Məhkəmə qərarları › İş №2(103)-2040/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2040/2021

08.01.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2040/2021 08.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(011)-5555/2020 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli qərardaddan Cavabdeh1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı Şəhəri 14 saylı Notariat Kontoruna qarşı “miras əmlakda payın müəyyən edilməsi tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda iddiaçı, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, mübahisəyə mahiyyəti üzrə baxılıb qurtarana kimi mübahisəli miras əmlakın – Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev № 26da yerləşən 127 saylı mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi və üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil iş üzrə tərəflərin anası X1 ölümündən sonra miras qalmışdır. İş üzrə tərəflər mənzilin bölünməsi ilə bağlı razılığa gələ bilməmiş, bununla bağlı aralarında mülki mübahisə yaranmış və mübahisənin həlli üçün iddiaçı “miras əmlakda payın müəyyən edilməsi tələbi barədə” məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçıda olan məlumata görə cavabdehdə anasının adından verilmiş etibarnamə var və o, ehtiyat edir ki, cavabdeh həmin etibarnamədən istifadə edərək mənzili özgəninkiləşdirə bilər. “İddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizəni qismən təmin etmiş, işə baxılıb yekun qərar qəbul edilənədək mübahisə predmeti olan mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsini qərara almışdır. Cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil cavabdehin yeganə yaşayış yeridir və bu səbəbdən mənzillə bağlı iddianın təminin görülməsi qanunsuzdur. Şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün, şikayəti, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 157.1-ci maddəsinə görə, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. MPM-nin 157.2-ci maddəsinə görə, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. MPM-nin 158.1-ci maddəsinin mənasına görə, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula (maddə 158.1.1.), müəyyən hərəkətlərin edilməsi cavabdehə qadağan edilə (maddə 158.1.2.), mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etmək başqa şəxslərə qadağan edilə (maddə 158.1.3.) bilər. MPM-nin 162.4-ci maddəsinə görə, iddia təmin edildikdə onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlayır. İddiaçının iddia ərizəsindən görünür ki, iddiaçı, mübahisəli mənzil üzərində miras paylarının müəyyən edilməsini xahiş edir. Bu iddianın gələcəkdə rədd edilməsi ehtimalının olduğu kimi, təmin edilməsi ehtimalı da mövcuddur. İddianın əsaslı olub-olmamasına işin baxılmasının hazırki mərhələsində qiymət vermək mümkün deyil. Belə olan halda işə baxılıb qurtaranadək iş üzrə mübahisəli mənzil ehtimal olunan özgəninkiləşdirilmədən qorunub saxlanılmalıdır. Əks halda təmin edilməsi istisna edilməyən iddia üzrə qəbul edilə biləcək qətnamənin icrasında müəyyən çətinliklər yarana bilər. Bu baxımdan hesab edilməlidir ki, ərizəyə baxmış Rayon Məhkəməsi işə baxılıb nəticə verilənədək, mübahisəli mənzilin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə nəticəyə gəlməkdə haqlı olmuşdur. Şikayətin dəlilinə gəldikdə isə Məhkəmə bildirir ki, iddianın təmini tədbiri müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir və cavabdehin mübahisəli mənzildə yaşamasının və mənzildə yerləşən sahələrdən istifadə etməsinin qarşısını almır. Mənzilin cavabdehin yeganə yaşayış yeri olması işə baxılıb qurtaranadək mənzilin ehtimal olunan özgəninkiləşdirilmədən qorunub saxlanılmasını istisna etmir. Göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, “iddianın təmini tədbirinin görülməsi barədə” ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir. Şikayətin dəlili əsassızdır. Qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə, MPM-nin 398.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: Cavabdeh1 şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(011)-5555/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar