Məhkəmə qərarları › İş №2(103)-2044/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2044/2024

13.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2044/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Məmmədov Səxavət Nizami oğlunun və X2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Cavabdeh2nə qarşı iş üzrə (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər ibarət tərkibdə, Axundova Ülkər Səfər qızının katibliyi, iddiaçı X5, onun və digər İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1, İddiaçı5 nümayəndəsi X6, üçüncü şəxs Səxavət Məmmədovun nümayəndələri X4, Vəkil3 (vəkil), Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 ASC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. xx.xx.2012-ci il tarixdə cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh1 ASC ona məxsus olan ünvan 1 ünvanında yerləşən 3 sot torpaqda Cavabdeh2 MTK-ya çoxmərtəbəli yaşayış binasının tikintisinin aparılması üçün razılıq vermiş, Cavabdeh2 MTK isə həmin torpaq sahəsində inşa ediləcək çoxmənzilli yaşayış binasından 3 otaqlı 20 nömrəli, 2 otaqlı 23 nömrəli, 2 otaqlı 34 nömrəli, 2 otaqlı 43 nömrəli, 1 otaqlı 45 nömrəli, 3 otaqlı 48 nömrəli və 1 otaqlı 53 nömrəli mənzilləri Cavabdeh1 ASC-nin və ya onun tərəfindən müəyyən edilmiş şəxslərin mülkiyyətinə verilməsini öz öhdəsinə götürmüşdür.

2. Bundan sonra Cavabdeh2 MTK həmin müqavilənin predmeti olan 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X7, 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə İddiaçı2, 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2013-cü il tarixdə X10, 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilə bağlı xx.xx.2014-cü il tarixdə Məmmədov Səxavət Nizami oğlu, 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İddiaçı5, 53 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2014-cü il tarixdə İddiaçı4, 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzillə bağlı xx.xx.2018-ci il tarixdə İddiaçı3 ilə “Mənzil tikintisinə dair” müqavilələr bağlamışdır.

3. Qeyd edilən müqavilələrə əsasən Cavabdeh2 MTK müqavilələrin predmeti olan həmin mənzilləri inşa edib iddiaçılara təhvil verməyi, iddiaçılar isə mənzillərin müqavilələr üzrə müəyyən edilmiş dəyərini Cavabdeh2 MTK-ya ödəməyi öhdəsinə götürmüşlər. Müqavilələrin predmeti olan mənzillərin dəyərinin ödənilməsi barədə iddiaçıların hər birinə Cavabdeh2 MTK tərəfindən maliyyə arayışları verilmişdir.

4. Əvvəllər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən cavabdehlər Cavabdeh1 ASC və "xxxx" MTK-ya qarşı müqavilənin etibarsız hesab edilməsi və torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi barədə iddia qaldırılmış, lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 12 iyun 2014-cü il tarixli qətnaməsi ilə həmin iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 07 dekabr 2015-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 13 aprel 2016-cı il tarixli qərarı ilə isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçılar X10, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

6. Məmmədov Səxavət Nizami oğlu mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında ünvan 1 ünvanında yeddi ədəd mənzilin, o cümlədən ona məxsus olan 43 saylı, 2 otaqlı mənzilin Cavabdeh1 ASC-yə verilməsi barədə bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, 43 saylı, 2 otaqlı mənzilin onun sahiblik və istifadəsinə verilməsi və mənzilə sahiblik və istifadə hüququnun həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Həmçinin, İddiaçı4 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Binəqədi Rayon Məhkəməsinin icraatında olan İddiaçı4 cavabdehlər Cavabdeh1 ASCyə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4484/2021 saylı mülki işlə, həmin Məhkəmənin icraatında olan İddiaçı2 və digərlərinin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4160/2021 saylı mülki iş birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

9. X7 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında 11 oktyabr 2012-ci il tarixdə bağlanmış müqavilənin qismən, ona məxsus olan ünvan 1 ünvanında Cavabdeh2 MTK tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binasının 20 nömrəli, 3 otaqlı mənzili ilə bağlı hissədə etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilmişdir.

10. İddiaçı5 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTKya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış 11 oktyabr 2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı5 nümayəndəsi və vəkili X11 vəsatəti təmin edilmiş, İddiaçı5 cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4488/2021 saylı mülki iş iddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh1 ASC-yə və Cavabdeh2 MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə 2(001)-4160/2021 saylı mülki işlə bir icraatda birləşdirilmiş və həmin işlərə bir icraatda 2(001)4160/2021 nömrə ilə baxılması qərara alınmışdır.

12. İddiaçı X10 iddianı müdafiə edərək bildirmişdir ki, 23 nömrəli mənzil xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən inşa edilən vaxtdan onun istifadə və sahibliyində olmuş, həmin mənzildə onun tərəfindən təmir işləri aparılmış və o, təmir işlərini yekunlaşdırıb, mənzilə köçmək istəyir. Lakin həm onunla müqavilə bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə ona hər hansı məlumat verilməmiş, hər hansı şəxs həmin mənzilin cəmiyyətə məxsus olması ilə bağlı ona müraciət etməmişdir. Mübahisəli mənzillə bağlı cavabdehlər arasında müqavilənin bağlanması barədə məlumatı Cavabdeh1 ASC-nin Cavabdeh2 MTK-ya qarşı mübahisəli mənzilin təhvil verilməsi ilə bağlı iddiası üzrə qətnamə qəbul edildikdən sonra əldə etmişdir. Göstərilənlərin nəzərə alımasını və tərəfindən təqdim edilmiş sübutlar nəzərə alınmaqla iddiasının təmin olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında iddiaçılar X5, İddiaçı2 və İddiaçı3 vəkili Vəkil1 iddianı və iddiaçı X5 mövqeyini müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, iddiaçıların mübahisələndirdiyi mənzillər inşa edilən tarixdən etibarən onların istifadə və sahibliyində olmuş, iddiaçılarla aidiyyəti qurumlar arasında bağlanmış müqavilələrə əsasən mübahisəli mənzillərə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə sayğaclar quraşdırılmış, X10 mübahisələndirdiyi mənzildə təmir işləri aparmış, İddiaçı2 isə artıq xeyli müddətdir ki, mübahisələndirdiyi mənzildə yaşayır. Bu da öz növbəsində iddiaçıların mübahisələndirdiyi mənzillərin onların istifadə və sahibliyində olmasına və cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız olmasına dəlalət edir. Digər tərəfdən, cavabdehlər arasında xx.xx.2012-ci il tarixdə bağlanmış müqavilədə ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olduğu göstərilsə də, mötəbər sübutlarla qeyd edilən torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olmadığı müəyyən edilmiş və bu baxımdan Cavabdeh1 ASC həmin torpaq sahəsini Cavabdeh2 MTK-ya təhvil verə bilməzdi. Qeyd edilənlər də öz növbəsində cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız olduğunu təsdiq edir.

14. Üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun nümayəndəsi və vəkili Vəkil3 iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi mənzil inşa edilən tarixdən etibarən onun istifadə və sahibliyində olmuş, mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış, habelə onun tərəfindən mənzildə ilkin təmir işləri aparılmışdır. Mənzil heç vaxt Cavabdeh1 ASC-nin istifadə və sahibliyində olmamışdır. Həmçinin, apardıqları araşdırma zamanı torpaq sahəsinin Cavabdeh2 MTK-ya təhvil verilməsi ilə bağlı Cavabdeh1 ASC-nin ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilmədiyi, həmçinin cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin əslinin ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir. Bütün bunlar cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi üçün əsas yaradır.

15. Məhkəmə iclasında İddiaçı4 nümayəndəsi və vəkili Vəkil2 iddianı müdafiə edərək bildirmişdir ki, xx.xx.2012-ci il tarixli müqavilədə Cavabdeh1 ASC-yə təhvil verilməli olan mənzillərin yerləşdiyi mərtəbələr göstərilməsə də, mənzillərin nömrələri dəqiq göstərilmişdir. Halbuki, həmin binanın layihəsi aidiyyəti qurumla yalnız xx.xx.2013-cü il tarixdə razılaşdırılmışdır. Həmçinin, xx.xx.2012-ci il tarixli müqaviləni Cavabdeh2 MTK-nın sədri qismində imzalayan Elmira Şirinova yalnız xx.xx.2012-ci il tarixdə kooperativin sədri təyin edilmişdir. Bununla belə, müqaviləni imzalayan vaxt o, kooperativin sədri olmamışdır. Həmin müqavilədə göstərilən 53 saylı mənzil isə xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən inşa edilən tarixdən etibarən iddiaçının istifadə və sahibliyində olmuş, mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış və iddiaçı hazırda mənzildə yaşayır. Lakinhəm onunla müqavilə bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə ona hər hansı məlumat verilməmiş, hər hansı şəxs həmin mənzilin cəmiyyətə məxsus olması ilə bağlı ona müraciət etməmişdir. Əksinə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə mübahisəli mənzil ona təhvil verilmişdir. Qeyd edilənlər də öz növbəsində xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olduğunu təsdiq edir.

16. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X7 iddianı müdafiə etmiş və əlavə olaraq bildirmişdir ki, mübahisələndirdiyi 20 nömrəli mənzil xx.xx.2013-cü il tarixli müqavilə üzrə inşa edilən tarixdən etibarən onun istifadə və sahibliyində olmuş, mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış və 2018-ci ildən etibarən həmin mənzildə yaşayır. Hətta onunla müqavilə bağlandıqdan sonra həmin mənzillə bağlı müxtəlif tarixlərdə Cavabdeh2 MTK ilə X12, X13 və X8 adlı şəxslərlə də müqavilələr bağlanmışdır. Bununla bağlı başlanmış cinayət işi üzrə aparılmış istintaq zamanı qeyd edilən əməllərlə onun öz əmlakına sahiblik etmək və ondan normal istifadə etmək hüquqlarının pozulması, yəni ona mənəvi zərərin vurulması müəyyən edildiyindən o, iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Həmin vaxt da bu mənzilin Cavabdeh1 ASCyə məxsus olması, o cümlədən xx.xx.2012-ci il tarixdə mənzillə bağlı müqavilənin bağlanması müəyyən edilməmişdir. Ona məxsus olan mənzillə bağlı cavabdehlər arasında müqavilənin bağlanması barədə məlumatı isə Cavabdeh1 ASC-nin Cavabdeh2 MTK-ya qarşı mübahisəli mənzilin təhvil verilməsi ilə bağlı iddiası üzrə qətnamə qəbul edildikdən sonra əldə etmişdir.

17. Məhkəmə iclasında İddiaçı5 nümayəndəsi və vəkili X18 iddianı müdafiə edərək bildirmişdir ki, mübahisələndirilən mənzil xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən onun istifadə və sahibliyinə verilmiş, bundan sonra mənzilə kommunal xidmətlərin göstərilməsi məqsədi ilə müvafiq sayğaclar quraşdırılmış və iddiaçı artıq həmin mənzildə yaşayır. Sonradan həmin mənzilin 2018-ci il tarixdə digər şəxslə bağlanmış müqaviləyə əsasən Cavabdeh2 MTK tərəfindən başqa şəxsə də satıldığı müəyyən edilmişdir. Bu və digər belə hallarla bağlı başlanılmış cinayət işi üzrə araşdırma aparılmış və nəticə mənzilin məhz iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Həmin cinayət işi üzrə Cavabdeh2 MTK-nın sədri olmuş Elmira Şirinova dindirilərkən bir mənzilin başqa-başqa şəxslərə satılması hallarına yol verdiyini etiraf etmiş, lakin bu mənzilin iddiaçıdan əvvəl hər hansı şəxsə, o cümlədən Cavabdeh1 ASC-yə satılması barədə hər hansı fikir söyləməmişdir. Ümumiyyətlə, həm onunla müqavilə bağlanan zaman, həm də ötən dövr ərzində bir dəfə olsun belə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə iddiaçıya hər hansı məlumat verilməmiş, bu qurumun hər hansı nümayəndəsi ona müraciət etməmişdir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

18. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi X19 iddianı qəbul etməyərək, Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzilin Cavabdeh1 ASC-yə məxsus olduğunu və ona təhvil verilməli olduğunu bildirmiş və iddiaların rədd olunmasını xahiş etmişdir.

19. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 24 noyabr 2021-ci il tarixli, 2(001)-4160/2021 saylı qətnaməsi ilə (sədrlik edən-Fuad Abdıyev) mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs X2 iddiası təmin, iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarsız hesab edilmiş, “Mənzil tikintisinə dair” xx.xx.2014-cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili Cavabdeh2 MTK tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun istifadə və sahibliyinə verilmiş, iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiası qalan hissədə rədd edilmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, müqavilələrin predmeti olan mənzillərin dəyərinin ödənilməsi barədə iddiaçıların hər birinə Cavabdeh2 MTK tərəfindən maliyyə arayışları verilmişdir. İddiaçıların bağladıqları müqavilələrlə bağlı məhkəmə qeyd etmişdir ki, təşkilati-hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq iddiaçılarla Cavabdeh2 MTK arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Müddət etibarı ilə Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında müqavilə daha əvvəl bağlanmışdır. Lakin bu hal həmin müqavilənin predmeti olan 7 ədəd mübahisəli mənzilin Cavabdeh2 MTK tərəfindən iddiaçılara deyil, məhz Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə öhdəliyin yaranması kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh1 ASC ilə müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 ASC həmin mənzilləri təhvil almamış, bu mənzillər heç vaxt Cavabdeh1 ASC-nin istifadə və sahibliyində olmamışdır. Bu hal, Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə ünvanlanmış xx.xx.2019- cu il tarixli, 01/012/27704 nömrəli məktubla da öz təsdiqini tapır. Belə ki, həmin məktubda Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 20, 23, 34, 43, 45, 48 və 53 nömrəli mənzillərin bugünədək Cavabdeh1 ASC-yə təhvil verilmədiyi, Cavabdeh2 MTK tərəfindən həmin müqavilənin şərtlərinin pozulduğu bildirilmişdir. Bu məktubun tərtib edildiyi tarixə qədər Cavabdeh2 MTK ilə bütün iddiaçılar arasında mübahisəli mənzillərə dair müqavilələr artıq bağlanmış olmuşdur. Lakin məktubda bu barədə hər hansı qeyd aparılmamışdır. Bu da Cavabdeh1 ASC-nin həmin tarixdə nə mənzillərin vəziyyəti, nə də ki, onun faktiki sahibləri barədə hər hansı məlumatının olmaması qənaətinə gəlməyə imkan verir. Halbuki, kooperativ cəmiyyət üçün əlçatımlı olmuş və adi fiziki şəxslərdən fərqli olaraq öz fəaliyyəti ilə bağlı çoxlu sayda müqavilə bağlayan, həmin müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin və tələb etmə mexanizmlərinə malik olan Cavabdeh1 ASC çox asanlıqla belə bir dəyəri olan müqavilədən irəli gələn öhdəliklərin icrası vəziyyətini də nəzərətdə saxlayıb öz mənzillərinə sahib ola bilərdi. Bu işi cəmiyyətin həmin sahəyə nəzarət edən mütəxəssisləri asanlıqla yerinə yetirə bilərdi. Lakin buna baxmayaraq, mənzillər bugünədək Cavabdeh1 ASC-yə təhvil verilməmişdir. İddiaçılar isə həmin mənzillərlə bağlı müqavilələr bağladıqdan və mənzillərin dəyərini ödədikdən sonra mənzillərə sahiblik və ondan istifadə etməyə başlamışlar. Belə ki, iddiaçılar X10 və Məmmədov Səxavət Nizami oğlu müvafiq olaraq 23 nömrəli və 43 nömrəli mənzillərdə təmir işləri aparmış, iddiaçılar İddiaçı2, İddiaçı4, X7 və İddiaçı5 isə müvafiq olaraq 48, 53, 20 və 34 nömrəli mənzillərdə yaşayırlar. İddiaçılar həmin mənzillərə kommunal xidmətlərin göstərilməsi üçün aidiyyəti qurumlarla, o cümlədən su təchizatına dair xidmətlərin göstərilməsi üçün Cavabdeh1 ASC ilə müqavilələr bağlamışdılar. Halbuki, məhz Cavabdeh1 ASC xx.xx.2012-ci il tarixli müqaviləyə istinadən iddiaçılarla belə bir müqavilələrin bağlanmasından imtina etməli və iddiaçıların müqavilələrini mübahisələndirməli idi. Lakin bunu etməmişdir. O hal da nəzərə alınmalıdır ki, iddiaçılarla Cavabdeh1 ASC arasında su təchizatı xidmətlərinə dair müqavilələr xx.xx.2020-ci il tarixdə, yəni Cavabdeh1 ASC-nin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etdiyi tarixdən (xx.xx.2019-cu il tarixli məktub) sonra bağlanmışdır. Hər bir halda, ən azı 2019-cu il tarixdə xx.xx.2012-ci il tarixli müqavilədə göstərilən mənzillərin ona təhvil verilməsi üçün tədbirlər görən Cavabdeh1 ASC bu tədbirlər çərçivəsində məsələni nəzarətə götürməli, o cümlədən mənzillərin vəziyyəti ilə maraqlanmalı və təbii ki, ilk növbədə iddiaçılarla su təchizatı xidmətlərinə dair müqavilələr bağlamamalı idi. Lakin göründüyü kimi bağlamış və bununla da hüquqi nəticə etibarı ilə mənzillərin öz istifadə və sahibliyində olmadığını, iddiaçıların istifadə və sahibliyində olmasını qəbul etmişdir. Digər tərəfdən Cavabdeh2 MTK-nın sədri olmuş Elmira Şirinova tərəfindən eyni mənzillərin başqa-başqa şəxslərə satılması faktı ilə bağlı başlanılmış cinayət işi üzrə də Cavabdeh1 ASC hər hansı mənzilin sahibi kimi keçməmiş, hər hansı statusla cinayət işinə cəlb edilməmiş, ümumiyyətlə xx.xx.2012-ci il tarixli müqavilə barədə hər hansı məlumat əks olunmamışdır. Halbuki, məsələn, İddiaçı5 mübahisələndirdiyi 34 nömrəli mənzilin və X2 mübahisələndirdiyi 20 nömrəli mənzilin onlarla yanaşı digər şəxslərə də satıldığı müəyyən edilmişdir. Buna baxmayaraq, həmin mənzillərin, xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 ASC-yə məxsus olması məsələsi ortaya çıxmamışdır.

21. Məhkəmə göstərilənləri və aparılmış araşdırmanın nəticələrini nəzərə alaraq belə qənaətə gəlmişdir ki, Cavabdeh2 MTK ilə X7 arasında 20 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, İddiaçı2 arasında 48 nömrəli (3 otaqlı, 112,2 kv.m sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, X10 arasında 23 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2013-cü il tarixdə, Məmmədov Səxavət Nizami oğlu arasında 43 nömrəli (2 otaqlı, 72,3 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, İddiaçı5 arasında 34 nömrəli (2 otaqlı, 76,5 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə, İddiaçı4 arasında 53 nömrəli (1 otaqlı, 42,7 kv.m.sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2014-cü il tarixdə və İddiaçı3 arasında 45 nömrəli (1 otaqlı, 42,7 kv.m. sahəsi olan) mənzilin tikintisinə dair xx.xx.2018-ci il tarixdə müqavilələr qüvvədə olan mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış və həmin müqavilələrin predmeti olan mənzillərin hər biri real olaraq iddiaçılara məxsusdur. Bu da öz növbəsində həmin müqavilələrin etibarsız olmasını istisna edir və araşdırma zamanı müəyyən edilmiş digər hallarla birlikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız olmasını şərtləndirir.

22. Məhkəmə o halı da nəzərə almışdır ki, xx.xx.2012-ci il tarixli müqavilənin 2-ci bəndinə (Tərəflərin hüquq və vəzifələri) əsasən tərəflər razılaşmışdılar ki, bu müqavilənin 2.4-cü və 2.5-ci maddəsində qeyd olunan şərtlər Bina inşa edildikdən sonra 6 (altı) ay ərzində Cavabdeh2 MTK tərəfindən icra olunmadıqda, əmlaka dair rəsmiləşdirilmiş müqavilə etibarsız hesab ediləcəkdir. Ötən 9 ilə yaxın müddət ərzində də müqavilənin nə 2.4-cü, nədə ki, 2.5-ci maddələri icra edilməmişdir. Bu halın mövcudluğu da xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

23. Məhkəmə, iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Məmmədov Səxavət Nizami oğlunun “xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, bu iddiaçıların hər biri ümumilikdə müqavilənin etibarsız hesab edilməsini tələb edir. Lakin onlarla bağlanmış müqavilələrdən fərqli olaraq xx.xx.2012-ci il tarixli müqavilənin predmetini 7 mənzil təşkil edir və hər bir iddiaçının mübahisələndirdiyi mənzil istisna olmaqla, onların digər mənzillərə hər hansı aidiyyəti yoxdur. X7 isə həmin müqavilənin etibarsızlığını məhz onunla bağlanmış müqavilənin predmeti olan 20 nömrəli mənzillə bağlı hissədə mübahisələndirir. Bu səbəbdən iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Məmmədov Səxavət Nizami oğlunun iddiası qismən (yəni xx.xx.2012-ci il tarixli müqavilə bu iddiaçıların hər birinə münasibətdə onlarla bağlanmış müqavilələrin predmeti olan mənzillərlə bağlı hissədə etibarsız hesab edilməli), iddiaçı X2 iddiası isə təmin edilməlidir. Bu da öz növbəsində (aparılmış araşdırmanın nəticələri də daxil olmaqla) ümumilikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

24. Məhkəmə, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiasını “mənzilin istifadə və sahibliyə verilməsi hissəsində əsaslı hesab edir və belə qənaətə gəlmişdir ki, “Mənzil tikintisinə dair” xx.xx.2014- cü il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli binanın 2 otaqlı, 72,3 kv.m. sahəsi olan 43 nömrəli mənzili onun istifadə və sahibliyinə verilməlidir.

25. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs Məmmədov Səxavət Nizami oğlunun iddiasının “mənzildən istifadə və sahiblik etməyə maneənin yaradılmasının cavabdehlərə qadağan edilməsi” hissəsi ilə bağlı qeyd etmişdir ki, Məmmədov Səxavət Nizami oğluna mübahisəli mənzildən istifadə və ona sahiblik etməsini qeyri-mümkün edən hal bu mənzillə bağlı Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında xx.xx.2012-ci il tarixdə müqavilənin bağlanması və Cavabdeh1 ASC-nin həmin müqaviləyə əsaslanaraq bu mənzilə olan hüquqlarını mübahisələndirməsi ilə bağlı olmuşdur. Lakin həmin müqavilənin etibarsız hesab edilməsi artıq mübahisəli mənzilə münasibətdə Cavabdeh1 ASC-nin hər hansı hüququnun olmasını istisna edir və onun Məmmədov Səxavət Nizami oğlu tərəfindən bu mənzilə sahiblik və istifadə etməsinə hər hansı maneə yaratmasını qeyri-mümkün edir. Eyni zamanda, Cavabdeh2 MTK-nın ona bu mənzildənistifadə və sahiblik etməsinə hər hansı maneə yaratması müəyyən edilmir. Bu səbəbdən məhkəmə iddianı bu hissədə əsassız hesab edərək rədd edilməsi qənaətinə gəlmişdir.

26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 152.1, 152.2, 152.3, 157.2, 157.8, xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyada 178.8-ci, 337.1, 385.1, 425.1, 442, 448.1, 452.1, 752.1, 762.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 119.1, 217.4, 226.1, 226.2 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a. Apellyasiya şikayətinin dəlilləri

27. Cavabdeh1 ASC apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv olunmasını və həmin hissədə iddia tələblərinin rədd olunmasını xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında məhkəmə mübahisəsinə dair qanuni qüvvəyə minmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2016-cı il tarixli, 2-2(102)-109/2016 saylı) məhkəmə qərarı mövcuddur ki, bu halı işə baxan məhkəmə ümumiyyətlə araşdırmamış və qiymət verməmişdir. Məhkəmə ilk növbədə iki təsərrüfat subyekti arasında bağlanmış müqavilənin predmetini, tərəflərin vəzifələri və öhdəliklərini araşdırmalı idi. Cavabdeh1 ASC-ilə “Bulaq-2“ MTK arasında olan xx.xx.2012-ci tarixli müqavilənin etibarsızlığına dair müddəanın heç bir hüquqi əsası yoxdur. İş materiallarından görünür ki, Cavabdeh1 ASC-ilə “Bulaq-2“ MTK arasında xx.xx.2012-ci il tarixli müqavilə bağlanmışdır. İddiaçılar ilə cavabdeh “Bulaq-2“ MTK arasında bağlanmış 7 predmeti olan müqavilələr isə 2014-ci ildən başlayaraq sonrakı dövrləri əhatə edir. Göründüyü kimi, Cavabdeh1 ASC ilə müqavilə daha əvvəl bağlanmış və beləliklə Cəmiyyətin üstünlük hüququ yaranmışdır. Bu hal həmin müqavilənin predmeti olan 7 ədəd mübahisəli mənzilin “Bulaq-2“ MTK tərəfindən fiziki şəxs olan iddiaçılara deyil, məhz Cavabdeh1 ASC-yə təhvil verilməsi barədə öhdəliyin yaranması üçün əsas yaradır.

29. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-886/2023 nömrəli iş üzrə 6 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Rəşad Həsənov və Məmməd Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, qeyd olunan hissədə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər Məmmədov Səxavət Nizami oğlunun və X2, iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 iddiaları təmin edilməmiş, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

30. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, onlarla bağlanmış müqavilələrdən fərqli olaraq xx.xx.2012-ci il tarixli müqavilənin predmetini 7 mənzil təşkil edir və hər bir iddiaçının mübahisələndirdiyi mənzil istisna olmaqla, onların digər mənzillərə hər hansı aidiyyəti yoxdur. X7 isə həmin müqavilənin etibarsızlığını məhz onunla bağlanmış müqavilənin predmeti olan 20 nömrəli mənzillə bağlı hissədə mübahisələndirir. Bu səbəbdən iddiaçılar X5, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Məmmədov Səxavət Nizami oğlunun iddiası qismən (yəni xx.xx.2012-ci il tarixli müqavilə bu iddiaçıların hər birinə münasibətdə onlarla bağlanmış müqavilələrin predmeti olan mənzillərlə bağlı hissədə etibarsız hesab edilməli), iddiaçı X2 iddiası isə tam təmin edilməlidir. Bu da öz növbəsində (aparılmış araşdırmanın nəticələri də daxil olmaqla) ümumilikdə xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün hüquqi əsas yaradır.

Kassasiya instansiya məhkəməsində icraat

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3867/2023 tarixli qərarı ilə X10 və İddiaçı2 kassasiya şikayətləri tam, Cavabdeh1 ASC və Məmmədov Səxavət Nizami oğlunun kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 6 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.

32. Kassasiya məhkəməsinin qənaətinə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Cavabdeh1 ASC-nin nümayəndəsi Vəkil4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

35. İddiaçı X10, onun və digər İddiaçı2 nümayəndəsi (vəkili) Vəkil1, İddiaçı5 nümayəndəsi X14, üçüncü şəxs Səxavət Məmmədovun nümayəndələri X9 və Vəkil3 (vəkil) məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.

36. İşdə iştirak edən digər şəxslər əhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

37. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 5.3.Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli 918-VQD nömrəli qanunla dəyişiklik edilənədək olan redaksiya). Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1.Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 452.1.Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2.Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 752.1.Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 762.1.Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

38. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir

Apellyasiya baxışının hədləri

39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh1 ASC tərəfindən mübahisələndirildiyindən və iddia qismən təmin edildiyindən qətnamənin əsaslılığı iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

42. Məhkəmə Kollegiyası kassasiya məhkəməsinin qərarında şərh olunan göstərişləri nəzərə alaraq və işin müəyyən edilən hallarına əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

43. Kollegiya bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır.

44. Ali Məhkəmə işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, Cavabdeh1 ASC Cavabdeh2 MTK ilə bağladığı xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzilin Cavabdeh1 ASC-yə məxsus olduğunu və ona təhvil verilməli olduğunu bildirərək iddiaların rədd olunmasını xahiş etmişdir. Belə olan halda xx.xx.2012-ci il tarixli müqavilənin, eləcə də Səxavət Məmmədovun tələbinin söykəndiyi əqdin etibarlı olub-olmadığını yoxlamaq hazırkı işə mahiyyəti üzrə baxan məhkəmələrin vəzifəsi olmuşdur. Bu yoxlama isə etibarsızlıqla bağlı işin faktiki hallarına uyğun gələn maddi hüquq normaları əsasında aparılmalıdır. Baxılan işdə isə apellyasiya instansiyası məhkəməsi irəli sürülmüş iddia tələblərini yuxarıda göstərilən qaydada araşdırmamış, onların söykəndiyi faktiki halların hansı maddi hüquq normasına uyğun gəldiyini, bu normaların dispozisiya şərtləri üzrə aparılan araşdırmanın nədən ibarət olduğunu və hər bir tələb üzrə gəlinən nəticəni əsaslandırmamış, sözügedən əqdlərin etibarlı olub-olmamasına lazımi şəkildə hüquqi qiymət verməmişdir. Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilə etibarlı sayıldığı halda, həmin dövrdə Mülki Məcəllənin 178.8-ci maddəsinin (qüvvədə olan redaksiyasının) hansı səbəbdən tətbiq edilmədiyi əsaslandırılmalı idi. Apellyasiya məhkəməsi qətnamənin “Tətbiq edilən hüquq” bölməsində Mülki Məcəllənin 452-ci maddəsi ilə yanaşı, 178.8-ci maddəsini də qeyd etsə də, sonuncu normanı hansı hüquq münasibətləri üzrə yoxladığını, hansı əsasla tətbiq etdiyini və ya etmədiyini göstərməmiş, nəticə etibarilə bu xüsusata hüquqi qiymət verməmişdir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

46. İddiaçıların tələbi Cavabdeh1 ASC ilə Cavabdeh2 MTK arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız sayılması barədədir. Səxavət Məmmədov isə bununla yanaşı, mübahisəli 43 saylı mənzilin onun sahiblik və istifadəsinə verilməsini, bu mənzilə dair hüquqlarının həyata keçirilməsinə maneçilik törədilməsinin cavabdehlərə qadağan edilməsini xahiş edir.

47. İddiaçılar bildirirlər ki, həmin müqavilədə göstərilən mənzillər Cavabdeh2 MTK tərəfindən 2013-cü ildə bağlanmış müqavilələrlə onlara satılmış, mənzillərin dəyərini ödəmişlər, hətta bir çoxu mənzilləri təmir etmişlər və yaşayırlar. Müqavilə bağlanan zaman və sonrakı dövrdə mənzilin Cavabdeh1 ASC-yə məxsus olması barədə onlara hər hansı məlumat verilməmiş, mənzillərin cəmiyyətə məxsus olması ilə bağlı onlara müraciət olunmamışdır. Hətta mənzillərə kommunal xidmətlərin göstərilməsi məqsədilə sayğaclar quraşdırılmışdır. Qeyd olunanlar cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız olmasına dəlalət edir. Digər tərəfdən, ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olduğu göstərilsə də, torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olmadığı müəyyən edilmiş və bu baxımdan cəmiyyət ona məxsus olmayan həmin torpaq sahəsini Cavabdeh2 MTK-ya təhvil verə bilməzdi. Bundan başqa, cavabdehlər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin əslinin ümumiyyətlə mövcud olmadığı müəyyən edilmişdir.

48. Cavabdeh1 ASC isə Cavabdeh2 MTK ilə bağladığı xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzilin Cavabdeh1 ASC-yə məxsus olduğunu və ona təhvil verilməli olduğunu bildirərək iddiaların rədd olunmasını xahiş etmişdir.

49. Birinci instansiya məhkəməsi iddiaların əsaslı olduğu qənaətinə gələrək cavabdehlər Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqaviləni etibarsız saymışdır.

50. Belə olan halda xx.xx.2012-ci il tarixli müqavilənin, eləcə də iddiaçıların tələbinin söykəndiyi əqdlərin etibarlı olub-olmadığı yoxlanmalıdır.

51. Məlum olduğu kimi, məhkəmə iddia tələbləri üzrə hüquqi dəyərləndirmə apararkən iddiaya uyğun gələn qanuni əsası tapmalı, ona bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olub-olmadığını yoxlamalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və işin müəyyən olunmuş faktiki halları müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

52. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında ifadə edimiş hüquqi mövqelərə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin bu məsələlərlə bağlı formalaşdırdığı hüquqi mövqelərə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olubolmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

53. Səxavət Məmmədovun iddiasının həlli üzrə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi 43 saylı mənzilə münasibətdə Cavabdeh1 ASC-nin hər hansı hüququnun olmasını istisna edir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər

55. Mülki Məcəllənin mübahisələndirilən müqavilələr bağlanarkən, yəni 2014-cü ildə qüvvədə olan 178.8-ci maddəsinin tələbinə görə mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan şəxs digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər.

56. İddiaçıların bağladıqları müqavilələrlə bağlı qeyd olunmalıdır ki, təşkilati hüquqi formasından, habelə müqavilədə tərəflərin necə adlandırılmasından asılı olmayaraq iddiaçılarla Cavabdeh2 MTK arasında bağlanmış müqavilələr öz hüquqi təbiətinə görə podrat müqavilələridir. Həmin müqavilələrin hər birinin predmeti olan mənzillər xx.xx.2012-ci il tarixli müqaviləyə əsasən Cavabdeh2 MTK tərəfindən məhz Cavabdeh1 ASC-yə təhvil verilməli idi. Bununla belə, 7 ədəd mənzilə dair ilk olaraq Cavabdeh2 MTK ilə Cavabdeh1 ASC arasında, bundan sonra isə həmin mənzillərin hər biri ilə bağlı ayrı-ayrılıqda müxtəlif tarixlərdə hər bir iddiaçı ilə podrat müqaviləsi bağlanmış və həmin müqavilələrin hər biri üzrə Cavabdeh2 MTK xx.xx.2012-ci il tarixli müqavilənin predmeti olan 7 ədəd mənzili inşa edərək, ayrı-ayrılıqda iddiaçıların istifadə və sahibliyinə verilməsi barədə üzərinə öhdəlik götürmüşdür.

57. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, mübahisələndirilən müqavilələr üzrə pay haqqı iddiaçılar tərəfindən tam şəkildə ödənilmişdir və onlar 178.8-ci maddənin tələbləri baxımından əldə etdikləri mənzilə mülkiyyət hüququ əldə etmişlər. Cavabdeh1 ASC tərəfindən isə mənzillərin pay haqqının tam ödənilməsinə dair hər hansı sübut təqdim olunmamışdır. Məhkəmə kollegiyası bunu nəzərə alaraq hesab edir ki, Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbləri baxımından da mübahisəli mənzillər Cavabdeh1 ASC-yə verilə bilməz.

58. İddiaçılar tərəfindən mübahisələndirilən xx.xx.2012-ci il tarixli müqavilə ilə bağlı Kollegiya qeyd edir ki, həmin müqavilənin əsli Cavabdeh1 ASC tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, həmin müqavilədə ünvan 1 ünvanında yerləşən 3 sot ölçüdə torpaq sahəsinin Cavabdeh1 ASC-yə məxsus olması göstərilsə də, Torpaqdan daimi istifadə hüququna dair JN-0555 seriyalı, 00100026 kodlu dövlət aktından və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021ci il tarixli məktubundan həmin torpaq sahəsinin heç vaxt Cavabdeh1 ASC-yə məxsus olmadığı, həmin ünvanında yerləşən 0,5100 ha torpaq sahəsinin yaşayış binasının tikintisi üçün məhz Cavabdeh2 MTK-ya ayrıldığı müəyyən edilmişdir. Müqavilədə bu torpaq sahəsi üzərində Cavabdeh2 MTK tərəfindən tikinti işlərinin aparılmasına Cavabdeh1 ASC tərəfindən razılıq verildiyi göstərilsə də, bu razılığın verilməsi ilə bağlı rəsmiləşdirmənin aparılması, o cümlədən bu məsələ ilə bağlı Cavabdeh1 ASC-nin səhmdralarının ümumi yığıncağı tərəfindən hər hansı qərarın qəbul edilməsi də müəyyən edilməmişdir.

59. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

60. Apellyasiya şikayətinin əsas dəlillərindən biri də tərəflər arasında məhkəmə mübahisəsinə dair qanuni qüvvəyə minmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın xx.xx.2016-cı il tarixli, 2-2(102)-109/2016 saylı məhkəmə qərarının hazırkı işə baxılarkən nəzərə alınmaması barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçılar həmin işə baxılarkən işdə iştirak edən şəxs olmadıqlarından həmin məhkəmə qərarı hazırkı iş üçün hər hansı preyudisiallıq keyfiyyəti daşımır.

61. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar