Məhkəmə qərarları › İş №2(103)-2019/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2019/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2019/2022 22.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Vəkil2, Cavabdeh MTK-nın vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənişi qəbul etməyə məcbur edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6928/2021 saylı 07 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən və iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “xx.xx.2017-ci il tarixli müqavilənin ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair” mülki iş üzrə ünvan 2l tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənişi qəbul etməyə məcbur edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə bağladığı 19 oktyabr 2017-ci il tarixli 07 saylı müqavilə üzrə ondan ödənişi qəbul etməyə MTK-nın məcbur edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 oktyabr 2017-ci il tarixli 07 saylı müqaviləyə əsasən cavabdeh ona məxsus Bakı şəhəri Binəqədi rayonu Naxçıvani küçəsi 1 saylı binanın qarşısında yerləşən daş qarajını 26000 manat dəyərləndirərək söküb əvəzində ona Binəqədi rayonu 18-ci Dağlıq küçəsində inşa edilən çoxmərtəbəli yaşayış binasının “D” blokunun 4-cü mərtəbəsində ümumi sahəsi 55,8 kv.m təşkil edən bir otqalı mənzili 56000 manat dəyərləndirərək tikib təhvil verməyi öhdəsinə götürmüş, müqavilənin şərtlərinə əsasən, o, qarajından əlavə müqavilə bağlanarkən ilkin olaraq 7000 manat ödəmiş, qalan 23000 manatı isə 40 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Bir il ərzində ödənişləri vaxtında etmiş, 16300 manat borcu qalmışdır. Lakin “Covid-19” pandemiyası ilə əlaqədar gəlirlərinin olmaması, həyat yoldaşının virusa yoluxması səbəbindən bir neçə ay ödəməni həyata keçirə bilməmişdir. Buna görə də 2020-ci il sentyabr ayında qalan borcunu ödəmək üçün cavabdehə müraciət etdikdə, ona müqavilənin ləğv olunduğu bildirilərək, ödəmək üçün gətirdiyi pulun qəbulundan imtina olunmuşdur. Bununla da cavabdeh müqavilə ödhəliklərini icra etməkdən boyun qaçırmış və ona öhdəliyini icra etməyinə mane olmuşdur. Digər tərəfdən cavabdeh mənzili də tikib təhvil verməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6928/2021 saylı 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə nəzərə almamışdır ki, tərəflər arasında bağlanmış müqavilə qüvvədədir, həm o, həm də cavabdeh müqavilə öhdəliklərinin icrasına əməl etməlidirlər. Müqavilə qüvvədə ola-ola cavabdeh gecikdirilmiş də olsa ödənilən vəsaiti qəbul etməkdən imtina edə bilməz. O, pulun ödənilməmiş hissəsinin hamısını birdəfəyə ödəmək üçün müraciət etdiyi vaxtadək cavabdeh binanı və onun mənzilini tikib qurtarmamışdır, yəni müqavilə öhdəliyini icra etməmişdir. Müqavilə qüvvədə olduğu müddət ərzində cavabdehin pulu qəbul etməkdən imtina etməsi qanunsuzdur. Bundan başqa iddiaçı Cavabdeh MTK cavabdeh İddiaçı qarşı “xx.xx.2017-ci il tarixli müqavilənin ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə MTK arasında bağlanmış 19 oktyabr 2017-ci il tarixli “Əvəzləşdirmə” müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə tərəflərin öhdəliklərinə xitam verilməsi və cavabdeh tərəfindən MTK-ya təhvil verilmiş qaraj söküldüyündən müqavilə üzrə həmin qarajın razılaşdırılmış dəyərini təşkil edən 26000 manat və əlavə sahəyə görə ödənilmiş 13900 manat, cəmi 39900 manatın cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın iddia tələbi onunla əsaslandırılmışdır ki, MTK ilə cavabdeh arasında ünvan 1 ünvanında inşa edilən yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 kv.m təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsinin 56000 manat təşkil edən pay dəyərinin alınması üçün xx.xx.2017-ci il tarixli əvəzləşdirmə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh ümumi sahəsi 55.8 kv.m təşkil edən yaşayış sahəsini əldə etmək üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən tərtib olunmuş Texniki pasporta əsasən ona məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi, 1saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 kv.m təşkil edən qaraj sahəsini qarşılıqlı razılaşma əsasında 26000 manat dəyərləndirərək Cavabdeh MTK ilə əvəzləşdirmiş və əlavə olaraq 30000 manat ödəmək öhdəliyini üzərinə götürmüşdür. Eyni zamanda tərəflər qalıq borc məbləğini təşkil edən 30000 manatın ilkin olaraq 7000 manatının ödənilməsinə, bundan sonra qalıq borc məbləğini təşkil edən 23000 manatın isə hissə-hissə və bu müqaviləyə əlavə edilmiş qrafik üzrə 40 ay müddətində ayda 575 manat olmaqla ödənilməsinə dair razılığa gəlmişlər. Müqaviləyə əsasən cavabdeh tərəfindən MTK-ya sonuncu dəfə xx.xx.2018-ci il tarixdə 575 manat ödənilməklə ümumilikdə 13900 manat pul ödənilmişdir. 1 il 9 ay keçməsinə baxmayaraq ödənilməyən 16100 manat vəsaitin ödənilməsi istiqamətində cavabdeh tərəfindən heç bir addım atılmamışdır. Bununla da MTK-ya xeyli miqdarda ziyan vurulmuşdur. Belə ki, MTK keçən 1 il 9 aya yaxın müddət ərizndə sözügedən yaşayış sahəsini başqa bir şəxsə sata və böyük gəlir əldə edə bilərdi. Müqavilə üzrə öhdəliklərin icra olunması üçün İddiaçı dəfələrlə şifahi şəkildə bildirilmiş və nəhayət xx.xx.2020-ci il tarixli, 37 nömrəli xəbərdarlıq məktubu ünvanlanmışdır. ünvan 2l tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı MTK tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apelyasiya şikayətində göstərilmişdir ki, cavabdeh tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4389/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MTK-nın cavabdeh İddiaçı qarşı “xx.xx.2017-ci il tarixli müqavilənin ləğvi və ödənilmiş vəsaitin geri qaytarılması tələbinə dair” 2(103)-4389/2022 saylı mülki iş, onunla əlaqəli olan İddiaçı Cavabdeh MTK-ya qarşı 19 oktyabr 2017-ci il tarixli müqavilə üzrə ödənişi qəbul etməyə MTK-nın məcbur edilməsi tələbinə dair 2(103)-2019/2022 saylı mülki işlə bir icraatda baxılması üçün birləşdirilmiş və onlara bir icraatda baxılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən verdikləri apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Cavabdeh MTK-nın Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verdiyi apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh MTK-nın vəkili Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İddiaçı tərəfindən digər qətnamədən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, İddiaçı tanış olduğu üçün mənzil ona ucuz qiymətə satılmışdır. Bina tikilib, lakin hazırda təhvil verilməmişdir. İddiaçı 16100 manat borcu qalmışdır. Mənzil İddiaçı ucuz satıldığı üçün, gecikdirilmiş məbləğin yeni qiymətlərlə ödənilməsi tələb olunmuş, lakin cavabdeh razılaşmamış, özü mənzili başqa şəxsə baha qiymətə satmaq istəmişdir. Düzdür, 2019-cu ilin sentyabr-oktyabr aylarında İddiaçı MTK-nın ofisinə gəlmişdir, lakin ödəniş etmək üçün yox, mənzili başqa şəxsə satmaq üçün. Hesab edir ki, müqavilənin şərtləri əhəmiyyətli dərəcədə pozulduğundan, ləğv olunmalıdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı öz apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, göstərmişdir ki, 2019-cu ilin təxminən sentyabr-oktyabr aylarında MTK-ya gedərək 5000 manatı, yəni qrafik üzrə gecikdirilmiş məbləği ödəmək istəmiş, lakin MTK tərəfindən qəbul edilməmişdir, hətta həmin vaxt hazırda MTK-nı təmsil edən vəkil də ofisdə olmuş və onu qəbul etmədiklərini bilavasitə görmüşdür. Daha sonra 16100 manatı ödəmək istəmiş, yenə də MTK tərəfindən qəbul edilməmişdir. O, mənzili başqa şəxsə satmaq niyyətində olmamışdır, təmir etdirmək istəmiş, lakin mənzil ona təhvil verilməmişdir. MTK-nın məqsədi mənzili əlindən alıb baha qiymətə satmaqdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia təmin edilməli, Cavabdeh MTK-nın apelyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər ərazi idarəsi tərəfindən xx.xx.2014-cü il tarixində tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Naxcıvani küçəsi, 1 saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 kv.m təəşkil edən qeyri-yaşayış binası (qaraj) İddiaçı məxsusdur. xx.xx.2017-ci il tarixli, 07 nömrəli müqavilənin surətindən görünür ki, payçı İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, 18-ci dağlıq küçəsində inşa edilən hündürmərtəbəli yaşayış binasının “D” blokunda, 4-cü mərtəbədə yerləşən, ümumi sahəsi 55.8 kv.m təşkil edən 1 otaqdan ibarət yaşayış sahəsinin 56.000 təşkil edən pay dəyərinin alınması üçün payçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsi 1 saylı binanın qarşısında yerləşən, ümumi sahəsi 23.8 kv.m təşkil edən qaraj sahəsini qarşılıqlı razılaşma əsasında 26.000 manat dəyərləndirərək Cavabdeh MTK ilə əvəzləşdirməyi və əlavə olaraq 30.000 manat ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, müqavilənin 2.2-ci bəndinə əsasən, qalıq borc məbləğini təşkil edən 30.000 manatın ilkin olaraq 7.000 manatının ödənilməsinə, qalıq borc məbləğini təşkil edən 23.000 manatın isə hissə-hissə və bu müqaviləyə əlavə edilmiş qrafik üzrə 40 ay müddətinə ayda 575 manat olmaqla ödənilməsinə dair tərəflər razlığa gəlmişlər. Müqaviləyə əsasən tərəflər tikinti və təmir işlərinin aparılması üçün nəzərdə tutulmuş müddəti, binanın özül işlərinə başlanmasından hesablanmaqla 36 ay olmasını qəbul etmişlər. Cavabdeh MTK tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı qalıq borc məbləğini təşkil edən 30.000 manatın ilkin olaraq 7.000 manatını xx.xx.2017-ci il tarixdə ödəmiş və qalıq borcu 23.000 manat təşkil edir. xx.xx.2017-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 575 manat olmaqla xx.xx.2017-ci il tarixli 07 nömrəli müqavilə üzrə ödəniş etmişdir. İş materiallarında olan İddiaçı ünvanlanan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə əsasında əldə olunmuş razılığa əsasən mənzilə dair ümumilikdə 13900 manat məbləğində vəsait ödənilmiş, sonuncu (xx.xx.2018-ci il) ödəniş tarixindən sonra isə müqavilə üzrə götürülmüş öhdəliklərə əməl edilməmiş, şifahi xəbərdarlıqlara baxmayaraq MTK-ya olan borc məbləğinin ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. “Kooperativ”ə olan borcu 16100 manat təşkil edir ki, həmin məbləğin də dəymiş zərərlə birlikdə 5 iş günü ərzində MTK-ya ödənilməsi ondan tələb olunmuş, göstərilən müddət ərzində borc məbləği ödənilmədiyi təqdirdə onunla bağlanmış müqavilənin ləğvi və vurulmuş ziyanın ondan tutulması barədə iddia ərizəsilə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı hazırki iddiasında qalan məbləğin qəbul edilməsinin MTK-ya məcbur edilməsini xahiş etmiş, Cavabdeh MTK isə iddia tələbində müqavilənin ləğv edilməsini, öhdəliklərə xitam verilməsini və ödənilmiş pul məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, ilk əvvəl Cavabdeh MTK-nın iddia tələbinə münasibət bildirilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh MTK-nın iddiasının rədd edilməsi qənaətinə gələrək, göstərmişdir ki, müqavilənin ləğvi üçün kifayət qədər əsas yoxdur. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslı olmuşdur. Kollegiyanın qənaətinə görə, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilənin hansı növ müqavilə olması barədə hər hansı istinad olmasa da, bu müqavilə podrat xarakterlidir. Mülki Məcəllənin 752.1-ci maddəsində göstərilmişdir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir (752.2). İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən, sifarişçi (İddiaçı) podradçı (Cavabdeh MTK) tərəfindən 36 ay müddətinə inşa ediləcək hündürmərtəbəli yaşayış binasından dəyəri 56000 manat, sahəsi 55,8 kv.m olan 1 otaqdan ibarət yaşayış sahəsinin alınması üçün özünə məxsus qarajı 26000 manata əvəzləşdirməklə podradçıya təhvil vermiş, 7000 manat nağd ödəmiş, qalan 23000 manatı isə 40 ay müddətində hər ay 575 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 575 manat olmaqla, ümumilikdə 39900 manat ödədikdən sonra ödənişləri dayandırmışdır. Sonradan İddiaçı ödənişləri bərpa etmək, daha sonra isə borcunu tam olaraq bağlamaq istədikdə isə MTK ödənişi qəbul etməkdən imtina edərək, müqaviləni ləğv etmək qərarına gəlmişdir. Cavabdeh MTK hesab edir ki, İddiaçı ödənişləri vaxtında aparmamaqla müqavilə şərtini əhəmiyyətli dərəcə pozmuşdur ki, bu da MTK-nın müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Mülki Məcəllənin 421-ci maddəsinə görə isə göstərilən hal müqavilənin ləğvi üçün əsas təşkil edir. Cavabdeh İddiaçı isə bildirir ki, ödənişləri cəmi 7-8 ay yubatmış, 2019-cu ilin təxminən sentyabr-oktyabr aylarında qrafikə düşmək üçün 5000 manat ödəniş etmək istəsə də, MTK-da onu qəbul etməmiş, müqaviləni ləğv etdiklərini bildirmişlər. Hesab edir ki, ödənişlərin bir müddət gecikdirilməsi müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilə bilməz, ələxsüs nəzərə alınmalıdır ki, heç MTK da hazırki vaxtadək binanı tikib təhvil verməmişdir, halbuki bina 36 ay müddətinə, yəni 2020-ci ilin sonuna kimi tikilib təhvil verlməli idi. Mülki Məcəllənin 421.1-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MTK iddiasını cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması ilə əsaslandıraraq müqavilənin ləğv edilməsini tələb edir. Kollegiya hesab edir ki, İddiaçı tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması halı müəyyən edilməmişdir. Müqaviləyə əsasən ödənilməli olan məbləğin çox hissəsi ödənilmiş, cəmi 16100 manat borc qalmışdır. İddiaçı həmin məbləği birdəfəlik ödəmək istəsə də, MTK tərəfindən qəbul edilmir. Digər tərəfdən müəyyən edilmişdir ki, bina 2020-ci ildə tikilib təhvil verilməli olduğu halda, bina hələ təhvil verilməmişdir, yəni MTK tərəfindən də müqavilənin şərtləri tam icra olunmamışdır. Kollegiya hesab edir ki, İddiaçı hərəkətləri, yəni ödənişin qalan hissəsinin gecikdirilməsini iqtisadi cəhətdən daha güclü tərəf olan MTK-nın mənafeyinə mühüm zərər vurulması kimi qiymətləndirilə bilməz. Mənzilin dəyərinin böyük hissəsi ödənilmiş, qalan məbləğin ödənilməsi isə hazırda MTK tərəfindən qəbul edilmir. İddiaçı tərəfindən ödənilməmiş qalan məbləğ MTK-nın iqtisadi fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir edəcək həcmdə deyil və MTK-nın müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə nəticələnən hal baş verməmişdir. Kollegiya onu da qeyd edir ki, MTK İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu ilə 16100 manat borcun dəymiş zərərlə birlikdə 5 iş günü ərzində ödənilməsini tələb etmiş, göstərilən müddət ərzində borc məbləği ödənilmədiyi təqdirdə onunla bağlanmış müqavilənin ləğvi və vurulmuş ziyanın ondan tutulması barədə iddia ərizəsilə müvafiq məhkəməyə müraciət olunacağı bildirilmişdir. Halbuki, MTK hələ 2019-cu ilin sentyabr-oktyabr aylarında müqavləni ləğv etmək niyyətində olmuş, bu səbəbdən də İddiaçı hər hansı məbləğdə ödəniş qəbul etməmişdir. MTK-nın nümayəndəsinin kollegiyanın iclasında verdiyi izahatdan isə belə aydın olur ki, MTK qalan məbləği yeni (artırılmış) qiymətlə qəbul etməyə razılıq vermiş, İddiaçı isə etiraz emişdir. Göründüyü kimi, tərəflər arasında əsas mübahisə qalıq borcun ödənilməsi yox, həmin borcun yeni, yəni daha yüksək qiymətlə ödənilməsi ilə bağlıdır. Mülki Məcəllənin 398.1-ci maddəsinə görə, müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 398.2-ci maddəsinə görə, müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə isə müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Qeyd olunanlara əsasən, MTK-nın iddiasının əsasını təşkil edən hal sübuta yetirilmədiyindən, bununla da iddia tələbi əsassız olduğundan məhkəmə iddianın rədd edilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Müqavilənin ləğv edilməsi üçün MTKnın istinad etdiyi hal müəyyən edilməmişdir. İddiaçı iddia tələbini rədd edərkən birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı-borclunun xx.xx.2017-ci il tarixli 07 nömrəli müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etmədiyini və kreditor-cavabdehin icraya marağını itirdiyini nəzərə alaraq Cavabdeh MTK-nın bu müqavilə üzrə icranı qəbul etməkdən imtina etmək hüququ tanınmalıdır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti düzgün olmamışdır. Göründüyü kimi hazırki qətnamə ilə tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə iddia rədd edilmişdir, İddiaçı öhdəliyini gecikdirməsi nəticəsində MTK-nın mənafeyinə zərər vurulması və ya ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması kimi hal müəyyən edilməmişdir. Belə olan halda tərəflər arasında olan müqavilə münasibətləri davam edir. Ona görə də müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı öhdəliyini icra edərək, qalan ödəniş məbləğini ödəməli, MTK isə həmin məbləği qəbul etməli və müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirilərək mənzili təhvil verməlidir. İstər müqavilə ilə, istərsə də qanunla müqavilədə nəzərdə tutulmuş qiymətin (mənzilin dəyərinin) artırılmasına əsas verən hal baş verməmişdir. Müqavilənin 9.1-ci bəndinə görə, müqaviləyə əlavə və dəyişikliklərin edilməsi tərəflərin birinin yazılı təklifi və digər tərəfin yazılı razılığı ilə yol verilir. Kollegiya hesab edir ki, MTK tərəfindən 16100 manat qalıq borc qəbul edilməzsə, o zaman iddiaçı Mülki Məcəllənin 532-1-ci maddəsinin tələblərinə uyğun olaraq öhdəliyi depozitə qoyma yolu ilə icra edə bilər. Mülki Məcəllənin 532.1-ci maddəsinə əsasən əgər kreditor icranın qəbulunu yubandırırsa və ya onun olduğu yer məlum deyildirsə, borclu icra predmetini saxlanmaq üçün məhkəməyə və ya notariata verə bilər, pulları və ya sənədli qiymətli kağızları isə notariusun depozit hesabına qoya bilər. Depozitə qoyma barəsində borclu ləngimədən kreditora bildiriş göndərməlidir. Beləliklə, Cavabdeh MTK-nın apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, İddiaçı apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: “Mahal MTK”-nın apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-115/2022 saylı iş üzrə 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6928/2021 saylı iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və həmin iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənişi qəbul etməyə məcbur edilməsi tələbinə dair” iddiası təmin edilsin. Tərəflər arasında bağlanmış 19 oktyabr 2017-ci il tarixli 07 saylı müqavilə üzrə İddiaçı tərəfindən edilən ödənişlərin qəbul edilməsi Cavabdeh MTK-ya həvalə edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar