Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1980/2023 31.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı, Cavabdeh2, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə” iddiasına dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Münasibətlər: Mübahisə Bakı şəhəri, 3-cü mikrorayon, Cavadxan küçəsi, ev № 16-da yerləşən 32 №-li mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil 3 nəfərin – iddiaçının və cavabdehlərin ümumi paylı mülkiyyətindədir, hər birinin payı 1/3 hissə təşkil edir. Cavabdehlər Surayyə Həsənova və Cavabdeh2 ana-övladdır. İddiaçı Cavabdeh2 qardaşıdır. Hazırda həmin mənzildə cavabdehlər yaşayır, iddiaçı orada yaşamır. Tələb və onun həlli: İddia ərizəsində tələb olunub ki, mənzildə iddiaçının payı naturada ayrılsın. Daha sonra iddiaçı iddia dəyişdirilməsi barədə ərizə verib və tələb edib ki, mənzil açıq hərracda satılsın və satış pulu paylara uyğun bölüşdürülsün. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, mənzil 80.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılsın və satışdan əldə olunan pul paylara uyğun bölüşdürülsün. Şikayət və izahatlar: Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunmasın. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və onun vəkili Vəkil2 bildirdilər ki, cavabdeh tərəf iddiaçının payının dəyərini, yəni 80.000 manatın 1/3 hissəsini iddiaçıya ödəməyə hazırdır, odur ki, mənzilin satılması barədə qətnamə qanuna uyğun deyil. Cavabdeh Surayyə Həsənova məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında iştirak edn İddiaçı bildirdi ki, mənzilin satılmasını tələb etmək onu hüququdur, payının dəyəri kimi ona təklif olunan pulu qəbul etməkdən imtina edir. Qətnamənin yoxlanılması: Mülki Məcəllənin 220-ci maddəsində ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılmasının 3 qaydası nəzərdə tutulub: 1) payın naturada ayrılması; 2) payın dəyərinin ödənilməsi; 3) əşyanın açıq hərracda satılması və satış pulunun bölüşdürülməsi. 1-ci qaydanın tətbiq edilməsi mümkün deyil. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4387 nömrəli rəyi ilə müəyyən olunub ki, mənzildə iddiaçının 1/3 payının naturada ayrılması texniki cəhətdən mümkün deyil (iş v. 54). 2-ci qaydanın tətbiq edilməsi mümkündür. Belə ki, mənzilin bazar dəyəri 80.000 manat təşkil edir. Bu qiymət "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli H/01-PLS nömrəli qiymətləndirmə hesabatı ilə müəyyən edilib (iş v. 72). Birinci instansiya məhkəməsi bu qiymətlə mənzilin satılmasını qət edib, iddiaçı qətnamədən apellyasiya şikayəti verməyib, bu isə onu təsdiq edir ki, o, 80.000 manatın mənzilin bazar dəyəri kimi müəyyən edilməsinə razıdır. Cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə bildirib ki, iddiaçıya düşən paya görə kompensasiya ödənilməsini məqsədəuyğun hesab edir. O cümlədən apellyasiya icraatı zamanı Cavabdeh2 bildirib ki, 80.000 manatın 1/3 hissəsini, yəni 26.666 manatı iddiaçıya ödəməyə hazırdır. Cavabdeh bu mövqeyini yazılı şəkildə də məhkəməyə bildirib. Bundan başqa, cavabdeh apellyasiya icraatı zamanı 26.666 manat pulu nağd formada məhkəmə iclasına gətirib və həmin pulu payın əvəzi kimi iddiaçıya ödəməyə hazır olduğunu bildirib. Lakin iddiaçı bildirib ki, həmin pulu qəbul etməkdən imtina edir, mənzilin satılmasını tələb edir, çünki mənzilin satılmasını tələb etmək onun hüququdur. 3-cü qayda tətbiq edilə bilməz. Belə ki, Mülki Məcəllənin 220.6-cı maddəsindən görünür ki, 3-cü qayda o halda tətbiq oluna bilər ki, 1-ci və 2-ci qaydanın tətbiqi açıq-aşkar məqsədəuyğun olmasın. Eyni mövqe Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında da qeyd olunub. Göründüyü kimi, iddiaçı 2-ci qaydanın tətbiq edilməsini, yəni öz payının dəyərinin digər mülkiyyətçilər tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Lakin iddiaçı həmin qaydanın tətbiqini tələb etməmiş, ardıcıllığı pozaraq 3-cü qaydanın tətbiq edilməsini, yəni mənzilin açıq hərracdan satılmasını və satış pulunun bölüşdürülməsini tələb etmişdir. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq norması pozulduğundan qətnamə ləğv edilməli, iddia təmin edilməməlidir. İddia təmin edilmədiyinə görə ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv olunsun. İddiaçı cavabdehlər X1 və Cavabdeh2 qarşı “ümumi mülkiyyətdə olan mənzildən payın ayrılması barədə” iddiası təmin edilməsin. Ekspertiza xərci olan 100 (yüz) manat İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat İddiaçı Cavabdeh2 xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1980/2023
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1980/2023
31.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver