Məhkəmə qərarları › İş №2(103)-1965/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1965/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1965/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-1965/2025 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6426/2024 nömrəli 06 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 08 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, ünvanda təbii qazdan qeyri-qanuni istifadə olunur.

2. Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Abdulla Məlikov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 19.872 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

3. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə olunur.

4. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Abdulla Məlikov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 35.856 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

5. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Cavabdeh İB-nin 14-2-2/3-5- 1688-1 saylı aktına əsasən 412632 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində olan zavod qurğusunun plombu alt və üst hissədən əzilib.

6. Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Abdulla Məlikov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 12.960 m3 həcmində itirilmiş qaz hesablanmışdır.

7. Abdulla Məlikova məxsus **********00280 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2022-ci ilin fevral ayı üzrə 2.384,64 manat, 2023-cü ilin yanvar ayı üzrə 4.302,72 manat və 2023-cü ilin yanvar ayı üzrə 1.555,20 manat borcu mövcud olmuşdur.

8. Abdulla Məlikova məxsus **********00280 saylı abonentin saldosundan görünür ki, (eyni abonentə aid iki fərqli məzmunda saldo məlumatları var) cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2022-ci ilin fevral ayı üzrə 2.384,64 manat, 2023-cü ilin yanvar ayı üzrə 4.302,72 manat və 2023-cü ilin yanvar ayı üzrə 1036,80 manat borcu mövcud olmuşdur.

9. AZ 124329 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 21 oktyabr 2002-ci il tarixdə ölmüşdür.

10. AZ-İİ 292839 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 09 sentyabr 2022-ci il tarixdə ölmüşdür.

11. Qaz sayğacının yoxlanılması barədə AKT № MSK – 14-2- 2/3-5-1688-1 saylı xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirildi. sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində olan zavod qurğusunun plombu alt və üst hissədən əzilib. Sayğac istismara yararsızdır.

12. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-102/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, iddiaçı X4 Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı Cavabdehnə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istifadəsində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən yazılmış 8.298,66 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir

14. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, Zəngilan rayonundan məcburi köçkün kimi hal-hazırda Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 2, mənzil 28 ünvanda yerləşən mənzildə ailəsi ilə birlikdə məskunlaşaraq yaşayır. Yaşadıqları ünvana quraşdırılan qaz sayğacı mərhum babası X1 adınadır. Mərhum babası X5 2002-ci ildə dünyasını dəyişib, həmin vaxtanda qaz sayğacı mərhumun adına qalmışdır. Sonradan 2022-ci ildə atası X6 da dünyasını dəyişib. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları 06 fevral 2023-cü il tarixdə ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırmışlar. Yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcu olmamışdır. Köhnə qaz sayğacı mexaniki tipli olub, hər ay qaz nəzarətçisi tərəfindən onlara bildiriş təqdim edilib və həmin bildirişə əsasən ödənişlərini vaxtı vaxtında etmişlər. Yeni sayğac qoyulandan sonra onlara bildirildi ki, güya köhnə qaz sayğacına müdaxilə olunub və buna görə də 8.298,66 manat cərimə borcu yaranmışdır. O, cərimənin hansı əsasla yazıldığını araşdırmaq üçün “Azəriqaz“ İstehsalat Birliyinə yenidən müraciət etmiş və ona bildirmişlər ki, evin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı qaz sayğacı xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt əsasında dəyişdirilərək yeni qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları ona məlumat vermişlər ki, “bilirik siz sayğaca müdaxilə etməmisiz, güya “sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib” və bu səbəbdən də “əsassız olaraq siz cərimə ödəməlisiniz”. Bu səbəbdən də 8.298,66 manat məbləğində cərimə pulu ödəməyini tələb etdilər. Hansı ki, onun yaşadığı evdə sayğac mexaniki sistem ilə işləyib, bu səbəbdən də hesab edir ki, onun qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına ödənişlərini vaxtı-vaxtında etmişdir və qaz sayğacına heç bir müdaxilə etməmişdir və plombu da onun üzərində olub. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşilməyi onun günahı deyil və ona əsassız olaraq yazılan 8.298,66 manat məbləğinin nəticəsi olmayıb. O, qaz sayğacına müdaxilə etməmişdir. İddiaçı hesab edir ki, Bakı şəhər Nərimanov rayon X10 işçiləri tərəfindən tərtib edilən cərimə borcları əsassızdır.

15. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-102/2024 saylı iş materiallarında saxlanılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni abonent kodu ilə bağlı məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-16/2 3/384 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində (abonent kodu: **********00280) müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.

16. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-6426/2024 nömrəli 06 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, ev 2, mənzil 28 ünvan üzrə (abonent kodu: **********00280) üzrə X3 2022-ci ilin fevral ayı üçün hesablanmış 2.384,64 manat, 2023-cü ilin yanvar ayı üçün hesablanmış 4.302,72 manat və 2023-cü ilin fevral ayı üçün hesablanmış 1.555,20 manat olmaqla, cəmi həmin dövr üçün hesablanmış 8.242,56 manat məbləğində borcun silinməsi, iddianın qalan hissədə təmin edilməməsi, 102,43 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

17. Məhkəmə qeyd etmişdir ki, eyni abonent kodu üzrə iki fərqli məzmunda saldo məlumatları təqdim edildiyindən, məhkəmə istehlakçının mənafeyini nəzərə alaraq, daha yüksək borc məbləğlərinin göstərildiyi saldonu əsas tutur. Cavabdeh tərəfindən tərtib edilmiş aktlarda istehlakçının qaz xəttinə kənar xətlə qoşularaq istifadə etməsi (xx.xx.2022-ci il tarixli akt, xx.xx.2023-cü il tarixli akt) və sayğaca müdaxilə etməsi (xx.xx.2023-cü il tarixli akt) qeyd olunsa da, bu faktları təsdiq edən şübhədən kənar mötəbər sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

18. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-102/2024 saylı iş materiallarında saxlanılan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni abonent kodu ilə bağlı məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-16-16/2 3/384 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, sözügedən ünvanda təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsinin izləri aşkar edilmir.

19. Məhkəmə hesab etmişdir ki, istehlakçının sayğaca müdaxilə etməsi və ya sayğacdan kənar xətdən istifadə etməsi barədə cavabdeh təşkilat tərəfindən məhkəməyə qanunvericiliklə nəzərdə tutulmuş sübutlar təqdim edilmədiyindən, hesablanmış 8.242,56 manat məbləğində borc əsassız hesab edilməlidir. İddia tələblərində daha artıq şəkildə göstərilmiş cəmi 8.298,66 manat məbləğində borcun mövcudluğu iş materialları ilə müəyyən edilmədiyindən, iddia qismən təmin edilərək, qaz sərfinə görə istehlakçının abonent hesabına yazılmış 8.242,56 manat məbləğində borc silinməlidir.

20. Məhkəmə gəldiyi nəticəni «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarına, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3, 18 və 26-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 77.2, 88, 107, 119.1, 119.2, və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh İB-ninəməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən İddiaçı tərəfindənözünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməklə təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyriqanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. İddiaçıya aid olan abonent koduna hesablanaraq vurulmuş məbləğ iddiaçı tərəfindən qanunazidd, təqsirli hərəkətlər nəticəsində, yəni təbii qazdan qeyriqanuni istifadə etməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən tam ödənilməlidir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə iddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər (nümayəndə) məhkəmə iclasına gəlmədiyindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

25. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

26. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.

27. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu

28. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

29. 01.05.2022-ci il tarixdən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”

30. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

31. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

32. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

33. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.

34. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

35. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

36. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

43. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göründüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.

46. Baxılan iş üzrə isə iddiaçının təqsirli olmasını müəyyən edən müvafiq qərar cavabdeh tərəfindən təqdim edilməmişdir. Belə olan halda vurulmuş zərərin tələb edilməsi əsassız hesab edilir.

47. Kollegiya həmçinin qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq kimi səlahiyyətli olmasına baxmayaraq, cavabdehin əməkdaşları bunu etməmişdir.

48. Kollegiya eyni zamanda apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının qaz xəttinə sayğacdan kənar qoşulmasını qeyd etsə də, buna dair sübutlar nə birinci instansiya məhkəməsində, nə də apellyasiya icraatında məhkəməyə təqdim edilməmişdir.

49. İş materiallarına əlavə edilmiş ekspert rəyində sayağaca kənar müdaxilə, təbii qazdan qanunsuz istifadəyə dəlalət edən hər hansı hal müəyyən edilməmişdir.

50. Göründüyü kimi, iddiaçı tərəfindən təbii qazdan qanunsuz istifadə edilməsi faktı cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir.

51. Cavabdehin istinad etdiyi aktlar isə bir tərəfli qaydada onun əməkdaşları tərəfindən tərtib edilmiş, aktlar tərtib edilərkən heç bir halda iddiaçının iştirakının təmin edilməsi müəyyən olunmur.

52. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.

53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6426/2024 nömrəli 06 noyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar