Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1988/2022 16.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6528/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 19.05.2018-ci il tarixli 23-Q/Y saylı müqavilə üzrə iddiaçıya ödəniməmiş 18000 manat borcun, 900 manat faizin və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanında yerləşən 9,5 kv.m. qeyri-yaşayış sahəsi Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnaməyə əsasən iddiaçının xüsusi mülkiyyətində idi. Orada iddiaçı uzun illər saatların təmirə ilə məşğul olmuşdur. «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Səbail, Nərimanov, Nizami, Yasamal, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» 26.02.2016-cı il tarixli 86 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının icrası ilə əlaqədar cavabdeh "xxxx" MMC-yə onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanında yerləşən 9,5 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi üstündə hündürmərtəbəli binanın tikilməsi icazəsi verilmişdir. Bununla əlaqədar cavabdeh və iddiaçı arasında 19.05.2018-ci il tarixli 23-Q/Y saylı müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanında yerləşən 9,5 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi və 30 ay müddətində üstündə hündürmərtəbəli binanın tikilməsi, onun qeyri-yaşayış sahəsinin əvəzində həmin binanın 2-ci mərtəbəsində, 17-20 arasında,R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metr olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyriyaşayış sahəsini onun mülkiyyətinə verilməsi razılaşdırılmışdır. Eyni zamanda 19.05.2018-ci il tarixli, 23-Q/Y saylı müqaviləyə 1 saylı əlavəyə əsasən cavabdeh inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdrana və iddiaçı qeyri-yaşayış sahəsi ilə təmin edilən günədək onun fəaliyyəti üçün müvəqqəti yerləşməsini təmin etmək məqsədilə ona hər ay 1500 manat məbləğində kirayə haqqında kompensasiya ödəməsinə dair üzərinə öhdəlik götürmüşdür. Cavabdeh 30 ay müddətində tikinti işləri başa çatdırıb, 29,44 kv.m. qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməmiş, kirayə haqqını 18 ay, yəni 19.10.2019-cu il tarixədək ödəmiş, qalan 12 ayın kirayə haqqını ödəməmişdir. Cavabdehə dəfələrlə qalan 12 ayın kirayə haqlarının ödənilməsi və müqavilə ilə nəzərdə tutulmuş 29,44 kv.m. qeyri-yaşayış sahəsinin təmirli şəkildə təhvil verilməsi barədə şifahi deyilsə də, cavabdeh kirayə haqqını ödəməkdən boyun qaçırmışdır. 01.03.2021-ci il tarixdə pretenziya məktubu ilə cavabdehə müraciət olunmuş və müqavilə üzrə öhdəliklərini 3 gün müddətində icra etməsi xahiş olunmuşdur. Lakin pretenziya məktubu ilə müraciət olunmasına baxmayaraq, cavabdeh qərəzli şəkildə müqavilə öhdəliklərini icra etməkdən boyun qaçırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6528/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdeh “Azadlıq Residence" Məhdud Məsuliyyətli Cəmiyyətindən 18.000 (on səkkiz min) manat məbləğində borc, illik beş faiz hesablanmaqla 900 (doqquz yüz) manat, ümumilikdə 18900 (on səkiz min doqquz yüz) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat pulun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsini və əsassız iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəmənin hazırlıq iclasında iştirakı təmin olunsa da, cavabdehin məhkəmənin hazırlıq iclasında iştirakı təmin olunmamışdır. 05.11.2021-ci il tarixli məhkəmə işi barədə 21.10.2021-ci il tarixdə məlumat əldə olunmuş və dərhal müvafiq etiraz ərizəsi ilkin sübutlarla birlikdə məhkəməyə təqdim olunmuşdur. Məhkəmənin 05.11.2021-ci il tarixli baxış iclasında ilk dəfə iştirak edən cavabdehin nümayəndəsinə iddiaçı tərəfin nümayəndəsi tərəfindən bildirilmişdir ki, iddialarının əsasını təşkil edən sübutları bu prosesdə (2-ci prosesdə) deyil, növbəti məhkəmə iclasında (3-cü prosesdə) təqdim ediləcəkdir (2 aya yaxın vaxt ərzində məhkəmədə iddiasına baxılan iddiaçı öz əsas sübutunu iştirak etdiyi 2 prosesdən birində təqdim etməli olduğu halda bunu etməmişdir). Bununla da məhkəməyə təqdim olunacaq sübutun ətraflı araşdırılması mümkünsüzləşdirmiş və cavabdehin həmin sübuta münasibət bildirməsi imkanını ləğv edilmişdir. Etirazlara baxmayaraq məhkəmə də bu qanunsuzluğa əhəmiyyət yetirməmişdir. 3-cü prosesdə CD disk şəklində təqdim olunan və məhkəmə tərəfindən səsi ümumiyyətlə eşidilməyən formada baxış keçirilən video görüntüdə əks olunan bir neçə işçinin təmir işlərini apardığı ərazinin iddiaçının obyektinə aid olub-olmaması, həmin video görüntüdə işlə bağlı nə danışılması, orada işləyən işçilərin kimliyinin müəyyən edilməsi, hansı zaman müddətində həmin hissədə iş aparmaları, videogörüntüdə əks olunan obyektlərdən hansının iddiaçıya aid olması, video görüntüdə əks olunanlarla iddiaçının dedikləri arasında uyğunluğun olub-olmaması və s. məsələlərin aydınlaşdırılması üçün məhkəmənin qısa müddətə təxirə salınması şifahi vəsatətlə xahiş olunsa da məhkəmə həmin vəsatəti qanunsuz olaraq təmin etməmişdir. Cavabdehin nümayəndəsi bu diskdə əks olunan ərazini, işçiləri və işləri, onların görülmə vaxtını və s. halları aydınlaşdırmaq üçün mütləq tikinti şirkətinin məsul əməkdaşlarına göstərməli olduğunu bildirsə də hakim “məhkəmədən sonra özün diski əldə edib baxarsan və araşdırarsan” deməklə və cavabdeh tərəfin vəsatətini təmin etməməklə həmin sübutun araşdırılmasının təminindən yayınmışdır. Bununla da 13.12.2021-ci il tarixdə keçirilmiş həmin proses hakimin iddiaçı tərəfin təqdim etdiyi müəmmalı video görüntüyə səssiz rejimdə baxılması ilə tələm-tələsik yekunlaşdırmışdır. məhkəmə cavabdehə sübutları məhkəməyə təqdim etmək üçün köməklik etməmişdir. Məhkəmənin video görüntüyə səssiz rejimdə baxılması və onun cavabdehin aidiyyəti məsul şəxslərinə münasibət bildirilməsi üçün təqdim edilməməsi iddiaçının etiraf etdiyi faktlar barədə (obyektin iddianın əksinə olaraq Müqavilə şərtlərinə tam uyğun şəkildə təhvil üçün hazır olması barədə) məqamların nəzərə alınmamasına səbəb olmuşdur. Fasiləsiz audio yazısının aparıldığının elan olunmasına baxmayaraq məhkəmə həmin etirafla bağlı məqamları nəinki nəzərə almamış, eyni zamanda məhkəmə qətnaməsində də bu haqda heç bir söz belə əks etdirməmişdir. İddiaçı 2019-cu ilin oktyabr ayından obyektinin müqavilə şərtlərinə tam uyğun şəkildə təhvilə hazır olması barədə dəfələrlə ona zənglər vurulmaqla və müraciət etdiyi dövlət orqanı vasitəsi ilə MMC tərəfindən məlumatlandırılsa da bu məqamı məhkəmədən gizlətmişdir, yalandan bildirmişdir ki, belə məlumatlandırma heç vaxt olmamışdır. Məhkəmə bu məqamları aydınlaşdırmadan həmin məsələlərə dair sübutu təqdim etməyə imkan verməmişdir. İddiaçının obyektin 2019-cu ilin oktyabr ayında guya ona təhvil verilməməsi barədə yalanlarına dair cavabdehin nümayəndəsinin izahatlarına baxmayaraq məhkəmə iddiaçıya tikinti şirkətinə ünvanladığı pretenziya məktubunu niyə tikinti tam başa çatdıqdan 1 il 5 ay sonra Azadlıq Residence MMC-yə göndərməsinin səbəbləri ilə maraqlanmamışdır. Axı əgər iddiaçı obyektinin təhvil götürülməsini istəsə idi ən azından hamı kimi 2019-cu ilin sentyabr-oktyabr aylarında şirkətə müraciət edərdi. Məhkəmə Müqavilə üzrə obyektin iddiaçıya tam təmirli deyil, qismən təmirli, yəni sadəcə divarının boyanması və döşəməsinə keramika döşənməsi şərti ilə təhvil verilməli olması faktına əhəmiyyət verməmişdir. Məhkəmə səhvən zənn etmişdir ki, guya cavabdeh obyekti tam təmir etməli idi və guya tam təmir etmədiyi üçün onu iddiaçı müştəri gətirməklə istifadə edə bilməmiş və təhvil götürməmişdir. Məhkəmə nəzərə almamışdır ki, bütün digər qeyri-yaşayış sahələri təmirsiz mülkiyyətçilərinə təhvil verilmiş və bu barədə iddiaçının öz qonşuları ilə mütəmadi münasibəti nəticəsində məlumatlı olmuşdur. Digər qeyri-yaşayış sahələrinin təmirsiz təhvil verilməsi barədə aktlar işə əlavə olunmuşdur. Eyni zamanda Məhkəmə nəzərə almamışdır ki, iddiaçı müqavilədə nəzərdə tutulan qismən təmirdən əlavə olaraq obyektin tavanını, elektrik, santexnika işlərini və digər dekorasiya işlərini özü və öz vəsaiti hesabına həyata keçirməli və təmiri tamamlamalı idi. Tikinti şirkəti bu işləri də əlavə olaraq öz vəsaiti hesabına 2019-cu ilin oktyabr ayında həyata keçirsə də iddiaçı əsassız olaraq hazırki əsassız iddianı məhkəməyə təqdim etmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, niyə sözügedən obyekt 2 il 3 aydır ki, təhvil üçün tam hazır olsa da indiyədək təhvil götürülməmişdir? (cavabdehin nümayəndəsinin bu haqda müraciətinə baxmayaraq). Məhkəmə aydınlaşdırmamışdır ki, niyə indiki zamanda belə sözügedən obyekt istifadə olunmur? Axı obyektin istifadə olunmasının məhkəməyə hər hansı bir əsasla iddia tələbi irəli sürülməsinə maneçiliyi yoxdur. Məhkəmədə araşdırlmalı olan videogörüntüdəki hallara yalnız yekun məhkəmə qətnaməsi elan olunduqdan sonra CD diskdəki (qətnamənin elanından sonra cavabdehin nümayəndəsinin müraciətindən 10 gün sonra təqdim olunmuş CD diskdəki) görüntünün surətinə MMC-nin ofisində məsul əməkdaşların iştirakı ilə tanış olunarkən müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi məhkəmədə təqdim etdiyi diskdə qeyd olunan faktların əksinə saxta dəlillər səsləndirmiş, məhkəmə bu saxtalığa əhəmiyyət verməmiş və həmin saxta dəlilləri faktiki olaraq əsaslı hesab etmişdir. İddiaçının nümyəndəsinin özünün təqdim etdiyi (və faktiki etiraf etdiyi) videogörüntü sübutuna prosesdə səssiz rejimdə və tələm-tələsik baxıldığından, habelə həmin diskdəki görüntüyə dair münasibət bildirilməsi üçün cavabdeh tərəfə vaxt verilmədiyindən həmin sübutdakı aşağıdakı mühüm faktiki hallar aydınlaşdırılmamışdır: Məhkəmə səssiz rejimdə və tələm-tələsik izlədiyindən saxta çəkiliş aparan şəxsin videogörüntüdə açıq-aşkar yalanlar danışmasına əhəmiyyət verməmişdir. Binanın Azadlıq prospekti tərəfdən 2-ci mərtəbəsinə qalxan giriş qapısını yalandan silkələyərək (halbuki itələdikdə qapı açılır) guya binanın Azadlıq prospekti tərəfindən 2-ci mərtəbəsinə qalxan giriş qapısının bağlı olması səbəbindən içəri daxil ola bilməməsi barədə saxta çəkiliş səhnəciyinə hakim diqqət yetirməmişdir. Belə ki, hakim iddiaçıya sual verməklə araşdırmamışdır ki, axı necə olur ki, 2019cu ilin sentyabr-oktyabr aylarında 10-dan artıq obyekt sahibinin təhvil aldığı obyektlərə gedən vahid, ümumi giriş qapısı bağlı olsun və obyekt sahibləri, onların qohum-əqrəbaları, ustaları, qonaqları, müştəriləri obyektlərinə daxil ola bilməsinlər? bu nə cür mümkündür? Mümkündürmü ki, şirkət yuxarıda sadalanan şəxslərin öz obyektlərinə daxil olması üçün yeganə ümumi giriş qapısını bağlaya bilsin. Giriş qapısının gün ərzində bağlanılması halında obyekt sahiblərinin şikayətlərinin qarşısında hansı bir şirkət dayana bilər. İddiaçının bu gülünc dəlilinə məhkəmə əhəmiyyət verməmişdir. Məhkəmə işinə daxil edilmiş diskdəki “WhatsApp Video 2021-12-13 at 09.28.22.mp4” adlı video görüntüdəki saxta çəkiliş çəkən şəxsin qapını silkələməklə onu açmadan “bu gün mart ayının 14-dür, qapı bağlıdır, giriş bağlıdır”, deməsinə baxmayaraq, eyni şəxsin eyni gündə özünün içəridə necə rahatlıqla çəkiliş apara bilməsini, iddiaçının da içəridə pilləkən qəfəslərinin üstündə dayanaraq əvvəlcədən razılaşdırılmış mətn üzrə ona “Noldu bağlıdır?” sualını verə bilməsinə əhəmiyyət verməmişdir. Məhkəmə işinə daxil edilmiş diskdəki “WhatsApp Video 2021-12-13 at 09.28.22 (1).mp4” adlı video görüntünün: 7-ci saniyəsindən 25ci saniyəsinədək əks olunan hissəsində obyektin iddiaçıya məxsus olmasına, həmin obyektin Müqavilə şərtlərindən də artıq yüksək səviyyədə təmirli olmasına və qapısının açıq olmasına baxmayaraq saxta çəkiliş aparan şəxsin “bu bizim yerdir, hələ təhvil verilməyib, görürsünüz ki, hələ təmir işləri gedir” sözlərini yalandan bildirməsinin iddianın əsassızlığının tam ifşa olunması ehtiva etməsinə əhəmiyyət verilməmişdir. Demək ki, iddiaçı məhz həmin videoda qeyd olunan vəziyyəti (Müqavilə şərtlərinə tam uyğun olaraq icra edilmiş vəziyyəti) təhvil üçün yetərli saymamışdır. Həmin video görüntünün 45-ci saniyəsində obyektə heç kimin müşayiəti olmadan rahatlıqla daxil olub obyektinin videosunu çəkə bilən şəxsə (halbuki yalandan deyirdiki, qapı bağlıdır, giriş bağlıdır) içəridəki pilləkənlərdə dayanmış iddiaçı əvvəlcədən əzbərlədilmiş, lakin tam yalan olduğundan videodakı real görüntülərə tam zidd olan mətnlə soruşur ki, “Noldu bağlıdır?” və bu suala əvvəlcədən razılaşdırılmış mətni təkrarlamalı olduğu üçün real video görüntü ilə tam zidd olan saxta cavabla (obyektin qapısının açıq olduğu halda) 2 dəfə təkrarən bildirirlir ki, “Hə bağlıdır”. Həmin video görüntüdə Müqavilə şərtlərinə uyğun olaraq təmirsiz təhvil verilməli olan digər qonşuluqda yerləşən obyektin çəkilişini aparan şəxs “2-ci mərtəbənin vəziyyətidir, amma buna baxmayaraq aylıq pulu ödəmirlər” deməsinə Məhkəmə əhəmiyyət verilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, Şirkət 2-ci mərtəbədə olan obyektlərin mülkiyyətçilərinin hamısının öz obyektlərini tam təmir edəcəkləri günədək iddiaçıya kirayə ödənişi etmək öhdəliyini öz üzərinə götürməmişdir və ümumiyyətlə Azərbaycanda belə bir gülünc öhdəlik təcrübəsi heç vaxt mövcud olmamışdır. İddiaçı tərəfin bu saxta dəlillərinə məhkəmə tərəfindən əhəmiyyət verilməmişdir. Məhkəmə cavabdeh tərəfə görüntüdə əks olunan saxta dəlillərə dair münasibət bildirmələri üçün şərait yaratmamışdır. Məhkəmə obyektin faktiki vəziyyətini əks etdirən şəkillərlə, video çəkilişdə əks olunan şəkillərə baxış keçirməmiş, müvafiq eyniləşdirmənin aparılması üçün obyektin şəkillərinin məhkəməyə təqdim olunmasına şərait yaratmamış və ümumiyyətlə həmin çəkilişdə əks olunan iddiaçıya aid olan obyektin iddiaçının qeyd etdiyi kimi “təhvil üçün yararlı deyil” saxta dəlilinə tam zidd olan real görüntülər üzrə vəziyyətinin təsvirini aparmadan qanunsuz qətnamə qəbul etmişdir. Videoçəkilişdə iddiaçının obyektinin sağ küncündə yerdə olan işlənmiş rakivinanı (əl-üzyuyanı) 2019-cu ildə obyektə quraşdırlması xahişi ilə iddiaçının özü gətizdirmiş, lakin obyektində artıq yenisinin şirkətin vəsaiti hesabına qoyulmasını gördükdən sonra onu küncə qoyduraraq çıxıb getmişdir. İddiaçıya mobil telefonlarına edilmiş çoxsaylı zənglər barədə məlumatlar araşdırılmamış, bu halın olmasını ehtiva edən Aktın təqdim olunmasına imkan verilməmiş, obyektinin təhvil üçün tam hazır olması ilə əlaqədar iddiaçı ilə dəflərlə söhbətlərin edilməsinə, bütün hallarda onun müqaviləni yanlış anlayaraq obyekti deyil, 18000 manat pulu tələb etməsinə, bununla bağlı çoxsaylı danışıqlarla bağlı iddiaçının 2020-ci ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyətinə əsassız pul tələbi ilə bağlı müraciət etməsinə və həmin müraciətlə bağlı obyektin təhvilə tam hazır olması barəsində təkrarən Nəsimi rayon İcra Hakimiyyəti vasitəsi ilə iddiaçının məlumatlandırılmasına, buna baxmayaraq iddiaçının bütün hallarda obyektin hazır olmaması əsası ilə yalnız pul tələb etməklə obyekti təhvil götürməkdən qərəzli olaraq yayınmasına əhəmiyyət verilməmişdir. Məhkəmə cavabdeh tərəfə qısa müddətlik vaxt verməməklə imkan verməmişdir ki, 75 yaşlı iddiaçının xəstə olması səbəbindən işləyə bilməməsi, dekabr ayından etibarən Azadlıq Residencə MMC-yə obyektinin hazır olması ilə əlaqədar dayandırılmış kirayə pulu ilə bağlı dəfələrlə şirkətə gəlibgetməsini təsdiq edən məktubun surətini məhkəməyə təqdim edə bilinsin. Birinci instansiya məhkəməsi iddiaçının özünün məhkəməyə təqdim etdiyi videogörüntü sübutu üzrə açıq-aşkar yalan danışmasına, obyektinin videogörüntüsündəki vəziyyətini obyektin təhvil alınması üçün əsassız olaraq uyğun olmamasını bildirməsinə və bu səbəbdən də kirayə pulunun guya ödənilməsinin davam etdirilməsinin vacibliyini bildirməsinə bu halların əksinin təsdiq edən sübutların olmasına baxmayaraq əhəmiyyət verməmiş və tam ifşa olunmuş bu halları sübut kimi müəyyən etməmişdir. Məhkəmə iddiaçının müqavilənin icra olunması müddəti barədə yanlış dəlillərini qismən yanlışlıqla təkrarlamaqla qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında qeyd etmişdir ki, Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh 30 ay müddətində tikinti işləri başa çatdırıb, lakin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verilməmişdir. Halbuki, Müqavilənin 2.2.3-cü yarımbəndində tikinti işlərinin “30 ay müddətində” deyil, “30 ay müddətinə qədər” başa çatdıraraq görülməsi qeyd olunmuşdur. Və müqavilə şərtlərinə tam uyğun olaraq da MMC sözügedən tikintini 18 ay ərzində tam yekunlaşdırmışdır. Məhkəmə özü cavabdehə zəruri sənədləri məhkəməyə təqdim etmək üçün imkan vermədiyi halda (baxmayaraq ki, bu haqda vəsatət olmuş və rədd olunmuşdur) əsassız olaraq qətnamənin 6-cı səhifəsinin 4-cü abzasında qeyd etmişdir ki, əgər qeyd olunan hissə hazır olsaydı da belə qeyri-yaşayış sahəsinin hazır olması barədə iddiaçıya bu barədə hər hansı bir məlumatın (telefon vasitəsi ilə, rəsmi məktub göndərilməklə və s) verilməsi də məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Halbuki, iddiaçının 18000 manat pul istəyi şikayəti ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanan Azadlıq Residence MMC-nin məktubunun mətninə və tarixinə adi vizual baxış keçirdikdə müəyyən olunur ki, iddiaçı məhkəmənin qeyd etdiyi kimi heç də sözügedən obyektin təhvili üçün hazırlığı barədə məlumatsız olmamışdır. Cavabdeh tərəf iddianın əsassızlığına dair bir sıra rəsmi sübutları məhkəməyə təqdim etmişdir. Lakin, məhkəmənin 13.12.2021-ci il tarixli iclasında cavabdeh tərəfin məsul əməkdaşlarına təqdim edilməklə ətraflı araşdırılması zəruri olan sübut təqdim edilsə də həmin sübuta dair münasibət bildirilməsi üçün (həmin video görüntü sübutu ilə əlaqədar yazılı izahatın verilməsi və mövcud rəsmi sübutların məhkəməyə təqdim olunması üçün) əlavə qısa müddətli vaxt verilməsi barədə cavabdehin nümayəndəsinin şifahi vəsatəti təmin olunmamışdır. Bununla da məhkəməyə təqdim olunmuş sübutun ətraflı araşdırılması mümkünsüzləşdirmişdir. Qeyd olunan dəlillə bağlı zəruri sübutların təqdim olunmasına dair cavabdehin nümayəndəsinin vəsatəti təmin olunmamış, aşağıdakı zəruri sübutların cavabdeh tərəfindən məhkəməyə təqdim olunmasına imkan verilməmişdir: Qeyri-yaşayış sahələrinin mülkiyyətçilərə təhvil verilməsi barədə Aktın tarixinə və məzmununa diqqət yetirdikdə müəyyən etmək olur ki, sözügedən obyektin müqavilə şərtlərinə tam uyğun olaraq vaxtında artıqlaması ilə təhvilə hazır vəziyyətdə olması və Əfrasiyabın digər qeyri-yaşayış mülkiyyətçilərdən fərqli olaraq qərəzli mövqeyi Aktda qeyd olunmuşdur. Məhkəməyə təqdim olunan obyektin şəkillərindən (işə iddiaçı tərəfindən təqdim olunmuş obyektin çoxdan çəkilmiş videogörüntüsü ilə eyniləşdirildikdə) müəyyən olunur ki, obyekt müqavilə şərtlərinə uyğun şəkildə təhvil üçün tam hazır vəziyyətdə olmuşdur. Çox əvvəllər çəkilməsinə baxmayaraq obyektin videogörüntüsündəki təmir vəziyyəti indiki şəkillərlə müqayisədə eynidir (tavanda işıq spotlarının taxılmamasından başqa, hansı ki, ümumiyyətlə müqavilədə bu və digər işlərin görülməsi şirkətin öhdəliyi olmadığı halda şirkət bu işləri müştərilərinin məmnuniyyəti naminə öz vəsaiti hesabına görmüşdür). Cavabdehin nümayəndəsinin yalnız 21.10.2021-ci il tarixdə məlumat alan kimi dərhal müraciəti üzrə həmin iş üzrə nümayəndə qismində elektron məhkəmə sisteminə qeydiyyata alınmasının mümkünlüyü barədə sübutun məhkəməyə təqdim edilməsinə zərurət var (cavabdehin əvvəlki proses barədə məlumatsız olması ilə əlaqədar). Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verməklə əlavə olaraq bildirdi ki, iddiaçı ilə bağlanmış müqavilənin tələblərinə uyğun olaraq qeyri-yaşayış sahəsi iddiaçıya təhvil verilmişdir. İddiaçının təqdim etdiyi video görüntülərdə də öz əksini tapdığı kimi qeyri-yaşayış sahəsi hətta təmirli şəkildə iddiaçıya verilmişdir. Lakin iddiaçı əsassız olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin dəlillərinə uyğun izahat verməklə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Tikinti şirkəti» qismində "xxxx" MMC ilə «Əmlak mülkiyyətçisi» qismində İddiaçı arasında bağlanılmış 23-Q/Y saylı 19.05.2018-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli, 86 saylı Qərarının 1.3-cü maddəsinin tələblərinin və bu müqavilənin icrası ilə əlaqədar olaraq aşağıda göstərilən məzmunda üzərlərinə öhdəliklər götürmüşlər: 1.1.1. «Əmlak mülkiyyətçisi» bu Müqaviləyə əsasən 16.06.1997-ci il tarixdə, reyestr kitabı No 9, səhifə 1, 3908 nömrəsi ilə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnamə ilə öz mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanında yerləşən 9,5 kv.m. ibarət qeyriyaşayış sahəsini sökülmək üçün "xxxx" MMC-yə təhvil verməyi, bu Müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada «Tikinti şirkəti» tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi öhdəsinə götürmüşdür; 1.1.2.«Tikinti Şirkəti» "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti,105 ünvanında yerləşən «Əmlak mülkiyyətçisi»nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirərək, inşa etdiyi binada Azadlıq prospekti 2-ci mərtəbə, 17-20 sırası, R-Q oxları əhatəsində ölçüləri 4,60 (eni) * 6,40 (uzunluğu) metr olmaqla, 29,44 kv.m. təmirli (divarlar, boya, döşəmə keramika) qeyri-yaşayış sahəsini «Əmək mülkiyyətçisi»nin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən “Tikinti şirkəti” yeni tikiləcək coxmənzilli, hündürmərtəbəli yaşayış binasının bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 30 ay müddətinə qədər başa çatdıraraq müqavilə şərtlərinə uyğun olaraq nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini “Əmlak mülkiyyətçisi”nə təhvil verməlidir. İş materiallarında olan İddiaçı etibarnamə əsasında səlahiyyətli nümayəndəsi X3 ilə "xxxx" MMC arasında bağlanmış 23-Q/Y saylı, 19.05.2018-ci il tarixli müqaviləyə həmin tarixli 1 saylı Əlavənin surətindən görünür ki, müqavilənin 1.2-ci maddəsinə «Tikinti şirkəti» inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və «Əmlak mülkiyyətçisi»ni qeyri-yaşayış sahəsi ilə təmin edən günədək onun fəaliyyəti üçün müvəqqəti yerləşməsini təmin etmək məqsədi ilə «Əmlak mülkiyyətçisi»nə aylıq kirayə haqqına kompensasiya 1500 manat məbləğində hər ay ödəməsi, «Əmlak mülkiyyətçisi»nin kommunal borcları olduğu halda «Tikinti şirkəti» həmin məbləğləri ona verilməsi kirayə haqqına kompensasiyadan tutaraq ödənişlərini təmin edilməsi barədə məlumatlar əlavə edilmişdir. İş materiallarında olan X1 hesabdan çıxarışından görünür ki, cavabdeh tərəfindən 19.05.2018-ci il tarixli 23/QY saylı müqaviləyə əsasən müəyyən aralıqlarla hər ay 1500 manat ödəniş edilməklə cəmi 27.000 manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (köhnə adı: Oyuncaq mağazası) mülkiyyətçisi X2 arasında bağlanılmış 06.11.2019-cu il tarixli aktından görünür ki, 12/QY saylı, 02.05.2018-ci il tarixli qeyri-yaşayış sahəsinin sökülməsi və yerində yeni qeyri-yaşayış sahəsi ilə təmin edilməsinə dair müqavilə əsasında yeni tikilən Miqasımov, 10 ünvanda «Yaşayış Kompleks»ində «Əmlak mülkiyyətçisi»nə ayrılmış qeyriyaşayış sahəsində «Tikinti şirkəti» müqavilə üzrə onun üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş və «Əmlak mülkiyyətçisi»nin heç bir iradə yoxdur. 09.11.2019-cu il tarixdə adı çəkilən qeyri-yaşayış sahəsi «Tikinti şirkəti» tərəfindən «Əmlak mülkiyyətçisi»nə təhvil verilmiş, «Əmlak mülkiyyətçisi» isə həmin sahəni «Tikinti şirkəti»ndən qəbul etmişdir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 01.03.2021-ci il tarixli müqavilədən irəli gələn öhdəliyin icrasına dair təklifdən (pretenziyadan) görünür ki, o, 16.06.1997-ci il tarixdə, reyestr kitabı №9, səhifə 1,3908 nömrə ilə qeydiyyatdan keçmiş Dövlət Əmlakının Hüquqi və Fiziki şəxslərə satılması haqqında Şəhadətnamə ilə mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanda yerləşən 9.5 kv.m. qeyri-yaşayış sahəsinin sökülməsi üçün "xxxx" MMC-yə təhvil verməyi, bu müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada «Tikinti şirkəti» - "xxxx" MMC tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş qeyri-yaşayış sahəsini qəbul etməyi, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanda yerləşən onun mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsini və həmin ərazidə yeni çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının 30 ay müddətinə tikintisini həyata keçirərək, inşa edəcəyi binanın 2-ci mərtəbəsində, 17-20 sırasında, R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metro olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsini İddiaçı mülkiyyətinə verilməsi ilə bağlı 19.05.2018-ci il tarixdə sonuncu ilə "xxxx" MMC arasında 23-Q/Y saylı müqavilə bağlanmışdır. Eyni zamanda 19.05.2018-ci il tarixli, 23-Q/Y saylı müqaviləyə 1 saylı Əlavədən görünür ki, «Tikinti şirkəti» inşa edəcəyi çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırana və «Əmək Mülkiyyətçisi»ni qeyriyaşayış sahəsi ilə təmin edən günədək onun fəaliyyəti üçün müvəqqəti yerləşməsini təmin etmək məqsədi ilə «Əmək mülkiyyətçisi»nə hər ay 1500 manat məbləğində kirayə haqqında kompensasiya ödəməsinə dair öhdəlik götürmüş və bu barədə tərəflər arasında 19.05.2018-ci il tarixdə müqavilə imzalanmışdır. "xxxx" MMC tərəfindən 30 ay müddətində tikinti işləri başa çatdırılıb, 29,44 kv.m. qeyri-yaşayış sahəsi İddiaçı təhvil verilməmiş, tikinti işləri bitib, qeyriyaşayış sahəsi sonuncuya təhvil verilənədək fəaliyyətini davam etdirmək üçün kirayə haqqı kimi 18 ay, yəni 19.10.2019-cu il tarixədək hər ay 1500 manat pul ödənilsə də, sonuncu ödəniş tarixindən hazırki vaxta kimi qalan 12 ay kirayə haqları ödənilməmişdir. 3 gün ərzində "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 19.05.2018-ci il tarixli 23-Q/Y saylı müqavilədə və həmin müqaviləyə 1 saylı əlavədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsini, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində, 17-20 sırasında,R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metr olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsini, eyni zamanda 19.10.2019-cu il tarixdən 19.10.2020-ci il tarixədək olan müddətləri əhatə edən qalan 12 ay kirayə haqlarının İddiaçı ödənilməsini təmin edilməsini xahiş etmişdir. Təklifini 3 gün ərzində müsbət həll etmədiyi təqdirdə bu təklifdə göndərilənlərlə yanaşı, öhdəliyin icra edilməsi səbəbindən ona dəymiş ziyanı tələb edilməsinə dair aidiyyatı üzrə məhkəməyə müraciət hüququndan istifadə edilməsini bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.12.2014-cü il tarixli Qərarının ikinci hissəsinə əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış 19.05.2018-ci il tarixli müqavilənin şərtlərinə görə cavabdeh tərəfindən hündürmərtəbəli binasının 30 ay müddətinə tikintisini həyata keçirərək, inşa edəcəyi binanın 2-ci mərtəbəsində, 17-20 sırasında, R-Q oxları əhatəsində (eni) 4,60, (uzunluğu) 6,0 metr olmaqla, 29,44 kv.m. təmirli (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verilməsi, həmçinin tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı Əlavəyə əsasən cavabdeh iddiaçıya hər ay 1500 manat məbləğində kirayə haqqında kompensasiya ödəməsinə dair öhdəlik götürmüşdür. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanılmış müqaviləyə əsasən cavabdeh 30 ay müddətində tikinti işləri başa çatdırıb, lakin qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verilməmişdir. Tərəflər arasında təhvil-təslim aktlarının olması, qeyri-yaşayış sahəsinin təhvil verilməsi ilə bağlı iddiaçıya məlumat verilməsi barədə cavabdeh tərəfindən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş təhvil-təslim aktlarından görünür ki, "xxxx" MMC ilə digər mülkiyyətçilərlə onlara məxsus qeyri-yaşayış sahələrinin təhvil verilməsi barədə təhvil-təslim aktları bağlamış, yalnız iddiaçı ilə bağlamamışdır. Əgər qeyd olunan hissə hazır olsa idi belə qeyri-yaşayış sahəsinin hazır olması barədə iddiaçıya bu barədə hər hansı bir məlumatın (telefon vasitəsi ilə, rəsmi məktub göndərilməklə və s) verilməsi də məhkəməyə cavabdeh tərəfindən təqdim edilməmişdir. Bu da onu sübut edir ki, həqiqətən də cavabdeh şirkət iddiaçıya qeyriyaşayış sahəsi təhvil verilməmişdir. Əmlak təhvil verilmədiyinə görə aylıq 1500 manat məbləği iddiaçının tələb etməyə hüququ yaranır. Göründüyü kimi cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən, iddia tələbi müqavilə üzrə iddiaçıya 19.10.2019-cu il tarixdən 19.10.2020ci il tarixədək ödənilməmiş 18000 manat borcun tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan başqa cavabdeh müqavilənin müddəti keçdikdən sonra borcun ödənilməsi gecikdirildiyindən və tərəflər arasında bağlanılmış müqavilənin müddəti bitdikdən sonra əlavə faizlərin hesablanması müqavilədə nəzərdə tutulmadığından, iddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz hesabı ilə pul tələb etməyə haqlıdır. Cavabdeh isə apellyasiya şikayətində Nəsimi rayon İcra Hakimiyyətinə ünvanladığı 21 avqust 2020-ci il tarixli məktubuna və qeyri-yaşayış sahələrinin mülkiyyətçilərə təhvil verilməsi ilə bağlı 13 dekabr 2019-cu il tarixli aktına istinad edərək qeyd etmişdir ki, iddiaçıya verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi tam təmir olunmuş və istifadəyə hazır vəziyyətdə gətirilmiş və istifadə üçün tam hazır vəziyyətdədir, bu barədə İddiaçı məlumat verilsə də iddiaçı təklif və dəvətlərə münasibət bildirməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. İddiaçı tərəfindən təqdim edilmiş video görüntülərdən (disk-çəkiliş 2020-ci ilin mart ayında aparılmışdır) aydın görünür ki, tərəflər arasında bağlanmış müqavilə ilə iddiaçıya verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsi, binanın ikinci mərtəbəsində yerləşir, həmin mərtəbəyə daxil olarkən iddiaçıya verilməsi nəzərdə tutulan qeyri-yaşayış sahəsinin yerləşdiyi dəhliz istifadəyə hazır vəziyyətdə olmamışdır. Başqa sözlə, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 105 ünvanda "xxxx" MMC tərəfindən inşa edilmiş binanın 2-ci mərtəbəsində iddiaçının mülkiyyətinə ayrılmış müqavilədə nəzərdə tutulmuş qaydada təmir edimiş (divarlar boya, döşəmə keramika) qeyri-yaşayış sahəsi istifadə üçün yararlı vəziyyətə gətirilməmişdir. Belə ki, həmin sahənin yerləşdiyi dəhliz yarımçıq təmirli olmaqla istifadəyə tam yararlı vəziyyətə gətirilməmiş, bu isə o deməkdir ki, iddiaçının ona ayrılmış qeyri-yaşayış sahəsindən istifadəsinə məhdudiyyət mövcuddur. Bu vəziyyətdə sahədən iddiaçı nə özü sahibkarlıq fəaliyyətilə məşğul olub istifadə edə bilər, eləcə də onun icarəyə verilməsi əngəl yaradar. Həmçinin binanın istismarına icazə verilməsi məhz həmin sahədən istifadənin mümkünlüyü anlamıma gəlmir. Belə olan halda sahənin vizual cəhətdən müqavilədə göstərilən şərtlərə uyğun hala gətirilməsi görüntüsü yaradılsa da, iddiaçının ondan istifadə edə bilməməsi səbəbindən cavabdeh tərəfindən qalan vəsaitin ödənilməməsi müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməməsi kimi qiymətləndirilərək hesab edilməlidir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6528/2021 saylı, 13 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmiş rüsum məbləği onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-1988/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1988/2022
16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver