Məhkəmə qərarları › İş №2(103)-201/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-201/2023

01.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-201/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı SOCAR-ın İddiaçı1 Cavabdeh Abdulla oğluna qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-201/2023 (Açar sözlər: qanunsuz tikilinin sökülməsi) Bakı şəhəri 01 mart 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), Kazımov Elşən Cəlaləddin oğlu və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, İddiaçının nümayəndəsi İddiaçı2, cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı SOCAR-ın İddiaçı1 Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-550/2022 saylı 25 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 01 mart 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 115,8-ci kmdə, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanında inşa edilmiş hasarın üzərində 3 mişar daşı hündürlüyündə yeni hörgü işləri aparmışdır. İddiaçı1 35 saylı komandasının əməkdaşları tərəfindən aparılan tikinti işləri aşkar olunaraq aktlaşdırılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı SOCAR-ın İddiaçı1 Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR İddiaçı1 istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 115,8- ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanındə Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar tikililərinin cavabdehin hesabına sökülərək, ərazidən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, SOCAR-ın İddiaçı1 istismarında olan Şirvan- Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 115,8-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasında, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanında Cavabdeh tərəfindən fərdi yaşayış evi və hasar tikililəri faktı aşkar olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neftqaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər.

4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-550/2022 saylı, 25 fevral 2022-ci il tarixli qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddianın qismən təmin edilməsi, SOCAR-ın İddiaçı1 istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 115.8-ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən 5 metr aralı məsafədə kəmərin mühafizə zonasında Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanında Cavabdeh tərəfindən hasarın üzərində aparılmış 3 mişar daşı hündürlüyündə yeni hörgü işləri Cavabdeh hesabına sökülməsi, qalan hissədə iddianın təmin olunmaması qət edilməmişdir.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4.3, 22.2, 49.1. 50, 55, 67.2, 67.4, 68, 111-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3, 180.4-cü maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2. 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdehin mübahisəli torpaq sahəsində tikmiş olduğu evə dair hüquq müəyyənedici sənədi olmasada, həmin evdə uzun müddət yaşayış olmasını, iddiaçı tərəfindən cavabdehə hər hansı bir etiraz və ya tələb olmamasını əsas götürmüşdür. Belə ki, Cavabdeh dəfələrlə iddiaçı təşkilat tərəfindən xəbərdarlıqlar olunmuşdur. Bu barədə yerində aktlar tərtib olunmuşdur. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 yanvar 2022-ci il tarixi 10/6510 nömrəli ekspert rəyinin məzmunundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanında yerləşən tikililərin neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Neft boru kəmərlərinin strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqaladə hallarn baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətrər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Bu halda məhkəmənin heç bir hüquq normasına istinad etmədən qərar qəbul etməsi qanunsuz və əsassızdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərk, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş və izahatında göstərmişdir ki, MəftunXəlilovun inşa etdiyi mübahisəli tikilinin bir hissəsi mühafizə zonasına düşür qalan hissəsi düşmür. Qeyd edilən torpaq sahəsini 2004-cü ildə bələdiyyə sərəncamı ilə alıb. 2009-2011-ci illərdə tikinti işləri görülüb. 2011-ci ildən də yaşayış var həmin evdə. Həmin tikili yeni tikili deyil

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

11. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

12. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

13. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

14. Maddə 4.3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir.

15. Maddə 22.2. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.

16. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

17. Maddə 50. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar daimi və ya müvəqqəti istifadəyə müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən verilir.

18. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr, hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər, məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü, vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

19. Maddə 67.2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

20. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

21. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

25. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, iş materiallarında olan İddiaçı1 35 saylı komandasının qarovul rəisi X3, atıcılar X6 və X7 iştirakları ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Şirvan- Böyükşor DŞ 500 mm-lik yerüstü magistral kəmərinin 115,8-ci km-də, kəmərə paralel, 1-cı sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə içərisində yaşayış olan evin həyətyanı sahəsində, köhnədən olan hasarın üzərinə 20 metr uzunluğunda və 3 mişar daşı hündürlüyündə yeni hörgü işlərinin aparılaraq tamamlanması aşkar edilmiş, mühafizə ərazisində aparılan tikinti işlərinin qanunazidd olduğu ev sahibi Cavabdeh izah edilərək əlavə işlərin görülməməsinə dair yazılı şəkildə xəbərdarlıq təqdim edilmiş, lakin vətəndaş xəbərdarlığa imza etməkdən imtina etmişdir.

31. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2022-ci il tarixli, 10/6510 №-li rəyindən görünür ki, “Magistral neft kəmərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsi ünvanındə Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi və hasar SOCAR-ın İddiaçı1 istismarında olan Şirvan Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin mühafizə zonasında yerləşir.

32. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh mübahisəli torpaq sahəsini Biləcəri bələdiyyəsindən xx.xx.2016-cı il tarixdə alqı-satqı yolu ilə almışdır. Biləcəri bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin torpaq sahəsində cavabdehin inşa etdiyi fərdi yaşayış evinin Cavabdeh adına sənədləşdirilməsi qərara alınmışdır. Bundan başqa Biləcəri bələdiyyəsinin sədri, torpaq şöbəsinin müdiri, torpaq şöbəsinin memarının iştirakları ilə ərazinin sxemi tərtib olunmuş və Cavabdeh ayrılmış torpaq sahəsi də sxemdə qeyd olunmuşdur.

33. Apellyasiya icraatı zamanı mübahisəli torpaq sahəsi və tikilinin Biləcəri bələdiyyəsinin tərtib etdiyi sxemdə müəyyən olunmuş əraziyə düşüb-düşməməsinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2022-ci il tarixli, 10/3291 №-li rəyindən göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 1 May küçəsində yerləşən, mübahisə predmeti olan torpaq sahəsinin faktiki ölçülərinin mülki iş materiallarında olan (səh.86-90) Biləcəri bələdiyyəsi tərəfindən tərtib edilmiş plan-sxemdə qeyd olunan ölçülərlə üst-üstə düşdüyü müəyyən olunur. Biləcəri bələdiyyəsi tərəfindən tərtib edilmiş plan-sxemdə fərdi yaşayış evi və hasar tikilisinə dair hər hansı bir məlumat olmadığından həmin tikililərin faktiki ölçülərinin Biləcəri bələdiyyəsinin tərtib etdiyi sxemdə olan ölçülərlə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi mümkün olmamışdır.

34. Apellyasiya icraatında araşdırma zamanı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş SOCAR Hüququ idarəsinin SOCAR **********60040033B00761 nömrəli 15 aprel 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən UTM- WGS 84 koordinat sisteminə görə koordinatları müyyən olunmuş 830 kv.m torpaq sahəsi SOCAR-ın istismarında olan neft-qaz boru kəmərlərinin və daimi istifadəyə ayrılmış ərazilərin mühafizə zonası xaricində yerləşir.

35. Buna görə də, mübahisəli torpaq sahəsi və tikilinin SOCAR İddiaçı1 istismarında olan Şirvan-Böyükşor DŞ-500 mm-lik yerüstü neft kəmərinin 115,8- ci km-də, kəmərə paralel, 1-ci sırada, kəmərdən təqribən 5 metr aralı məsafədə, kəmərin mühafizə zonasına düşüb-düşməməsinin müəyyən olunması məqsədilə ekspertiza təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 yanvar 2023-cü il tarixli, 10/7347 №-li rəyindən göstərilmişdir ki, baxış zamanı, sökülməsi tələb olunan, cavabdehin istifadəsində olan (yaşadığı) tikilinin və onun yerləşdiyi torpaq sahəsinin sərhədləri (koordinatları) müəyyən olundu. Cavabdehin faktiki istifadəsində olan hasarın Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərindən 7,0 metr, fərdi yaşayış evinin isə Şirvan-Böyükşor Dş-500 mm-lik magistral neft kəmərindən 17 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikililərin Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi tərəfindən hazırlanmış ve xx.xx.2003-cü ildə Ədliyyə Nazirliyində 2951 nömrəsi ilə qeydiyyata alınmış “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları” ilə müəyyən edilmiş 50 metrik mühafizə zolağının daxilinə düşdüyü müəyyən olundu.

36. Həmçinin, daha sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən daxil olmuş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, vətəndaş Cavabdeh aid məktub saxtadır. Belə ki, 2021-ci ilin yanvar-may ayları ərzində SOCAR-a Cavabdeh adlı vətəndaşın müraciəti daxil olmamışdır. Əlavə olaraq bildirilir ki, saxtalaşdırılmış məktubun nömrəsi ilə eynilik təşkil edən məktub xx.xx.2020-ci il tarixdə başqa bir vətəndaşa ünvanlanmışdır. Qeyd olunanları nəzərə alaraq, gələcəkdə bu cür halların baş verməsinin qarşısının alınması məqsədilə, təqsirkar şəxslər barəsində xüsusi qərardadın çıxarılmasını və qanunvericiliyə uyğun şəkildə məsuliyyətə cəlb olunması xahiş edilmişdir.

37. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə Biləcəri Bələdiyyəsinin 30 dekabr 2021-ci il tarixli, 120 saylı sərəncamı ilə fərdi ev inşa etmək üçün cavabdehə torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsində mübahisəli ev inşa edilmişdir.

38. Analoji məhkəmə mübahisəsi X1 Azərbaycana qarşı şikayəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxış predmeti olmuş və həmin məhkəmənin 18 noyabr 2021-ci il tarixli qərarı qəbul edilmişdir.

39. Həmin qərarda aşağıdakılar qeyd edilmişdir: “Ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənasında onun “mülkiyyətinə” aid olsun. “Mülkiyyət” anlayışı “mövcud sahiblik”lə məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “qanuni gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağına aidiyyəti olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə baxılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan hüquqları verməməsidir (baxın Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Məhkəmə qeyd etmişdir ki, sözügedən ev daxili məhkəmələr tərəfindən icazəsiz tikinti elan edilmişdir. Belə görünür ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz tikililər mülkiyyət hüququnun predmetini təşkil edə bilməz (müqayisə üçün baxın İvanova və Çerkezov, Bolqarıstana qarşı, № 46577/15, § 68, 21 aprel 2016-cı il və Kotumanova Rusiyaya qarşı (dek.), № 57964/08, § 52, 11 sentyabr 2018-ci il). Məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin və Torpaq Məcəlləsinin 111-ci maddəsinin tətbiqi ilə bağlı heç bir qeyri-müəyyənlik olmamışdır. Ərizəçiyə SOCAR-ın nəzdindəki Mənzil İstismar İdarəsi tərəfindən sənəd verilmişdi və ev kommunal xidmətlərə qoşulmuşdur. Ərizəçi iddia etmişdir ki, dövlət orqanları buna görə də evdən xəbərdardırlar və onun mövcudluğuna münasibət bildirmirlər. Bununla belə, iş materiallarından göründüyü kimi, yuxarıda qeyd olunan sənədin özü ərizəçiyə ev üzərində heç bir mülkiyyət hüququ verməmişdir və ona kommunal ödənişləri almaq və ödəmək üçün verilmişdir. Ərizəçinin sözügedən evə görə hər hansı vergi ödədiyini müəyyən etmək mümkün deyil (Yuxarıda göstərilən Öneryıldız, § 105 və Barahona Guachamin və Digərləri İtaliyaya qarşı kk. № 33295/15, § 67, 4 dekabr 2018, ilə müqayisə edin). Məhkəmə əvvəllər dövlət orqanlarının icazəsiz tikililərin mövcudluğuna münasibətini araşdırarkən kommunal xidmətlərin göstərilməsini müvafiq element kimi nəzərə almasına baxmayaraq (məsələn, yuxarıda qeyd olunan Öneryıldız, §§ 105 və 127, Hamer Belçikaya qarşı, № 21861/03, § 83, AİHM 2007V (çıxarışlar)), hazırkı işdə söküntü haqqında qərar ev ərizəçi tərəfindən satın alındıqdan sonra ağlabatan müddət ərzində verilmişdir (hamısı yuxarıda göstərilmiş Saqinadze, §§ 106-07; Öneryıldız, §§ 105-06; və Hamer, §76 və İvanova və Cherkezov, § 75-i müqayisə edin). Müəyyən müddət ərzində dövlət orqanları tərəfindən hər hansı reaksiyanın olmaması ərizəçidə belə bir təsəvvür yaratmamalı idi ki, ona qarşı evin sökülməsi ilə bağlı icraat qaldırıla bilməz və bu, özlüyündə evin sökülməməsinə səbəb olmaq üçün kifayət deyil. Ərizəçinin evə olan mülkiyyət marağı 1 nömrəli Protokolun 1-ci maddəsinin birinci cümləsində ifadə edilmiş qaydanın mənasına uyğun olaraq “sahibi” olmaq üçün kifayət qədər müəyyən edilmiş və əhəmiyyətli olmuşdur (yuxarıda göstərilən Baqdonaviçius və başqaları Rusiyaya qarşı, № 19841/06, §§ 117-18, 11 oktyabr 2016-cı il, və Barahona Quachamin və başqaları, §§ 67-68 baxın).”

40. Ona görə məhkəmə həmin işdə belə qənaətə gəlmişdir ki, şikayətçinin 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan (mülkiyyət hüquqları) hüquqları pozulmamışdır.

41. Lakin, həmin işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ərizəçinin evinə müdaxilənin Konvensiyanın 8-ci maddəsinin pozuntusu kimi tanımışdır. Bununla bağlı Məhkəmənin əsaslandırması aşağıdakı kimi olmuşdur: “Ərizəçi bildirmişdir ki, çıxarılma qərarı icra olunarsa, onun evinə hörmət hüququna müdaxilə təşkil edəcək və belə müdaxilə qanuni məqsəd güdməyəcək. O, iddia etmişdir ki, evin yerləşdiyi torpaq sahəsi 1962-ci ildən ARDNŞ tərəfindən işlənməmişdir və Hökumət bunun təcili olaraq dövlət ehtiyacı olduğunu göstərə bilməmişdir. O, daha sonra şikayət etmişdir ki, daxili etiraz edilən tədbirin (evin sökülməsi və oradan çıxarma) mütənasibliyi məhkəmə tərəfindən araşdırılmamış, onun və qızının evdən çıxarılacağı təqdirdə evsiz qalacaqları nəzərə alınmamışdır. Hökumət iddia etmişdir ki, dövlət orqanlarının ərizəçinin evinə hörmət hüququna müdaxiləsi demokratik cəmiyyətdə ölkənin iqtisadi rifahı naminə zəruri olmuşdur və bu, daxili qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qeyd etmişdir ki, 8-ci maddənin mənasında “ev” anlayışı qanuni şəkildə zəbt olunmuş və ya qanuni əsaslarla qurulmuş binalarla məhdudlaşmamışdır. Bu, daxili qanunvericiliyə əsasən təsnifatdan asılı olmayan muxtar anlayışdır. Xüsusi binaların 8-ci maddənin müdafiəsini cəlb edən “ev” olub-olmaması faktiki hallardan, yəni konkret yerlə kifayət qədər və davamlı əlaqələrin mövcudluğundan asılı olacaq (baxın: X4rşı, № 66610/10, § 30, 14 mart 2017). Ərizəçi sözügedən evi 2007-ci ilin iyul ayında aldıqdan sonra qızı ilə birlikdə bu evdə yaşamışdır. Buna görə də, ev Konvensiyanın 8-ci maddəsinin mənasına görə ərizəçinin evi olmuşdur. Ərizəçinin evdən çıxarılması yerli məhkəmələr tərəfindən icazəsiz tikililəri tənzimləyən hüquqi normalarına uyğun olaraq qərara alınmışdır. Yerli məhkəmələr, o cümlədən, Mülki Məcəllənin 180-ci maddəsinə və Torpaq Məcəlləsinin 111-ci maddəsinə istinad etmişlər. Məhkəmənin daxili qanunvericiliyə riayət olunmasını yoxlamaq səlahiyyətinin məhdud olduğunu qeyd edərək, yerli məhkəmələrin ərizəçinin çıxarılmasına dair qərarları daxili qanunvericiliyə uyğun olduğunu demək mümkündür. Lakin, hökumət sözügedən müdaxilənin “ölkənin iqtisadi rifahının maraqları naminə... zəruri olduğunu” iddia etsə də, hazırkı işin vəziyyətində Məhkəmə bu müdaxilənin Azneft-in hüquqlarını qorumaq üçün qanuni məqsəd güddüyünü saymağı daha məqsədəuyğun hesab etmişdir. Məhkəmənin qərarlaşmış presedent hüququna əsasən, evin itirilməsi evə hörmət hüququna müdaxilənin ən ifrat formasıdır, bu baxımdan risk altında olan istənilən şəxs – həmin şəxsin həssas qrupa aid olub-olmamasından asılı olmayaraq – Konvensiyanın 8-ci maddəsinə əsasən müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən tədbirin mütənasibliyinə malik olmalıdır. Bu baxımdan qeyri-qanuni tikintidən söhbət gedəndə ön plana çıxa biləcək amillər evin qanunsuz tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə evi tikməməsi, qanunsuz tikilinin kim tərəfindən inşa edilməsi, müvafiq orqanların buna icazə vermələri, sözügedən qanunsuzluğun xarakteri və dərəcəsinin nədən ibarət olması, söküntü ilə qorunmaq istənilən marağın dəqiq mahiyyəti və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerinin olub-olmaması kimi hallar araşdırılmalıdır. Buna görə də, əgər aidiyyəti şəxs bu cür arqumentlər əsasında müdaxilənin mütənasibliyinə etiraz edərsə, məhkəmələr onları diqqətlə araşdırmalı və onlarla bağlı adekvat səbəblər göstərməlidirlər (baxın: McCann Birləşmiş Krallıqa qarşı, № 19009/04, § 50. , AİHM 2008; Yordanova və başqaları Bolqarıstana qarşı, № 25446/06, § 118 (iv) cərimə, 24 aprel 2012-ci il və yuxarıda adı çəkilən İvanova və Çerkezov, § 53). Məhkəmə qeyd etmişdir ki, hazırkı işdə evin sökülməsinə və ərizəçinin çıxarılmasına qərar verərkən yerli məhkəmələr yalnız onun dövlətə məxsus torpaqda tikilmiş icazəsiz tikinti olduğuna diqqət yetirmişlər (yuxarıda adı çəkilən Bagdonavicius və Digərləri § 102 ilə müqayisə edin). Ərizəçi apellyasiya şikayətlərində sözügedən evin onun yeganə evi olduğunu və başqa ev almaq üçün imkanları olmadığı üçün evdən çıxarılacağı təqdirdə qızı ilə birlikdə evsiz qalacağını iddia etsə də, yerli məhkəmələr bu məqama məhəl qoymamış və gəlişən maraqları qarşılaşdıra bilməmişlər (Kaminskas Litvaya qarşı, № 44817/18, § 64, 4 avqust 2020-ci il ilə müqayisə edin). Bundan əlavə, indiki kimi hallarda mütənasiblik hakimiyyətin torpağı geri almağa çalışdığı istifadə etmək hüququ ilə ayrılmaz şəkildə bağlıdır. Hazırkı işdə nə Azneft yerli məhkəmələrə təqdim etdiyi iddiasında, nə də Hökumət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişlər (Yordanova § 127 və yuxarıda adı çəkilən digərləri).”

42. Qeyd olunan əsaslanmadan çıxış edən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi oxşar işdə qərara almışdır ki, ərizəçinin şəxsi şəraiti nəzərə alınmaqla onun mütənasibliyi lazımi qaydada yoxlanılmadan evdə çıxarılma qərarı icra ediləcəyi təqdirdə Konvensiyanın 8-ci maddəsi pozulacaqdır.

43. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, mübahisəli torpaq sahəsi uzun müddətdir cavabdehin istifadəsindədir, həmin mübahisəli torpaq sahəsində fərdi yaşayış evi inşa edərək orada yaşayış var və həmin torpaq sahəsi və fərdi yaşayış evi uzun müddətdir istifadədədir. Keçən müddət ərzində iddiaçı tərəfindən bununla bağlı cavabdehə hər hansı bir etiraz və ya tələb bildirilməmişdir.

44. Bununla yanaşı işdən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə fərdi yaşayış evinin qanunsuz olması və sökülməsi barədə hər hansı bir xəbərdarlıq edilməmiş, ancaq əlavə işlərin görülməməsi tələb edilmişdir.

45. Həmçinin, mübahisəli torpaq sahəsi və üzərində yerləşən tikililər neft kəmərinin mühafizə zolağının daxilinə düşsə də, həmin tikililərin cavabdeh tərəfindən uzun müddət öncə inşa edildiyini, onun həmin tikilidən uzun müddətdir istifadə etdiyini və bununla bağlı iddiaçı tərəfindən hər hansı bir etiraz və xəbərdarlıq edilmədiyini nəzərə alınır.

46. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas deyildir.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-550/2022 saylı iş üzrə 25 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə bağlı ödənilmiş dövlət rüsumu məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Elşən Kazımov Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar