Məhkəmə qərarları › İş №2(103)-2032/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2032/2025

08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2032/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı cavabdeh Birliyə qarşı iddia ərizəsi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Birlik tərəfindən ona əsassız olaraq hesablanmış 5.008,4 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri, Xəzər rayonu, Təzə sahə, 1509-da yerləşən 130 saylı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İddiaçıya məxsus yaşayış sahəsi iddiaçı ilə Birlik arasında bağlanmış müqaviləyə əsasən təbii qazla təchiz edilir. Bununla bağlı olaraq Birliyin əməkdaşları tərəfindən yaşayış sahəsində kənarda qaz sayğacı quraşdırılmışdır (abonent kodu: **********00130). Birlik tərəfindən ona 5.008,4 manat məbləğində borcun hesablanmasından xəbər tutmuş iddiaçı, bunun səbəbləri barədə maraqlandıqda Birliyin əməkdaşları iddiaçıya bildirmişlər ki, 2020-ci il, 2021-ci il və 2023-cü illərin müxtəlif aylarında Birliyin əməkdaşları tərəfindən iddiaçının barəsində aktlar tərtib etmişlər ki, iddiaçının ünvanında təbii qazdan guya qaz sayğacından kənar, yəni qanunsuz çəkilmiş qaz xətti vasitəsi ilə istifadə olunur, borc da qeyd edilən aktlar əsasında hesablanmışdır. İddiaçı bildirir ki, hesablanmış borc əsassızdır. Çünki ona məxsus yaşayış sahəsində qaz sayğacından kənar xətt mövcud olmamış, təbii qazdan qeyri-qanuni qaydada istifadə edilməmişdir. b) iş üzrə tərəflərin birinci instansiya məhkəməsində iştirakı və verdikləri izahatlar barədə məlumat

3. İddiaçı məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və Rayon Məhkəməsinə iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir.

4. Cavabdeh Birliyin nümayəndəsi məhkəmə baxışı iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, bildirmişdir ki, Birliyin əməkdaşları 2020-ci il, 2021-ci il və 2023-cü illərin müxtəlif aylarında iddiaçıya məxsus yaşayış sahəsində aid olan qaz xətlərinə və qaz sayğacına baxış keçirən zaman müəyyən etmişlər ki, həmin ünvanda təbii qazdan qaz sayğacından kənar, yəni qanunsuz çəkilmiş qaz xətti vasitəsi ilə istifadə olunur. Həmin faktlar əsasında cəmi 6 akt tərtib edilmiş və borc hesablanmışdır. Aktlar qanuni olduğundan onların əsasında hesablanmış borc da qanunidir. Buna görə iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

5. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya məxsus yaşayış sahəsinə aid abonent hesabına hesablanmış 4.559 manat məbləğində borcun silinməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.

6. Rayon Məhkəməsi gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddia ərizəsi 4.559 manat məbləğində borcun silinməsi hissəsində əsaslı, 449,4 manat məbləğində borcun silinməsi hissəsində isə əsassızıdır. Cavabdeh Birlik, onun əməkdaşları tərəfindən iddiaçının barəsində tərtib etdikləri “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlarda göstərilən halların mövcudluğunu, 449,4 manat məbləğində borcun hesablanmasına əsas vermiş hallardan başqa, sübuta yetirə bilməmişdir. d) apellyasiya şikayəti barədə məlumat

7. Cavabdeh Birlik həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Birliyin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilmişdir. Abonentin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında cavabdeh Birliyə maddi zərər dəymişdir. Lakin qeyd edilənləri nəzərə almamış Rayon Məhkəməsi iş üzrə səhv nəticəyə gələrək, iddianın bir qisminin təmin edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakları barədə məlumat

9. Cavabdeh Birliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə Birliyin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur.

10. İddiaçı apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin hazırkı iş üzrə qəbul edilmiş qətnamənin məzmununa uyğun izahat verdi. f) hazırkı apellyasiya baxışının həddi barədə məlumat

11. İşə baxmış Rayon Məhkəməsi iddianı qismən təmin etsə də, iş üzrə iddiaçı iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmiş, qətnamənin həmin hissəsindən apellyasiya şikayəti verməmişdir.

12. Birliyin qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilib, iddianın tam rədd edilməsi xahiş edilsə də, apellyasiya şikayətinin məzmununda bəlli olur ki, Birlik də, iddianın bir qisminin təmin edilməməsi barədə hissədə Rayon Məhkəməsinin qətnaməsini mübahisləndirmir.

13. Odur ki, qeyd edilənləri, mübahisə predmetinin bölünməz olmadığını və MPMnin 372.6-ci maddəsinin tələblərini nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. g) işdə olan sənədlər barədə məlumat

14. Cavabdeh Birliyin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlardan” görünür ki, Birliyin əməkdaşları Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirən zaman aşkar etmişlər ki, iddiaçıya məxsus ünvanda təbii qazdan sayğacdan kənar əlavə xətt vasitəsilə istifadə edilir.

15. “Dəymiş ziyanın bərpasına dair tələbnamələrdən” görünür ki, itirilmiş təbii qazın həcmi xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlar üzrə 10.080 kub metr, xx.xx.2022-ci il tarixli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlar üzrə 10.080 kub metr hesablanmışdır.

16. İddiaçının adına tərtib edilmiş “Abonent saldosundan” görünür ki, həmin aktlar üzrə iddiaçıya 5.008,4 manat məbləğində borc hesablanmışdır.

17. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialı tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan “Təbil qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1.200 kub metr olan hissəsi üçün hər 1 kub metri 0,12 manat, illik istehlak həcminin 1.200-2.500 kub metr olan hissəsi üçün hər 1 kub metri 0,20 manat, illik istehlak həcminin 2.500 kub metrdən çox olan hissəsi üçün hər kub 1 metri 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq dəymiş zərər 2021-ci il ərzində 2.299 manat, 2022-ci il ərzində 2.299 manat müəyyən edilə bilər. İstehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yelirilərsə, qaz paylayıcısına vurulmuş zərərin məbləği cəmi 4.598 manat müəyyən edilə bilər. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

18. Yuxarıda göstərilənlərə əsasən müəyyən edilir ki, iş üzrə tərəflər arasında mövcud mülki mübahisənin yaranmasına səbəb iddiaçıya məxsus ünvana aid qaz xəttinə müdaxilənin edilməsi faktının aşkar edilməsi olmuşdur. Belə olan halda da, mübahisə, cavabdeh Birliyə dəymiş maddi zərərin əvəzinin iddiaçı tərəfindən ödənilməsinin əsaslı olub-olmaması ilə bağlıdır.

19. Bunu nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1.). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.).

20. “Enerji resurslarından istifadə haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə görə, enerji resurslarından istifadə haqqında qanunvericiliyin pozulması bu Qanun və ona müvafiq qəbul edilən digər normativ hüquqi aktlar ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

21. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (maddə 11.6.). Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir (maddə 13.8.). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir (maddə 13-8-1.).

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 №-li Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının” tələblərinə görə, qaz sayğacı ilə təsdiq edilmə, onun quraşdırılması və dəyişdirilməsi fıziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir (bənd 4.2.). Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (bənd 4.5.). Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafıq örtüklə örtülməli (fıziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır (bənd 4.7.). Fıziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (bənd 4.8.). Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucusu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir (bənd 4.9.).

23. MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. İddiaçının qaz xəttinə qanunsuz qoşulması və qeyri-qanuni istifadə nəticəsində hesablanmış borcun əsaslı olmasını sübut etmə vəzifəsi cavabdeh Birliyin üzərinə düşür. Birlik, yuxarıda qeyd edilən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara” əsaslanaraq, həmin aktlarda təsvir edilmiş qanunazidd hərəkətlərin məhz iddiaçı tərəfindən törədilməsini, bununla da iddiaçının ona münasibətdə delikt törətməsini bildirsə də, müəyyən edilir ki, həmin aktlar mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki cavabdeh Birlik həmin aktlarda qeyd edilən faktları təsdiq edə biləcək sübut kimi fotoşəkillərə istinad etsə də, həmin fotoşəkillərin məhz iddiaçıya məxsus yaşayış sahəsinə aid olması müəyyən edilmir. Birlik bu faktı təsdiq edə biləcək digər sübutları (məsələn: video yazıları, şahidləri və sair) məhkəmələrə təqdim etməmişdir.

25. Buna görə də, göstərilənləri nəzərə alan Məhkəmə, yuxarıda qeyd edilən aktlar əsasında iddiaçıya hesablanmış borcun silinməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmetini təşkil edən nəticəni əsaslı, Birliyin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edir. i) apellyasiya baxışının nəticəsi

26. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi və hazırkı apellyasiya baxışının predmeti olan nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

27. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

28. Məhkəmə, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

29. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün Birlik tərəfindən ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

30. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

31. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh Birlik tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar