Məhkəmə qərarları › İş №2(103)-1997/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1997/2022

15.02.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1997/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ su Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1373/2022 saylı, 14 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən e t d i: İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən iddiaçılara məxsus mənzilin elektrik enerjisi təminatı 29.09.2021-ci il tarixində qanunsuz dayandırıldığı (kəsildiyi) üçün cavabdeh "xxxx" ASCnin rəhbərliyi tərəfindən iddiaçılardan onların ünvanına rəsmi qaydada göndəriləcək məktubla üzr istənilməsi və istehlakçı qismində iddiaçılar İddiaçı2 və İddiaçı1 vurulmuş mənəvi zərərin əvəzi qismində ayrı-ayrılıqda 1.000 manat məbləğində pul, ümumilikdə 2.000 manat məbləğində pul "xxxx" ASC-dən alınaraq iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1373/2022 saylı, 14 yanvar 2022ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin qaytarılması qərara alınmışdır. İddiaçı2 şikayət verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətini bununla əsaslandırmışdır ki, müvafiq iş üzrə istehlakçı hüququnun pozulmasına dair dəlillər onun tərəfindən məhkəməyə təqdim edilmiş və istehlakçı hüququnun pozulması səbəbindən mənəvi ziyanın vurulduğu göstərilmişdir. Tələb etdiyi mənəvi ziyanın yaranma əsası, istehlakçı hüququnun pozulmasından irəli gəlmişdir. “Dövlət rüsumu haqqında” Qanuna görə istehlakçılar pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə müraciət zamanı dövlət rüsumu ödəməkdən azaddırlar. Mənəvi ziyanın ödənilməsi ilə bağlı isə dövlət rüsumu haqqında qanunda, konkret müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməli olduğu göstərilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1373/2022 saylı, 18 yanvar 2022ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə əlaqədar iddia ərizəsinin verilməsi zamanı iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunsa da, qanunvericiliyə əsasən, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, həmçinin zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyriəmlak xarakterli iddialar üçün müəyyən edilmiş (100 manat) məbləğdə dövlət rüsumu ödənilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilmədiyindən iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qanuni və əsaslı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsinə görə qiymətləndirilən iddia əizəsinin verilməsinə görə iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarda, 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə müstəqil tələb kimi irəli sürülən iddia ərizələrindən dövlət rüsumu “Dövlət rüsumu haqqında” Qanunun 8.1-ci maddəsində müəyyən olunmuş məbləğlərdə - tələb olunan mənəvi zərərin məbləğindən asılı olaraq, zərərin ödənilməsi üsulu əmlak xarakterli tələblə əlaqədar olmadıqda isə qeyri-əmlak xarakterli iddialar üçün müəyyən edilmiş məbləğdə ödənilməlidir. Məhkəmə qərardadında iddiaçılara göstərilən nöqsanı aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Lakin iddiaçılar şikayət verərək göstərirlər ki, mənəvi ziyanın ödənilməsi ilə bağlı dövlət rüsumu haqqında qanunda, konkret müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməli olduğu göstərilməmişdir. Ancaq iddiaçıların hər biri cavabdehdən 1000 manat mənəvi zərərin əvəzinin ödənilməsini tələb edirlərsə, demək bu iddiaları həm də qiymətləndirilən iddia hesab edilir. Qiymətləndirilən iddia ərizələri üçün də istinad etdikləri qanunda dövlət rüsümünün məbləği iddianın qiymətindən asılı olaraq konkret məbləğlərdə göstərilmişdir. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas deyil, beləliklə də şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 7966/2021 saylı, 01 oktyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı2 şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1373/2022 saylı, 14 yanvar 2022-ci il tarixli dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar