Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1985/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(002)- 764/2024 nömrəli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 qeyd etməklə, şəxsin öhdədə olması faktı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2012-ci il tarixli nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Abdullayev Hüseyn Xəyyam oğlunun onun, yəni Ərizəçi himayəsində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-764/2024 nömrəli qərardadı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs1 və Maraqlı şəxs2 qeyd etməklə, şəxsin öhdədə olması faktı tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Ərizəçi Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 764/2024 saylı qərardadından şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-764/2024 saylı qərardadın ləğv edilərək və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, ərizəçi 10 fevral 2012-ci il tarixdə rəsmi nikah qeydindən keçməklə Abdullayev Xəyyam Məhərrəmoğlu ilə ailə qurmuş, həmin nikahdan xx.xx.2012-ci il tarixdə Abdullayev Hüseyn Xəyyam oğlu adlı bir övladı dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Abdullayev Xəyyam Məhərrəm oğlu xx.xx.2015-ci il tarixdə travmatik şok səbəbi ilə Bakı şəhərində dünyasını dəyişmişdir. Bundan sonra ərizəçi xx.xx.2018-ci il tarixdə Türkiyə Respublikasında Fatih Evləndirmə Məmurluğunda Köseleci Osman Kadir oğlu adlı şəxslə rəsmi nikaha daxil olmuş, hal-hazırda bir övladı dünyaya gəlmişdir. Birinci nikahından doğulmuş övladı Abdullayev Hüseyn Xəyyam oğlu hal-hazırda onunla birgə yaşayır. Hazırda Türkiyə Respublikasında olduğu müddətdə sənədləşmə işləri aparılarkən və vətəndaşlıqla bağlı məsələlər həll olunarkən birinci nikahdan doğulmuş övladı Abdullayev Hüseyn Xəyyam oğlunun onun himayəsində olmasını təsdiq edən sənəd tələb edilmişdir. Qanunvericilikdə bir sıra hallar müəyyən olunmuşdur ki, həmin anlarda heç bir anlaşılmazlıq yaranmır. Belə ki, tərəflər arasında rəsmi nikah pozularkən ailə qanunvericiliyinə əsasən həll olunan məsələlərdə birgə nikahdan doğulmuş uşağın kimin himayəsində qalması müəyyən edilir. Lakin ərizəçinin keçmiş həyat yoldaşının xx.xx.2015ci il tarixdə rəhmətə getməsi, uşağının soyadının onun soyadında olması, ərizəçinin nikahdan öncəki soyadına qayıtmağı bir sıra çətinliklər yaratmışdır ki, hazırda onun tələb olunan qaydada 10 fevral 2012-ci il tarixli rəsmi nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü Abdullayev Hüseyn Xəyyam oğlunun onun himayəsində olma faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçinin müraciətinin təmin olunması Türkiyə Respublikasında onunla birlikdə yaşayan xx.xx.2012-ci il təvəllüdlü Abdullayev Hüseyn Xəyyam oğlunun vətəndaşlıq məsələlərinin həlli üçün zəruridir. Bu zərurət isə Türkiyə Respublikasının 5901 saylı Vətəndaşlıq Qanununun 16-cı maddəsinin tələbinə əsasən yaranmışdır. Keçmiş həyat yoldaşının dünyasını dəyişməsi olmasa idi, belə zərurət olmazdı. Hal hazırda ərizəçi barədə evlənmə yolu ilə Türkiyə Respublikasında vətandaşlıq məsələlərinə dair heç bir anlaşılmazlıq yoxdur. Sadəcə onun yanında yaşayan və faktiki olaraq himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü Abdullayev Hüseyn Xəyyam oğlunun sənədləşmə işlərinin aparılmasında Türkiyə Respublikasının qüvvədə olan mövcud qanunvericiliyin tələblərinə əsasən aidiyyəti qurumlarının tələbi olmuşdur. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının 3-cü bəndində əks olunmuş müddəanı (Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur.) hazırki tələb üzrə istinad edilməsi əsassızdır. Belə ki, himayədə olması istənilən uşaq yetkinlik yaşına çatmayandır və onun sərbəst şəkildə müstəqil olaraq bu barədə tələb qaldırmaq hüququ yoxdur. Hal-hazırda ərizənin fakt olaraq təsdiq edilməsi zərurəti Abdullayev Hüseyn Xəyyam oğlunun hüquqlarının təmininə yönəlmişdir. Məhkəmə Plenum Qərarına istinad edərkən bu halları diqqətdən qaçırmışdır. Nəzərə almaq lazımdır ki, bu faktın təsdiqi hal-hazırda Ərizəçi deyil, xx.xx.2012-ci il tarixdə Abdullayev Hüseyn Xəyyam oğlunun hüquqlarının təmini üçün vacibdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(002)- 764/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-764/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-764/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2 və 153.2.1-ci maddələrinə əsasən ərizə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci maddəsinə əsasən şəxsin öhdədə olması faktını məhkəmə müəyyən edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı plenum qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Həmin qərarın 3.1-ci bəndində göstərilir ki, şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. Bu zaman məhkəmə müvafiq faktın müəyyən edilməsi üçün müraciət edən ərizəçinin məhz qanunla müəyyən edilmiş kateqoriyadan olan şəxs olub-olmamasına, həmçinin onun vəfat edənin tam təminatında olan və ya ondan özünün yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan şəxs olmasına diqqət etməlidir. Hazırki ərizənin məzmunundan göründüyü kimi, ərizəçi övladı xx.xx.2012-ci il təvəllüdlü Abdullayev Hüseyn Xəyyam oğlunun onun himayəsində olması faktının müəyyən edilməsini xahiş etmişdir, bu isə yuxarıda göstərilən plenum qərarın tələblərinə ziddir. Beləliklə Mülki Prosessual Məcəlləsinin 307.2.2-ci maddəsində şəxsin öhdədə olması faktının müəyyən edilməsi dedikdə digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını nəzərdə tutmur. Həmçinin digər şəxsin ərizəçinin öhdəsində olması faktının müəyyən edilməsinə dair ərizələrə xüsusi icraat qaydasında məhkəmədə baxılmır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-764/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Ərizəçi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli, 2(002)- 764/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1985/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1985/2024
28.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver