Məhkəmə qərarları › İş №2(103)-2000/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2000/2025

07.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2000/2025 07.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı işi üzrə Açar sözlər: (“müqavilənin etibarsız hesab edilməsi”) hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı X1 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-195/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı

1. İddiaçı X3 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinə qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi (dəqiqləşmə) ilə məhkəməyə müraciət edərək onun hüquqi savadsızlığından istifadə edilməsi ilə birbaşa bağlı qarşı tərəfin bilə-bilə yalan vədlər verməklə aldadılmaqları, həmçinin tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsində həqiqiliyin olmaması səbəbindən pozulmuş hüquqlarının bərpasının təmin edilməsi ilə bağlı o, ünvan 1 ünvanı üzrə ailəliklə yeganə yaşayış yerləri olan xüsusi mülkiyyətlərinin özgəninkiləşdirilməsi əvəzi olaraq qarşı tərəf inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanılmış AN-İ № ******* saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı əqdi müqaviləsinin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkəməyə mülki qaydada qarşı tərəf Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti ilə aralarında bağlanmış AN-İ № ******* saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı əqdi müqaviləsi üzrə "əqdi müqavilənin etibarsız sayılmasına dair” iddia tələbi ilə rəsmi müraciət etmək məcburiyyətində olmağının səbəbi həmin əqdi müqavilə üzrə aldadılmaqları, bu hüquqda pozulmuş hüquq və azadlıqlarının bərpasının qanuni əsasda təmin edilməsi əsasıdır. Belə ki, həmin qeyd edilən alqı-satqı əqdi müqaviləsinin əsasını qarşı tərəf inzibati orqan Bakı şəhəri Yasamal RİH-i ilə onun inzibati binasında aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli "daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə” Razılaşma Protokolu olmuşdur ki, həmin Razılaşma Protokolunu imzalamağa dəvət edildiyi zamanı onlara qarşı tərəf inzibati orqan Bakı şəhəri Yasamal RİH-i tərəfindən bildirilmişdir ki, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun tələblərinə uyğun olaraq ona ünvan 1 ünvanı üzrə yeganə ailəliklə yaşayış yerləri olan ümumi sahəsi 274,42 m2 xüsusi mülkiyyəti olan daşınmaz əmlakına məhkəmədənkənar tərəflərin razılaşma protokolunun imzalanması yolu ilə daşınmaz əmlaklarının əvəzi olaraq dövrün ədalətli bazar qiymətinə uyğun dəyəri əvəzi 800000 AZN kompensasiya məbləği ödənilməsi təyin edilir və həmin ünvan üzrə xüsusi mülkiyyətlərində olan 0,02309 ha torpaq sahəsinin əvəzi olaraq həmin zona üzrə yaxın ərazidə həmin ölçüdə torpaq sahəsi xüsusi mülkiyyətlərində - qanuni istifadələrinə veriləcəkdir və birbaşa hüquqi savadsızlıqlarından istifadə etməklə onları inandırmışlar ki, bütün bu qeyd edilən hüquqi hərəkətlər yalnız aralarında tərəflərin razılaşma protokolunun imzalanması həyata keçirildikdən sonra mərhələli şəkildə icrası onlar tərəfindən həyata keçirilməsi təmin ediləcəkdir. Hətta həmin dövrdə həmin inzibati orqan Bakı şəhəri Yasamal RİH-i tərəfindən onlarda həmin razılaşma protokolunun qeyd edilən şərtlər üzrə imzalanmasına daxili iradə ifadəsi təəssüratı yaratmaq məqsədi ilə onun səlahiyyətli edilmiş nümayəndəsi tərəfindən onlara həmin yaxın ərazi üzrə xüsusi mülkiyyətlərində olan 0,02309 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi əvəzi olaraq həmin ölçüdə torpaq sahəsi göstərilməklə onlarla şifahi tərzdə razılaşdırılaraq bildirilmişdir ki, aralarında tərəflər olaraq razılaşma protokolu imzalanması həyata keçirildikdən sonra mərhələli şəkildə həmin torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququnun adlarına rəsmiləşdirilməsi ilə qeyd edilən torpaq sahəsi qanuni istifadələrinə verilməsi təmin ediləcəkdir. Yuxarıda qeyd edilən bütün bu hüquqi şərtlər daxilində hesab etmişlər və onlarda belə iradə ifadə təəssüratı yaranmışdır ki, qarşı tərəf inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasının daxilində onlar tərəfindən rəsmi qaydada əvvəlcədən hazırlanmış razılaşma protokolu onlara təqdim edilməklə hesab etmişlər ki, onların rəsmi danışıqlarındakı razılaşdırılmış həmin bütün şərtlər eyni qaydada bu razılaşma protokolunda öz iradə ifadə tərzində verilməklə onlar tərəfindən onların hüquqi savadsız olmağından istifadə edilməklə aldadılmaqlarına yol verilməsi hərəkətləri edilmiş və bu yöndə tərəflərindən imzalanmasına nail olmuşlar. Lakin həmin xx.xx.2024-cü il tarixli razılaşma protokolunun imzalanmasından yalnız qısa bir müddət ötdükdən sonra qarşı tərəf həmin inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən həmin razılaşma protokolunun əvvəlcədən danışılaraq razılaşdıqları heç bir şərtlərinə əməl edilməsi təmin edilməsi reallıqda həyata keçirilmədən onlara qarşı xüsusi mülkiyyətinin teztələsik boşaldılması ilə əlaqəli tələb irəli sürərək onlardan mülkiyyətinin məcburi qaydada boşaldılmasını tələb etmiş və nəticədə mülkiyyətlərindəki şəxsi əmlaklarının bötövlüklə itirilməsinin qarşısının alınması məqsədi ilə məcburi çarəsiz qalaraq xüsusi mülkiyyətlərinin əmlaklarını qismən boşaldılmasını həyata keçirə bilmişlər və dərhal xx.xx.2024-cü il tarixində axşam vaxtlarında xüsusi mülkiyyətinin həmin inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməsi ilə tamamilə sökülüb-dağılaraq məhv edilmişdir. Bu zaman onlara məlum olmuşdur ki, həmin inzibati orqan tərəfindən həmin tərəflərin xx.xx.2024-cü il tarixli razılaşma protokolunun imzalanması dövründə bilərəkdən hüquqi savadsızlığından birbaşa istifadə edilməklə bütünlüklə aldadılmış və çoxlu sayda ciddi cəhdlərinin nəticəsində yalnız xx.xx.2024-cü il tarixində notariat qaydasında yalnız 274,42 m2 yaşayış evinin olan daşınmaz əmlaklarının AN-İ №1251750 saylı, xx.xx.2024-cü il tarixli alqı-satqı əqdi müqaviləsinin bağlanmasını həyata keçirməklə onun əvəzi olan kompensasiya məbləğini almağa nail olsalar da, inzibati orqan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən xüsusi mülkiyyətlərində olan 0,02309 ha torpaq sahəsi üzrə özgəninkiləşdirmənin əvəzi olaraq həmin ölçüdə torpaq sahəsi ilə təmin edilməkləri hələ də həyata keçirilməmiş, həmin inzibati orqana bu barədə dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq pozulmuş qanuni hüquqlarının bərpası təmin edilmədən baxılmamış saxlanılmaqla heç bir hüquqi hərəkətlər edilmir. Bu yöndə hesab edirlər ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən aralarında tərəflərin xx.xx.2024-cü il tarixli razılaşma protokolunun imzalanması dövründə bilərəkdən hüquqi savadsızlığından birbaşa istifadə edilməklə bütünlüklə aldadılmışlar və hesab edirlər ki, aldadılma niyyəti ilə bilərəkdən yalan vədlər verilməsi ilə bağlanılmağa sövq edilmişlər, bu da qanuni hüquqda pozulmuş hüquqlarının hüquqi əsasda bərpa edilməsi təminatını özündə ehtiva edilməsi ilə yanaşı həm də bu əsasda da aldadılma niyyəti ilə bağlanılmış əqd məhkəmədə əqdi müqavilənin bağlanılmasının etibarsız sayılması ilə mübahisələndirilməsi aparılması hüquqi anlamına gəlinməsi qanuni hüququdur.

2. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - İddiaçı 05 aprel 2024-cü il tarixli Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə Razılaşma Protokolunu imzalamaqla ona məxsus S.Rüstəmov küçəsi, dalan 3, ev 4 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması və bu məqsədlə ödəniləcək ümumi 800000 manat kompensasiya məbləği ilə razılaşdığını, alan orqanın təklifinin, o cümlədən qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla ona ödənilən kompensasiya təklifinin iradə ifadəsinə uyğun olduğunu bildirmiş və razılaşma protokolunu imzaladığı gündən 3 gün müddətində ona məxsus daşınmaz əmlakı alan orqana təhvil verməyi, bu əmlakla bağlı gələcəkdə üçüncü şəxslərin iddialarına görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür. X3 və Yasamal Rayon İcra Hakimiyyəti adından X5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 126.10 kv/m olan fərdi yaşayış evini və mülkiyyətində olan 0.023090 ha torpaq sahəsini Yasamal Rayon İcra Hakimiyyətinin mülkiyyətinə verməyi, Yasamal Rayon İcra Hakimiyyəti isə satılan daşınmaz əmlakın əvəzi olaraq 800000 manat ödəməyi öhdəsinə götürür; - X3 tərəfindən Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusuna verilən ərizəyə əsasən müəyyən olunur ki, onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Səid Rüstəmov küçəsi, dalan 3 ünvanında yerləşən 4 saylı fərdi yaşayış evinin və mülkiyyətində olan 0.023090 ha torpaq sahəsinin söküntüsü ilə əlaqədar olaraq Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ona ayrılmış 800000 pul məbləğini almışdır. Bununla bağlı gələcəkdə Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iddia və tələbi olmayacaqdır; - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-1906/2020 nömrəli qərarına əsasən kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 363/2020 saylı, 18 iyun 2020-ci il tarixli qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsi, bu hissədə işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qərarın qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

3. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-195/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Qətnamədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1.5, 337, 339; Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması zəruridir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr baş verir. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə isə tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda, əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqa zidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqa zidd hərəkətdir ki, bu hərəkət əqdin etibarlı olması şərtlərindən, heç olmazsa birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticə baş vermir. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitamına səbəb olmur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasından xx.xx.2024-cü il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və mülkiyyətində olan 0,023090 ha torpaq sahəsini 800000 manata Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin (alıcı) mülkiyyətinə vermişdir. İddiaçı mülkiyyətində olan 0,023090 ha torpaq sahəsini torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin cavabdeh tərəfindən veriləcəyi barədə razılığa gəldiklərini bildirsə də, dediyini hallar nə alqı-satqı müqaviləsində, nə də başqa mötəbər sənəddə öz əksini tapmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının etibarsız olduğunu iddia etdiyi əqd etibarsızlığın mübahisə edilən növünə aiddir. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əvəzinə cavabdeh tərəfindən digər torpaq sahəsinin verilməsi barədə tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. İddiaçı iddia tələbindəki hallara dair mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilmir. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi öz izahatında həm xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə razılaşma protokolu imzalanan zaman, həm də xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman mülkiyyətində olan torpaq sahəsinin də fərdi yaşayış evi ilə birlikdə müqaviləyə daxil edilməsindən məlumatının olduğunu, lakin şifahi razılaşmalarına uyğun olaraq torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin veriləcəyinə inandıqlarından müqaviləni imzaladıqlarını bildirmişdir. Lakin qeyd olunan hal məhkəmə icraatı dövründə sübut oluna bilməmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(004)-195/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamənin ləğv edilərək, iş üzrə pozulmuş hüquqlarının bərpasının təmin edilməsi hüquqi əsası ilə obyektiv, ədalətli yeni məhkəmə Qətnaməsi qəbul edilməsinin hüquqi əsasda qanunun tələbi sayılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 125; Mülki Məcəllənin 324.4, 324.5, 326, 560.2, 560.3.5.1; Mülki Prosessual Məcəlləsinin 9.3, 154.1, 372.7, 384.0.2, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən iddia tələbinin rədd edilməsi barədə 2(004)-195/2025 saylı, xx.xx.2025-ci il tarixli ədalətli olmayan və işin halları üzrə çoxlu sayda şübhələr doğuran məhkəmə qətnaməsi çıxarılmışdır. Həmin 2(004)-195/2025 saylı Qətnamədə "sübutların tədqiqi və məhkəmənin mövqeyi” 8-ci bəndində qeyd edilir ki, "iddiaçı 05 aprel 2024-il tarixli Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə Razılaşma Protokolunu imzalamaqla ona məxsus S.Rüstəmov küçəsi, dalan 3, ev 4 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması və bu məqsədlə ödəniləcək ümumi 800000 manat kompensasiya məbləği ilə razılaşdığını, alan orqanın təklifinin, o cümlədən qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla ona ödənilən kompensasiya təklifinin iradə ifadəsinə uyğun olduğunu bildirmiş və razılaşma protokolunu imzaladığı gündən 3 gün müddətində ona məxsus daşınmaz əmlakı alan orqana təhvil verməyi, bu əmlakla bağlı gələcəkdə 3-cü şəxslərin iddialarına görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür”. Qətnamənin bu bəndi açıq-aydın həqiqəti təsdiqləyir ki, O - X3 mövcud xüsusi mülkiyyət üzrə 339.0.kv/m sahəyə malik ailəliklə 3-cü şəxslər daxil olmaqla yaşadıqları yalnız mənzili 800000 AZN kompensasiya məbləğinə alınmasına razılıq verməklə razılaşdığı halında imzalamışdır və həmin zaman artıq qarşı tərəf inzibati orqan Yasamal RİH-i ilə 0.02309 ha torpaq sahələrinin əvəzi olaraq yaxın ərazidə bizə təqdim ediləcəyi torpaq sahəsi ilə onların iştirakı ilə tanışlıqları həyata keçirilməklə aralarında razılaşma olmuşdur. Bu əsasda 3-cü şəxslər daxil olmaqla mənzilləri həmin qeyd olunan kompensasiya məbləği daxilində alınmasına razılaşmışlar ki, həmin 0.02309 ha torpaq sahəsinin əvəzi olaraq onlara tanışlıq-təqdim edilən razılaşdıqları həmin torpaq sahəsində əvvəlki mənzilləri 3-cü şəxslər daxil olmaqla yenidən qurulmasını həyata keçirə bilsinlər. Həmçinin, bu əsasda məhkəmədə qarşı tərəfin səlahiyyətli nümayəndəsi də birbaşa təsdiqləyir ki, "Bəli, əvvəl torpağın verilməsi ilə razılıq olub" (məhkəmə iclası protokollarında qeyd olunub). Həmin 2(004)-195/2025 saylı Qətnamədə "sübutların tədqiqi və məhkəmənin mövqeyi" 9-cu bəndində qeyd edilir ki, "X3 və Yasamal RİH-i adından X5 arasında bağlanılmış xx.xx.2024-il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən X3 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 126.10 kv/m olan fərdi yaşayış evini və mülkiyyətində olan 0.02309 ha torpaq sahəsini Yasamal Rayon İcra Hakimiyyətinin mülkiyyətinə verməyi, Yasamal Rayon İcra Hakimiyyəti isə satılan daşınmaz əmlakın əvəzi olaraq 800.000 manat ödəməyi öhdəsinə götürür". Bu isə həmin dövrdür ki, xx.xx.2024-il tarixində X1 xüsusi mülkiyyətində mövcud olmuş 0.02309 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ailəliklə yaşadıqları mənzilləri (ümumi sahəsi 339.0kv/m) artıq mövcud deyildir, xx.xx.2024-il tarixində Yasamal RİH-nin özbaşına hərəkətləri ilə artıq sökülüb-dağıdılmışdır və onlara heç bir kompensasiya məbləği ödənilməmişdir, onlara qarşı artıq qeyri-qanuni hərəkətlər edilərək kirayələrdə yaşamaq məcburiyyətindədirlər. Eyni zamanda məhkəmənin öz qətnaməsi ilə istinad etdiyi xx.xx.2024-il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsində qanuni əsaslı hüquqda təsdiqlənir ki, "Müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqısatqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir", nədənsə məhkəmə tərəfindən həmin bu hüquqda həqiqətdə pozulmuş hüquqlarının bərpası yönündə heç bir hüquqi əsaslandırma aparılmır və öz qətnaməsi ilə bildirilmir ki, 3-cü şəxslər daxil olmaqla bütün ailənin xüsusi mülkiyyət üzrə həm 0.02309 ha əvəzi verilməsinə razılaşdıqları torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli mənzili-fərdi yaşayış evi heç bir kompensasiya ödənilmədən özbaşına sökülüb dağıdılması faktiki qeyri-qanuni hərəkətlər edilməsi elə birbaşa təsdiqlənir ki, həmin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsini imzaladıqları həqiqi iradə ifadəsi ilə deyil, yalnız məcburiyyət daxilində imzalaması məcburiyyətində olmuşlar, bu da qanunun tələbində mülki prosessual qanunvericiliyin müəyyənləşdirilmiş şərtlərinin pozulması ilə nəticələnən-ilkin halda aldatma yolu ilə MM-nin 339.2 maddəsinin tələbində "Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir" şərtləndirilir, daha sonra aldadılmış tərəf bütün əmlakından mülkiyyətindən məhrum edilir, yəni artıq onun xüsusi mülkiyyət üzrə əmlakı mövcud deyildir və ailəliklə-vətəndaşlar çarəsiz və məcburiyyət qarşısında qalmaqla "diktə təsiri" altında onların lazımi bildikləri alqı-satqı müqaviləsini imzalamaqdan başqa çıxış yolu qalmır, bu işin-baş vermiş hadisənin faktiki həqiqətidir, bu əsas da MM-nin 560.2 maddəsinin tələbində "Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır" və MM-nin 560.3.5.1.maddəsinin tələbində "Alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dalayısı ilə məcburetmə hüquqdan sui-istifadə etibarsız hesab edilir" şərtləri ilə mübahisələndirilir. Həmin 2(004)- 195/2025 saylı qətnaməsinin məzmunundan açıq-aydın görünür ki, məhkəmənin iddia tələbi əsasında sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasının təmin edilməməsi ilə ədalətli və obyektiv məhkəmə qətnaməsi çıxarılmamışdır, bu əsasda da həmin məhkəmə qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Bu əsasda da həmin 2(004)-195/2025 saylı qətnamədən apellyasiya şikayəti verməklə onun ləğv edilməsi və iddia tələbi üzrə işin obyektiv və ədalətli araşdırılması əsasında məhkəmə baxışı icraatına təyin edilərək mübahisələndirilməsinin məcburiyyətindədirlər. Belə ki, pozulmuş hüquqlarının bərpasının təmin edilməsi əsasında "Əqdi müqavilənin etibarsız sayılmasına dair "iddia tələbilərinin mülki işi üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(004)- 195/2025 saylı, 13 .01.2025-ci il tarixli qətnaməsi çıxarılmışdır. Həmin Qətnamə üzrə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını təmin etmədən işin halları üzrə obyektiv və ədalətli olmayan məhkəmə Qətnaməsi çıxarmışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1906/2020 saylı, xx.xx.2020-il tarixli Qərarı ilə birbaşa təsdiqlənir ki, dövlət ehtiyacları üçün alınmaya səlahiyyətli edilmiş inzibati orqan heç də öz səlahiyyətlərində qanunun tələblərinə əsaslanmamış, ümumi sahəsi 339 kv.m fərdi yaşayış sahəsinə malik xüsusi mülkiyyətləri yerləşdiyi xüsusi mülkiyyət üzrə 0.02309 ha malik torpaq sahəsi üzrə dövlət ehtiyacları üçün alınmasına dair heç bir iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, hansı ki, həmin dövrdə həmin 0.02309 ha torpaq sahəsinin dədə-baba miras xüsusi mülkiyyəti kimi qeydiyyata alınmasının hüquqi əsaslı sayılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 2-1(102)-1584/2022 saylı, xx.xx.2022-il tarixli Qərarı mövcud qərarı ilə iş üzrə Yasamal RİH-i birbaşa 3-cü şəxs qismində iştirakçı kimi təmsil olunmuşdur. Eyni zamanda bildirir ki, inzibati orqan Yasamal RİH-i öz hüquqi səlahiyyətləri daxilində həmişə qanuni hüquqlarına qarşı qərəzli mövqedən çıxış etməsində maraqlı olmasını iş üzrə çoxlu sayda təsdiqləyən rəsmi faktlar mövcuddur. Belə təsdiqlənən faktlardan biri Yasamal RİH-i tərəfindən faktiki həmin 2 mərtəbəli 3-cü şəxslər daxil olmaqla ailəliklə yaşadıqları xüsusi mülkiyyət əsasında fərdi yaşayış evinin alınmasına dair özünün qiymətləndiricisinin qiymətləndirmə hesabatına əsasən ilk əvvəl 50 min, sonra 150 min, daha sonra 190 min manat dəyərində kompensasiya məbləği ödənilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırmaqla təsdiqləyici qərarın alınmasına nail olmuş, daha sonra həmin qərardan verdikləri apellyasiya şikayəti əsasında apelyasiya mübahisələndirməsinə həmin fərdi yaşayış evinin 408996 manat məbləğində kompensasiya ödənilərək boşaldılmasının səbəbi ilə məhkəməyə müraciət etmiş və yenidən apellyasiya instansiya məhkəməsində öz iddiasını qəbul etdirə bilmiş, hımin qərardan verdikləri kassasiya şikayəti təmin olunaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1906/2020 saylı, xx.xx.2020-il tarixli Qərarı çıxarılaraq həmin fərdi yaşayış evlərinin 339kv.m ümumi sahəyə malik olması və bu əsasda dövrün bazar qiymətinə uyğun məbləğdə alınma ilə bağlı kompensasiyanın hesablanması əsasında işin təkrar yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmiş, həmin məhkəmə tərəfindən mübahisələndirilən ədalətli kompensasiya məbləği ödənilməsi təyini ilə bağlı xx.xx.2024 il tarixinə məhkəmə texniki- ekspertizasını təyin etmiş və qarşı tərəf bundan xəbərdar olmaqla xx.xx.2024 il tarixində onlara heç bir kompensasiya məbləği ödənilmədən xüsusi mülkiyyətləri bütövlükdə söküb-dağıtmaqla qanuni hüquqlarına birbaşa "özbaşına xitam” vermişdir, bu qeyri-qanuni hərəkətlərini qarşı tərəfin səlahiyyətli nümayəndəsinin "ekspertiza ancaq evlə baglı idi. 800000 manat qarşılıqlı alıb.”təsdiqləməsi verilir (məhkəmə iclası protokolundakı qeydlər). Eyni zamanda qarşı tərəf Yasamal RİH-i fərdi yaşayış evlərinə 440374 manat kompensasiya məbləğinə alınmasına güya razılıq verməmələri bildirilməsi təmami ilə yalan həqiqətdən uzaq hüquqi əsası olmayan mülahizəsidir. Həmin məbləğ 2020-ci ildə həmin Yasamal RİH-inin rəsmi qaydada inzibati məhkəmə vasitəsi ilə təklif edilmiş və həmin məbləğin ədalətli olmadığı və həmin məbləğin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1906/2020 saylı, xx.xx.2020-il tarixli Qərarı ilə hüquqi əsasda təsdiqlənməsi verilmişdir. Həmçinin, inzibati orqan Yasamal RİH-i onlara qarşı qərəzli hərəkətlərini təsdiqləyən işə daxil edilmiş digər əsaslı faktlardan biri də inzibati orqan Yasamal RİH-inin konstitutsiyanın 25-ci maddəsi ilə nəzərdə tutulmuş və "inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələbində nəzərdə tutulmuş "Bərabərlik” prinsiplərinə əməl etməyərək eyni ərazi üzrə alınmanın təsirinə məruz qalmış xüsusi mülkiyyətçilərə hər kv.metr sahə üzrə öz maraqlarına uyğun müxtəlif məbləğlərdə kompensasiya təyin etməklə kobud qanun pozuntusuna yol verməsi birbaşa təsdiqlənir, buna misal olaraq eyni ərazi üzrə alınmaya məruz mülkiyyətçi ünvan 2 ünvanı üzrə xüsusi mülkiyyətçi X4 34.5 kv.m olan 2 otaqlı mənzilinə hər kv.m 7000 manat olmaqla ümumilikdə 254456 manat məbləğində kompensasiya ödənilməsi təmin edilmiş və bu siyahı üzrə çoxlu sayda təsdiqlənmiş alqısatqı sənədlərin məhkəmə baxışı icraatı prosesinə rəsmi qaydada təqdim etmələrinə və çoxlu sayda vəsatətlərinə baxmayaraq həmin 2(004)-195/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsi çıxarılarkən bu əsasda heç bir hüquqi araşdırma aparılmamış pozulmuş hüquqlarının bərpasının təmin edilməsi ilə bağlı məhkəmədə həqiqətin müəyyən edilməsi təmin edilməmişdir. İş üzrə bütün bu sadaladıqları rəsmi sübutedici fakt və dəlillər birbaşa təsdiqləyir ki, həmin Bakı Yasamal Rayon Məhkəməsi tərəfindən 2(004)-195/2025 saylı, xx.xx.2025-ci il tarixli Qətnaməsi çıxarılarkən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmasını təmin etməmiş, iş üzrə həqiqəti müəyyən etməmişdir, bütün bu faktlar həmin qətnamənin ləğv edilməsinə hüquqi əsaslardır, bu əsasda apellyasiya şikayəti vermək məcburiyətindədirlər. Həmin 2(004)-195/2025 saylı Qətnamədə "iddiaçı 05 aprel 2024- il tarixli Daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə Razılaşma Protokolunu imzalamaqla ona məxsus S.Rüstəmov küçəsi, dalan 3, ev 4 ünvanında yerləşən mənzilin dövlət ehtiyacları üçün alınması və bu məqsədlə ödəniləcək ümumi 800000 manat kompensasiya məbləği ilə razılaşdığını, alan orqanın təklifinin, o cümlədən qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla ona ödənilən kompensasiya təklifinin iradə ifadəsinə uyğun olduğunu bildirmiş və razılaşma protokolunu imzaladığı gündən 3 gün müddətində ona məxsus daşınmaz əmlakı alan orqana təhvil verməyi, bu əmlakla bağlı gələcəkdə 3-cü şəxslərin iddialarına görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür”- hüquqi əsası həqiqət olaraq birbaşa təsdiqlənir. Bu əsasda da birbaşa təsdiqlənməklə aydın sübut olur ki, 0.02309 ha xüsusi mülkiyyətlərindəki topaq sahəsi ilə bağlı heç vaxt qarşı tərəflə pul kompensasiya ödənişi məbləği ilə bağlı tərəflərindən heç bir iddia və ya ideya irəli sürülməmiş, 3-cü daxil olmaqla ailəliklə məqsədləri və maraqları yalnız 0.02309 ha xüsusi mülkiyyətləri torpaq sahəsi əvəzi olaraq yaxın ərazi üzrə həmin torpaq sahəsinin əvəzlənməsini almaq və orada həmin bu vaxtadək mövcud olmuş 2 mərtəbəli 3-cü şəxslər daxil olmaqla ailələrininn fərdi yaşayış evinin eynisini orada yenidən qurulmasını təmin etsinlər, çünki həmin torpaq üzərində olan evləri dədə-babadan miras qalmış doğma yurdları idi. Eyni zamanda məkəmə cavabdeh tərəfin MPM-in 154-cü maddəsinin tələblərindəki prosessual qaydalara əməl edilməsini də sonadək təmin etməyərək iş üzrə faktiki sübutların rəsmi qaydada mübahisələndirilməsi obyektiv təhlilinə birbaşa əvvəlcədən bilərəkdən maneəçiliklər yaradılması marağı olmuşdur, bu da məhkəmə prosesində tərəflərin çəkişmə prinsipini təmin edilməklə obyektiv mübahisələndirilməsində tam və hərtərəfli araşdırılmanın aparılmasında hüquqi baxımdan çoxlu sayda əngəllər yaratmışdır. Bütün bu halların nəticəsində məhkəmə tərəfindən ədalətli olmayan, çoxlu sayda şübhələr yaradan məhkəmə qətnaməsi qəbul edilmiş, həqiqətdə pozulmaqda qalan qanuni hüquqlarımızın bərpası hələ də mümkün sayılmayaraq qalmaqda davam etməkdədir. Bütün işin bu faktları həmin 2(004)-195/2025 saylı Qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslardır. Apellyasiya icraatında müəyyən edilən hallar

5. Məlumatlandırılma üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçı və cavabdehin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri

6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372ci maddəsinə və əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin maddələrinə əsasən: 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıda qeyd edilən maddələri nəzərdə keçirilməlidir: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.1. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

9. Diqqətə çatdırılmalıdır ki, əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Çünki Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

11. Müqavilənin etibarsız hesab edilməsinə dair kollegiya yuxarıda göstərilənlərə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin tələblərinə əsasən müqavilənin etibarsız sayılması üçün qanunla müəyyən edilmiş hallar göstərilmişdir. Belə ki, mülki qanunvericilikdə əqdin etibarsız hesab olunması üçün aşağıdakı ünsürlərdən birinin qüsurlu olması vacibdir: 1) subyekt tərkibinə görə; 2) məzmununa görə; 3) formasına görə; 4) iradə və iradə ifadəsinə görə. Hazırkı iş üzrə iş məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.

12. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilənlərə və Mülki Prosesual Məcəllənin 76-82, 106, 119, 217, 385-390-cı maddələrinə istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən dəlillər öz təsdiqini tapmır və sübuta yetirilmir. İddiaçının apellyasiya şikayətində qeyd etdiyi dəlillər ümumi səciyyə daşımaqla maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasını, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və ya qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsini müəyyən etmir. Belə ki iş materiallarında olan iddiaçı və cavabdeh arasından xx.xx.2024-cü il tarixli AN-İ ******* seriya nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və mülkiyyətində olan 0,023090 ha torpaq sahəsini 800000 manata Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin (alıcı) mülkiyyətinə vermişdir. İddiaçı mülkiyyətində olan 0,023090 ha torpaq sahəsini torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin cavabdeh tərəfindən veriləcəyi barədə razılığa gəldiklərini qeyd etsə də, bunu hallar nə alqı-satqı müqaviləsində, nə də başqa mötəbər sənəddə öz əksini tapmamışdır.

13. İşə baxmış birinci instansiyası məhkəməsi də tərəflər arasında yaranmış münasibətləri, cavabdehin gətirdiyi dəlillərin sübutsuz olmasını nəzərə alaraq, müqavilə üzrə tərəflərin gerçək hüquqi niyyətlərini müəyyən etməklə, alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsasların olmaması barədə nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməməli və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-195/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

14. Kollegiya məhkəmə xərcləri üzrə hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumları onları ödəyən şəxsə aid edilməlidir.

15. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı X1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-195/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar