Məhkəmə qərarları › İş №2(103)-199/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-199/2021

04.03.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-199/2021 04.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Valeh Məmməd oğlu Ağayev və Afaq Bayram qızı Nuriyevadan ibarət tərkibdə, Nərminə Sahib qızı Murğuzovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı “X6” şirkətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4904/2019 saylı, 15 avqust 2019-cu il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “X6” şirkəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “özbaşına tikilidən çıxarılma, tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq qanuni istifadəyə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4904/2019 saylı, 15 avqust 2019cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmaları, özbaşına tikilinin cavabdehlərin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi 10 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Şirkətinin xeyrinə tutulması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim qətnamə çıxararkən Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsi tərəfindən qəbul edilmiş və hələ də qüvvədə olan 23 may 2005-ci il tarixli qərarı və həmin ərazi ilə bağlı tərtib edilmiş cavabdehlərin istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazinin cizgisini nəzərə almamışdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 arasında bölünmüşdür. Xocasən Bələdiyyəsinin 23 may 2005-ci il tarixli qərarlarına əsasən cavabdehlərin hər birinə ayrı-ayrılıqda Xocasən Bələdiyyəsinin ərazisində təqdim edilmiş cizgidə göstərilən ölçü və ünvana uyğun olaraq fərdi yaşayış evinin tikintisi üçün hər kv.m-ə 11.200 manat olmaqla cəmi 5 600 000 manat ödənilməklə 500 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə cavabdehlərin hər birinin mülkiyyətinə verilmişdir. Bununla bağlı torpaqların alqı-satqısına dair aktlar tərtib edilmişdir. Həmin alqı-satqı müqavilələrinə uyğun olaraq cavabdehlər torpağın satış dəyərini bələdiyyənin xəzinəsinə ödəmişlər. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X8 Bi.Vi. və xxxx-nin Ortaq Neft Şirkəti arasında Saziş 29.09.2004-cü il tarixdə imzalanmış, lakin 01 sentyabr 2005-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi Xocasən Bələdiyyəsi tərəfindən qəbul edilmiş 23 may 2005-ci il tarixli qərar daha tez qəbul olunmuş və həmin torpaq sahəsi onların mülkiyyətinə verilmişdir. Bələdiyyənin müvafiq qərarları, alqı-satqı müqavilələri qüvvədə ola-ola, torpağın dəyəri tam olaraq ödənildiyi təqdirdə iddiaçının iddiasının təmin olunması absurddur. Belə bir qərarın qəbulu onların mülkiyyət hüququna qanunsuz müdaxilədir. Dövlət orqanının qərarı ilə torpaq sahəsi alqı-satqı müqaviləsi ilə onlara satılmış və dəyəri ödənilmişdir. Həmin qərarların qüvvədə olduğu halda torpağın onların istifadəsindən alınması qanunsuzdur. Nə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirmək üçün torpağın onların kontrakt ərazisinə daxil olmasına dair sübut təqdim etmiş, nə də məhkəmə bu halı araşdırmışdır. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək göstərmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “X5 haqqında” saziş və “Birgə Əməliyyat” sazişi (“Saziş” və ya “Sazişlər”) imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələri olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və sonradan Saziş əsasında neft-qaz əməliyyatlarının aparılması məqsədilə İddiaçı şirkətinin uzunmüddətli qanuni istifadəsinə verilmişdir. Bundan başqa, məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), X8 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və bu Saziş 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 8.6-cı maddəsinə əsasən, İddiaçı şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Sazişin 3-cü maddəsində Şirkətin neft-qaz əməliyyatlarını hamılıqla tanınmış beynəlxalq standartlar əsasında aparmaq öhdəliyi nəzərdə tutulmuşdur. Bu standartlar əsasında öhdəliyin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasına Azərbaycan Respublikası Hökuməti müvafiq təminat və öhdəliklər vermişdir. Cavabdehlərin apellyasiya şikayətində qeyd etdiyi onlara torpaq sahəsinin ayrılması barədə Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 10/2 saylı, 23 may 2005-ci il tarixli qərarı ilə bağlı qeyd edirlər ki, Şirkət qeyd olunan bələdiyyə qərarınının qanunsuzluğunun tanınması ilə bağlı müvafiq məhkəmədə iddia qaldırmışdır və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4883/2018 saylı, 12 dekabr 2018-ci il tarixli Qərardadı ilə Şirkətin iddiası mümkün sayılmamışdır. Həmin qərardadda Məhkəmə Şirkətin iddia tələbinin mümkün sayılmamasını aşağıdakı kimi əsaslandırmışdır: “Beləliklə, Sazişin qanuni qüvvəsini aldığı vaxtdan Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən digər hüquq və vəzifələr ləğv edilmişdir. Bununla da Xocasən Bələdiyyəsi tərəfindən qəbul edilmiş 23.05.2005-ci il tarixli, 10/2 nömrəli qərar artıq öz qüvvəsini 15.05.2005-ci il tarixdən itirmişdir. Məhkəmə qeyd edir ki, artıq Qanunda ləğv edilməsi göstərilən inzibati aktın hazırkı halda bələdiyyə qərarının avrıca bir məhkəmə qərarı ilə qüvvədən düşməsinin müəyyən edilməsinə ehtiyac yoxdur.” Göründüyü kimi, mübahisəli torpaq sahəsinin cavabdehlərə məxsus olmasını təsdiq edən arqumenti olan Bələdiyyə qərarı da artıq etibarsızdır və həmin qərarın heç bir qüvvəsi yoxdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. İş üzrə digər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslığının tam yoxlanılması təşkil edir. İşdə olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X8 Bi.Vi. və xxxxnin Ortaq Neft Şirkəti arasında 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X5 haqqında” Saziş bağlanmış, həmin Saziş Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İİQ №li Qanunu ilə qəbul və təsdiq edilmiş, onun həyata keçirilməsinə icazə verilmişdir. Qanunun 5-ci bəndində qeyd olunmuşdur ki, Sazişin pay iştirakçılarına Sazişdə nəzərdə tutulan kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. X8 Bi.Vi., xxxx-nin Ortaq Neft Şirkəti və İddiaçı Şirkətinin (iddiaçının) arasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blok üzrə birgə əməliyyat sazişi bağlanmış, iddiaçı əməliyyatçı təyin edilmişdir. Həmin sazişə görə əməliyyatçının bütün birgə əməliyyatlara tam nəzarət və rəhbərlik həyata keçirmək səlahiyyəti vardır, əməliyyatçının və əməliyyat şirkətinin müqavilədə nəzərdə tutulmuş bütün hüquq, funksiya və vəzifələrinə malikdir. Özbaşına tikintinin sökülməsi barədə tələbin qanuni əsasını Mülki Məcəllənin 180-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (maddə 180.1). Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər (maddə 180.4). Özbaşına tikintinin sökülməsi barədə tələbin əsaslı olub-olmadığının yoxlanılması üçün iki hal müəyyən edilməlidir: 1) iddia tələbində göstərilən tikilinin özbaşına tikinti olubolmadığı, 2) iddiaçının Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən şəxslərə aid olub-olmadığı. Ərazinin boşaldılması, əvvəlki vəziyyətinə gətirilməsi və iddiaçının istifadəsinə qaytarılması barədə tələblərin qanuni əsasını isə Torpaq Məcəlləsinin 111-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi zəbt olunmuş və müvafiq icazələr olmadan orada tikinti işləri həyata keçirilmişdir. İddiaçı Mülki Məcəllənin 180.4-cü maddəsində nəzərdə tutulan “maraqlı tərəf” hesab olunduğundan evin sökülməsini və torpaq sahəsinin boşaldılmasını tələb edə bilər. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şirkətin Saziş ərazisi hüdudları və 3 saylı mədənin 6-cı sahəsində yerləşən ünvan 1 ünvanında inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehlərin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4904/2019 saylı, 15 avqust 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Valeh Ağayev Afaq Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar