Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-202/2022 21.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «lizinq borcunun ödənilməsi tələbinə dair” 2(006)-331/2020 saylı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «lizinq borcunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı Lizinq Şirkəti QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2713T/15/B saylı X1 Müqaviləsinə əsasən İddiaçı Lizinq şirkəti QSC təsviri müqavilədə göstərilən 2013- cü il buraxılışlı 90JG163 dövlət qeydiyyat nişanlı, “Baz” markalı avtokranı öz mülkiyyətinə əldə edərək onu Cavabdeh1 MMC-nin istifadəsinə vermişdir. Bununla da, Cavabdeh1 MMC 81602 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla, 30 ay müddətində İddiaçı Lizinq şirkəti QSCyə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdehlər lizinq müqaviləsi üzrə öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Bundan sonra xx.xx.2016-cı il tarixdə lizinq obyekti iddiaçıya təhvil verilmişdir. Nəticədə cavabdehin lizinq obyektini təhvil verən tarixə qədər 16907,59 ABŞ əsas məbləğdən gecikmə, 11416 ABŞ dolları lizinq mükafatı, 8964 ABŞ dolları dəbbə pulu, 1193 ABŞ dolları sığorta, cəmi 38480,59 ABŞ dolları borcu yaranmışdır. Eyni zamanda, müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin lizinq alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 16907,59 ABŞ dolları əsas məbləğdən gecikmə, 11416 ABŞ dolları lizinq mükafatı, 8964 ABŞ dolları dəbbə pulu, 1193 ABŞ dolları sığorta, cəmi 38480,59 ABŞ dolları borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli, 2(006)-331/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada öhdəliklərinin yerinə yetirməməsi nəticəsində yaranmış 16907,59 ( on altı min doqquz yüz yeddi dollar, əlli doqquz sent) ABŞ dolları əsas məbləğdən gecikmə, 11416 (on bir min dörd yüz on altı dollar) ABŞ dolları lizinq mükafatı, 800 (səkkiz yüz) ABŞ dolları dəbbə pulu, 1193 (bir min yüz doxsan üç) ABŞ dolları sığorta, cəmi 30316,59 (otuz min üç yüz on altı dollar, əlli doqquz sent) ABŞ dolları borcun (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2, həmçinin digər Cavabdeh1 MMC tərəfindən həmin qətnamədən apellyasiya şikayətləri verilmiş, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətləri eyni məmzundan ibarət olmuş, onunla əsaslandırılmışdır ki, lizinq predmeti 04 fevral 2016-cı il tarixdə iddiaçıya qaytarılmışdır, faktiki olaraq tərəflər arasındakı münasibətlərə xitam verilmişdir. Lizinq predmeti iddiaçı tərəfindən formal qiymətləndirilmiş və lizinq borcundan çıxılmışdır. Qalıq məbləğlə bağlı isə cavabdehlərə hər hansı üzləşmə aktı və ya borc barədə məlumat verilməmişdir. İddiaçı faiz məbləğinin hesablanması üçün məhkəməyə 3 ildən sonra müraciət etmişdir. Bu da iddianın əsaslı olamdığını təsdiq edir. Məhkəmə iddianın tərəflər arasındakı münasibətlərin pozulmasından 3 il sonra məhkəməyə müraciət etməsinə və iddia müddətinin ötürülməsinə əhəmiyyət verməmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi apellyasiya şikayətlərini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanlması təşkil edir. İş materiallarında olan İddiaçı Lizinq Şirkəti QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 aprel 2015-ci il tarixli, 2713T/15/B saylı X1 müqaviləsindən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. Həmçinin lizinq müqaviləsindən görünür ki, Cavabdeh1 MMC 81602 ABŞ dolları məbləğində borcu illik 21 faiz olmaqla, 30 ay müddətində İddiaçı Lizinq şirkəti QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqaviləni Cavabdeh1 MMC-nin adından direktoru Cavabdeh2 imzalayaraq MMC-nin möhürü ilə təsdiq etmişdir. İş materiallarındakı daxili lizinq müqaviləsinə 2 saylı əlavədən görünür ki, lizinq obyekti olan 1 ədəd BAZ KC547112 markalı avtokran 20 aprel 2015-ci il tarixdə lizinq verən tərəfindən istifadəyə verilmiş, lizinq alan tərəfindən qəbul edilmişdir. İşdə olan 20 aprel 2015-ci il tarixli Zaminlik müqaviləsiindən görünür ki, İddiaçı Lizinq Şirkəti QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 aprel 2015-ci il tarixli, 2713T/15/B saylı X1 müqaviləsi üzrə lizinq alanın lizinq verən qarşısında olan bütün öhdəlikləri tam edilməsi üçün iddiaçı və cavabdehlər arasında üçtərəfli müqavilə bağlanmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh1 MMC-nin xx.xx.2016-cı il tarixinə ödənilməmiş əsas borc üzrə 16907,59 ABŞ dolları əsas məbləğdən gecikmə, 11416 ABŞ dolları lizinq mükafatı, 8964 ABŞ dolları dəbbə pulu, 1193 ABŞ dolları sığorta məbləği olmaqla borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12-ci və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır. İddiaçı Lizinq Şirkəti QSC ilə Cavabdeh1 MMC arasında bağlanmış 20 aprel 2015-ci il tarixli, 2713T/15/B saylı X1 müqaviləsinin 14.1-cı bəndinə əsasən lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişin 0,6 %-nə bərabər həcmdə əlavə ödənişi ödəməlidir. Müqavilənin 2.1-ci bəndinə görə lizinq müddəti ərzində lizinq əmlakına mülkiyyət hüququ lizinq verəndə saxlanılır. Həmin Müqavilənin 13.1.4-cü bəndinə görə lizinq alan tərəfindən lizinq ödənişlərinin ən azı 2 ardıcıl halda ödəniş cədvəlinə uyğun olaraq ödənilməməsi zamanı lizinq verən lizinq obyektini geri almaq hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə cavabdehlərdən borcun tutulmalı olmasına dair düzgün qənaətə gəlsə də, tutulmalı olan gecikmə məbləğini, həmçinin lizinq mükafatının, sığorta haqqının məbləğini, xarici valyuta ilə tutulmalı olmasını düzgün müəyyən etməmişdir və bu səbəbdən mübahisələndirilən qətnamə həmin hissədə dəyişdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin İİİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qeyd olunan qərarda formalaşdırdığı hüquqi mövqeyə görə kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir. Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir. Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir...Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin İİİ hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur. Kollegiya, şərh olunanları və Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinin və Mülki Məcəllənin 439.1 və 439.2-ci maddəsinin imperativ tələbini, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.3-cü bəndinə əsasən “müqavilənin valyutasının ABŞ dolları müəyyən edilməsi, ödənişin Mərkəzi Bankın ödəniş gününə olan məzənnəsinə uyğun olaraq manatla aparılmalıdır” şərtləri Mülki Məcəllənin 439.1 və 439.2-ci maddəsinin imperativ tələbinə ziddir. Birincisi ona görə ki, “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunur və Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsini nəzərdə tutur. İkincisi hazırkı müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar pul öhdəliyini xarici valyuta, o cümlədən ABŞ dolları ilə müəyyənləşdirə bilməzlər. Ücüncüsü müqavilə üzrə tərəflərdən hər hansı biri xarici fiziki və ya hüquqi şəxsi olmadığından onlar bu müqavilə üzrə müqavilənin qiymətini (dəyərini) ABŞ dolları ilə müəyyənləşdirib manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməzlər. Dördüncüsü tərəflər arasında bağlanmış müqavilənin predmetini xarici valyuta (ABŞ dolları) deyil, lizinq obyekti olan tikinti texnikası təşkil etdiyindən cavabdeh həmin əşyanın ödənişini manatın ABŞ dollarına uyğun məzənnəsi üzrə tələb edə bilməz. Apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəyə əsasən, Cavabdeh1 MNMC-nin xx.xx.2016-cı il tarixə lizinq şirkətinə olan borcu əsas borcdan gecikdirmə 17730,99 manat, faiz borcu üzrə 11969,91 manat, sığorta borcu üzrə 1251,1 manat bocru vardır. Məhkəmə kollegiyası hesab edir ki, həmin ekspert rəyini əsaslıdır və rəyi şübhə altına alan hər hansı mötəbər sübut təqdim edilməmişdir. Ona görə də iddia tələbinə uyğun olaraq cavabdehlərdən əsas borcdan gecikdirmə 17730,99 manat, faiz borcu üzrə 11969,91 manat, sığorta borcu üzrə 1251,1 manat tutulmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin məhkəmə iclası barədə məlumatlandırılmamasına dair dəlili ilə bağlı qeyd edir ki, iş materiallarına əsasən məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər cavabdehin iş materiallarında olan ünvanına göndərilmişdir. Bununla yanaşı iddiaçı kollegiya hesab edir ki, 800 ABŞ dolları məbləğində cərimə məbləği iddiaçının həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri, işin hallarını nəzərə alaraq, cərimə pulu tənasübsüz surətdə yüksəkdir və cərimə borcu dəyişdirilərək 800 manat müəyyən edilməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya şikayətlərinin iddia müddətinin keçməsi barədə dəlilinə münasibətdə kollegiya qeyd edir ki, şikayətlər bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş üzrə cavabdehlər birinci instansiya məhkəməsinin iclası barədə məlumatlı olsa da, iddia müddətinin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinə müraciət etməmişdir, belə olan halda iddia müddətinin tətbiqi ilə bağlı apellyasiya instansiyası məhkəməsinə müraciət edilməsi yolverilməzdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(006)- 331/2020 saylı qətnaməsi dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh2 müştərək qaydada 17730,99 (on yeddi min yeddi yüz otuz manat doxsan doqquz qəpik) manat əsas məbləğdən gecikmə, 11969,91 (on bir min doqquz yüz altmış doqquz manat doxsan bir qəpik) manat məbləğində lizinq mükafatı, 800 (səkkiz yüz) manat dəbbə pulu,1251,1 (min iki yüz əlli bir manat on qəpik) manat məbləğində sığorta haqqı, cəmi 31752 (otuz bir min yeddi yüz əlli iki) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı Lizinq Şirkəti QSC-nin hüquqi varisi "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat cavabdehlərdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-202/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-202/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver