Məhkəmə qərarları › İş №2(103)-2055/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2055/2025

06.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2055/2025 06.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və sair tələbləri barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X2 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2025-ci il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı Şirkətin buna səlahiyyəti olan nümayəndəsi Şirkətin adından cavabdehə qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin daxilində, yəni Bakı şəhəri, Binəqədi rayonu ərazisində, 1. 396808.851 4478415.870; 2. 396838.197 4478421.334; 3. 396847.715 4478374.362; 4. 396819.162 4478367.489 koordinatlar çərçivəsində cavabdeh tərəfindən qanunsuz olaraq inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Binəqədi rayonun ərazisində, o cümlədən iddia ərizəsində qeyd edilən koordinatlar çərçivəsində yerləşən torpaq sahəsi Şirkətin istifadəsinə verilib. İş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni iddia ərizəsində koordinatları qeyd edilən hissəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Həmin tikili Şirkətin ərazisində neft-qaz hasilatı ilə bağlı əməliyyatların həyata keçirilməsinə maneə yaratdığından Şirkətin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozur. Bu səbəbdən də, cavabdeh həmin tikilidən çıxarılmalı, tikili sökülməli və tikilinin yerləşdiyi torpaq sahəsi boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılmalıdır. b) iddia tələbinə dair cavabdeh tərəfin münasibəti barədə məlumat

3. Birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə iclasında iştirak etmiş cavabdeh iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə ona 350 kv.metr ölçülü torpaq sahəsi ayılmışdır. Qonşuluqda yerləşən 300 kv.metr torpaq sahəsi isə Binəqədi qəsəbə bələdiyyəsinin qərarı ilə X3 ayrılmışdır. X1 ayrılmış torpaq sahəsində imtina etmiş və onun (iddiaçının) müraciətinə əsasən Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarı ilə həmin 300 kv.metr torpaq sahəsi də fərdi yaşayış evinin inşası üçün ona ayrılmışdır. Göründüyü kimi iddiaçı Şirkətin bildirdiyi kimi, həmin torpaq sahəsi onun qanunsuz istifadəsində deyil, qanuni istifadəsindədir. Buna görə də, iddia rədd edilməlidir. c) birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi hazırki iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini, iddia ərizəsində qeyd edilən koordinatlar daxilində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılmasını, həmin tikilinin cavabdehin hesabına sökülməsini, torpaq sahəsinin boşaldılaraq iddiaçı Şirkətin qanuni istifadəsinə qaytarılmasını, qətnamənin həmin torpaq sahəsində neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməsini qət etmişdir.

5. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X7 Bi.Vi. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə Saziş imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. Sazişin icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi Şirkətin istifadəsinə verilmişdir. İş üzrə cavabdeh, iddiaçı Şirkətin istifadəsinə olan və "xxxx" icrası ilə əlaqədar olaraq Şirkətin istifadəsinə ayrılmış torpaq sahəsinin bir hissəsini, yəni 1 saylı mədənin 5cı sahəsi daxilində yerləşən torpaq sahəsini zəbt etmiş, orada qanunsuz olaraq tikili inşa etdirmişdir. Bu hal Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10/2446 №-li, xx.xx.2024-cü il tarixli rəy ilə təsdiq edilir. Cavabdehin istinad etdiyi və Binəqədi qəsəbə bələdiyyəsinin verdiyi qərarlar “Saziş” qüvvəyə mindikdən sonra verildiyindən əhəmiyyətsiz olmuşdur. Bu baxımdan həmin tikili özbaşına tikili hesab edilməlidir. Cavabdehin həmin tikili və torpaq sahəsi üzərində mülkiyyət hüququ mövcud deyil. Bu səbəbdən cavabdeh iddiaçı Şirkətin qanuni istifadəsində olan sahədə inşa etdiyi özbaşına tikilidən çıxarılmalı, tikili cavabdehin hesabına sökülməli və ərazi boşaldılaraq iddiaçı Şirkətin istifadəsinə qaytarılmalıdır. Lakin nəzərə alınmalıdır ki, həmin torpaq sahəsində neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyat başlanmayıbsa, onda qətnamə icra edilməməlidir. Qətnamə yalnız o halda icra edilməlidir ki, həmin torpaq sahəsində neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatlar başlanmış olsun. d) apellyasiya şikayəti barədə məlumat

6. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları cavabdehin işə baxmış Rayon Məhkəməsinə verdiyi izahatın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli rəydə bir tərəfdən qeyd edilir ki, 1 saylı mədənin 5-ci sahəsinin hüdudları daxilində cavabdeh ev tikmişdir. Digər tərəfdən isə qeyd edilir ki, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin yaxınlığında göz ilə görünə bilən neft xətti və neft quyuları müəyyən edilməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi rəyin ziddiyyətli olmasını nəzərə almamış, rəyə əsaslanaraq iddianın təmin edilməsini qət etmişdir. Bundan başqa Rayon Məhkəməsi cavabdehin təqdim etdiyi Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2012-ci il tarixli qərarını da nəzərə almamışdır. e) iş üzrə tərəflərin apellyasiya baxışı iclasında iştirakı barədə məlumat

8. İddiaçı Şirkətin nümayəndəsi və cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsələr də, apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər.

9. Bu hal işin baxılmasına mane olmadığında Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinin tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə, apellyasiya baxışının hədlərini nəzərə alaraq, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X7 Bi.Vi. və Dövlət Neft Şirkətinin Ortaq Neft Şirkəti arasında xx.xx.2004-cü il tarixdə Saziş imzalanmışdır. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən “Saziş” qanun statusunu almışdır. Sazişin icrası ilə əlaqədar bir sıra rayonların ərazilərinin bəzi hissələri, o cümlədən Binəqədi rayonun inzibati ərazisinin bir hissəsi Şirkətin istifadəsinə verilmişdir.

12. Cavabdehin istinad etdiyi və Binəqədi qəsəbə bələdiyyəsinin verdiyi xx.xx.2012ci il tarixli, 259 saylı qərarından görünür ki, Binəqədi qəsəbə bələdiyyəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə cavabdehə 350 kv.metr ölçülü torpaq sahəsi ayılmışdır. Qonşuluqda yerləşən 300 kv.metr torpaq sahəsi isə Binəqədi qəsəbə bələdiyyəsinin digər qərarı ilə X3 ayrılmışdır. X1 ayrılmış torpaq sahəsində imtina etmiş və cavabdeh, Bələdiyyəyə müraciət edərək, həmin 300 kv.metr torpaq sahəsinin də fərdi yaşayış evinin inşası üçün ona ayrılmasını xahiş etmişdir. Bələdiyyə cavabdehin müraciətini əsaslı hesab edərək, qərara almışdır ki, Odiljon Binaliyeviçə ayrılmış 300 kv.metr torpaq sahəsi də fərdi yaşayış evinin inşası üçün cavabdehə ayrılsın.

13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli, 10/2446 saylı rəydən görünür ki, iddia ərizəsində qeyd edilən koordinatlar çərçivəsində, yəni 1 saylı mədənin 5ci sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən tikili (ev və köməkçi sahələr) inşa edilmişdir.

14. Göstərilənləri nəzərə alan Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (maddə 159.). Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır (maddə 164.1.). Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər (maddə 164.2.). Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir (maddə 165.1.).

15. Qeyd edilən bu normaların tələblərindən müzakirə edilən mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, iddiaçı Şirkət hazırkı apellyasiya baxışının predmeti olan iddianı irəli sürmək üçün subyektiv hüquqa malikdir.

16. Daha sonra Məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin tələblərinə görə, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (maddə 152.1.). Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.).

17. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə görə, dövlətin obyektlərinin-dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar Dövlət mülkiyyətində olan torpaqlara aiddir.

18. Qeyd edilən maddi hüquq normalarının tələblərindən müzakirə edilən mülki mübahisənin həllinə yanaşdıqda müəyyən edilir ki, Binəqədi qəsəbə bələdiyyəsi ona məxsus olmayan torpaq sahəsi ilə bağlı qərar qəbul edərək, özünə məxsus olmayan torpaq sahəsini cavabdehə vermişdir. Binəqədi qəsəbə bələdiyyəsinin verdiyi xx.xx.2012ci il tarixli qərar, həmin qərarda istinad edilən qərarlar yuxarıda qeyd edilən “Saziş” qüvvəyə mindikdən sonra verildiyindən əhəmiyyətsiz olmuşdur. Başqa sözlə mübahisəli tikili özbaşına tikili sayılır.

19. Yuxarıda qeyd edilən halları nəzərə alan Məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fıziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

20. Bu baxımdan hesab edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi iddia ərizəsində qeyd edilən koordinatlar daxilində cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilidən cavabdehin çıxarılmasını, həmin tikilinin cavabdehin hesabına sökülməsini, torpaq sahəsinin boşaldılaraq iddiaçı Şirkətin qanuni istifadəsinə qaytarılmasını qət etməkdə haqlı olmuşdur.

21. Müzakirə edilən bu hissədə qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

22. Qeyd edilənləri qət etmiş Rayon Məhkəməsi həmçinin qətnamənin icra üsulunu müəyyən etməklə, qət etmişdir ki, qətnamə, həmin torpaq sahəsində neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin.

23. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-in 220.6-ci maddəsinin tələbinə görə, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir.

24. Bu prosessual normanın tələbini, habelə iddiaçı Şirkətin Rayon Məhkəməsinin müzakirə edilən nəticəsindən apellyasiya şikayətinin verməməsini, həmçinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli rəydə qeyd edilənləri (yəni ekspertiza tədqiqatına təqdim olunmuş torpaq sahəsinin yaxınlığında göz ilə görünə bilən neft xətti və neft quyuları müəyyən edilməməsini) nəzərə alan Məhkəmə hesab edir ki, müzakirə edilən bu hissədə də Rayon Məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

25. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətinə bildirir ki, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən Rayon Məhkəməsinə verilmiş xx.xx.2024-cü il tarixli rəy ziddiyyətlidir. Belə ki, rəydə bir tərəfdən qeyd edilir ki, 1 saylı mədənin 5-ci sahəsinin hüdudları daxilində cavabdeh ev tikmişdir. Digər tərəfdən isə qeyd edilir ki, baxış zamanı təqdim olunmuş torpaq sahəsinin yaxınlığında göz ilə görünə bilən neft xətti və neft quyuları müəyyən edilməmişdir.

26. Bununla bağlı Məhkəmə bildirir ki, cavabdehin bu dəlili əsassızdır. Çünki Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli rəydə həqiqətən də qeyd edilmişdir ki, iddia ərizəsində qeyd edilən koordinatlar çərçivəsində, yəni 1 saylı mədənin 5-ci sahəsinin hüdudları daxilində cavabdeh tərəfindən tikili (ev və köməkçi sahələr) inşa edilmişdir. Ekspertiza tədqiqatına təqdim olunmuş torpaq sahəsinin yaxınlığında göz ilə görünə bilən neft xətti və neft quyuları müəyyən edilmir.

27. Buna baxmayaraq Məhkəmə hesab edir ki, qeyd edilən hal rəyin ziddiyyətli olması anlamını yaratmır. Ekspert, ekspertiza tədqiqatı zamanı müəyyən etdiyi halları rəydə əks etmişdir.

28. Bu baxımdan qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi ekspertiza tərəfindən verilmiş həmin rəyi etibarlı sübut kimi qəbul etməkdə haqlı olmuşdur. g) apellyasiya baxışının nəticəsi

29. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticəsi qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

30. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Odur ki, şərh olunanları, MPM-in 385-ci maddəsinin tələbini nəzərə alan və MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən Məhkəmə, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinin tələbinə əsasən apellyatorun özünə aid edilməlidir.

32. Məhkəmə həmçinin bildirir ki, iddianın təmin edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, iddiaçı Şirkət hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz. İş üzrə cavabdeh isə hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

33. Beləliklə də, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 384, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 yanvar 2025-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Cavabdeh hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər. İş üzrə iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar