəliyi cavabdeh öz üzərinə götürmüşdür.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442.). Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.).
18. Qeyd edilən maddi hüquq normalarının tələbindən cavabdehin bildirdiyi məsələyə yanaşdıqda müəyyən edilir ki, öhdəliyin icra edilməməsinə görə iddiaçı qarşısında məsuliyyəti Orxan adlı şəxs deyil, məhz cavabdeh daşıyır. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin dəlili əsassızdır.
19. Tərəflər arasında bağlanmış müqavilənin “Nisyə alğı-satqı müqaviləsi” olmasını nəzərə alan Məhkəmə bildirir ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567.). Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığı halda irəli sürə bilər (maddə 589.3.). Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun (maddə 601.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.).
20. Qeyd dilən maddi hüquq normalarının tələblərindən işin müəyyən edilmiş və hazırkı qətnamənin 15-ci və 18-ci bəndlərində göstərilən hallarına yanaşdıqda müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə yuxarıda qeyd edilən nəticəyə gəlməkdə haqlı olmuşdur. Bu baxımdan qəbul edilməlidir ki, apellyasiya şikayətinin dəlili əsassızdır. h) apellyasiya baxışının nəticəsi
21. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
22. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
23. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu, MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehin özünə aid edilməlidir.
24. Məhkəmə həmçinin bildirir ki, iddiaçı tərəfindən Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilmədiyindən və qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanıldığından, iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.
25. Cavabdehin apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə ona qarşı təmin edildiyindən cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.
30. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 06 yanvar 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. İddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.