Məhkəmə qərarları › İş №2(103)-197/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-197/2024

06.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-197/2024 06.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “payların naturada bölünməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X10 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “payların naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(004)-41/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(004)-480/2020 saylı qətnaməsi ləğv edilmiş, ilk və qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X11 miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X6 ¼ hissədə, Cavabdeh ¼ hissədə, X12 ¼ hissədə vərəsəlik hüquqları tanınmış və payları müəyyən edilmiş, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1201/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçılar İddiaçı, X16, X19, X13, X14, Hacıyeva (Qasımova) Zenfira Hüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə ¼ hissəsi X6, ¼ hissəsi X8, ¼ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərində qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1464 nömrəli, xx.xx.2022-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada dörd hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

4. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X20 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ¼ hissəni bacısı İddiaçı mülkiyyətinə vermişdir.

5. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X16 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 60.3 kv.m. olan mənzilin paylı mülkiyyət üzrə ona məxsus hissəsindən ¼ hissəni bacısı İddiaçı mülkiyyətinə vermişdir.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə ¾ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021 və xx.xx.2022-ci il tarixlərində qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2680 nömrəli, xx.xx.2022-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı mənzilin təcrid mənzillər şəklində mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada dörd hissəyə (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6426 nömrəli, xx.xx.2023-cü il tarixli rəyə əsasən Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı yaşayış evinin tərəflərin paylarına uyğun (¼ hissə və ¾ hissədə) təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında (ayrılması) bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmalı və 01 saylı tikilinin eni 3,95 m. uzunluğu 4,10 m. hissəsi saxlanaraq sərhəd hasarı çəkilməli və qalan tikililərə 01 saylı tikiliyə giriş-çıxış yolu açılmalıdır. Həyətyanı torpaq sahəsinin daxilində yerləşən tikililər faktiki vəziyyətə uyğun ümumi istifadədə saxlanılmalıdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçılar İddiaçı, X16 və X20 Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, iddiaçılardan X16 və X8 iddiaçılar sırasından çıxarılmasını, ünvan 2 ünvanda yerləşən 4 saylı mənzilin İddiaçı ¾ hissədə, Cavabdeh isə ¼ hissədə paylarına uyğun naturada bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 4, mənzil 4 ataları X21 məxsus olub, 1996-cı il tarixində DƏDRX-də onun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. X7 xx.xx.2013-cü il tarixində, anası X24 isə xx.xx.2004-cü il tarixində vəfat etmişlər. Onlara vərəsəlik açılmışdır. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)- 480/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə mərhum ataları X11 miras qalmış, ünvan 3 ünvanında yerləşən 4 saylı mənzildən ibarət mirasın qəbul edilmə müddəti uzadılmaqla həmin əmlaka mərhumun vərəsələri İddiaçı 3/30 hissədə, X6 3/30 hissədə, X1 3/30 hissədə, X9 3/30 hissədə, X2 3/30 hissədə, X3 3/30 hissədə, X4 3/30 hissədə, X17 mərhum vərəsəsi Bayramova (Qasımova) Səriyyə Hüseyn qızının vərəsələri X25 1/30 hissədə, X22 1/30 hissədə və X23 isə 1/30 hissədə vərəsəlik hüquqları tanınmaqla qeyd edilən hissələrdə hər bir vərəsənin qanun üzrə vərəsəlik hüquqları müəyyənləşdirilmişdir. Qətnamədən narazı qalan qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-480/2020 saylı qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-3190/2020 saylı qətnaməsilə ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsindəki 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X6 ¼ hissədə, X8 ¼ hissədə və Cavabdeh ¼ hissədə vərəsəlik hüququnun tanınması və payların müəyyən edilməsi, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilməsi qət edilmiş, onlar həmin qətnamədən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-1201/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və paylı mülkiyyət yaranmışdır. Beləliklə, mərhum X11 miras qalmış Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsindəki 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X6 ¼ hissədə, X8 ¼ hissədə və Cavabdeh ¼ hissədə payları müəyyən edilmişdir. Hal-hazırda paylarına düşən hissədən Cavabdeh hər birinin istifadə etməyinə imkan vermir, işıqdan, qazdan, sudan istifadə ilə bağlı xərcləri ödəmir, o, onkoloji xəstədir, imkanları olduqda onlar xərcləri ödəyir, iddiaçıların isə maddi vəziyyəti ağırdır. Cavabdeh tərəfindən payına düşən hissədə işıq, qaz, sudan istifadə ilə bağlı xərclər ödənilmədiyi üçün işıq, qaz, su kəsilir, o, xəstə adamdır, ev buz kimi olur. Bu səbəbdən də qərara gəlmişlər ki, paylı mülkiyyətdən hər biri öz payının ayrılması üçün məhkəməyə müraciət etsinlər, paylarını ayırmaq istəyirlər. Azərbaycan Respublikası MM-in 220-ci maddəsində qeyd edilmişdir ki, “Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ondan payın ayrılması üsulu və şərtlərilə razılığa gəlmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyilsə, ayrılan payın mülkiyyətçisi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb edə bilər”. Hesab edir ki, onların hər birinə ayrılmış pay naturada bölünməlidir.

11. Cavabdehlər İddiaçı, X16 və X15 qarşı paylı mülkiyyətdə olan əmlakın ona aid hissədə natura qaydasında bölünməsi haqqında qarşılıqlı iddia ərizəsi verərək, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 83 saylı evin 4 saylı mənzili ¼ hissədə ona düşən xüsusi mülkiyyətdə olan sahə, onun istifadəsində olan özbaşına tikiliyə bitişik hissədən 15,076 kv.m. sahəsi təcrid olunmaqla, onun istifadəsində olan özbaşına tikiliyə qatılmaqla, cavabdehib özlərinə məxsus hissədən ayrıca giriş-çıxışı açılmaqla natura qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-852/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdehin nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 ərizəsinə əsasən iş üzrə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır.

12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(004)- 41/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış evinin İddiaçı mülkiyyətində olan ¾ hissədən ibarət payı (ekspert rəyinə uyğun olaraq) naturada ayrılması, iş üzrə məhkəmə məsrəfi olan 300 manat ekspertiza xərcinin 150 manatının İddiaçı, 150 manatı isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

13. Məhkəmə iddia tələbini qismən təmin edərkən ona istinad etmişdir ki, Məhkəmə iddia tələbinin “ünvan 2 ünvanda yerləşən 4 saylı mənzilin Cavabdeh ¼ hissədə payına uyğun naturada bölünməsi hissəsində qeyd edir ki, iddiaçının cavabdehə qarşı bu tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmamışdır və bu hissədə iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6426 nömrəli, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 83 ünvanında yerləşən 04 saylı yaşayış evinin tərəflərin paylarına uyğun (¼ hissə və ¾ hissədə) təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında (ayrılması) bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tədqiq olunan yaşayış evinin həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmalı və 01 saylı tikilinin eni 3,95 m. uzunluğu 4,10 m. hissəsi saxlanaraq sərhəd hasarı çəkilməli və qalan tikililərə 01 saylı tikiliyə giriş-çıxış yolu açılmalıdır. Həyətyanı torpaq sahəsinin daxilində yerləşən tikililər faktiki vəziyyətə uyğun ümumi istifadədə saxlanılmalıdır. Məhkəmə ekspertiza rəyinə digər sübutlarla yanaşı qiymət verərək qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, ünvan 2 ünvanda yerləşən 4 saylı yaşayış evinin İddiaçı mülkiyyətində olan ¾ hissədən ibarət payı naturada ayrılmalıdır.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci, 220-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 82.1-ci, 88-ci, 103-cü, 119-cu, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

b) Apellyasiya şikayətinin dəlilləri

15. Qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal rayon məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(004)-41/2023 saylı qətnaməsini ləğv edilərək, yeni qətnamə çıxarılmasını, əvvəlki giriş-çıxış qapısı bərpa edilməklə, mənzilin natura qaydasında bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədən öncə ekspert rəyi ilə tanış olarkən, onun hüquqlarının kobud surətdə pozulmasının şahidi olmuşdur. Belə ki, ekspert rəyinə əsasən ona düşən çıxarışlı sahə təcrid edilməklə, tam olaraq iddiaçının istifadəsinə verilir. Mənzil çıxarışla 60 kv.m. sahədən ibarətdir, qalan tikililər isə onun tərəfindən inşa edilmiş özbaşına tikili hesab edilir. Hesaba əsasən 45 kv.m., yəni 3 hissə Safurə Qasımovaya, 15 kv.m. sahə isə onun istifadəsində olan sahə ona verilməlidir. Faktiki olaraq 45 kv.m. sahə elə iddiaçının, 15 kv.m. sahə də onun istifadəsindədir. Əvvəllər iddiaçının hissəsindən həyətdən giriş-çıxış olmuş, həmin qapı bağlanaraq onun hissəsindən giriş-çıxış qapısı açılmışdır. Mənzilin natura qaydasında bölünməsi əvvəlki giriş-çıxış qapısının bərpası ilə mübahisənin həllinə düzgün, çıxarışa uyğun, heç kimin hüquqlarını pozmadan son qoya bilərdi. Belə ki, evin həm çıxarışda olan sahələri, həm də onun tərəfindən özbaşına inşa edilmiş hissələri vardır. Hər iki sahə bir-birinə bitişikdir. Özbaşına inşa edilən hissələr çıxarışda nəzərdə tutulan sahəyə aid deyildir. Çıxarışda ümumi sahə 60 kv.m.-dir. Çıxarışda nəzərdə tutulan 3 hissə-45 kv.m(daha çox) sahə faktiki olaraq iddiaçıların istifadəsindədir. Çıxarışda nəzərdə tutulan digər 15 kv.m. (və ya bir neçə kv.m. az) sahə və ona bitişik özbaşına tikili onun istifadəsindədir. Ekspertin bölgüsünü nəzərə alsaq, çıxarışla onun payına düşən və istifadəsində olan 15 kv.m. sahə arakəsmə kəsildikdən sonra iddiaçıların istifadəsinə verilmiş olur. Yəni çıxarışla nəzərdə tutulan evin bütünlüklə 60 kv.m. sahəsinin hamısı iddiaçıların istifadəsinə verilmiş olur. Yəni çıxarışda ¾ hissə onun hissəsi nəzərdə tutulsa da, faktiki olaraq ekspert həmin sahəni də təcrid etməklə, natura qaydasında iddiaçılara vermişdir. O, faktiki olaraq mülkiyyətsizdir. Mülkiyyətində olan sahədən istifadə edə bilmir. Məhkəmədə bu barədə o açıq–aşkar məhkəməyə bildirsə də, təkrar və yenidən ekspertizanın keçirilməsi barədə vəsatət versə də, məhkəmə əsaslandırılmış qərar qəbul etmədən, vəsatəti rədd etmişdir. Beləliklə, məhkəmə qətnaməsinə əsasən qanunsuz olaraq mülkiyyət hüququndan məhrum edilmiş, mülkiyyətində olan sahə zorla alınaraq iddiaçıya verilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 25, 26, 29, AR MM-nin 152ci maddəsinin tələbləri pozulmuşdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

ç) Proses iştirakçılarının izahatı

18. Məhkəmə iclasında Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini xahiş etmişlər.

19. İştirak etdiyi məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

d) Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. 220.4-cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

e) Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. Cavabdeh tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin əsaslandırmasından müəyyən edildiyi kimi, cavabdeh ona qarşı qaldırılmış iddianın qismən təmin edilməsini mübahisələndirməklə qətnamənin ləğv edilməklə ona qarşı tələbin təmin edilməməsini istəyir. Bu baxımdan da kollegiya hesab edir ki, məhkəmənin qətnaməsi yalnız mübahisələndirilən hissədə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv edilməli, həmin hissədə də iddia tələbi təmin edilməməlidir.

26. Belə ki, işin faktiki hallarına əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-480/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ilk iddia təmin, qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X11 qalmış, ünvan 4 ünvanda yerləşən 4 nömrəli mənzildən ibarət mirasın qəbul edilmə müddəti uzadılmaqla həmin əmlaka mərhumun vərəsələri İddiaçı 3/30 hissədə, X6 3/30 hissədə, X1 3/30 hissədə, X9 3/30 hissədə, X5 3/30 hissədə, X3 3/30 hissədə, X4 3/30 hissədə, X8 3/30 hissədə, Cavabdeh 3/30 hissədə, X18 mərhum vərəsəsi Bayramova (Qasımova) Səriyyə Hüseyn qızının vərəsələri X25 1/30 hissədə, X22 1/30 hissədə və X23 isə 1/30 hissədə vərəsəlik hüquqları tanınmaqla qeyd edilən hissələrdə hər bir vərəsənin qanun üzrə vərəsəlik hüquqları üzrə payları müəyyən edilmiş, vərəsələrə mirasla bağlı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi 12 saylı Notariat Ofisinə həvalə edilmiş, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Daha sonra həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli, 2(004)- 480/2020 saylı qətnaməsi ləğv edilmiş, ilkin və qarşılıqlı iddia qismən təmin edilmiş, mərhum X11 miras qalmış, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilə İddiaçı ¼ hissədə, X6 ¼ hissədə, Cavabdeh ¼ hissədə, X12 ¼ hissədə vərəsəlik hüquqları tanınmış və payları müəyyən edilmiş, onlara həmin hissələrdə vərəsəlik şəhadətnaməsinin verilməsi Bakı şəhəri 12 saylı notariat ofisinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin 2(102)-1201/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçılar İddiaçı, X16, X19, X13, X14, Hacıyeva (Qasımova) Zenfira Hüseyn qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3190/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzil üzərində tərəflərin paylarına uyğun mülkiyyət hüququ tanınaraq, sonunculara DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlar verilmişdir. Daha sonra X20 ilə X16 onlara aid olan ¼ hissəni bacıları İddiaçı mülkiyyətinə vermişlər və bununla da, ¾ hissəsi İddiaçı və ¼ hissəsi Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh iddiaçının istifadə etməyinə imkan vermir, işıqdan, qazdan, sudan istifadə ilə bağlı xərcləri ödəmir. Cavabdeh tərəfindən payına düşən hissədə işıq, qaz, sudan istifadə ilə bağlı xərclər ödənilmədiyi üçün işıq, qaz, su kəsilir. Bu səbəbdən də iddiaçı cavabdehə qarşı əmlakın naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir, cavabdeh isə iddia tələbinə etiraz edir.

27. Göründüyü kimi, tərəflər arasında mübahisə əmlakın naturada bölünməsi ilə bağlıdır. Bu səbəbdən apellyasiya icraatı zamanı keçirilmiş 06 iyun 2024-cü il tarixli 3-16- 16/2-10/672 nömrəli məhkəmə tikinti texniki ekspertiza rəyinə əsasən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2- 743/2024 rəyinə əsasən aşağıda göstərilənlər müəyyən edilmişdir. Qeyd olunan mənzil dövlət reyestrindən çıxarışa əsasən 60.3 kv.m kimi qeydiyyatdan keçib. Faktiki olaraq mənzilin ümumi sahəsi 107.1 kv.m təşkil edir (4 yaşayış otağı 70.3 kv.m, köməkçi sahə 36.80 kv.m). Mənzilin arxiv çizgisi ilə faktiki vəziyyət uyğun gəlmədiyi müəyyən edilir. Faktiki vəziyyətə uyğun mənzilin planı əlavə olundu. Texniki pasportda və faktiki vəziyyətə əsasən mənzilin bir giriş-çıxışı olduğundan, həmçinin bölünməsi nəzərdə tutulan hissənin ayrıca komunal şəraiti olmadığından bölünməsi mümkün olmadığı müəyyən edilir.

28. Göründüyü kimi, tərəflərin paylı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, 83 nömrəli evdə yerləşən 4 nömrəli mənzilin naturada ayrılması qeyrimümkündür. Bu xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/672 nömrəli Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi ilə müəyyən olunmuş və məhkəmə kollegiyası da ekspert rəyi ilə razılaşır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmi qaydada dövlət reyestrindən qeydiyyatdan keçmiş daşınmaz əmlakın naturada bölünərək ayrıca təcrid edilmiş mənzillər şəklində paylara uyğun ayrılması mümkünsüzdür. Bu baxımdan bu hissədə iddianın təmin edilməsi mümkün deyil. Tərəflər arasında da bölgü ilə bağlı razılaçma mövcud deyil.

29. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə baxılarkən işin göstərilən halları dəqiq müəyyənləşdirilməməklə araşdırılmamış, qeyd edilən xüsusatlar digər hallarla birlikdə məcmu qaydada qiymət verilməməklə iş üzrə düzgün olmayan nəticəyə gəlinmişdir.

30. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(004)-41/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməməli, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

31. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manat hissəsi, İddiaçı 50 manat hissəsi isə Cavabdeh alınaraq dövlət büdcəsi hesabına köçürülməlidir.

32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 385-ci, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(004)-41/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tətqiqatının dəyəri olan 100 manat məbləğində pulun 50 manat hissəsi İddiaçı 50 manat hissəsi isə Cavabdeh alınaraq dövlət büdcəsi hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar