Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2031/2023 17.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı özünün, cavabdeh İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat
1. İddiaçı, cavabdeh Birliyə qarşı iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq əlavə sərfiyyat kimi hesablanmış 2.151,36 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur. Bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmış və ünvana **********00015 saylı abonent kodu verilmişdir. 2022-ci ilin iyun ayında Birliyin əməkdaşları tərəfindən həmin qaz sayğacı çıxarılmış və əvəzində yenisi quraşdırılmış, lakin sayğaca aid smart kart iddiaçıya verilməmişdir. İddiaçı, smart kartın alınması üçün cavabdeh Birliyə müraciət etmiş, bu zaman Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, o, sayğacdan kənar rezin boru ilə təbii qazdan istifadə etdiyinə görə barəsində 3 akt tərtib edilmiş və əlavə sərfiyyat kimi ona 2.151,36 manat borc hesablanmışdır. İddiaçı hesab edir ki, Birliyin ona bu kimi borc hesablaması əsassızdır, çünki o özü və ailə üzvləri qaz xəttinə müdaxilə etməmişlər. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir.
4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 2.151,36 manat məbləğində borc silinməlidir. c) apellyasiya şikayəti barədə məlumat
5. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən qaz xəttinə müdaxilələr edilmiş, bu faktlar Birliyin əməkdaşları tərəfindən aşkar edilmiş, bu barədə müvafiq aktlar tərtib edilmiş, araşdırmalar aparılmış və ziyanın məbləği hesablanmışdır. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamış, iddianı təmin edərək iddiaçıya əsaslı olaraq hesablanmış borcu heç bir əsas olmadan silmişdir. Bundan başqa işə baxmış Rayon Məhkəməsi borcun yaranma əsasını düzgün müəyyən etməmişdir. d) apellyasiya baxışı iclasında tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat
7. Cavabdeh Birliyin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi. O, əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə olunmuş aktlardan da görünür ki, iddiaçıya məxsus ünvana aid olan qaz xəttinə qaz sayğacından əvvəl müdaxilənin edilməsi faktı aşkar edilmişdir. Lakin Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə qeyd etmişdir ki, iddiaçının ünvanına aid qaz sayğacına müdaxilə olunub. Bununla da, müəyyən edilir ki, işə baxmış Rayon Məhkəməsi cavabdeh Birlik tərəfindən iddiaçıya hesablanmış borcun yaranma əsasını düzgün müəyyən etməmişdir.
8. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi qətnaməsinin əsaslarına uyğun izahat verdi. e) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
9. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
10. Belə ki, işdə olan sənədlərdən və iş üzrə tərəflərin məhkəmələrə verdikləri məlumatlardan müəyyən edilir ki, iddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Elşən Mehdiyev küçəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. Ev cavabdeh Birlik tərəfindən təbii qazla təmin olunur. Bununla bağlı həmin ünvanda, yəni küçədə qaz sayğacı quraşdırılmış və ünvana **********00015 saylı abonent kodu verilmişdir. 2022-ci ilin iyun ayında Birliyin əməkdaşları tərəfindən həmin qaz sayğacı çıxarılmış və əvəzində yenisi quraşdırılmış, lakin sayğaca aid smart kart iddiaçıya verilməmişdir.
11. Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus ünvanda sayğacsız və qeydiyyatsız olaraq təbii qazdan qeyri-qanuni olaraq istifadə olunur.
12. Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, aşkar edilmiş faktla bağlı hesablanma aparılmış və müəyyən edilmişdir ki, qanunsuz istifadə edilmiş təbii qazın həcmi 8.856 kub metr təşkil edir. Həmin təbii qazın dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
13. Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus ünvanda təbii qazdan sayğacdan kənar olaraq qanunsuz istifadə olunur.
14. Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, aşkar edilmiş faktla bağlı hesablanma aparılmış və müəyyən edilmişdir ki, qanunsuz istifadə edilmiş təbii qazın həcmi 6.048 kub metr təşkil edir. Həmin təbii qazın dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
15. Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan” görünür ki, iddiaçıya məxsus ünvanda təbii qazdan sayğacdan kənar olaraq qanunsuz istifadə olunur.
16. Birliyin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş “Dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, aşkar edilmiş faktla bağlı hesablanma aparılmış və müəyyən edilmişdir ki, qanunsuz istifadə edilmiş təbii qazın həcmi 3.024 kub metr təşkil edir. Həmin təbii qazın dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
17. Birlik tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Abonent saldosundan” görünür ki, iddiaçıya xx.xx.2022-ci il tarixli akt üzrə 1.062,72 manat, xx.xx.2022-ci il tarixli akt üzrə 725,76 manat, xx.xx.2022-ci il tarixli akt üzrə 362,88 manat, cəmi isə 2.151,36 manat məbləğində əlavə sərfiyyat borcu hesablanmışdır.
18. Göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, Cavabdehnə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.
19. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).
20. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara” əsaslanaraq, həmin aktlarda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun qaydada və hal-şahidlərinin iştirakları ilə tərtib edilməmişdir.
21. Odur ki, qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdeh Birliyə münasibətdə delikt törədərək Birliyə maddi zərər vurması sübuta yetmir. Bu hal sübuta yetmədiyindən də, iddiaçı, Birliyə vurmadığı zərərin əvəzini, yəni əlavə sərfiyyata görə ona hesablanmış 2.151,36 manat məbləğində borcu ödəməməlidir. Rayon Məhkəməsi bu nəticəyə gələrək, həmin borcu silməkdə haqlı olmuşdur.
22. Yuxarıda artıq qeyd edildiyi kimi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamədə iddiaçıya məxsus ünvana aid qaz xəttinə deyil, qaz sayğacına müdaxilə olunduğunu qeyd etmişdir.
23. Məhkəmə hesab edir ki, bu hal qətnamənin ləğv edilməsi üçün əsas deyil. Çünki Rayon Məhkəməsi iddianı təmin etməklə faktlar nöqteyi-nəzərindən iş üzrə qanuni, əsaslı və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 385.2-ci maddəsinə görə isə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
24. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və mahiyyəti üzrə düzgündür. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və dəyişdirilməsi üçün əsaslar yoxdur.
25. Odur ki, apellyasiya baxışının nəticələrini nəzərə alan, MPM-nin 384-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-nin 119, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 30 dekabr 2022-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.