Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2041/2022 04.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun ləğv olunması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2021-ci il tarixli qətnamədən cavabdeh ASC-nin verdiyi apellyasiya şikayətinə əsasən işə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, cavabdeh ASC tərəfindən göstərilən xidmətə görə ona əsassız olaraq hesablanmış 502,48 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən 24 №-li mənzildə tək yaşayır. Mənzil cavabdeh ASC tərəfindən içməli su ilə təmin olunur və mənzilə kanalizasiya xidməti göstərilir. Mənzildə istifadə olunan suyun dəyəri sayğac vasitəsi ilə hesablanır. ASC tərəfindən iddiaçıya əlavə 502,48 manat borc hesablanmşdır. İddiaçı hesab edir ki, həmin borc əsassız olaraq hesablanıb. Belə ki, o, tənhadır və mənzildə tək yaşayır, ASC-nin ona göstərdiyi xidmətdən istifadəyə görə borcunu ASC-yə ödəyir. Qeyd edilən məbləğdə borcun hesablanmasının əsası yoxdur, borc qanunsuz olaraq hesablanmış, sayğac düzgün işləmir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 07.12.2021-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsi qət edilmişdir. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır; Rayon Məhkəmə maddi hüquq normasını səhv tətbiq etmişdir. Rayon Məhkəməsinin nəticəsi iş faktiki hallarına uyğun deyil. Belə ki, əvvəlki sayğacın aylar üzrə sərfiyyatı ilə yeni quraşdırılmış sayğacın sərfiyyatını qarşılaşdırdıqda yeni sayğac üzrə sərfiyyatın artığı müəyyən edilmişdir. Borc da məhz yeni quraşdırılmış sayğac üzrə yaranmışdır. Sayğac 17.06.2021-ci il tarixdə dəyişdirilmişdir. Borc iddiaçının istifadə etdiyi, lakin dəyərini ödəmədiyi borc məbləğidir. İş üzrə tərəflər işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsalar da, iddiaçı və cavabdeh ASC-nin nümayəndəsi apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və tərəflərin bildirdiklərindən görünür ki, iddiaçı, özünə məxsus olan və ünvan 1 ünvanında yerləşən 24 №-li mənzildə yaşayır. Mənzil cavabdeh ASC tərəfindən içməli su ilə təmin olunur və mənzilə kanalizasiya xidməti göstərilir. Mənzildə istifadə olunan suyun dəyəri sayğac vasitəsi ilə hesablanır (abonent kodu **********240:********). ASC-nin X1 Kalibrləmə Laboratoriyası tərəfindən tərtib edilmiş 17.09.2021-ci il tarixli 52173/00103370 nömrəli rəydən də görünür ki, “Alfasu” TG-15 (smart kart tipli), 49952173 nömrəli suölçən cihaz (sayğac) Laboratoriya tərəfindən 09.08.2021-ci il tarixdə yoxlanılmış və müəyyən edilmişdir ki, su sayğacı istismara yararsızdır – sayğacın ekran işləmir. ASC üzrə 17.06.2021-ci il tarixdə verilmiş ******* nömrəli əmrindən görünür ki, yuxarıda qeyd edilən həmin su sayğacı dəyişdirilməlidir. ASC apellyasiya şikayətində bildirir ki, sayğac 17.06.2021-ci il tarixdə dəyişdirilmişdir. Əvvəlki sayğacın aylar üzrə sərfiyyatı ilə yeni quraşdırılmış sayğacın sərfiyyatını qarşılaşdırdıqda yeni sayğac üzrə sərfiyyatın artığı müəyyən edilmişdir. Cavabdeh ASC tərəfindən iddiaçının adına tərtib edilmiş və Rayon Məhkəməsinə təqdim edilmiş “Abonent kartından” görünür ki, iddiaçıya məxsus yaşayış sahəsində içməli sudan və kanalizasiya xidmətindən istifadəyə görə 527,48 manat məbləğində borc hesablanmışdır. Digər aylardan fərqli olaraq 13.08.2020-ci il tarixdən 14.07.2021-ci il tarix arası olan dövrü üçün göstəricilər daha yüksək məbləğdə qeyd olunmuşdur. Cavabdeh ASC mübahisələndirilən borcun iddiaçıya məxsus yaşayış sahəsində yeni sayğacın quraşdırılmasından sonra yaranmasını bildirsə də, yuxarıda göstərilənlərə əsasən apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, iddiaçının silinməsini tələb etdiyi 502,48 manat məbləğində borc, əvvəlki, yeni su sayğacının quraşdırıldığı dövrdə, yəni istismara yararsız olan sayğacın quraşdırıldığı dövrdə hesablanmışdır. Əvvəlki sayğacın istismara yarasız olması isə iş üzrə Rayon Məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza tədqiqatının nəticəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş və nəticəsi olaraq verilmiş 05.11.2021-ci il tarixli, 10/4790 saylı rəy ilə təsdiq edilir. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.3cü maddəsinə görə, su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alğı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 12-ci maddəsinin “b” bəndinə görə, hər bir su təchizatı müəssisəsi öz zonası hüdudlarında səmərəli və qənaətcil su təchizatı sistemini yaratmaq və saxlamaqla su kəmərlərindən ətraf mühitə su sızmasının aradan qaldırılmasını və belə halların baş verməsinin qarşısının alınmasını təmin etməlidir. Qanunun 30-cu maddəsinə görə, verilən suyun həcminin hesablanması qaydalarına görə su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Qanununun 31-ci maddəsinə görə, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Su təchizatının düzgün ölçülməsini və qeydiyyatını təmin etmək məqsədi ilə suölçən cihazın yerinin dəyişdirilməsi, təmiri, çıxarılması, quraşdırılması, onun fəaliyyətinə mane olan amillərin aradan qaldırılması və ya hər hansı digər işlər su təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsi tərəfindən və ya onun iştirakı ilə aparılır. İstehlakçının suölçən cihazın dəqiqliyinin yoxlanılması üçün su təchizatı müəssisəsinə yazılı şəkildə müraciət etmək hüququ var. Su təchizatı müəssisəsi müraciət daxil olduğu gündən üç həftə müddətində istehlakçının vəsaiti hesabına belə yoxlamanı həyata keçirməyə borcludur. Qanununun 32-ci maddəsinə görə, suölçən cihazın göstəricisi pozulduğu halda su təchizatı müəssisəsi bu dövrdə istifadə olunmuş suyun həcmini əvvəlki müvafiq dövrdəki göstəricini nəzərə almaqla, borunun suburaxma qabiliyyətinə əsasən müəyyənləşdirir. Suölçən cihazın göstəricisinin pozulması dövrünün müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur. Suölçən cihazın yenidən quraşdırılmasına ehtiyacı olan istehlakçı bu barədə həmin ehtiyacın yarandığı gündən yeddi gündən gec olmayaraq qabaqcadan su təchizatı müəssisəsinə yazılı müraciət etməlidir. Suölçən cihazın göstəricisi onun yenidən qurulması anında götürülür. Qanunun 61.1-ci maddəsinə görə, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə, istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə görə, istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. MPM-nin 77.2-ci maddəsinə görə, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə, ekspertiza tərəfindən verilmiş yuxarıda qeyd edilən rəyi şübhə altına ala biləcək halların aşkar edilmədiyini, rəyin işin halları ilə təsdiqlənməsini nəzərə alaraq qeyd edir ki, istismara yararsız sayğac üzrə borcun hesablanması qanunsuzdur. Qeyd olunan maddi hüquq normalarının tələblərindən mövcud mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, sayğacda olan hər hansı qüsura görə iddiaçı cavabdehlik daşıya bilməz. Fiziki şəxs olan istehlakçıların (hazırki halda iddiaçının) sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi cavabdeh ASC daşıyır. Belə olan halda, iddia tələbini təmin etməklə, istismara yararsız suölçən cihaz üzrə hesablanmış bütün borcun silinməsi qənaətinə gəlməklə Rayon Məhkəməsi haqlı olmuşdur. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-nin 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 07 dekabr 2021-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh ASC tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2041/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2041/2022
04.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver