Məhkəmə qərarları › İş №2(103)-2033/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2033/2024

07.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2033/2024 07.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-8471/2018 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına (abonent kodu: **********01240) hesablanmış 235,88 manat sayğacın dəyərinin və 1.944 manat sərfiyyat haqqının Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-8471/2018 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı X4 Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-8471/2018 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli, 2(011)-8471/2018 saylı qərardadın qəbul edilməsinə səbəb kimi “tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflərin məhkəmə iclasında iştirak etməmələri” qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məhkəmə bildirişləri qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməmişdir. İddia ərizəsində əlaqə nömrəsinin olmasına baxmayaraq iddiaçı ilə əlaqə yaradılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-8471/2018 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qeyd edilən qərardadı dəyişidirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin: 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir; 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər; 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanır; 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 03 nömrəli Qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, lakin, iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokoluna bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Məhkəmə kollegiyası hazırki mübahisəyə münasibətdə ilk növbədə qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericilikdə iddiaçının iştirakı olmadan işə baxılmasının mümkünlüyü təsbit edilmiş, eyni zamanda, bu vəziyyətin iddia ərizəsinin baxılmamış saxlanılmasına əsas olduğu hallar dəqiqləşdirilmişdir. Belə ki, məhkəmə iclaslarında iştirak edən iddiaçının bir məhkəmə baxış iclasında iştirak etməməsi ərizənin dərhal baxılmamış saxlanılması üçün əsas yaratmır. Belə bir əsas yalnız eyni hal təkrarlandıqda, yəni işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmə iclasına təkrar gəlmədikdə yaranır. Daha geniş və sadə izaha əsasən məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, lakin işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı ən azı iki məhkəmə iclasında iştirak etməməlidir ki, onun iddia ərizəsi bu əsasla baxılmamış saxlanılsın. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, İddiaçı iddia ərizəsi ilə bağlı mülki iş üzrə məhkəmənin bir hazırlıq iclası və iki baxış iclası keçirilmiş, lakin iddiaçı bu iclaslarının hər hansı birində iştirak etməmişdir. Birinci stansiya məhkəməsi tərəfindən iddiaçıya poçt vasitəsi rəsmi bildiriş göndərilmiş, habelə iddiaçının iddia ərizəsində qeyd etdiyi mobil (055 – 416-21-06) nömrəyə xx.xx.2018-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2018-ci il tarixdə, xx.xx.2018-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2018-ci il tarixdə və xx.xx.2018-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə xx.xx.2018-ci il tarixdə sms vasitəsilə bildiriş göndərilmişdir. Buna baxmayaraq, iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirak etməmişdir. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. Bu səbəbdən birinci stansiya məhkəməsi Mülki Prossesual Məcəllənin 259.0.6-cı maddəsini tətbiq etməklə iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. İddiaçı isə 5 ildən artıq müddət keçdikdən sonra həmin qərardaddan şikayət vermişdir. Nəticə etibarı ilə 2018-ci ilin sentyabr ayında hazırki iddianı qaldırmış iddiaçı nəinki məhkəmə iclaslarında iştirak etməmiş, həmçinin sonrakı 5 ildən artıq müddət ərzində iddiası üzrə çıxarılmış məhkəmə aktı ilə də maraqlanmamışdır. Qeyd edilənlər də onun şikayətinin əsassız olduğunu təsdiq etməklə, həmin şikayətin təmin edilməsini istisna edir. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmuşdur. Bu səbəbdən İddiaçı şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-8471/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin ediməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(011)-8471/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar