Məhkəmə qərarları › İş №2(103)-2037/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2037/2021

25.01.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2037/2021 25.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)-2464/2020 saylı qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi, daha sonra Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq tələb olunan 486 manat cərimə və sayğac dəyərinə görə tələb olunan 235.88 manat pulun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Pioner küçəsində yerləşən 5/465 saylı fərdi yaşayış evində yaşayır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin ərazidə yerləşən mənzillərdən və fərdi yaşayış evlərindən mexaniki sayğacların dəyişdirilərək yeni smart kart tipli sayğaclar quraşdırmağa başlamışlar. Cavabdeh İB-nin əməkdaşları tərəfindən köhnə qaz sayğacı aparıldıqdan sonra ona sayğacda problem olması və həmin sayğacın məbləğini ödəməli olduğu bildirilmişdir. Qaz idarəsinin əməkdaşları hazırda ona məxsus olan smart qaz sayğacının kartına blok qoymuşlar. Həmin evdə təbii qazdan istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla bağlı hər hansı mübahisə yaşanmamışdır. O, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcu ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2(011)- 2464/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı **********00020 saylı abunə koduna hesablanmış 486 manat məbləğində borc və sayğac dəyərinə görə tələb olunan 235.88 manat məbləğində borcun silinməsi, Cavabdehndən 30 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh nümayəndəsi apelyasiya şikayəti verərək onun ləğv və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətə görə, qətnamə qanunsuz və əsassızdır, abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək, təbii qazın verilməsi dayandırılmış, bu səbəbdən də itirilmiş qazın dəyərinə görə 486 manat və 235,88 manat sayğac dəyəri hesablanaraq tələb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasına gəlmədiklərinə görə kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbul haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktla iddiaçıya məxsus evdə quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir. Aktda “sayğacın çıxış boğazından aşağıda dəlik aşkar olundu, sayğac off olundu” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, 2019-cu ilə abonentin 486 manat borcu mövcud olmuşdur. İş materiallarına əlavə edilmiş sayğacların qiymət cədvəlindən görünür ki, abonentin sayğacının qiyməti 235.88 manat təşkil etmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı xx xxx 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Cavabdeh təşkilat mübahisələndirmir ki, iddiaçıya məxsus evin qaz təchizatı ilə hesablaşmasını təmin edən sayğac evdən kənarda quraşdırılmışdır. Belə olan halda isə həmin sayğacda yaranan problemə görə iddiaçının məsuliyyət daşıması qanunvericiliyin mənasına görə mümkün deyildir. Başqa sözlə, küçədə quraşdırılmış və işlək vəziyyətinə təchizatçı təşkilatın cavabdehlik daşıdığı sayğaca edilən müdaxilədə iddiaçının təqsirinin olması sübuta yetirilməmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2464/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar