Məhkəmə qərarları › İş №2(103)-200/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-200/2023

30.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-200/2023 30.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) X1, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(009)-27/2022 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsində həyata keçirdiyi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, Cavabdeh və onun digər ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(009)-27/2022 saylı qətnaməsi ilə (hakim Rəna Qafarova) iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İddiaçının nümayəndəsi (vəkili) X3 30 may 2023-cü il tarixli məhkəmə iclasında məhkəməyə yazılı ərizə təqdim edərək, tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə olunduğunu, bu barədə notariat qaydasında barışıq razılaşması haqqında sazişin imzalanmasını, həmin razılaşmaya görə iddiaçıya 25000 manat pul ödənilməsini, bunun müqavilində iddiaçı tərəfindən mübahisəli daşınmaz əmlakın cavabdehin adına rəsmiləşdirilməsinin öhdəsinə götürülməsini, bu səbəbdən hazırki iddiadan imtina etdiklərini, iddiadan imtinanın nəticələrinin tərəfindən iddiaçıya izah olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi (vəkili) məsələyə münasibət bildirərək göstərdilər ki, həqiqətən tərəflər arasında məhkəmədən kənar qaydada barışıq əldə olunmuş, bu barədə notariat qaydada təsdiq olunmuş barışıq razılaşması haqqında saziş imzalanmışdır. Həmin razılaşmaya görə iddiaçıya 25000 manat pul ödənilmiş, bunun müqavilində iddiaçı mübahisəli daşınmaz əmlakı cavabdehin adına keçirməyi öhdəsinə götürmüşdür. Qeyd edilənlərə əsasən iddiadan imtinanın qəbul olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edirlər. Məhkəmə kollegiyası iddiadan imtina ilə bağlı ərizəni nəzərdən keçirib, tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddiaçının nümayəndəsinin (vəkilinin) iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi yazılı formada tərtib edərək məhkəməyə təqdim etdiyi ərizədə əks olunmuşdur və onun iddiadan imtina etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Eyni zamanda, işdə olan qotarial qaydada təsdiq edilmiş, 14 mart 2023-cü il tarixli etibarnamədən görünür ki, iddiaçı tərəfindən nümayəndəyə (vəkilə) iddiadan tamamilə imtina etmək səlahiyyəti verilmişdir. Bununla yanaşı, tərəflər arasında bağlanmış 11 aprel 2023-cü il tarixli “barışıq razılaşması haqqında Saziş”dən də görünür ki, tərəflər həqiqətən məhkəmədən kənar qaydada müvafiq razılığa gəlmişlər. Həmçinin, hazırki iş üzrə icraatın dayandırılmasına əsas olan digər iş (iddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı) qarşı “ünvan 1yə dair İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair inzibati mübahisə) üzrə qəbul edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 may 2023-cü il tarixli qərardadından görünür ki, tərəflər arasında müvafiq barışığın əldə olunması nəzərə alınmaqla həmin iş üzrə də iddiaçı iddiasından imtina etmiş, bu səbəbdən icraata xitam verilmişdir. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 391-ci maddəsinə əsasən, bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının nümyəndəsinin (vəkilinin) iddiadan imtina etməsi qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası, həmçinin məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddiadan imtina etdiyindən onun tərəfindən ödənilmiş dövlət rüsumları (məhkəmə xərcləri) özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2(009)- 27/2022 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işin icraatına iddiaçı tərəfindən iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində təkrar məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumları (məhkəmə xərcləri) onun özünə aid edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar