Məhkəmə qərarları › İş №2(103)-1967/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1967/2022

21.04.2022 · Müqavilələrin ləğv edilməsi - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1967/2022 21.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X16 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(004)-1325/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin ləğvi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 arasında Yasamal rayonu, Gəray Əsədov küçəsi, 12 saylı evin 5/12 hissəsini alması barədə əqdin ləğv edilməsi, cavabdehlərdən 100000 manat əsas borc və 50000 manat əldən çıxmış mənfəətin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 25 iyul 2014 tarixli alğı-satqı müqaviləsinə əsasən müqavilədə göstərilən öhdəlik iddiaçı tərəfindən icra olunmamış, alğı-satqıdan xeyli sonra, məhkəmə prosesləri zamanı ona məlum olmuşdur ki, əslində cavabdehlər qərəzli şəkildə onu aldatmış və 3 otaq adı ilə ona 1 otaq satmışlar. Belə ki, iddiaçı mənzilə sahiblik və istifadə etdiyi zaman X7 və X10 adlı şəxslər həmin otaqlardan ikisinin onlara məxsus olduğunu bildirmişlər. Aralarında olan məhkəmə prosesləri zamanı bu fakt təsdiqini tapmışdır. Beləliklə cavabdehlər onu aldatmış, 1 otaq üçün ondan 3 otağını dəyəri olan 100000 manat pul almışdır. Həmin yerdə 1 otağın real bazar qiyməti 30000 manatdan çox deyildir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(004)-1325/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə təqdim etdiyi sübuta cavabdehlərdən Cavabdeh1 öz əli ilə yazdığı izahata heç bir hüquqi qiymət verməmişdir. Halbuki, həmin izahatda G.Əsədov 12 ünvanlı evin, 3 otağının onun olması, X7 və X8 heç bir hüququ olmaması barədə fikirlərini bir daha təsdiq edir. Məhkəmə nədənsə iddianın əqdin etibarsızlığı barədə olması fikrinə gəlir və daha sonra iddia müddətinin keçdiyini göstərir. Halbuki, 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş Mülki Məcəllənin 375-ci maddəsinin 2-ci bəndində müəyyən olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. İddia müddəti tətbiq edilməsi barədə ərizəni mübahisə tərəfi verir. Məhkəmə özü də qətnamə çıxararkən Mülki Məcəllənin 421.2-ci maddəsinə istinad edir və mahiyyətcə bu mübahisəyə doğrudan da həmin maddə tətbiq edilməlidir. Beləliklə o, aldadılmış faktiki olaraq 1 otaq üçün ondan 100000 manat alınmışdır ki, əslində otağın real bazar qiyməti 30000 manatdan çox deyildir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6501/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2021-ci il tarixli, 2(102)-6793/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6501/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin ləğv olunaraq, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi, izahatında qeyd etdi ki, iddiaçı cavabdehlərdən Yasamal rayonu Gəray Əsədov küçəsi 12 saylı evin, 5/12 hissəsi, 3 otaqlı 105 kv.m sahəsini 100000 manata almışdır. Bu 25 iyul 2014 tarixdə baş vermiş, müqavilədə göstərilən öhdəlik iddiaçı tərəfindən icra olunmuş, lakin alğısatqıdan xeyli sonra, məhkəmə prosessləri zamanı ona məlum olmuşdur ki, əslində cavabdehlər qərəzli şəkildə onu aldatmış və 3 otaq adı ilə iddiaçıya 1 otaq satmışlar. Belə ki, iddiaçı mənzilə sahiblik və istifadə etdiyi zaman X7 və X10 adlı şəxslər həmin otaqlardan ikisinin onlara məxsus olduğunu bildirmişlər. Aralarında olan məhkəmə prosesləri zamanı bu fakt təsdiqini tapmışdır. Beləliklə iddiaçı aldadılmış faktiki olaraq 1 otaq üçün ondan 100000 manat alınmışdır ki, əslində 1 otağın real bazar qiyməti 30000 manatdan çox deyildir. Xahiş etdi ki, iddia təmin edilsin. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, iddiaçı ilə onun arasında dəfələrlə eyni mübahisə ilə bağlı tələblər üzrə məhkəmə prosesləri olmuşdur. İddiaçı hər dəfə tələbini dəyişərək məhkəməyə müraciət etmişdir. Hər dəfə iddiaçı məhkəmə proseslərini uduzmuşdur. Onların mübahisəsi 2014-cü ildən gedir. İddiaçı polisə də iki dəfə şikayət etmiş, cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı başqasının otaqlarını zəbt etmiş və məhkəmə qərarı ilə həmin otaqlar boşaldılaraq sahiblərinə qaytarılmışdır. Onlar iddiaçıya notarial qaydada, özünün iştirakı ilə 1 otaq satmışlar. İddaçı məqsədli şəkildə 1 otaq almışdır ki, digər otaqları da zəbt etsin. İddiaçıya 1 otaq satıldığı halda 3 otaq tələb edir. Onlarda 1 otaqdır, 3 otaq satmaqları mümkün deyildir. Digər iki otaq atası rəhmətə getməmişdən əvvəl 2004-cü ildə satıldığı halda, iddiaçı həmin otaqları zəbt etmişdir. Halbuki, həmin otaqlar başqalarının olmuşdur. Məhkəmə qərarı ilə də iddiaçı həmin otaqlardan çıxarıldı və həmin otaqlar sahiblərinə təhvil verildi. Alğı-satqı zamanı digər şəxslər yaşamamışdır. Alğısatqıdan sonra açarlar təhvil verilmişdir. Alğı-satqı ilə bağlı Soltanmuradla Araza məlumat verilmişdir. Soltanmuradla Arazın adına kommunal xidmət olmamışdır. Digər iki otağın açarı onda olmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, 3 otağın iki otağını həyat yoldaşı rəhmətə getməmişdən əvvəl satmışdır. İddiaçıya evi satanda isə ona bildirmişdir ki, digər otaqlardan müvəqqəti istifadə edə bilər. Digər otaqların sahibləri var, çıxarış sahiblərinin adınadır. Onun tərəfindən 64 saylı MKİS-nə ünvanlanmış ərizə əsaslı hesab edilə bilməz. O, həmin ərizəni təzyiq altında yazmışdır. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə kollegiyasının əvvəlki iclasında 3-cü şəxs Bakı şəhəri 12 saylı Notariat Kontorunun nümayəndəsi X14 izahat verərək göstərdi ki, 25 iyul 2014-cü il tarixdə Cavabdeh2 ilə İddiaçı arasında alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu Gəray Əsədov küçəsi 12 saylı evin, 5/12 hissəsi olan 18,6 kv.m olan bir otağı İddiaçı 100000 manata satmışdır. Həmin alğı-satqı müqaviləsində texniki səhv olaraq 18,6 kv.m olan otaq göstərilməmişdir. Digər paylı mülkiyyətçilər X7 və X8 yaşayış yerləri məlum olmadığından, onlar alğı-satqı zamanı dəvət olunmamışlar. İddiaçı ona bir otağın satılmasını bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, iddiaçı eyni tələblə bağlı məhkəmədə iddia qaldırmış, iddiası rədd edilmişdir. Həmin qətnamə Bakı Apelaysiya Məhkəməsi tərəfindən pretenziya qaydasına əməl olunmadığına görə ləğv olunmuşdur. İddiaçı bir ildən sonra yenidən eyni iddianı qaldırmışdır. Hətta məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh2 müqavilənin ləğv edilməsini təklif etmişdir. Cavabdeh2 isə təklifi rədd etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı müqavilənin ləğvini xahiş etsə də, iddianın əsasını onun aldanması təşkil edir. Belə ki, iddiaçı qeyd edir ki, ona 3 otaqlı mənzil satıldığı bildirilmişdir. İddiaçının vəsatəti ilə məhkəmə iclasında dindirilmiş şahidlər də bu halı təsdiqləmişlər. Hətta iddia ərizəsinə nəzər saldıqda görünür ki, tələbin əsaslandırılması aldatma və vacib əhəmiyyətli yanılma nəticəsində əqdin etibarsızlığına söykənir. Məhkəmə hesab etmişdir ki, iddiaçı əqdin etibarsız hesab edilməsini tələb etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Həmçinin müqavilənin ləğvi üçün əsas yoxdur. Müqavilə tərəfi olan Cavabdeh2 Bakı şəhəri, mübahisəli fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsini iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüş və öz öhdəliyini yerinə yetirərək həmin hissəni iddiaçının mülkiyyətinə vermişdir. Məhkəmə gəldiyi nəticəni Azərbayca Respublikası Mülki Məcəlləsinin 347.1, 354.2, 421.2ci maddələrinə və Azərbayca Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir. Buna görə də, kollegiya tərəfləri və 3-cü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, işdə olan sübutlar əsasında iş üzrə yeni qətnamə qəbul edilməlidir. Kasassiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı hazırda müqavilə üzrə ona verilməli olan əmlakın tam olaraq təhvil verilmədiyinə, əslində müqavilə şərtlərinə görə 3 otaq təhvil verilməli olduğu halda 1 otaq verildiyinə, nəticə etibarilə aldadıldığına, cavabdehlərin müqavilə öhdəliklərinə əməl etmədiklərinə istinad edərək, həmin müqavilə ləğv edilməklə müqavilə üzrə ödədiyi 100000 manat məbləğin geri qaytarılmasını tələb edir. Deməli, hazırda ləğvi mübahisələndirilən müqavilədə göstərilən fərdi yaşayış evinin bir hissəsinin alıcıya təhvil vermək müqavilənin əsas şərtidir. Həmin şərtin yerinə yetirilməməsi halında digər tərəf müqavilənin ləğvini tələb edə bilər, bu hal müqaviləni əhəmiyyətli dərəcədə pozulmasıdır, alıcı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bununla bərabər, həmin Məcəllənin sübut etməkdən azad olmaq üçün əsasları müəyyən edən 82-ci maddəsində təsbit edilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilməlidir ki, tərəflər arasında həmin müqavilə münasibətlərindən yaranan mübahisələr bundan əvvəl də məhkəmə baxışının predmeti olmuş, hazırki mübahisə üzrə əhəmiyyət kəsb edən hallara həmin mübahisələr üzrə çıxarılmış məhkəmə aktlarında qiymət verilmişdir. Belə ki, işdə olan məhkəmə aktlarından müəyyən edilir ki, hazırkı iş üzrə iddiaçı cavabdeh X17 və qeyrilərinə qarşı hazırkı iş üzrə mübahisələndirilən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 105 kvadrat metr olan 3 otağına sahiblik və istifadə hüququnun tanınması barədə, X10 və X7 isə həmin 3 otaqdan ikisində İddiaçı çıxarılması və özlərinin həmin otaqlara köçürülməsi barədə iddia qaldırmışdır. Həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və Araz Dünyamalıyevin iddiası rədd edilmiş, Soltanmurad Abdullayevin iddiası isə təmin edilmişdir. Göstərilən qətnamədən yalnız Araz Dünyamalıyev apellyasiya şikayəti vermiş, sonuncunun apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyası 23 iyun 2017-ci il tarixli qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlamışdır. Bu qətnamədən Araz Dünyamalıyevin verdiyi kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 12 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmşidir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli qətrnaməsi ilə Araz Dünyamalıyevin iddiası da təmin edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Göstərilən məhkəmə aktlarının tədqiqi zamanı aydın olur ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi yalnız Araz Dünyamalıyevin ididasının rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş, rayon məhkəməsinin qətnaməsinin qalan hissəsi apellyasiya baxışının predmeti olmamış, qətamə qalan hissədə qanuni qüvvəyə minmişdir. Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il qətnaməsi ilə müəyyən edilmişdir ki, İddiaçı müqavilə bağlanılarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılmış, Araz Dünyamalıyevə və Soltanmurad Abdulayevə məxsus iki otağın da onlara məxsus olduğunu bildirərək faktiki olaraq ayrıca mənzil olan 3 otağı və mənzilin köməkçi sahələrini (dəhliz, mətbəx, eyvan və hamam) 100000 manata satmışdır. Məhkəmə bu qənaəti hazırkı iş üzrə cavabdehlərin həm məhkəmə iclasında, həm də polis idarəsində verdikləri izahatları, İddiaçıla alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən Araz Dünyamalıyevin və Soltanmurad Abdullyayevin cəlb olunmaması, ev satıldıqdan sonra cavabdehlərdən tərəfindən İddiaçı 3 otağın təhvil verilməsi, mütəxəssis rəyinə görə həmin vaxt göstərilən ərazidə 18,6 kv metr sahəsi olan bir otaqlı bazar qiymətinin 20000- 30000 manat olması ilə əsaslandırmışdır. Qətnamə ilə həmçinin İddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək və ya əqdi mübahisələndirmək hüququnun olması izah edilmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən əvvəlki məhkəmə mübahisələri üzrə çıxarılmış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallara Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin tələbləri baxımından qiymət verilməmişdir. Bundan başqa, iddiaçı apellyasiya şikayətində və hazırki kassasiya şikayətində göstərmişdir ki, cavabdehlərdən Cavabdeh2 anası Cavabdeh1 yazılı izahatında iddiaçıya əslində 3 otaq satıldığını etiraf etmişdir. Bu barədə iş materiallarında (i.v. 118) Cavabdeh1 Yasamal rayonu 64 nömrəli MKİS-nin rəisinə ünvanlanmış ərizəsinin surəti də əlavə edilmişdir. Həmçinin, şahidlər ifadələrində 3 otaqlı fərdi yaşayış evinin satışa çıxarıldığını göstərmişlər. Digər tərəfdən, alğı-satqı müqaviləsi rəsmiləşdirilən zaman X10 və X5 yazılı razılıq ərizələri alınmamışdır. İddiaçı tərəfindən irəli sürülmüş və mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən həmin dəlillər apellyasiya məhkəməsi tərəfindən ümumiyyətlə qiymətləndirilməmişdir. İşdən materiallarında olan keçmiş Bakı şəhər İcra hakimiyətinin Texniki İnventarlşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı idarəsi tərəfindən 16 aprel 2004-cü il tarixdə verilmiş Seriya FM 025212 nömrəli Qeydiyyat vəsiqəsinə görə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 345,7 kv metr, yaşayış sahəsi 250,1 kv metr olan fərdi yaşayış evinin 18,6 kv metr sahəsi olan bir otağına Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Yasamal Rayon Şöbəsi tərəfindən 23 iyul 2014-cü il tarixdə verilmiş Arayışa görə Cavabdeh2 adına ünvan 3 ünvanda yerləşən yaşayış evinin on ikidə beş hissədən 18,6 kv metr sahəsi olan bir otaq qeydiyyata alınmışdır. Həmin sənədlər notariata satıcı cavabdeh tərəfindən təqdim olunmuşdur. Tərəflər arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsində isə “yaşayış evinin on ikidə beş hissədən 18,6 kv metr sahəsi olan bir otaq” deyil “yaşayış evinin on ikidə beş hissə”nin satılması göstərilmişdir. Adi riyazi hesablamalar zamanı yaşayış evinin 345,7 kv metr ümumi sahəsinin 5/12 hissəsinin təqribən 144 kv metr, 250,1 kv metr olan yaşayış sahəsinin 5/12 hissəsinin isə 104,2 kv metr olması müəyyən edilir. İşə baxan birinci instansiya məhkəməsi göstərilən hallara da qiymət verməmiş, apellyasiya instansiyası məhkəməsi də iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən həmin halları diqqətdən qaçırmışdır. Halbuki məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmalı, bundan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İş materiallarında olan: Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış 25.07.2014-cü il tarixli, AN-İ ******* nömrəli alğısatqı müqaviləsinin surətinə əsasən ünvan 4 fərdi yaşayış evinin ona məxsus olan 5/12 hissəsi Cavabdeh2 tərəfindən İddiaçı 100000 manata satılmışdır. Bakı şəhər İcra Hakimiyyəti Texniki İntervallaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 025212 nömrəli qeydiyyat vəsiqəsinin surətinə əsasən ünvan 4 fərdi yaşayış evi X18 adına 1 otaq-18,6 kv.m xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 16.04.2004-cü il tarixdə, 30/7888 nömrə ilə qeydiyyat aparılmışdır. 011/443 nömrəli, 23.07.2014-cü il tarixli arayışa əsasən Cavabdeh2 ünvan 4 fərdi yaşayış evində 5/12 hissədən 1 otaq-18,6 kv.m sahədə paylı mülkiyyət hüququ vardır və bu barədə 16.04.2004-cü il tarixdə qeydiyyat aparılmışdır. 25.07.2014-cü il tarixli, 64 saylı MKİS-nin rəisi və kargüzarının imzaladlğı arayışdan müəyyən olunur ki, mülkiyyətçilər X7, X10 və X19 ünvan 4 ünvanda yaşamırlar. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş çıxarışın surətinə əsasən İddiaçı Bakı şəhəri, Yasamal rayonu, G.Əsədov küçəsi 12 saylı evin 5/12 hissədən 1 otaq üzərində paylı mülkiyyəti vardır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində qeyd etmişdir ki, evin alğı-satqısında iştirak etməmişdir. Cavabdehləri 2003-cü ildən tanıyır. Alğı-satqıdan xəbəri yoxdur. Notariat ofisinə dəvət olunmamışdır. Həmin evin bir otağı ona məxsus olmuşdur. Ona məxsus olan otağın ayrıca girişi olmamışdır. Həmin otaqda əşyaları olmamışdır. İlahə xanımgilin satdığı otağın ona aidiyyəti yoxdur, ona məxsus olan otağın ayrıca sənədləri vardır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 ifadəsində qeyd etmişdir ki, o, Sahibə xanımı tanımışdır. Sahibə xanım üç otaqlı ev satığını bildirmişdir. Ev həyət evi idi. Həmin vaxt evdə Sahibə xanımın ailəsindən başqa heç kəs yox idi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, iddiaçı dostudur. Onlar evi tapmış, iddiaçıya göstərmişlər, onun xoşuna gəlmiş və evi almışdır. Onlara evi Bəxtiyar adlı oğlan tapmışdır. Ev sahibi kimi Sahibə xanım özünü təqdim etmişdir. Evə əvvəl Bəxtiyarla baxmışlar. Onlar gedəndə orada Sahibə xanım olurdu, Sultanmuradı sonradan tanımışlar. Sultanmuradı tanıyandan sonra mübahisə başlamışdır. Sahibə xanım alğı-satqı vaxtı onlara Sultanmurad barədə məlumat verməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 ifadəsində bildirmişdir ki, iddiaçı dostudur. O vaxtı iddiaçı ev axtaranda ona bildirmişdir. O da “Sovetski” adlanan ərazidə yaşadığına görə Bəxtiyar adlı makler ona belə bir yerdə 3 otaqlı ev satıldığını bildirmişdir. Evə baxmaq üçün gedib Sahibə xanımla görüşmüşlər. Sahibə xanım onlara köhnə çıxarış göstərmişdir. 256 kv.m evin 5/12 hissəsi yazılmışdı. Bildirmjişdir ki, bu hissə satılır. Onlar da Cabir müəllimə bildirmişlər. Gecə ilə gətirib Sahibə xanıma beh vermişlər. Sonra alğı-satqı günü təyin olunmuşdur. Alğı-satqıdan sonra evi təhvil vermişdir. 2-3 ay sonra İlqar evə gələndə bir nəfər qapını döyüb İlqara bu evin sahibi olduğunu bildirmişdir. Həmin şəxs Soltanmurad olmuşdur. İlqar ona və Sahibə xanıma zəng etmiş və o, oraya getmişdir. Sahibə xanım da oraya gəlmişdir. Soltanmuradla Sahibə xanım mübahisə etməyə başlamışdır. Onlar həmin vaxt şübhələnmişdir. Sahibə xanıma evi qaytarmaq istədiklərini bildirmişdlər. Sahibə xanım isə heç bir narahatçılığa əsas olmadığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, lazım olsa qonşuların iştirakı ilə yazıb bildirə bilər ki, 3 otağı tam olaraq onlara satmışdır. Sahibə xanım bir neçə qonşunun iştirakı ilə yazıb bildirmişdir. Sonra məhkəmə vaxtı məlum olmuşdur ki, Araz adlı şəxsin də həmin otaqlarda payı vardır. Alğı-satqı zamanı Arazla Soltanmurad olmamışdır. Onlara heç kim heçnə deməmişdir, kiminsə alğı-satqıda iştirakı ilə bağlı açarı onlara Sahibə xanım təhvil vermişdir. Otaqlarda yaşamaq üçün şərait var idi, 2-ci mərtəbə yox idi. Ora tikilmək üçün alınmamışdı. Forma 2-ni isə görməmişdir. Kollegiya qeyd edir ki, tərəflər arasındakı hazırkı mubahisə fərdi yaşayış evinin bir hissəsinin alğı-satqısı ilə bağlı 25 iyul 2014-cü ildə bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlmişdir. İddiaçı həmin müqavilə əsasında ona 3 otağın satılmasını, cavabdeh tərəf isə 1 otağın satıldığını bildirir. Kollegiya qeyd edir ki, iş materiallarında olan keçmiş Bakı şəhər İcra hakimiyətinin Texniki İnventarlşdırma və Mülkiyyət Hüquqularının Qeydiyyatı idarəsi tərəfindən 16 aprel 2004-cü il tarixdə verilmiş Seriya FM 025212 nömrəli Qeydiyyat vəsiqəsinə görə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 345,7 kv metr, yaşayış sahəsi 250,1 kv metr olan fərdi yaşayış evinin 18,6 kv metr sahəsi olan bir otağına Cavabdeh2 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin Yasamal Rayon Şöbəsi tərəfindən 23 iyul 2014-cü il tarixdə verilmiş Arayışa görə Cavabdeh2 adına ünvan 3 ünvanda yerləşən yaşayış evinin on ikidə beş hissədən 18,6 kv metr sahəsi olan bir otaq qeydiyyata alınmışdır. Həmin sənədlər notariata satıcı cavabdeh tərəfindən təqdim olunmuşdur. Tərəflər arasında 25 iyul 2014-cü il tarixdə bağlanmış alğı-satqı müqaviləsində isə “yaşayış evinin on ikidə beş hissədən 18,6 kv metr sahəsi olan bir otaq” deyil “yaşayış evinin on ikidə beş hissə”nin satılması göstərilmişdir. Adi riyazi hesablamalar zamanı yaşayış evinin 345,7 kv metr ümumi sahəsinin 5/12 hissəsinin təqribən 144 kv metr, 250,1 kv metr olan yaşayış sahəsinin 5/12 hissəsinin isə 104,2 kv metr olması müəyyən edilir. Bundan əlavə birinci instansiya məhkəməsində dindirilmiş şahidlər cavabdeh tərəfindən iddiaçıya 3 otağın satılmasını qeyd etmişlər. Həmçinin iş materiallarında olan (i/v 118) Cavabdeh1 tərəfindən yazılmış və digər Cavabdeh2 tərəfindən təsdiq olunmuş ərizədən də görünür ki, iddiaçıya əslində 3 otaq satıldığını cavabdehlər etiraf etmişlər. Digər tərəfdən iş materiallarında olan 4Ə-619 saylı notariat işinin təsdiq olunmuş surətindən görünür ki, alğı-satqı zamanı cavabdehlər tərəfindən iddiaçıya təhvil verilmiş digər 2 otağın paylı mülkiyyətçiləri olan X10 və X7 notariat kontoruna dəvət olunmamışlar. Kollegiya qeyd edir ki, işdə olan məhkəmə aktlarından müəyyən edilir ki, hazırkı iş üzrə İddiaçı cavabdeh X17 və qeyrilərinə qarşı hazırkı iş üzrə mübahisələndirilən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ümumi sahəsi 105 kvadrat metr olan 3 otağına sahiblik və istifadə hüququnun tanınması barədə, X10 və X7 isə həmin 3 otaqdan ikisində İddiaçı çıxarılması və özlərinin həmin otaqlara köçürülməsi barədə iddia qaldırmışdır. Həmin iş üzrə Yasamal Rayon Məhkəməsinin 19 iyun 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı və Araz Dünyamalıyevin iddiası rədd edilmiş, Soltanmurad Abdullayevin iddiası isə təmin edilmişdir. Göstərilən qətnamədən yalnız Araz Dünyamalıyev apellyasiya şikayəti vermiş, sonuncunun apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyası 23 iyun 2017-ci il tarixli qətnamə ilə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirmədən saxlamışdır. Bu qətnamədən Araz Dünyamalıyevin verdiyi kassasiya şikayətinə əsasən işə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 12 dekabr 2017-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaiməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmşidir. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 27 noyabr 2018-ci il tarixli qətrnaməsi ilə Araz Dünyamalıyevin iddiası da təmin edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmişdir. Qeyd olunan məhkəmə aktlarının tədqiqi zamanı aydın olur ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi yalnız Araz Dünyamalıyevin ididasının rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilmiş, rayon məhkəməsinin qətnaməsinin qalan hissəsi apellyasiya baxışının predmeti olmamış, qətnamə qalan hissədə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il qətnaməsindən görünür ki, Gəray Əsədov 12 ünvanında İddiaçı faktiki istifadəsində olan tikililərə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçının faktiki istifadəsində üç yaşayış otağı, mətbəx, dəhliz, sanitar qovşağı və giriş hissə mövcuddur. Bu tikililər məcmu şəkildə bir-biri ilə funksional əlaqədə olmaqla vahid mənzil şəklindədir, dəhlizdən bir yaşayış otağına (digər iki otağa giriş həmin otaqdandır), mətbəxə, sanitar qovşağa birbaşa giriş mövcuddur. Cavabdeh2 dəhlizdən birbaşa girişi olan otağına (o cümlədən yardımçı sahələrin) X9, həmin otaqdan girişi olan bir (sağdakı) otağın İddiaçı, digər otağına isə X1 bildirmişdir. İddiaçı və X2 otaqlara giriş X3 bildirilən otaqdan mümkündür. İddiaçı və X2 otaqlardan yaşayış məqsədləri üçün ayrıca istifadə etmək mümkün deyildir. Həmin otaqların mətbəx, dəhliz, sanitar qovşaqla birbaşa əlaqələri yoxdur. Həmçinin otaqlara həyətdən birbaşa daxil olmaq mümkün deyildir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı müqavilə bağlanılarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılmış, Araz Dünyamalıyevə və Soltanmurad Abdulayevə məxsus iki otağın da onlara məxsus olduğunu bildirərək faktiki olaraq ayrıca mənzil olan 3 otağı və mənzilin köməkçi sahələrini (dəhliz, mətbəx, eyvan və hamam) 100000 manata satmışdır. Məhkəmə bu qənaəti hazırkı iş üzrə cavabdehlərin həm məhkəmə iclasında, həm də polis idarəsində verdikləri izahatları, İddiaçıla alğı-satqı müqaviləsi rəsmiləşdirilərkən Araz Dünyamalıyevin və Soltanmurad Abdullyayevin cəlb olunmaması, ev satıldıqdan sonra cavabdehlərdən tərəfindən İddiaçı 3 otağın təhvil verilməsi, mütəxəssis rəyinə görə həmin vaxt göstərilən ərazidə 18,6 kv metr sahəsi olan bir otaqlı bazar qiymətinin 20000-30000 manat olması ilə əsaslandırmışdır. Qətnamə ilə həmçinin İddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək və ya əqdi mübahisələndirmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki Prosessual Qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisial mexanizminə əsasən əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hüquq doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli qərarında qeyd edir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədi ilə yekun qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmənin səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədi deyil, məhkəmə səhvlərini ədalət mühakiməsinin düzgün aparılmasını yoluna qoymaq məqsədi ilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz. Eyni zamanda yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Bu isə öz növbəsində qanuni qüvvəsini almış məhkəmə qərarlarına əsasən mübahisələrin yekunlaşmasının və hüquq sabitliyinin təmin edilməsi üçün məhkəmə qərarlarının yenidən baxılmasına əsasən apellyasiya və kassasiya məhkəmələri tərəfindən həyata keçirilməsini nəzərdə tutur. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. X4 tələbinə əsasən hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il qətnaməsi ilə İddiaçı aid müəyyən edilən hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməklə, həmin halların yenidən sübut edilə bilməz. Bununla da, müəyyən olunur ki, İddiaçı müqavilə bağlanılarkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən aldadılmış, Araz Dünyamalıyevə və Soltanmurad Abdulayevə məxsus iki otağın da onlara məxsus olduğunu bildirərək faktiki olaraq ayrıca mənzil olan 3 otağı və mənzilin köməkçi sahələrini (dəhliz, mətbəx, eyvan və hamam) 100000 manata satmışdır. İddiaçı hazırda müqavilə üzrə ona verilməli olan əmlakın tam olaraq təhvil verilmədiyinə, əslində müqavilə şərtlərinə görə 3 otaq təhvil verilməli olduğu halda, 1 otaq verildiyinə, nəticə etibarilə aldadıldığına, cavabdehlərin müqavilə öhdəliklərinə əməl etmədiklərinə istinad edərək, həmin müqavilə ləğv edilməklə müqavilə üzrə ödədiyi 100000 manat məbləğin geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin maddənin məzmunundan göründüyü kimi, alğı-satqı müqaviləsi alıcı və satıcının qarşılıqlı iradə ifadəsi əsasında bağlanmaqla hər iki tərəf üçün hüquq və vəzifələr yaradır. Müqaviləyə əsasən, əşyanı alıcının mülkiyyətinə vermək satıcının vəzifəsi, onun dəyərini ödəmək isə alıcının vəzifəsidir. MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Deməli, hazırda ləğvi mübahisələndirilən müqavilədə göstərilən fərdi yaşayış evinin bir hissəsinin alıcıya təhvil vermək müqavilənin əsas şərtidir. Həmin şərtin yerinə yetirilməməsi halında digər tərəf olan iddiaçı müqavilənin ləğvini tələb edə bilər, bu hal müqaviləni əhəmiyyətli dərəcədə pozulmasıdır, alıcı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Kollegiya hesab edir ki, müqavilənin mühüm şərti Cavabdeh2 tərəfindən əhəmiyyətli dərəcədə pozulduğundan, yəni iddiaçıya 3 otaq əvəzinə 1 otaqlı mənzil satıldığından, bununla da, iddiaçı ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olduğundan, müqavilə ləğv olunmalıdır. MM-nin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Kollegiya hesab edir ki, müqavilənin ləğvi nəticəsində iddiaçının ödədiyi 100000 manat Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Kollegiya həmçinin hesab edir ki, alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri İddiaçı ilə Cavabdeh2 arasında yarandığından, iddia tələbi digər Cavabdeh1 aid hissədə təmin edilə bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər social və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Kollegiya əldən çıxmış mənfəət olan 50000 manatın cavabdehlərdən tutulması hissəsində iddianı əsassız hesab edərək, təmin olunmaması qənaətinə gəlir. Belə ki, MM-nin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Kollegiya qeyd edir ki, iddiaçı əldən çıxmış fayda ilə bağlı onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri ilə bağlı sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88-ci maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3, 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 2(004)- 1325/2021 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı arasında ünvan 4 fərdi yaşayış evinin 5/12 hissəsinin alğı-satqısı barədə bağlanmış 25.07.2014-cü il tarixli, AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh2 İddiaçı xeyrinə 100.000 ( yüz min) manat pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar