Məhkəmə qərarları › İş №2(103)-1969/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1969/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1969/2025 01.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı iş üzrə Açar sözlər: lizinq müqaviləsi üzrə borcun tutulması X1 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-4733/2024 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. “Aqrolizinq" ASC ilə Cavabdeh (bundan sonra “cavabdeh”) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 494-GL/19 nömrəli “Kənd təsərrüfatı texnikalarının lizinqə verilməsi barədə” müqaviləyə əsasən cəmiyyət ümumi məbləği 3.135 manat olan kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh ilk ödənişi xx.xx.2019-cu il tarixdə sonuncu ödənişi isə xx.xx.2022-ci il tarixdə həyata keçirməklə hər rüb 261 manat (ilkin olaraq 264 manat) məbləğində ödəniş etməyi öhdəsinə götürmüşdür. Qeyd edilən kənd təsərrüfatı texnikası cavabdehə təhvil verilmişdir. “Aqrolizinq ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək, "xxxx" ASC adlandırılmış və "xxxx" ASC-nin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığın, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən cavabdehin müqavilə üzrə 1.035 manat əsas, 1.173,51 manat cərimə, cəmi 2.208,51 manat məbləğində borcu yaranmışdır. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ünvanlanaraq, həmin müqavilə üzrə yaranmış borc barədə məlumat verilmiş və qısa zaman ərzində ödənilmədiyi halda borcun tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılacağı barədə ona xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixdə müqavilə üzrə yaranmış 1.035 manat əsas borc məbləği cavabdeh tərəfindən ödəmiş və iddiaçı tərəfindən bu halı təsdiq edən maliyyə arayışı verilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 494-GL/19 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2024-cü il tarixə hesablanmış 1.035 manat əsas və 1.173,51 manat cərimə borcunun, hüquqi yardımla bağlı ödənilmiş 500 manat pulun, cəmi 2.708,51 manat pul vəsaitinin cavabdehdən tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

3. İddiaçı tələbini işin yuxarıda göstərilmiş faktiki hallarına istinad edərək əsaslandırmışdır.

4. Bundan sonra iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsas borc məbləğinin ödənildiyini və bu səbəbdən lizinq müqaviləsi üzrə yalnız gecikdirilmiş günlərə görə hesablanmış cərimə borcunun və göstərilən hüquqi yardıma görə ödənilmiş pulun cavabdehdən tutulmasını xahiş etmişdir.

5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 4733/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2019-cu il tarixli, 494-GL/19 nömrəli müqavilə üzrə 1.035 manat gecikdirilmiş əsas borc, 30 manat cərimə olmaqla, cəmi 1.065 manat borcun və hüquqi yardıma görə çəkilmiş 250 manat xərcin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması qət edilmişdir (hakim X4)

6. Məhkəmə öz mövqeyi ilə bağlı qeyd etmişdir ki, cavabdeh lizinq müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Belə ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuş, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki üzrə ödənişləri tam həcmdə yerinə yetirməmişdir. Məhkəmə maliyyə arayışını əsas götürərək hesab etmişdir ki, iddia tələbi lizinq müqaviləsi üzrə əsas borcun tutulması hissəsində əsaslıdır.

7. İddia tələbinin borca görə hesablanmış cərimə ilə bağlı hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mülki hüquq məsuliyyəti tədbiri kimi dəbbə pulu borclunun öz öhdəliklərini təqsirli icra etməməsi nəticəsində tətbiq olunur. Dəbbə pulu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində kreditora dəymiş zərərin miqdarından asılı olmayaraq ödənilməli olan müəyyən pul məbləğidir. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, 1.173,51 manat cərimə borcu yaranmış əsas borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılaraq 30 manata endirilməlidir.

8. Məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması ilə bağlı hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır və qismən təmin edilərək hüquqi yardıma görə çəkilmiş 250 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442-ci, 448.1-ci, 747.1-ci, 747-5.1-ci, 748-1.5-ci, 748-7.1-ci, 750-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 121.1-ci, 220.5-ci, 284-5.3-cü, 284-6.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin hüquqi yardımla bağlı qismən təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə tam həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 904-VİQD nömrəli Qanunu ilə 121.1-ci maddədə “çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla” sözləri “təqdim edilmiş məlumatlar qiymətləndirilməklə” sözləri ilə əvəz edilmişdir. Maddədən göründüyü kimi, mülki prosessual qanunvericilikdə kommersiya mübahisəsinə dair işlərdə vəkilin və ya iddiaçının məhkəmədə mütləq iştirak etməsi barədə hər hansı məcburedici norma mövcud deyildir. Əksinə, qanunvericilik iddiaçının və ya onun vəkilinin məhkəmə iclasına gəlmədən işə onun iştirakı olmadan baxılmasının tələb etməklə işin mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsinin mümkünlüyünü müəyyən etmişdir. Bununla yanaşı, məhkəmə hüquq islahatı çərçivəsində iş yükünün azaldılması və prosessual qənaət prinsipinin təmin edilməsi baxımından işlərə tərəflərin və onların vəkillərinin iştirakı olmadan sadələşdirilmiş icraat qaydasında baxılması hallarının qanunvericilikdə müəyyən edilməsi də işlərin məhkəmədə deyil, məhkəməyə qədər hazırlanmasını zəruri edir. Ona görə də vəkilin əsas öhdəliyi işi məhkəməyə qədər düzgün hazırlamaq və məhkəməyə təqdim etməkdir. Beləliklə, nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin ağlabatanlılığı müəyyən edilən zaman nəzərə alınan “konkret hallar və təqdim edilmiş məlumatlar” vəkil tərəfdən tam şəkildə təqdim edilərək, hüquqi yardım üçün nəzərdə tutulan xidmətlər vəkil tərəfindən tam icra edilmişdir. Qeyd edilənlər vəkilin iddianın təmin edilməsi üçün bütün zəruri hərəkətləri artıqlaması ilə etdiyini sübuta yetirir.

12. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə saat 10:49-da "xxxx" ASC-nin hesabına 1.035 manat pul vəsaiti köçürmüş və bununla bağlı qəbzin surətini qarşı tərəfə təqdim etmişdir. Lakin iddiaçı tərəfindən həmin hal məhkəmənin diqqətinə çatdırılmamış və işə baxan birinci instansiya məhkəməsi də bu halları araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Tərəflər biri digərinin apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdilər.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 747-5.1-ci maddəsinə əsasən lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 748-10.4-cü maddəsinə əsasən lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir; 748-10.6-cı maddəsinə əsasən lizinq ödənişləri bilavasitə lizinq verənin hesabına köçürülür.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

18. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

19. Hazırda apellyasiya şikayətləri ilə qətnamə iddianın təmin edilən və təmin edilməyən hissələrində ayrı-ayrılıqda mübahisələndirildiyindən, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 1.035 manat məbləğində əsas borcu tutmaqda haqlı olmamış, bu hissədə maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Digər hissələr üzrə isə birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu səbəbdən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti isə qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla iddia həmin hissədə rədd edilməlidir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə və işin hallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, “Aqrolizinq" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli lizinq müqaviləsinin şərtlərinə əsasən cəmiyyət 3.135 manat dəyərində kənd təsərrüfatı texnikasını ilkin dəyərinin 40 %-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən sonra və müvafiq sənədləşmə aparıldıqdan sonra cavabdehin mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh isə əşyanı qəbul etməyi, onun müəyyən edilmiş dəyəri üzrə ilkin olaraq 264 manat, növbəti 36 ay ərzində isə hər rüb 261 manat ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla da tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır.

22. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı da həmin müqavilə üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində cavabdehin 1.035 manat əsas, 1.173,51 manat cərimə borcunun yarandığını iddia edərək, bu məbləğin, habelə onun məhkəmə qaydasında tələb edilməsi ilə bağlı hüquqi yardıma çəkilmiş 500 manat xərcin əvəzinin cavabdehdən tutulmasını tələb etmişdir.

23. Mülki iş birinci instansiya məhkəməsinin icraatında olan zaman, yəni xx.xx.2024cü il tarixdə cavabdeh yaranmış əsas borc məbləğini ödəmişdir. İddiaçı da bununla bağlı məhkəməyə xx.xx.2024-cü il tarixli maliyyə arayışını və iddia tələbinin əsas borcla bağlı hissədə azaldılması barədə ərizə təqdim edərək, cavabdehdən yalnız gecikdirilmiş müddətə görə yaranmış cərimə məbləğinin və hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin tutulmasını tələb etmişdir.

24. Lakin birinci instansiya məhkəməsi həmin halları nəzərə almamış, cavabdeh tərəfindən əsas borc məbləğinin ödənilməsinə, iddiaçının bu faktı etiraf edərək, həmin hissədə iddia tələbinin həcmini azaltmasına və bununla bağlı iş materiallarında təsdiqedici sənədlərin mövcud olmasına baxmayaraq, cavabdehdən iddiaçının xeyrinə artıq ödənilmiş (mövcud olmayan) əsas borc məbləğini tutmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin hissədə dəlillərini əsaslı hesab edir və birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv edilməsi qənaətinə gəlir.

25. Məhkəmə kollegiyası iddia tələbinin gecikdirilmiş müddət üçün cərimə məbləğinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, müqavilə üzrə razılaşmaya əsasən cavabdeh ödənişlərin gecikdirilməsinə yol verdiyi halda şərtləşdirilmiş dərəcə ilə cərimə ödəyəcəyini vəd etmişdir. Bu razılaşma (vəd) yazılı şəkildə həmin müqavilədə öz əksini tapmışdır. Hazırda da iddiaçı lizinq müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehdən öhdəliyin icrasını, o cümlədən hesablanmış cərimə borcunun ödənilməsini tələb edir.

26. Məhkəmə kollegiyası lizinq obyektinin dəyərini, aparılmış ödənişləri, yaranmış borcun məbləğini, habelə gecikdirilmiş müddəti nəzərə alıb, belə qənaətə gəlir ki, iddia tələbinin bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgün olmuşdur. Həmin hissədə iddianın rədd edilməsi və ya cərimə məbləğin azaldılması üçün hər hansı əsas yoxdur. Bu səbəbdən cavabdehin apellyasiya şikayətinin bu qəbildən olan dəlilləri əsassızdır.

27. Məhkəmə kollegiyası iddia tələbinin hüquqi yardıma görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, cavabdehdən iddiaçının xeyrinə bu xərclərin əvəzi olaraq tutulan məbləğ ədalətli və ağlabatandır. Belə ki, mülki işə şifahi məhkəmə baxışı olmadan yazılı icraat qaydasında baxılmış və hüquqi yardımın göstərilməsi yalnız iddia ərizəsinin tərtib edilməsindən və mübahisəyə aid sənədlərlə birlikdə məhkəməyə təqdim edilməsindən ibarət olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu hissədə dəlillərini əsassız hesab edir.

28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni “əsas borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalı və iddia tələbi həmin hissədə rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməlidir.

29. Eyni zamanda, məhkəmə kollegiyası vurğulayır ki, hazırkı iş üzrə iddianın ümumi qiyməti məbləğ etibarı ilə 5.000 manatdan az olduğundan qətnamədən kasassiya şikayəti verilə bilməz.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 394-1-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 4733/2024 saylı qətnaməsi “Cavabdeh xx.xx.2019-cu il tarixli, 494-GL/19 nömrəli müqavilə üzrə 1.035 manat gecikdirilmiş əsas borcun (cəmi 1.065 manat borcun) iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması” hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılsın. İddia həmin hissədə rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar