Məhkəmə qərarları › İş №2(103)-1994/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1994/2024

15.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1994/2024 15.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin neft kəmərinin mühafizə zonasından sökülərək çıxarılması” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1490/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı 3 saylı komandasının qarovul rəisi Z.Şirməmmədzadə, mühafizəçi R.Mehdiyev və NBKXS-nin rəisi R.Məhərrəmov tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli aktda Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik neft kəmərinin 2.6-cı km-də, kəmərin mühafizə zonasında köhnədən tikilmiş evin qarşısında, boş ərazini zəbt etmək məqsədi ilə boru xəttinə bitişik uzunluğu təxminən 12 metr, eni təxminən 6 metr, hündürlüyü isə 8 mişar daşı olan tikinti işlərinin aparılması müəyən olunmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı SOCAR-ın İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan-Böyükşor Dş 500 mmlik magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.6- cı km-də, neft kəmərinin mühafizə zonasında, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci massiv ünvanında vətəndaş Cavabdeh tərəfindən inşa edilən 2 ədəd fərdi yaşayış evinin, həyətyanı sahədə yardımçı tikilinin və boru xəttinə bitişik hasarın cavabdehin hesabına sökülərək ərazidən çıxarılması və dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yeraltı neft kəmərinin 2.6-cı km-də, kəmərin mühafizə zonasında vətəndaş Cavabdeh tərəfindən qanunsuz tikinti işləri aparılmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Bundan başqa, Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən, mühafizə zonası boru kəmərləri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin olunması xahiş olunur.

4. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək ünvan 2 ünvanında qeydiyyatda olduğunu və yaşadığını, iddiaçının iddia ərizəsində göstərdiyi ünvanı ilə heç bir əlaqəsi olmadığını bildirmiş və onun əsl cavabdehlə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1490/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6119 nömrəli rəyinə əsasən təqdim edilmiş ünvanda cavabdehin istifadəsində olan daş hasarın, iki ədəd 2 mərtəbəli mansardlı fərdi yaşayış evlərinin SOCAR-ın İddiaçı istismarında olan magistral neft kəmərindən 0,80 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasarın, iki ədəd 2 mərtəbəli mansardlı fərdi yaşayış evlərinin xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.

7. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1490/2023 nömrəli qətnaməsi ilə (hakim İ.Ş.Rüstəmli) iddia tələbi təmin edilmiş, Şirvan- Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mmlik yerüstü neft kəmərinin 2.6-cı km-də, kəmərin mühafizə zonasında Cavabdeh tərəfindən aparılmış tikililərin (daş hasar, iki ədəd 2 mərtəbəli mansardlı fərdi yaşayış evləri) Cavabdeh hesabına sökülməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutuması və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir.

8. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən Şirvan-Böyükşor Dş 500 mm-lik magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.6-cı km-də, kəmərin mühafizə zonasında inşa edilmiş tikili özbaşına tikilidir. Bu qənaətə gələrkən məhkəmə onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

9. Məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən ekspert rəyində Şirvan- Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mmlik yerüstü neft kəmərinin 2.6-cı km-də, kəmərin mühafizə zonasında yerləşən sahənin İddiaçı X3 istismarında olduğu öz əksini tapmışdır. Lakin cavabdeh heç bir hüquqa əsaslanmadan X1i sahibliyində olan torpaq sahəsində özbaşına tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququ pozmuşdur. Nəzərə alınmalıdır ki, cavabdehin müvafiq tikinti işləri apararaq mübahisəli torpaq sahəsini öz təsir dairəsində saxlaması hüquqən tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Beləliklə, iddiaçı sahibliyinin müdafiəsi məqsədi ilə Şirvan-Böyükşor Dş 500 mm-lik yerüstü magistral neft kəmərinə birləşən Bibiheybət Dş 300 mm-lik yerüstü neft kəmərinin 2.6-cı km-də, kəmərin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi tələbini irəli sürməkdə haqlıdır və iddia tələbi sözügedən hissədə təmin olunmalıdır.

10. Məhkəmə həmçinin hesab etmişdir ki, məhkəmə ekspertizasının dəyəri olan 50 manat cavabdehə aid edilməlidir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə, Mülki Məcəlləsinin 159, 164.2, 180.1, 180.3, 180.4-cü maddələrinə, Torpaq Məcəlləsinin 22.2, 22.5, 111-ci maddəsinə, SSRİ Nazirlər Sovetinin xx.xx.1979-cu il tarixli və bu günə kimi qüvvədən düşməmiş “Magistral neft kəmərlərinin mühafizəsinin gücləndirilməsi” haqqında qərarının 7-ci maddəsinə, 11-ci maddəsinin “a” bəndinə, AR Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış və xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na, AR Prezidentinin xx.xx.2002-ci il tarixli 685 saylı Fərmanına, AR Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarına, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə olunan iki fərdi yaşayış evi 1997-ci ildə tikilmişdir. Evlər inşa olunanda heç bir dövlət qurumu, o cümlədən iddiaçının iradı olmamışdır. Bu tikililərin inşası üçün vətəndaş böyük miqdarda pul xərclədikdən 30 ildən sonra iddiaçı tikilinin qanunsuz olması ilə bağlı iddia qaldırmış, onların sökülməsini tələb etmişdir. Mübahisəsi gedən tikililərin – 2 ədəd yaşayış evinin sağında-solunda, qabağında və arxasında fərdi yaşayış evləri vardır ki, onların bir çoxunun çıxarışları da vardır. Lakin iddiaçı həmin tikililərin qanunsuz olub-olmaması ilə bağlı heç bir iradı olmamış, ancaq mübahisələndirilən tikililərin qanunsuz olduğunu iddia edir. Belə çıxır ki, hansı tikilinin qanuni, hansınınsa qanunsuz olduğu iddiaçının öz seçimi ilə müəyyən edilir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

16. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin o, məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi və vəkili elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq Sumqayıt Ağır Cinayətlər Məhkəməsində 1(124)-124/2024 nömrəli iş üzrə vəkil (nümayəndə) kimi iştirak etməli olduğundan hazırki iş üzrə baxış iclasının başqa tarixə təyin edilməsini xahiş etmiş, lakin buna dair sübutlarını ərizəyə əlavə etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 5.1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. Maddə 46. Dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

19. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik” Qaydaları Bənd 6.2. Boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə “Magistral neft boru kəmərlərinin təhlükəsizlik qaydaları”nın tələblərinə cavab verən mühafizə zonası təyin edilir. Bənd 6.3. Boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Kənd təsərrüfatı üçün yararlı olan torpaq sahələrindən keçən, boru kəmərləri boyunca onun orta oxundan hər tərəfə şərti xətlərlə 25 metrdən keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır; Bəndə 6.7 “a”. Boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və quraşdırma işlərinin aparılması qadağandır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Hazırki işdə iddia tələbi təmin edildiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən qətnamənin əsaslığı tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Belə ki, birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6119 nömrəli rəyinə əsasən təqdim edilmiş ünvanda cavabdehin istifadəsində olan daş hasarın, iki ədəd 2 mərtəbəli mansardlı fərdi yaşayış evlərinin SOCAR-ın İddiaçı istismarında olan magistral neft kəmərindən 0,80 metr aralı məsafədə yerləşdiyi nəzərə alınarsa, həmin daş hasarın, iki ədəd 2 mərtəbəli mansardlı fərdi yaşayış evlərinin xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrlik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olunmuşdur.

25. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”na əsasən mühafihə zonası boru kəmərləri oxunun hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə müəyyən edilmişdir. Bu qaydalara əsasən İddiaçı rəsmi razılığı olmadan kəmərlərin mühafizə zonasında hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır.

26. Cavabdeh tərəfindən məhkəməyə qeyd edilən torpaq sahəsinə və inşa edilən tikililərə və onların aparılmasına iddiaçı tərəfindən rəsmi razılığın verilməsinə dair hər hansı sənədlər təqdim edilməmişdir.

27. Mülki Məcəllənin 180.1 və 184.4-cü maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh heç bir hüquqa əsaslanmadan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin qanuni sahibliyində olan torpaq sahəsində tikinti işləri aparmaqla sonuncunun sahiblikdən irəli gələn hüququnu pozmuşdur. İnşa edilmiş tikililər həm İddiaçı razılığı, həm qanunla nəzərdə tutulmuş icazələr alınmadan inşa edildiyindən və statusuna görə özbaşına hesab olunduğundan iddiaçı “mübahisəli tikilinin sökülməsi” tələbini irəli sürməkdə haqlı olmuşdur.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh aidiyyəti inzibati orqanlardan lazımi icazələr almadan, inşaat aparılandan əvvəl və ya aparılan vaxt həmin ərazinin neft kəmərinin mühafizə zolağı daxilində olmasını aydınlaşdırmadan, hətta neft kəmərini vizual müşahidə edərək mübahisəli özbaşına tikililəri inşa etməklə hüquq qaydalarına uyğun davranmamışdır. Cavabdeh mövcud şərtlər daxilində inşaata vəsait sərf etməklə bunun riskini əvvəlcədən öz üzərinə götürmüşdür.

30. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Jidov və başqaları Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki,“...ev həmin məqsədlər üçün ayrılmayan torpaq sahəsində inşa olunmuş, bunun üçün müvafiq icazə əldə edilməmiş və tikinti işləri tikinti və şəhərsalma qaydaları və normalarının kobud pozuntusu ilə aparılmışdır. Məhkəmə razılaşmışdır ki, hakimiyyət orqanları bu hallardan xəbərdar olmuşlar, ictimai təhlükəsizlik və sağlamlıq üçün təhlükə yaradan bu cür vəziyyətin qalmasına imkan yaratmışlar. Lakin hakimiyyət orqanlarının belə vəziyyətə dözümlülüyü ərizəçi Jidov tərəfindən ona qarşı hər hansı iddia qaldırılmayacağı kimi qiymətləndirilə bilməzdi. Birincisi, onun inşa etdiyi ev mülki qanunvericiliyin tələbləri baxımından məqsədəuyğun hesab oluna bilməzdi. İkincisi, bu cür iddia qaldırılması üçün müddət məhdudlaşdırılmamışdır. Odur ki, ərizəçi Jidov onun əmlak hüquqlarına müdaxilədən əziyyət çəkməmişdir. Beləliklə, onun hər hansı hüquqları pozulmamışdır”.

31. Avropa Məhkəməsi həmin qərarda Kosenkonun şikayəti üzrə göstərmişdir ki, “...ərizəçi anlamalı idi ki, torpaq sahəsi neft kəmərlərinin yaxınlığında yerləşir. Bundan başqa, ərizəçi, heç bir vaxt Baş plandan çıxarışla tanış ola bilmədiyini qeyd etməmişdir. Həmçinin, o, boru kəmərlərini qoruyan torpaq təpəsinin mövcudluğundan xəbərdar olmaya bilməzdi. Belə ki, torpaq təpəsi onun əldə etdiyi torpaq sahəsinin yaxınlığında idi və ərizəçi heç olmazsa bunun nə olduğu barədə maraqlanmalı idi və kooperativin sədri və ya yerli hakimiyyət orqanlarından bu haqda məlumat almalı idi. Ona görə də, sarayın və yardımçı sahələrin özbaşına tikinti olmaları əsası ilə sökülməsi barədə qərar ərizəçinin üzərinə tənasübsüz öhdəlik qoymurdu. Bundan belə nəticə çıxır ki, onun hüquqları pozulmamışdır”.

32. Bundan başqa, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Konvensiyanın 2-ci maddəsinin 1-ci bəndinin birinci cümləsi dövlətin üzərinə yalnız qəsdən və ya qanunsuz olaraq həyatdan məhrum etməkdən çəkinmə öhdəliyini qoymur, həm də ümumi anlayışlarla yaşamaq hüququnu təmin edir və bəzi dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə öz yurisdiksiyası daxilində olan insanların həyatının qorunması üzrə müvafiq tədbirlər görmək öhdəliyini qoyur (bax: L.C.B. Birləşmiş Krallığa qarşı məhkəmə işi üzrə 9 iyun 1998-ci il tarixli qərara; Kalvelli və Çiqlio İtaliyaya qarşı; Eriksson İtaliyaya qarşı, 26 oktyabr 1999; Leri və başqaları Fransaya qarşı, 16 yanvar 2001).”

33. Yuxarıda istinad olunan Torpaq Məcəlləsinin 22.2-ci maddəsində də göstərilmişdir ki, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılırmasına məqsdələrdən biri əhalinin təhlükəsizliyinin təmin olunmasıdır.

34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, neft kəməri yüksək təhlükə mənbəyi olduğundan, kəmərdə hər an insanların həyatı və sağlamlığı üçün təhlükəli olan yanğın, partlayış və digər fövqəladə halların baş verməsi riski vardır. Dövlət isə bunun qarşısını almaq üçün müvafiq tədbirlər görməlidir.

35. Apellyasiya şikayətinə münasibətdə əlavə olaraq qeyd olunmalıdır ki, mübahisəli ərazidə yerləşən digər tikililərin qanunsuz olaraq inşa olub-olmaması hazırki məhkəmə baxışının predmeti deyildir.

36. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 372, 382, 384.0.1, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 1490/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar