Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2041/2023 07.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “enerji sərfiyyatına görə hesablanmış əsassız borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(007)-1741/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 227795 nömrəli akt tərtib edilmiş və aktda müvafiq olaraq bildirilmişdir ki, abonent İddiaçı məxsus mənzildə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş, baxış zamanı abonentin lift xəttindən birbaşa suvaq altı xətt çəkərək mənzili kənar xətt vasitəsilə qidalandırdığı, ölçmə zamanı kənar xətdən axan cərəyan olduğu müəyyən olunmuşdur. "xxxx" ASC-nin iddiaçıya ünvanladığı bildiriş qəbz ilə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli göstəricilər ilə iddiaçı tərəfindən 721,46 manat ödəniləcək vəsait müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək ona yazılmış 721,46 manat vəsaitin silinməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “enerji sərfiyyatına görə hesablanmış əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi və iddia tələbini dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küç, ev 137, 55 nömrəli mənzildə 3 nəfərdən ibarət ailə üzvləri ilə birlikdə yaşadığı müddətdə onun istifadə etmədiyi elektrik enerjisinə görə "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 227795 nömrəli aktın və 721 manat 46 qəpik vəsaitin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Ağdam rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küç, ev 137, 55 saylı mənzildə 3 nəfərdən ibarət ailəsi ilə birlikdə vaşayır. Yaşadığı mənzil 1992-ci ildə Qarabağ uğrunda iştirak etdiyinə və yaralandığına görə işlədiyi 4 saylı Tikinti Trestindən növbədən kənar verilmiş və o, həmin mənzili xx.xx.2010-cu ildə xüsusi mülkiyyət hüquq əsasında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində ********** N: ilə qeydiyyatdan keçirmişdir. Yaşadığı çoxmərtəbəli evlərin bütün mənzillərinə Bakı Elektrik Şəbəkə trəfindən mərkəzləşdirilmiş qaydada Sayğac quraşdırılmışdır. Onun yaşadığı mənzil binanın 1-ci mərtəbəsində olmasına baxmayaraq, mənzilinin sayğacı binanın 5-ci mərtəbəsində ümumi “Şitin” içində quraşdırıblar. O, zaman onun mənzilinə gələn elektrik xətti ümumi “Şit”ə yerləşdirilmiş Sayğacdan Liftin yanı ilə çəkilmiş və onun mənzilinə ayrı xətlə birləşdirilmişdir. Onun mənzilinə birləşdirilən elektrik xətti bilavasitə, Elektrik şəbəkəsinin işçiləri və nəzarətçiləri tərəfindən həyata keçirilmişdir. O zaman onun evindən çıxan elektrik xətti ümumi “şitdən’’ gətirilən xəttə birləşdirilmiş və suvağın altında yerləşdirilmişdir. Kənar şəxslərin həmin xəttə müdaxiləsi qeyri-mümkündür. Artıq 15 ildən çoxdur ki, onun mənzilinə çəkilən elektrik xətli daimi olaraq Şəbəkənin işçiləri tərəfindən nəzarət edilir. Bu müddətdə ona qarşı hər hansı bir iradlar olmamış və o, sayğaca yüklədiyi vəsait əsasında elektrikdən istifadə etmişdir. Bunu yoxlamaq üçün Elektrik şəbəkəsinin arxivindən çıxarılmış Arayış əsasında müəyyən etmək olar. 2022-ci ildə təxminən saat 18:00 radələrində sayğacında vəsaitinin olub-olmamasını yoxlamaq üçün baxış keçirmiş və müəyyən etmişdir ki, sayğacda vəsait qurtarmaq üzrədir. Ona görə o, “Smart kart” vasitəsi ilə sayğaca pul köçürmək istədikdə, lakin nədənsə Kartdan sayğaca pul yüklənməmişdir. Bundan sonra yoldaşı da sayğaca pul yükləmək üçün Smart Karta pul yükləmiş və həmin vəsaitin Sayğaca yüklənməsi mümkün olmamışdır. Bu barədə onun əlində Smart karta pul vəsaitinin yüklənməsi barədə 3 ədəd ödəniş qəbzləri vardır. Sayğaca pul yüklənmədiyi üçün yoldaşı işıq İdarəsinə zəng etmiş və qaranlıqda qaldığını bildirmişdir. İşıq idarəsinin əməkdaşları 5 manat kredit olaraq yükləmişlər. Sonradan yoldaşı işıq idarəsinə getmiş və özündə olan çekləri təqdim etmiş və əlavə ödənilmiş 5 manatı qayarmışdır. Həmçinin ona bildirilmişdir ki, tezliklə işıq idarəsinin nəzarətçiləri gəlib yerində araşdıracaqlar. Sonradan o da Sayğaca pul yükləmək istədikdə yenə də sayğaca pul yüklənilməsi mümkün olmamışdır. Ona görə də o, İşıq İdarəsinin “199” saylı qaynar Xəttinə zəng etmiş və pulun sayğacına yüklənmədiyini bildirmişdir. Qaynar xəttdən ona bildirmişlər ki, sahədə elektrik xəttlərinə xidmət edən nəzarətçilərə müraciət etməli olduğunu bildirmişlər. Ona görə o, elektrik nəzarətçisi Xəqani adlı şəxsə zəng etmiş, Xəqani sayğaca baxış keçirmiş və qaynar xətdə olan şəxslə telefonla danışmış və bildirmişdir ki, onun sayğacını səhəri gün düzəldəcəklər. Həmin gün “Qaynar xəttin əməkdaşları onun sayğacına 5 manatlıq pul yükləmişlər. Lakin deyilən vaxtda onun elektrik sayğacında olan nasazlıqları aradan qaldırılmaşıdır. Sonradan ona məlumat verilmədən guya İşıq İdarəsi Nəzarətçiləri sayğacda olan nasazlıqları aradan qaldırılması üçün baxış keçirmiş və guya müəyyən etmişlər ki, onun evi daxil olan işıq xətti harasa birləşdrilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixində “227795 N:İi” Akt tərtib edilmiş və 721 manat 46 qəpik vəsait yazılmışdır. Ancaq aktın yazılmasından onun xəbəri yoxdur və onun iştirakı ilə yazılmamışdır. Onun mənzilinin sayğacı nasaz olarkan dəfələrlə Sayğaca baxış keçirilmiş və heç vaxt mənzilinin elektrik xəttini başqa xəttə qoşulması müəyyən edilməmişdir. Lakin onun iştirakı olmadan belə bir AKT-ın tərtib edilməsi tamamilə əsasızdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(007)- 1741/2022 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 227795 nömrəli aktın ləğv edilməsi və həmin akta əsasən "xxxx" ASC tərəfindən İddiaçı hesablanmış 721,46 manat vəsaitin silinməsi, "xxxx" ASC-dən 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, məhkəmə-trasoloji ekspertizalarına sərf olunmuş 64,0 manat məbləğində vəsaitin "xxxx" ASC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (VÖEN: **********, Hesab AZ34CTRE000000 **********8501) köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6, 7.11 və 8.33-cü maddələri ilə əsaslandıraraq göstərmişdir ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 227795 nömrəli akt tərtib edilərək işıqdan kənar xətt vasitəsilə qeyriqanuni istifadə edildiyi müəyyən edilsə də ekspert rəyi ilə iddiaçının mənzilində yerləşən elektrik sayğacının və naqilin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, elektrik sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Bu isə "xxxx" ASC tərəfindən iddiaçıya 721,46 manat borcun əsassız olaraq yazılmasına gətirib çıxarır. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia təmin edilməli, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 227795 nömrəli akt ləğv edilməli və "xxxx" ASC tərəfindən həmin akta əsasən İddiaçı hesablanmış 721,46 manat vəsait silinməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 01 fevral 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına (abonent kodu **********70055) baxış keçirmiş, baxış zamanı lift xəttindən birbaşa suvaq altı kənar xətt çəkildiyi və mənzilin həmin kənar xətdən qidalandığı aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı tərəflərindən R 227795 saylı akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. "xxxx" ASCnin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 721.46 manat məbləğində müəyyən edilməklə abonentin **********70055 nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Hesab edirlər ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında öz nümayəndəsinin iştirakını təmin etmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi nəzərdə tutulduğundan qətnamənin tam yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq “Elektrik enerjisindən istifadə Qaydaları”: 1.2. Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. 5.3.2. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 V-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət sərhədi kabellə daxil olduqda-binanın, yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. 7.10. Yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdı. 7.11. Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı tələbinin əsası kimi mənzilinin sayğacı nasaz olarkan dəfələrlə Sayğaca baxış keçirilərkən heç vaxt mənzilinin elektrik xəttini başqa xəttə qoşulması müəyyən edilmədiyi halda onun iştirakı olmadan 721 manat 46 qəpik vəsait yazılmasına dair xx.xx.2022-ci il tarixində 227795 N:İi AKT-ın tərtib edilməsi tamamilə əsasız olmasına istinad etmiş, ona yazılmış 721,46 manat vəsaitin silinməsini xahiş etmişdir. Cavabdeh tərəf iddiaya etiraz edərək akt tərtib edərkən iddiaçıya məxsus sayğacda əlavə xətt və suvaq altı xətt aşkar edilməsini təsdiq etmişdir Birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə trasolojiekspertizasına əsasən iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinin xx.xx.2022-ci il tarixli rəyi ilə tədqiqata təqdim edilən elektrik sayğacının və naqilin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, elektrik sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edərək belə nəticəyə gəlmişdir ki, cavabdeh tərəf iddiaçıya məxsus evə kənar elektrik xətti çəkilməsini təsdiq edə bilməmiş və məhkəmə araşdırması zamanı da bu hal müəyyən olunmamışdır. Belə ki, "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixli, 227795 nömrəli akt tərtib edilərək işıqdan kənar xətt vasitəsilə qeyri-qanuni istifadə edildiyi müəyyən edilsə də ekspert rəyi ilə iddiaçının mənzilində yerləşən elektrik sayğacının və naqilin üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, elektrik sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 721.46 manat hesablanmış pulun iddiaçı tərəfindən ödənilməli olması qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, tərtib edilən aktın qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilməsi və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməli olmasına dair apellyasiya şikayətinin dəlilləri əsassız olduğuü üçün birinci instansiya məhkəməsinin iddiaçının tələbinin əsaslı hesab olunması barədə gəldiyi nəticənin işin faktiki hallarına uyğun olması kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu isə apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli, 2(007)- 1741/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə