Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1969/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5104/2022 saylı, 22 dekabr 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi və birgə nikah dövründə əldə edilmiş ümumi əmlaka payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış “X5 Prado” markalı, ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722, ** CH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin (köhnə nömrə nişanı ** JK ***) alqı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və “X5 Prado” markalı, ağ mirvari rəngli, ban nömrəsi JTEBL29J48K001722, ** CH *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin üzərində onun və Cavabdeh1 hər birinin ½ hissədə paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli, 2(004)- 5104/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli, 2(004)- 5104/2022 qətnaməsindən apellyasiya şikayəti verərək, şikayət vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və üzrlü səbəblərdən buraxılmış apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair qəraradad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun məhkəmə prosesindən və qəbul edilən qətnamədən məlumatı olmamışdır. Vəkili və nümayəndəsi tərəfindən bu barədə ona məlumat verilməmişdir. Göstərilənlər nəzərə alınmaqla prosessual müddət bərpa edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5104/2022 saylı 22 dekabr 2023cü il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə rədd edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən buraxılmış prosessual müddətin bərpasına dair ərizənin və apellyasiya şikayətinin 9 ay sonra verilməsi ağlabatan hesab edilmir. Hələ nəzərə almaq lazımdır ki, İddiaçı iddia ərizəsini şəxsən imzalamaqla xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə təqdim etmiş, məhkəmə prosesində və yekun məhkəmə baxış iclasında şəxsən iştirak etmişdir. Bu səbəbdən, ərizədə qeyd olunanlar mülahizə xarakter daşıyır. Həmin qərardaddan İddiaçı təəfindən şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(004)-5104/2022 saylı qətnaməsi onun “elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetinə xx.xx.2022-ci il tarixdə saat 16:48də yerləşdirilməklə rəsmi şəkildə təqdim edilmişdir kimi mövqeyi əsassızdır. Çünki o, heç vaxt bilməmişdir ki, elektron kabineti var. O, ASAN imzanı başqa işlərinin görülməsi məqsədilə əldə etmişdir. Nə də ki, məhkəmə qətnaməsi çıxarılarkən məhkəmə tərəfindən ona bununla bağlı heç bir izah verilməmişdir. Məhkəmə qətnaməsi çıxarılarkən onun məhkəmə baxış iclasında iştirak etməsi məhkəmə qətnaməsinin ona rəsmi qaydada verilməsi kimi qiymətləndirilə bilməz. Onu da qeyd etmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə bağlı məlumatı xx.xx.2023-cü il tarixdə Şabran Rayon Məhkəməsində birgə əmlakın yarsının dəyərinin cavabdehdən tutulması barədə qaldırdığı iddia üzrə məhkəmə prosesi zamanı bilmiş və belə bir qətnamənin mövcud olmasından xəbəri olub. Bundan sonra o, həmin qətnamənin rəsmi qaydada ona təqdim edilməsi ilə bağlı ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. Əgər Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5104/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ona təqdim edilmişdirsə nəyə görə yenidən həmin qətnamənin rəsmi qaydada əldə edilməsi ilə bağlı məhkəməyə müraciət edirdi? Bu halın özü bir daha onu təsdiq edir ki, sözügedən məhkəmə qətnaməsirəsmi qaydada ona təqdim edilməyib. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5104/2022 saylı, 01 fevral 2024cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə, müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya tərəfindən geri qaytarılır. Mülki işin materiallarından görünür ki, İddiaçı məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında iştirak etmiş, qətnamə onun iştirakı ilə elan edilmişdir. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci tarixli, 2(004)-5104/2022 saylı qətnaməsi İddiaçı “AZEMİS” Elektron Məhkəmə informasiya sistemində yaradılan elektron kabinetinə xx.xx.2022-ci il tarixdə yerləşdirilmişdir, başqa sözlə desək ona rəsmi qaydada təqdim edilmişdir. İddiaçı məhkəmə qətnaməsindən buraxılmış prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayətini qətnamə ona rəsmi təqdim olunduğu gündən 9 aydan artıq müddət keçdikdən sonra elektron kabineti vasitəsilə vermişdir. Hansı ki, şikayət verdiyi qətnamə də həmin kabinetə yerləşdirilmişdir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaəti düzgün olmuş, iddiaçı tərəf Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3 noyabr 2022-ci il tarixli, 2(004)-5104/2022 saylı qətnaməsindən apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş bir aylıq müddəti ötürmüşdür. İddiaçı mübahisələndirmək niyyətində olduğu qətnamənin rəsmi qaydada ona verilmədiyinə, elektron kabinetdən məlumatsız olduğuna istinadı ilə bağlı (halbuki bu dəlillər yuxarıda göstərilənlərlə təkzib olunur) kollegiya qeyd edir ki, onun sonuncu məhkəmə baxışı iclasında iştirak etdiyi, bununla da mülki iş üzrə məhkəmənin qətnamə ilə gəldiyi qənaətdən məlumatlı olduğu təqdirdə 9 aylıq müddət ərzində həmin qətnamənin taleyi ilə maraqlanmaması, bunu hər-hansı üzrlü səbəblə əsaslandırmaması da ağlabatan deyildir. Kollegiya onu da qeyd edir ki, qanunvericilikdə prosessual müddətin bərpa edilməsi üçün üzrlü hesab edilən halların, o cümlədən, şəxsin xəstəliyi, xəstə ailə üzvlərinə qulluq, müddətli xidməti ezamiyyət və s. olması hazırki işdə müəyyən edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin çoxsaylı qərarlarına görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzuna müdaxiləyə haqq qazandıra biləcək əsasların mövcudluğu Konvensiyanın 6-cı maddəsinin pozuntusunun baş vermədiyi nəticəsinə gəlmək üçün özü-özlüyündə kifayət etmir. Daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (bax. Raihani Belçikaya qarşı qərarına, № 12019/08, §37). Avropa Məhkəməsi xatırladır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarının nüfuzu prinsipinin pozuntusu hesab edilir. Beləliklə, prosessual müddət ötürüldükdən sonra şikayət vermiş şəxs xüsusi diqqətlə, yəni mübahisələndirilən qərardan xəbərdar olduğu andan dərhal hərəkət etməlidir (bax. Raihani Belçikaya qarşı qərarına, §38). Bu baxımdan iddiaçı tərəfindən hazırki şikayətində göstərilənlər qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, birinci instansiya məhkəməsi düzgün olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5104/2022 saylı 03 noyabr 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5104/2022 saylı 22 dekabr 2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-1969/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1969/2024
27.02.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver