Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2000/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Əlövsə qızının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi və vurulmuş ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, Cavabdeh3 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1na qarşı “müqavilənin etibarsız hesab edilməsi və vurulmuş Ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3889/2023 nömrəli 14 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İşin müəyyən edilmiş hallarına görə iddiaçı X4 Cavabdeh2 oğlu X5 ilə 1999-cu ildə faktiki nikaha daxil olmuş və onlar Cavabdeh2 həyat yoldaşı Fərhad Ələsgərova məxsus Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsində yerləşən 51 saylı evin 21 saylı mənzildə yaşamışlar. Səadət Kərimova ilə Əlövsət Ələsgərovun rəsmi nikahı xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmış və onların birgə nikahdan xx.xx.2002-ci il təvəllüdlü İddiaçı2 adlı uşağı anadan olmuşdur. 2005-ci ilin may ayında Əlövsət Ələsgərov nikahın pozulması məqsədi ilə məhkəməyə müraciət etmiş, bundan sonra Fərhad Ələsgərov iddiaçıları mübahisəli mənzildən çıxartmışdır. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsinə əsasən iddiaçıların mübahisəli ünvana köçürülməsi qət edilmiş, lakin iddiaçılar həmin mənzildə yaşamamışlar. Bakı şəhəri 50 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli mənzil Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmışdır.
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı ünvan 2 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda göstərilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 61, mənzil 21 ünvanı Cavabdeh3 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar cavabdehlərə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 50 saylı Notariat ofisində xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilinə dair AN-İ ******* nömrəli daşınmaz əmlakın alq-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərə görə 36.000 manat məbləğində kompensasiyanın, iddia ərizəsi üçün ödənilmiş 200 manat məbləğində dövlət rüsumunun və həmçinin vəkilə, nümayəndəyə çəkilən 200 manatın cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1999-cu ildə hazırki iş üzrə cavabdehlərdən Cavabdeh2 oğlu X5 ilə faktiki ailə quraraq evlənmişlər, həmin vaxtdan Fərhad Ələsgərovun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 61, mənzil 21 mənzilinə köçmüşdür, xx.xx.2000-ci ildə cavabdehlərdən olan Cavabdeh2 oğlu X5 ilə nikahların rəsmi qeyd etdirmişlər, nikahlarından xx.xx.2002-ci il təvəllüdlü Sənubər adlı uşağı doğulmuşdur. xx.xx.2005-ci ildə ərinin onun xəbəri olmadan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, boşanması barədə məlumat aldıqdan sonra Cavabdeh2 əri Fərhad Ələsgərov onu və azyaşlı uşağını mənzildən məcburi çıxarmışdır. Bundan sonra yaşadığı, qeydiyyatda olduğu mənzilə köçürülmə tələbi ilə bağlı müraciət etmiş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2-1848 saylı, xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X2 və azyaşlı uşağı Sənubərlə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Aralarındakı münasibətlər gərginləşdiyi dövrdə cavabdeh sözügedən mənzilin X2 və öz övladı tərəfindən istifadə etmələrinə məhdudiyyətlər yaratmış (mənzilin kilidini dəyişdirmiş) və onları həmin mənzildə yaşamağa buraxmamışdır. İddiaçılar da müvəqqəti olaraq az müddət valideynlərinin yanında, daha sonra övladı ilə birlikdə kirayədə qalmaq məcburiyyətində qalmışdır. İddiaçının adına indi də hər hansı bir daşınmaz əmlak yoxdur. Lakin iddiaçı və azyaşlı övladı həmin mənzildən istifadə hüququnu həyata keçirə və orada yaşaya bilmirlər. Mənzilə ehtiyaclarının olmasına baxmayaraq hazırda orda yaşamamasının səbəbi cavabdehin onların mənzildən istifadələrinə və yaşamalarına imkan verməməsidir. Bu yaxınlarda «Kontakthome» mağazalar şəbəkəsinə yaxınlaşaraq kredit vasitəsi ilə adına telefon götürmək istədikdə, İddiaçı1 və onun qızı İddiaçı2 yuxarıda göstərilən Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzildə qeydiyyatda olmamaları barədə onlara məlumat vermişlər. Bundan sonra İddiaçı1 və onun qızı İddiaçı2 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərində 3 saylı ASAN Xidmətindən qeydiyyatda olub-olmamağı barədə arayış aldığı zaman müəyyən olunmuşdur ki, onlar hər ikisi, yəni İddiaçı1 xx.xx.2002-ci il tarixdən, İddiaçı2 isə xx.xx.2016-cı il tarixdən həmin mənzildə qeydiyyatdadırlar. Lakin daha sonra iddiaçılar qeydiyyatda olduqları Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilin satıldığını öyrənmişlər, bununla bağlı həqiqəti müəyyənləşdirmək məqsədilə vəkil sorğusu verilmiş və vəkil sorğusuna əsasən müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi, 51 saylı evin 21 saylı mənzilinə dair AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, mənzil 100.000 manat dəyərində satılmışdır. Hesab edirlər ki, alqı-satqı müqaviləsi bağlanarkən onların mülkiyyət hüquqları kobudcasına pozulmuş, iradə ifadələrinə zidd olaraq onların razılıqları alınmadan daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.
5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 dekabr 2023-cü il tarixli 2(006)-3889/2023 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia təmin edilməmişdir.
6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur k, iddiaçıların əqdi mübahisələndirmək hüququ subyektiv cəhətdən mövcud olsa da, onların iddia tələbi əsassız hesab edilməlidir. Belə ki, şəxslərin orada əvvəl mövcud olmuş (məhkəmə qətnaməsi əsasında) istifadə hüquqları artıq aradan qalxmışdır. Bundan əlavə isə iddiaçıların həmin ünvanda qeydiyyatda olmaları (əqd bağlanarkən) mülkiyyətçinin öz əmlakı üzərində müstəqil qaydada sərəncam vermək hüququnu məhdudlaşdıra bilməz.
7. Məhkəmə hesab etmişdir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi üzrə əsassızdır və təmin edilməməlidir.
8. Məhkəmə dəymiş zərərə görə 36.000 (otuz altı min) manat məbləğində kompensasiyanın ödənilməsi tələbi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb əsassızdır.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların həmin mənzildə mövcud olmuş (məhkəmə qətnaməsi əsasında) istifadə hüquqi artıq aradan qalxdığından və kompensasiya vermək hüququ yalnız mülkiyyətçiyə məxsus olduğundan iddia tələbi bu hissədə əsassız hesab edilməlidir. Bundan əlavə məhkəmə bildirmişdir ki, şəxslərin məhkəmə qətnaməsi əsasında istifadə hüququnun tanınması onun gələcəkdə həmin hüququn itirilməsinə maneə deyildir.
10. Məhkəmə gəldiyi nəticəni “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyanın 29, Mülki Məcəllənin 228.2, 337.1, 337.2, 339.1, 339.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 121.1, 218.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçılar apellyasiya şikayəti verərək onun ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
12. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, iş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Onların həmin evdən başqa sığınacaq yerləri yoxdur, cavabdehlər tərəfindən kompensasiya verilərsə özlərini müvafiq mənzillə təmin edə bilərlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Cavabdeh3 apellyasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi-vəkili apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçılar və digər cavabdehlər (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş)
16. Maddə 53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
17. Maddə 54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi ücün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
18. Maddə 60. Kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış yeri 6 (altı) ay saxlanılır.
19. Maddə 87. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində başqa yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
20. Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
24. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
27. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Göründüyü kimi iddiaçı X4 Cavabdeh2 oğlu ilə 1999-cu ildə faktiki nikaha daxil olmuş və iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsində yerləşən 51 saylı evin 21 saylı mənzilə köçmüşdür.
30. Mənzilin mülkiyyətçisi həmin vaxt Fərhad Ələsgərov (iddiaçının qayınatası) olmuşdur.
31. İddiaçı ilə Cavabdeh2 oğlu arasında olan nikah 2005-ci ildə pozulmuşdur.
32. Münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar.
33. Həmin Məcəllənin 53-cü maddəsinə görə, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
34. Göründüyü kimi iddiaçı mülkiyyətçinin ailə üzvü kimi mübahisəli mənzilə köçərək, sonuncu ilə ümumi təsərrüfat aparmaqla, həmin mənzildən istifadə hüququ əldə etmişdir.
35. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə də X1 azyaşlı uşağı Sənubərlə birlikdə mübahisəli mənzilə həmin əsasla (mübahisəli mənzildən istifadə hüququ olan şəxs kimi) köçürülməsi qət edilmişdir.
36. Buna baxmayaraq, iddiaçılar həmin vaxtdan hazırki dövrə qədər olan müddət ərzində mübahisəli mənzildə yaşamamış, mənzildən istifadə etməmişlər.
37. Mənzil Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında 12 mart 1999-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
39. Beləliklə, baxılan iş üzrə müəyyən edilmişdir ki, iddiaçılar 18 ildir mübahisəli mənzildə yaşamamışlar, göstərilən müddətin kifayət qədər uzun olması isə onu göstərir ki, iddiaçılar həmin mənzildən istifadə etmək hüququnu reallaşdırmaqda maraqlı olmamış, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşlər.
40. İddiaçılar mübahisəli mənzilə köçüb yaşamalarına cavabdeh və ya başqa şəxs tərəfindən maneələr törədilməsi barədə hər hansı sübut təqdim etməmiş, nə də iş üzrə belə hal müəyyən edilməmişdir.
41. Belə olan halda qanunvericiliyin tələbinə görə iddiaçılar mübahisəli mənzilə olan istifadə hüququnu itirmişlər.
42. Beləliklə, iddiaçıların mübahisəli mənzilə istifadə hüququ olmadığından həmin mənzilə dair bağlanmış müqavilənin etibarsızlığı, həmçinin vurulmuş zərərə görə kompensasiya tələb edilməsinə dair hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqları olmamışdır.
43. Ona görə də məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti qanuni və əsaslı olmuşdur.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3889/2023 nömrəli iş üzrə 14 dekabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.