Məhkəmə qərarları › İş №2(103)-205/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-205/2025

18.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-205/2025 18.03.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2024-cü il tarixli qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi apellyasiya şikayətinə əsasən işə, apellyatorun nümayəndəsi X2 iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayan iddiaçı, cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ASC tərəfindən tərtib olunmuş 034466 saylı, xx.xx.2023-cü il tarixli akta əsasən qanunsuz olaraq işıq sərfinə görə ona hesablanmış 1.829,37 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ASC-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akt və onun əsasında hesablanmış borc əsassızdır. Çünki ona məxsus yaşayış sahəsində elektrik xəttinə və sayğaca müdaxilə edilməmişdir. b) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, 034466 saylı, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1.799,37 manat məbləğində pulun cavabdeh ASC tərəfindən iddiaçının abunə hesabından (abonent kodu №: **********30001) silinməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli aktlarda istehlakçının – iddiaçının kənar xətt vasitəsilə elektrik sayğacına müdaxilə etməsi müəyyən edilmiş, iddiaçı tərəfindən cavabdeh ASC-yə müxtəlif vaxtlarda müəyyən ödənişlər edilmiş, lakin hesablanan məbləğin müəyyənləşdirilməsində sübutlar təqdim edilməmişdir. Məhkəmə həm paylayıcının – ASC-nin, həm də istehlakçının – iddiaçının qanunla qorunan mənafelərini nəzərə alaraq bu qənaətə gəlmişdir ki, cavabdeh ASC tərəfindən tərtib edilən akt üzrə məbləğlər istehlakçıdan ağlabatan məbləğdə tutulmalıdır. 034466 saylı, xx.xx.2023-cü il tarixli akt qismən qüsurlu hesab edilməli, istehlakçıdan – iddiaçıdan xx.xx.2009-cu il tarixdən (xx.xx.2009 - xx.xx.2023) tutulmalı məbləğ bir aya görə ortalama ağlabatan məbləğ kimi 30 manat olmalıdır (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 20 manat, qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 50 manat). Bu həmçinin iddiaçının adına olan “Abonentin saldosuna” əsasən də müəyyən edilir. c) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh ASC həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia əsassızıdır. İddiaçıya məxsus yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş ASC-nin əməkdaşları, baxış zamanı sayğac sxemindən kənar faza xətti daxil olunduğunu müəyyən etmişlər. Bununla bağlı xx.xx.2023-cü il tarixli NDM 034466 saylı müvafiq akt tərtib olunmuşdur və video çəkiliş aparılmışdır. Abonentin nümayəndəsi (Nəsimi adlı şəxs) akta imza çəkməkdən imtina etmişdir. ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2023-cü il tarixli qərarına əsasən xx.xx.2023-cü il tarixli NDM 034466 saylı akt üzrə 14.414 kvt/s (2,86kvt x (0,7) x 24 saat x 300 gün) itirilmiş elektrik enerjisinin dəyəri 1.829,30 manat məbləğində müəyyən edilməklə abonentin (kod **********30001) abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. d) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və verdikləri izahatlar barədə məlumat

7. Cavabdehin nümayəndəsi apellyasiya baxışında iştirak edərək apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin məzmununa uyğun izahat verdi.

8. Apellyasiya baxışının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi (qardaşı) X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. İddiaçı və onun nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın sonuncu iclasının vaxtı və yeri haqqında lazımı qayada xəbərdar edilmələrinə baxmayaraq məhkəmənin iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. e) apellyasiya baxışının hədləri barədə məlumat

10. Hazırkı apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

11. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh ASC isə qətnaməni qismən, yəni iddianın bir qismin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticəni mübahisələndirmişdir.

12. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, MPM-in 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

13. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

14. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

15. Belə ki, cavabdeh ASC-nin əməkdaşlarının xx.xx.2023-cü il tarixdə tərtib etdikləri 034466 nömrəli aktdan görünür ki, onlar iddiaçıya məxsus yaşayış sahəsinə (abonent kodu **********30001) aid olan elektrik xətlərinə və elektrik sayğacına həmin tarixdə baxış keçirən zamanı müəyyən etmişlər ki, həmin ünvanda sayğac sxemindən kənar faza xətti daxil olur. Kənar faza xətti sayğacı qidalandıran ümumi elektrik xəttindən götürülərək 04 kv.m-liq elektrik xətti dirəyinin yuxarı uc hissəsindən xüsusi dəlik açaraq dirəyin içərisi ilə fərdi yaşayış evinə çəkilmişdir.

16. İşdə olan sənədlərdən görünür ki, yuxarıda qeyd edilən akta əsasən, iddiaçıya əlavə olaraq 14.414 kvt.s (2,86 kvt.s x 24 saat x (0,7) x 300 gün) əlavə sərfiyyat, yəni 1.829,3 manat (89 kvt.s. x 0,08 manat = 71 manat, 1000 kvt.s x 0,09= 90 manat, 13.325 kvt.s. x 0,13 manat = 1.732,2 manat) məbləğində borc hesablanmışdır.

17. ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli “Abunə haqqında arayışdan” görünür ki, həmin məbləğdə bor iddiaçının hesabına mədaxil edilmişdir.

18. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli, 9/5672 nömrəli rəydən görünür ki, cavabdeh ASC tərəfindən iddiaçıya hesablanmış debitor borc xx.xx.2023-cü il tarixli, NDM seriyalı, 034466 nömrəli akt əsasında yaranmışdır. Gizlədilmiş sərfiyyatın müəyyən dövr üçün itirilmiş elektrik enerjisinə görə vurulmuş zərərin hesablanması məhkəmə-mühasibatlıq ekspertizasının predmetinə aid deyildir. Belə ki, xx.xx.2023-cü il tarixli aktda komissiyanın üzvləri tərəfindən iddiaçıya məxsus ünvanda quraşdırılmış elektrik sayğacının kənar müdaxilə nəticəsində elektrik enerjisinin sərfiyyatı müəyyən edilmiş və həmin sərfiyyata görə 1.829,37 manat məbləğində borc qalığı hesablanmışdır. Bildirilir ki, elektrik enerjisi sərfiyyatının hesablanması, yəni iddiaçıya məxsus yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacının kənar müdaxilə nəticəsində istifadə edilən elektrik enerjisinin sərfiyyatı 14.414 kvt/s (2,86 kvt x (0,7) x 24 saat x 300 gün) olmasının düzgünlüyü məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir. Cavabdeh ASC tərəfindən tərtib edilmiş və iş materiallarına əlavə edilmiş 034466 saylı, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1.829,37 manat borcun nə dərəcədə əsaslı olub-olmamasına məhkəmə tərəfindən qiymət verilməlidir.

19. Apellyasiya icraatı zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı filialı tərəfindən Məhkəməyə verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, təqdim olunan sənədlərə əsasən məlum olmuşdur ki, ASC-nin nümayəndələri tərəfindən abonentin fərdi yaşayış evinə 1 fazalı hesablaşma elektrik sayğacından kənar faza xəttinin daxil olduğu, bu xəttin sayğacları qidalandıran ümumi xətdən götürülərək 0,4 kV-luq dayağın yuxarı uc hissəsindən xüsusi dəlik açılmaqla dayağın içərisi ilə evə çəkildiyi, kənar xətdən axan yükün 2,86 kVt, sayğacın qeydə alındığı yükün isə 0 kVt və sayğacdan kənar çəkilmiş mis naqilin en kəsiyinin 1x4 mm2 olduğu barədə xx.xx.2023-cü il tarixli NDM 034466 nömrəli akt tərtib edilmişdir. Aktda kənar xəttin ləğv edilməsi tələbi qoyulmuş və abonentin nümayəndəsinin imzadan imtina etdiyi barədə qeyd aparılmışdır. ASC tərəfindən sayğacdan kənar çəkilmiş faza xəttinin ləğv olunması ilə bağlı sənəd təqdim edilməmişdir. Akta əsasən kənar xətdən istifadə gücü 2,86 kVt götürülməklə, 300 gün müddətinə xx.xx.2023-cü il tarixli hesabat aparılmış və hesablanmış 1.829,37 manat borc məbləği abonent hesabına daxil edilmişdir. ASC tərəfindən təqdim olunan videoçəkilişdə dayağın yuxarı uc hissəsindən xüsusi dəlik açılmaqla dayağın içərisi ilə evə kənar faza xəttinin çəkildiyi ifadə olunur. Videoçəkilişdə dayağın yuxarı uc hissəsində xüsusi dəlik olduğu, dayağın içərisi ilə kənar faza xəttinin çəkildiyi və həmin xəttin abonentin evini qidalandırdığı tam müşahidə edilmir. Lakin videoçəkilişdə sayğacın giriş faza xəttindən yük axmadığı, “0” xəttindən isə 12-14 A intervalında yük axdığı və sayğacın axan yükü qeyd etmədiyi görünür. Bu o halda mümkündür ki, cərəyan dövrəsi sayğacdan çıxan faza və “0” xətti ilə (işlədici vasitəsilə) qapanmamış olsun və kənar faza xəttindən istifadə edilsin. Abunə haqqında cədvələ əsasən məlum olur ki, akt tərtib olunan tarixdən sonrakı dövrdə aylar üzrə oxunma zamanı qeydə alınan sərfiyyatlarda artım vardır. Hesabat aparılarkən tarif qiymətləri düzgün nəzərə alınmamışdır. Kənar faza xəttinin istifadə olunması halında sayğac sxemi işlək vəziyyətdə olmur, sxem dolayısı ilə pozulmuş olur və yük qeydə alınmır. Bu hal ASC-nin əməkdaşları tərəfindən elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasının yoxlanılması məqsədi ilə üç ayda bir dəfədən az olmayaraq baxış keçirilərkən aşkar olunmalı idi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının” 10.18.9-2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirilməsini təmin etməlidir. Qaydaların 8.17-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən elektrik enerjisinin talanması məqsədilə hesablaşma elektrik sayğacları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), sayğacların qoşulma sxemləri pozulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18 və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı və bu Qaydaların 10.18.9-2-ci yarımbəndinə uyğun olaraq elektrik sayğaclarına və onların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə keçirilmiş sonuncu baxış tarixindən üç aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 8.17-2-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verdiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarına əsasən əhali abonentləri üçün elektrik enerjisinin aylıq istehlak həcminin 200 kVts-ya qədər olan hissəsi 0,08 manatdan, 200 kvTs-dan 300 kVts-ya qədər olan hissəsi 0,09 manatdan, 300 kVts-dan çox olan hissəsi isə 0,13 manatdan nəzərə alınmalıdır. Bu qərarın 6-cı bəndinə əsasən elektrik enerjisinin aylıq istehlak həcmi dedikdə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki istehlakı nəzərdə tutulur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq bildirilir ki, hesabatın Qaydaların 8.17-ci bəndinə əsasən və Tarif (Qiymət) Şurasının göstərilən qərarı nəzərə alınmaqla aparılması məqsədəuyğun hesab olunur.

20. Qeyd edilən sübutlara əsasən işin faktiki halları kimi müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə ASC-nin əməkdaşları tərəfindən abonent olan iddiaçıya məxsus yaşayış sahəsinə (abonent kodu **********30001) aid elektrik xəttilərinə və elektrik sayğacına baxış keçirilmiş və müəyyən olunmuşdur ki, həmin yaşayış sahəsinə sayğac sxemindən kənar faza xətti daxil olur. Kənar faza xətti sayğacları qidalandıran ümumi sip xəttindən götürülərək 04 kv.m-liq sip dirəyinin yuxarı uc hissəsindən xüsusi dəlik açaraq dirəyin içərisi ilə fərdi yaşayış evinə çəkilmişdir. Bu hal müəyyən olunduğu üçün ASC-nin əməkdaşları 034466 nömrəli aktı tərtib etmişlər. Təqdim olunan sənədlərə əsasən mütəxəssis tərəfindən verilmiş rəydə qeyd edilir ki, ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşayış sahəsinə 1 fazalı hesablaşma elektrik sayğacından kənar faza xəttinin daxil olduğu, bu xəttin sayğacları qidalandıran ümumi xətdən götürülərək 0,4 kV-luq dayağın yuxarı uc hissəsindən xüsusi dəlik açılmaqla dayağın içərisi ilə evə çəkildiyi, kənar xətdən axan yükün 2,86 kVt, sayğacın qeydə alındığı yükün isə 0 kVt və sayğacdan kənar çəkilmiş mis naqilin en kəsiyinin 1x4 mm2 olduğu barədə xx.xx.2023-cü il tarixli NDM 034466 nömrəli akt tərtib edilmişdir. Aktda kənar xəttin ləğv edilməsi tələbi qoyulmuş və abonentin nümayəndəsinin imzadan imtina etdiyi barədə qeyd aparılmışdır. "xxxx" ASC tərəfindən sayğacdan kənar çəkilmiş faza xəttinin ləğv olunması ilə bağlı sənəd təqdim edilməmişdir. Akta əsasən kənar xətdən istifadə gücü 2,86 kVt götürülməklə, 300 gün müddətinə xx.xx.2023-cü il tarixli hesabat aparılmış və hesablanmış 1.829,37 manat borc məbləği abonent hesabına daxil edilmişdir.

21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

22. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” 13-cü maddəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə; həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə qaydalarının” tələblərinə görə, Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir (bənd 6.1.). Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır (bənd 8.1.).

24. Hazırkı iş üzrə iddiaçının kənar xətt vasitəsilə sayğaca müdaxilə etməsi iş materialları ilə təsdiq olunur. Rayon Məhkəməsi bu halı düzgün müəyyən etmiş və qətnamənin həmin hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.

25. ASC-nin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, MPM-in 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Lakin iddiaçı, cavabdeh ASC-yə sərf etdiyi elektrik enerjisinin dəyərini hər ay ödədiyini bildirsə də, bu barədə sübutları məhkəmələrə təqdim etməmişdir.

27. Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 14 nömrəli qərarına əsasən əhali abonentləri üçün elektrik enerjisinin aylıq istehlak həcminin 200 kVts-ya qədər olan hissəsi 0,08 manatdan, 200 kvTs-dan 300 kVts-ya qədər olan hissəsi 0,09 manatdan, 300 kVts-dan çox olan hissəsi isə 0,13 manatdan nəzərə alınmalıdır. Bu qərarın 6-cı bəndinə əsasən elektrik enerjisinin aylıq istehlak həcmi dedikdə elektrik enerjisinin ardıcıl 30 təqvim günü ərzindəki istehlakı nəzərdə tutulur.

28. İşdə olan mütəxəssis rəyində hesabatın Qaydaların 8.17-ci bəndinə görə və Tarif (Qiymət) Şurasının göstərilən qərarı nəzərə alınmaqla aparılması məqsədəuyğun hesab olunmuş və bunun maddi hüquqi əsası rəydə öz əksini tapmışdır (bax: hazırkı qətnamənin 19-cu bəndi).

29. Konkret hesablanma qaydasının müəyyən edilməsinə baxmayaraq, elektrik enerjisindən iddiaçı tərəfindən sayğacdan kənar xətt vasitəsilə istifadə olunduğunu müəyyən etmiş Rayon Məhkəməsi hesablamanı qaydaya uyğun aparmamış, cavabdeh ASC tərəfindən tərtib edilən akt üzrə məbləğin istehlakçıdan ağlabatan məbləğdə tutulmalı olması qənaətinə gəlmişdir.

30. Rayon Məhkəməsi qeyd etmişdir ki, 034466 saylı, xx.xx.2023-cü il tarixli akt qismən qüsurlu hesab edilməli, istehlakçıdan xx.xx.2009-cu il tarixdən (xx.xx.2009xx.xx.2023) tutulmalı məbləğ bir aya görə ortalama ağlabatan məbləğ kimi 30 (otuz) manat olmalıdır (yay ayları üçün sərfiyyatın az olduğunu nəzərə alaraq, yay aylarında aylıq 20 (iyirmi manat), qış aylarında sərfiyyatın artdığını nəzərə alaraq, qış ayları üçün 50 (əlli) manat). Bu həmçinin abonəçinin abonə saldosundan çıxırışına əsasən də uyğun müəyyən edilir.

31. Rayon Məhkəməsinin bu mövqeyi ilə razılaşmayan Məhkəmə hesab edir ki, hesabat ağlabatan məbləğlə deyil, “Elektrik enerjisindən istifadə qaydalarının” 8.17-ci bəndinə əsasən və Tarif (Qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarı nəzərə alınmaqla aparılmalıdır. Cavabdeh ASC-nin hesabladığı ödənilməli məbləği qanunvericiliyin tələblərinə uyğundur.

32. Beləliklə, məhkəmə araşdırması nəticəsində 034466 saylı, xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 1.799,37 manat məbləğində pulun ASC tərəfindən iddiaçının abunə hesabından silinməsi üçün hər hansı əsas müəyyən edilmədiyindən iddia əsassız hesab edilir. İddianın qismən təmin edilməsi ilə bağlı Rayon Məhkəməsinin gəldiyi nəticə əsassız, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilir. g) apellyasiya baxışının nəticəsi

33. Odur ki şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

34. İddia tələbi bütövlükdə təmin edilmədiyindən MPM-in 119.1-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinin tələbləri nəzərə alınaraq iş üzrə dövlət rüsumları dövlət büdcəsinə, işə baxılması ilə əlaqədar məsrəflər (ekspertiza tədqiqatının dəyəri) isə iddiaçıya aid edilməlidir.

35. İddia tələbi bütövlükdə təmin edilmədiyindən MPM-in 119.1-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddələrinin tələbləri nəzərə alınaraq iş üzrə dövlət rüsumları dövlət büdcəsinə, işə baxılması ilə əlaqədar məsrəflər (ekspertiza tədqiqatının dəyəri) isə iddiaçıya aid edilməlidir. Bu məqsədlə apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi - 19,15 manat məbləğində pul dövlət büdcəsindən tutularaq cavabdeh ASC-nin hesabına köçürülməli, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul isə iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.

36. Məhkəmə həmçinin qeyd edir ki, hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Çünki MPM-in 402-ci maddəsinin mənasına görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz.

37. Odur ki, göstərilənləri nəzərə alan, MPM-in 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2024-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni iddianın bir qisminin təmin edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia rədd edilsin. Müəyyən edilsin ki, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 20 fevral 2024-cü il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın bir qisminin təmin edilməməsi hissəsi hazırkı apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi – 19,15 (on doqquz manat on beş qəpik) manat məbləğində pul dövlət büdcəsindən tutularaq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar