Məhkəmə qərarları › İş №2(103)-2018/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2018/2023

13.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2018/2023 13.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, miras əmlaka payın tanınması”) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, İddiaçı vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, miras əmlaka payın tanınması” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(011)-7259/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7937/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “qanun üzrə vəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, miras əmlaka vərəsəlik hüququnun tanınması, mirasdan payın müəyyən edilərək, yeni şəhadətnamənin verilməsi” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5593/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 7937/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçının iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən verilmş kasasiya şikayəti Azərbaycan Respublikası Ailə Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin qeyd edilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, atası X5 miras qalmış Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi, ev 14, mənzil 161 ünvanında yerləşən mənzilin (mirasın) qəbul etməsi faktının müəyyən edilməsi, 18 saylı DNK xx.xx.2006-cı il tarixli, 2V- 01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv olunması və miras əmlaka dair ¼ hissədə vərəsəlik payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1976-cı il təvəllüdlüdür. Ailələri 5 nəfərdən ibarət idi. Bununla əlaqədar olaraq təxminən 30 il öncə iddiaçının ailəsinin tərkibinə uyğun olaraq 4 otaqlı mənzil istifadələrinə verilmişdir. O, orada ömrünün xeyli hissəsini daimi olaraq yaşamışdır. Lakin təxmini 1995-ci ildən müəyyən səbəblərə görə başqa yaşayış sahəsinə müvəqqəti olaraq köçmüşdür. Ona görə də ailəsi daxilində gedən bəzi proseslərdən bixəbər olmuşdur. 2006-cı ildə atası X10 vəfat etmişdir. O da hər bir övlad kimi atasını son mənzilə yola salmışdır. Hüzr mərasimlərində iştirak etmişdir, miras əmlak olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 14 saylı evin, 161 saylı mənzilində xeyli müddət yaşamışdır. Məişətdə yaranan problemləri həll etdirmişdir. Hətta, mənzil daxilində quraşdırılan su kranın biri xarab olduğuna görə onun təmir olunması mümkün olmadığına görə, təzə su kranı alıb usta çağıraraq problemi aradan qaldırmışdır. Mirası qəbul etməyi ilə əlaqədar digər sübutları da var. Lakin cavabdehlər qərəzli və aldadıcı hərəkətlərə yol verərək, atasının vəfatından sonra (1997-ci ildə onun mülkiyyətinə keçmişdir) miras qalmış mübahisə predmeti olan mənzilin qəbulu ilə əlaqədar 18 saylı DNK-ya (hazırki Bakı şəhəri 18 saylı Notariat Ofisi) müraciət etmişlər və mənzili təkcə özləri ələ keçirmişdilər. Nəticədə onların adlarına notariat kontoru tərəfindən verilmiş xx.xx.2006- cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onların vərəsəlik hüququ tanınmış və həmin mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Beləliklə, də onun vərəsəlik hüquqları kobud surətdə pozulmuş, o, ona çatası paydan əsassız olaraq məhrum olmuşdur. Amma o, artıq qeyd etdiyi dövrdə faktiki olaraq, miras əmlakı qəbul etmişdir. O, hətta mənzildə mövcud olan telefon nömrəsi üçün aylıq abonent haqqını da ödəmişdir. Bütün bunlar bir daha sübut edir ki, o, miras əmlakı faktiki qəbul etmişdir. Buna baxmayaraq, bu günə qədər atasından miras qalmış mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir.

4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaya qarşı yazılı etiraz təqdim edərək, bildirmişdilər ki, iddiaçı xx.xx.2019-cu il tarixdə eyni, yəni “mirasın qəbul edilməsi faktının müəyyən olunması və mirasa dair payın müəyyənləşdirilməsi” barədə iddia ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddiaya Bakı şəhəri Xətai Rayon Məhkəməsində, Bakı Apellyasiya Məhkəməsində, həmçinin Ali Məhkəmədə baxılmışdır və yekun olaraq son məhkəmə instansiyasında xx.xx.2021 tarixli, 1(102)-2379/2021 saylı qərar çıxarılmışdır. Lakin iddiaçı bu proseslər barəsində heç bir kəlimə də qeyd etməmişdir. Bu səbəbdən, onlara da eyni məsələnin ikinci dəfə müzakirəyə çıxarılması təəcüb doğurmuşdur. İddiaçı iddia ərizələrində bir çox zəruri məqamları qeyd etməmiş, bəzən isə yanlış məlumat verərək faktiki olaraq gerçək vəziyyəti təhrif etmişdir. Belə ki, sözü gedən mənzil onların atası X10 tərəfindən 1982-ci ildə alınmışdır. Ataları rəsmi nikahda olduğu Cavabdeh2, uşaqları, yəni onları həmin mənzildə müvafiq qaydada qeydiyyata aldırmışdır. 1995-ci ilin iyun ayında isə iddiaçı həmin mənzili ailə qurmaq məqsədi ilə özbaşına olaraq (valideynlərinin kəskin narazılığına məhəl qoymadan) tərk etmiş və ailə qurmaq məqsədi ilə X6 mənzilinə köçmüşdür. İddiaçının bu hərəkəti atalarının ciddi narazılığına səbəb olmuşdur. Bu hadisədən bir neçə ay sonra ailələr arasında barışıq olmuş və barışıqla bağlı atasının qoyduğu sərt şərtə uyğun olaraq, iddiaçı ailə qurmaq istədiyi şəxsin yaşadığı ünvana qeydiyyata düşmüşdür. Təxminən iki il sonra iddiaçı məhkəmə yolu ilə boşanmış və X9 bir mənzilin alınması üçün ona 3.000 ABŞ dolları məbləğində pul vermişdir. Ataları humanist addım ataraq, həmin məbləğin üstünü öz vəsaiti hesabına düzəldərək bir neçə ay sonra iddiaçıya Bakıxanov qəsəbəsində bir otaqlı mənzil alınmışdır. İddiaçı rəsmi boşandıqdan sonra, yeni mənzili alana qədər bir neçə ay müddətində qeydiyyatsız şəkildə onların mübahisəli mənzilində yaşamışdır. Bu dövrdən sonra iddiaçı faktiki olaraq ailədən kənarda yaşamışdır. Abuzər Əliyev demək olar ki hər həftə ona maddi köməklik etmişdir. Lakin iddiaçı toplanan pulla özünə maşın almışdır. Ataları onun bu hərəkətinə çox hiddətlənmiş və hər zaman onun ləyaqətsiz övlad olduğunu vurğulamışdır. İddiaçı həyatının böyük hissəsini bu mənzildə yaşadığını qeyd edir. Lakin nəzərə alınmalıdır ki, o, mənzildə 1995-ci ilə kimi, ataları onu fərdi mənzillə təmin edənə kimi yaşamışdır. Digər tərəfdən, iddiaçı 2 il əvvəlki müraciətində bu mənzil barədə ümumiyyətlə məlumatsız olduğunu bildirmişdir. Bu məlumat tam saxtadır. Belə ki, həmin mənzil 1983-cü ildən atalarının ixtiyarında olmuş və iddiaçı 1995-ci ildən həmin mənzili tərk etməsinə baxmayaraq, mənzil daim onların ailəsinin balansında olmağa davam etmişdir. 1995-ci ildən sonra, həmin mənzildə ataları, anaları və onlar, yəni 4 (dörd) nəfər daimi yaşamışlar. 2006-ci ildə ataları dünyasını dəyişdikdən sonra isə mənzil notariusun iştirakı ilə geridə qalan 3 nəfər sakin arasında bölüşdürülmüşdür. Hazırda da mənzildə həmin 3 nəfər yaşamaqdadır. Bu faktı da iddiaçı daim bilirdi. Ona görə bu proseslərin üstündən 13 il keçtikdən sonra, iddiaçının belə saxta iddiası sadəcə acı təəsüf doğurur. Hazırkı iş üzrə miras qoyan X7 öldüyü 04 mart 2006-cı il tarixdən iddiaçının vərəsə kimi hüquqları yaranmışdır. Lakin iddiaçı həmin hüququnun davam etdiyi 6 ay müddətində qanunvericiliyin tələbinə əsasən nə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, nə də əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmişdir.

5. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(011)- 7259/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, miras əmlaka payın tanınması” tələbinə dair iddiası rədd edilmişdir. (hakim X8)

6. Məhkəmə iddianı rədd edərkən hesab etmişdir ki, iddiaçının əvvəlki iddia tələbinə baxılarkən iddiaçının mirası faktiki qəbul etməməsi faktı, eləcə də 18 saylı DNK tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və miras əmlaka dair ¼ hissədə vərəsəlik payının müəyyən olunması üçün əsasların olmamasına dair faktlar Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5593/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən və iddiaçının hazırkı iddia tələbi ilə bağlı irəli sürdüyü faktlar eynilə əvvəlki iddia tələbi üzrə baxılan mülki işdə irəli sürülmüş işin faktiki halları ilə eynilik təşkil etdiyindən, həmçinin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5593/2020 saylı qətnaməsi qanuni qüvvəsini almaqla, hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan iddia tələbi təmin edilə bilməz.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 82.3-cü və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddia tələbini rədd edərkən gəldiyi nəticə tamamilə əsassızdır. Belə ki, onun iddiası üzrə məhkəməyə sübutları təqdim etməsinə baxmayaraq, məhkəmə onlara ümumiyyətlə baxış keçirməmiş, onlarla tanış olmamış, onları sübut kimi qiymətləndirməmiş və nəticədə, səhv qənaətə gələrək, yalnız əvvəlki iş üzrə çıxarılmış apellyasiya instansiyası məhkəməsinin qətnaməsini əsas gətirərək, hazırki iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxartmışdır. Halbuki məhkəmə onun təqdim etdiyi sübutları ətraflı araşdırmalı idi, işin bütün hallarını nəzərə almalı idi və bundan sonra müvafiq qətnamə qəbul etməli idi. Ancaq əfsuslar olsun ki, bütün bunları məhkəmə nəzərə almamış və nəticə etibarı ilə qanunsuz, işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. Nəticə etibarı ilə iddianın təmin olunmaması haqqında qanunsuz qətnamə çıxarılmış və işdə olan sübutlar əsasında atasından miras qalmış əmlakın faktiki qəbul edilməsi faktı müəyyənləşdirilmədən saxlanılaraq vərəsəlik hüququndan məhrum olunmuşdur. Halbuki, məhkəmənin əsaslandığı qətnamə üzrə baxılmış iddiasının hüquqi əsasları, mahiyyəti və tələbi tamamilə fərqlidir. Onun ilk iddiası ümumi əsaslarla verilmiş və qanunla ona çatası olan vərəsəlik hüququnun tanınmasından ibarət olmuşdur. Belə olduğu halda işə baxan məhkəmə təqdim etdiyi sübutlara, izahatlara obyektiv baxış keçirməli idi. Lakin məhkəmə qanunsuz olaraq hüquqi faktı ümumiyyətlə araşdırmamış və bununla da onun vərəsəlik hüququ kobud surətdə pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinə qarşı iddiaya qarşı verilmiş etirazın məzmununa uyğun etiraz vermişdilər.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdilər.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 82.3-cü maddəsinə əsasən Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

16. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunaraq, iddianın təmin olunması xahiş olunduğundan, qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə hüquq normalarına uyğun çıxarılmışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.

18. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddia üzrə irəli sürülmüş digər iki tələbdən fərqli olaraq “mirasın qəbul edilməsi faktının müəyyən olunması” məsələsinə xüsusi icraat qaydasında baxılır. Lakin hazırki mübahisə tərəflər arasında yaranmış ilk mübahisə deyil, tərəflər arasında onların atasından miras qalmış əmlakla bağlı artıq məhkəmə mübahisəsi olmuş, həmin vaxt və hazırda iş üzrə cavabdehlər iddianı qəbul etmir. Onların irəli sürdüyü hüquqi mövqedən bu məsələ üzrə hüquq haqqında mübahisə olması müəyyən edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə də digər iki tələblə birlikdə iddia icraatı qaydasında baxıla bilər.

19. Məhkəmə kollegiyası mübahisə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, X17 küçəsi, ev 14, mənzil 161 ünvanında yerləşən mənzil xx.xx.1997-ci il tarixdə Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun adına qeydiyyatdan keçmişdir. O, xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Onun 4 vərəsəsi, arvadı Cavabdeh2, övladları İddiaçı (iddiaçı), Cavabdeh1 və Cavabdeh3 (cavabdehlər) olmuşdur. Cavabdeh2 xx.xx.2006-cı il tarixdə, Cavabdeh3 xx.xx.2006-cı il tarixdə, Cavabdeh1 isə xx.xx.2006-cı il tarixdə, yalnız bir-birlərini vərəsə göstərməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 18 saylı Notariat Kontoruna müraciət etmişlər və onlara miras əmlakdan bərabər hissələrdə irs almalarına dair xx.xx.2006-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mənzil hazırda xx.xx.2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlərin mülkiyyətindədir.

20. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, hazırki mübahisədən əvvəl iddiaçı ilə cavabdehlər arasında artıq bir dəfə məhkəmə mübahisəsi olmuşdur. Belə ki, iddiaçının cavabdehlərə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi” tələbinə dair iddia Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7937/2019 saylı qətnaməsi ilə təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(103)-5593/2020 saylı qətnaməsi ilə təmin edilərək, iddia rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, miras qoyan Abuzər Əliyevin öldüyü xx.xx.2006-cı il tarixdən iddiaçının vərəsə kimi hüquqları yaranmışdır. Lakin iddiaçı həmin hüququnun davam etdiyi 6 ay müddətində qanunvericiliyin tələbinə əsasən nə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, nə də əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmişdir. Apelyasiya məhkəməsinin sözügedən qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəsini almışdır.

21. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

22. Bununla belə, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(103)-5593/2020 saylı qətnaməsi hazırki iş üzrə preyudisial xarakter daşıyır. Belə ki, artıq müəyyən edildiyi kimi, iddiaçının onun atasından miras qalmış əmlakı qəbul edib-etməməsi məsələsinə hüquqi qiymət verilmiş və Bakı Apellyasiya Məhkəməsinin qənaəti ondan ibarət olmuşdur ki, iddiaçının miras əmlakı rəsmi və ya faktiki qəbul etməsi təsdiq olunmur. Habelə, iddiaçı mirasın qəbulu müdətinin üzrlü səbəbdən ötürüldüyünü bildirməmiş, bu halı təsdiqləyən sübut təqdim etməmişdir. Bununla belə, ididaçı qanunvriciliklə müəyyən edilmiş müddət ərzində qəbul etməməklə miras əmlaka dair hüququnu itirmişdir. Məhkəmənin bu mövqeyi iddiaçının hazırki iş üzrə irəli sürdüyü mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinin əsassız olduğunu təsdiq edir və bu tələbin rədd edilməsini şərtləndirir.

23. Məhkəmə kollegiyası, iddia üzrə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinin əsas tələb olduğunu, həmin tələbin təmin edilməməsi qənaətinə gəlindiyini, “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, miras əmlaka payın tanınması” tələbinin törəmə tələb olduğunu və bu tələbin təmin-olunub olunmamasının bilavasitə “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” hissəsinin təmin olunub-olunmamasından asılı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən ləğv edilməsi, miras əmlaka payın tanınması” hissəsində də əsasızdır.

24. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq, iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı hüquqi əsas yaratmır. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392- 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2(011)- 7259/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar