Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-201/2022 05.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Amilya Aqil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2024/2020 saylı, 26 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" ASC-yə (bundan sonra cavabdeh) qarşı «borcun silinməsi» iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, "xxxx" ASC tərəfindən onun yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanına (abonent kodu **********10016) tərtib edilmiş 31.05.2020-ci il tarixli aktın etibarsız hesab edilməklə, həmin akt əsasında hesablanmış 4946,70 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı, tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" ASC-nin məsul əməkdaşları 31 may 2020-ci il tarixdə onun iştirakı ilə faktiki yaşadığı ünvanda yerləşən fərdi yaşayış evinə quraşdırılmış 371986M1104647 nömrəli sayğaca guya baxış keçirmiş, sayğacda şübhəli hal aşkar olunduğu üçün açılaraq əvəzinə müvəqqəti sayğac quraşdırılmışdır. "xxxx" ASC-nin əməkdaşları sayğacı dəyişərkən ona bildirmişlər ki, sayğacda problem var aparıb yerinə təzəsini qoyacaqlar, onun isə sadəcə olaraq sayğacın təzəsinin qoyulması üçün akta imza etməsi lazımdır. O, da latın qrafikasını oxuya bilmədiyi üçün aktı oxumadan imza etmişdir. Bundan sonra "xxxx" ASC-nin Xəzər rayon filialının əməkdaşları ünvanına gələrək onun işığını kəsərək ona bildirdilər o, sayğaca müdaxilə etmiş və bu səbəbdən də ona 4946,70 manat cərimə yazılıb. Qeyd edilənlərə əsasən məhkəmədən iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26.11.2020-ci il tarixli, 2(003)-2024/2020 saylı qətnaməsi ilə (hakim Sabit Bəhrəmzadə) iddia təmin edilmişdir. Cavabdeh, qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, 31.05.2020-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus ünvanda quraşdırılmış elektrik sayğacına baxış keçirilməsi, nəticədə sayğaca müdaxilə olunmasının aşkar edilməsi, akt tərtib edilməsi, itirilmiş sərfiyyata görə 4946,70 manat məbləğində borc hesablanması, iddianın əsassız olması və s. əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orada göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, apellyasiya icraatı zamanı müvafiq ekspertiza təyin olunmuş və ekspertin vəsatətinə əsasən sənədlər tələb olunmuş, lakin müəyyən səbəblərdən tərəflərindən həmin sənədlər təqdim olunmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsində verdiyi izahatına uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin rədd olunmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvana cavabdeh təşkilat tərəfindən verilmiş **********10016 saylı kod üzrə abunə haqqında arayışından görünür ki, 4946,7 manat qalıq borc vardır. İşdə olan 31.05.2020-ci il tarixli aktdan görünür ki, istehlakçı İddiaçı **********10016 nömrəli abonent kodu ilə istifadəsində olan sayğacın dövlət möhüründə müdaxilə izləri aşkar olunmuşdur. İşdə olan 31.05.2020-ci il tarixli sayğacların və cərəyan transformatorların yoxlanması protokolunun surətindən görünür ki, 76999219 saylı sayğac dəyişdirilərək möhürlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 1.3-cü bəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Bu müqaviləyə elektrik şəbəkəsinin balans mənsubiyyəti sərhədi və tərəflərin istismar məsuliyyəti aktı əlavə edilir. Həmin Qaydaların 8.17-ci bəndində göstərilir ki, istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.) uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yuxarıda qeyd edilən normanın pozulması üçün istehlakçının təqsirindən hesablaşma uçot cihazının zədələnməsi, uçot cihazlarının qoşulma sxemlərinin pozulması, uçot cihazlarından kənar özbaşına yükün qoşulması faktı aşkar olunmalıdır. Həmçinin, hüquq norması elektrik enerjisi istehlakçısının elektrik enerjisindən istifadə qaydalarının pozulmasında məsuliyyətini, aşkar olunmuş pozuntularda istehlakçının təqsiri olması ilə şərtləndirmişdir. Yəni baş vermiş pozuntuya görə o halda istehlakçı məsuliyyət daşıyır ki, pozuntu istehlakçının təqsirli hərəkətlərinin nəticəsi olaraq əmələ gəlsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Qaydaların 8.33-cü bəndinə əsasən, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edilir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalanmaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur Qaydaların 7.6-cı bəndinə əsasən, hesablaşma elektrik sayğıcının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. Qaydaların 8.16-cı və 8.17-ci bəndlərinin tələblərindən göründüyü kimi, qüsurların yaranmasında istehlakçının təqsirli olub-olmamasının müəyyənləşdirilməsi yenidən hesablaşma aparılması üçün mühüm əhəmiyyət kəsb edir. Qaydaların 9.20-ci bəndində fors-major hadisələri, kənar şəxslərin düzgün olmayan hərəkətləri (səhvən birləşdirmə, açma və keçirmə, hava elektrik verilişi xətlərinin naqillərinin üzərinə kənar əşyaların atılması, hava və kabel verilişi xətlərinin mexaniki zədələnməsi və s. nəticəsində) baş vermiş qəzalarla əlaqədar istehlakçı dəymiş ziyana görə enerjitəchizatı müəssisəsi qarşısında məsuliyyət daşımır. Qanunvericiliyin qeyd edilən normalarında göstərilən halların araşdırılması bilavasitə enejitəchizatı müəssisənin üzərinə düşür. MM-in 1096-cı maddəsinin tələblərinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Göründüyü kimi, delikt məsuliyyətini müəyyən edən normalar mülki hüquq pozuntusu üçün məsuliyyətin əsası kimi ziyanvuranın hüquqa və ya qanuna zidd hərəkəti və ziyanvuranan təqsirli olmasını əsas şərt kimi müəyyən etmişdir. Belə ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur və ilkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Birinci instansiya məhkəməsi iddianın əsaslı olması nəticəsinə gələrkən qeyd etmişdir ki, mübahisələndirilən akt qanunvericiliyin tələblərinə zidd olaraq, iki hal şahidinin iştirakı ilə tərtib edilməmiş, abonentin aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək hüququnun həyata keçirilməsinə şərait yaradılmamış, eləcə də aktın nüsxəsi abonentə təqdim olunmamışdır. Həmçinin, məhkəməyə sayğacda pozuntu halının məhz istehlakçı tərəfindən yarandığına dair başqa hər hansı mötəbər sübut təqdim etməmişdir. Halbuki, bu halda sübut etmə yükü cavabdehin üzərinə düşür. Aktda göstərilən qüsura görə abonentin məsuliyyət daşıdığı müəyyən oluna bilməz. Belə məsuliyyət olmadığı halda isə həmin akta əsasən abonentə əlavə ödəniş hesablana bilməz. İşin materiallarından görünür ki, tərtib edilmiş həmin akta əsasən iddiaçıya 3 il üçün itirilmiş elektrik enerjisinə görə borc hesablanmışdır. Halbuki, hər ay cavabdehin əməkdaşları tərəfindən əraziyə nəzarət edilməli və iddiaçının yaşadığı ünvanda elektrik enerjisindən istifadə ilə bağlı hər hansı pozuntu olardısa belə vaxtında aşkar edilməli idi. Bununla yanaşı, apellyasiya baxışı zamanı mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların araşdırılması məqsədilə iş üzrə məhkəmə mühəndis-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmiş, lakin cavabdehə bir neçə dəfə ekspertin vəsatətində göstərilən məlumatların (elektrik sayğacı, sayğacda aşkar edilmiş müdaxilə hallarını əks etdirən hissələr, onun texniki pasportu, mənzildə istifadə edilən elektrik qurğularının sayı, növü, gücü və s.) təqdim olunması barədə məktublar göndərilməsinə baxmayaraq cavabdeh ekspertizadan yayınmış, müvafiq məlumatları təqdim etməmişdir (bu səbəbdən iş materialları Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən icrasız geri qaytarılmışdır). MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdeh etirazının əsası kimi göstərdiyi pozuntunun mövcudluğunu, onun iddiaçının təqsirli hərəkəti nəticəsində yaranmasını, bu sahədə sonuncunun hüquqazidd davranışını və həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqənin olmasını sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Məhkəmə kollegiyası, işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, qətnamə əsaslı və qanunidir, şikayətin dəlilləri formal mülahizələrə əsaslanmaqla, qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(003)- 2024/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 26 noyabr 2020-ci il tarixli, 2(003)- 2024/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Rafael Eyvazov Hakimlər Şərafət Məmmədova Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-201/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-201/2022
05.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver