Məhkəmə qərarları › İş №2(103)-2056/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2056/2021

27.01.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2056/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6157/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən 776 D saylı bağ sahəsində cavabdehlər tərəfindən inşa edilən qanunsuz tikilinin cavabdehlərin hesabına sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6157/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən 776D saylı bağ sahəsində Cavabdeh1 və Cavabdeh2 tərəfindən tikinti işlərinin aparılması qadağan edilmişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, sözügedən bağ sahəsi alqı-satqı müqaviləsi ilə əldə edilmiş və DƏDRX-də rəsmiləşdirilərək çıxarış əldə edilmişdir. Həmin bağ sahəsində tikinti işləri aparılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq İcra Hakimiyyəti orqanından icazə alınmışdır və bundan sonra tikinti işləri başlanılmışdır. Barəsində şikayət verilən qərardadla tikinti işlərinin aparılmasının qadağan edilməsi onlara maddi zərər vurur və həmçinin qarşıdan gələn qış fəsli tikinti işlərinin davam etdirilməsini əlverişsiz edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6157/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin iddianı təmin etmə barədə xx.xx.2020-ci il tarixli 2(001)-6157/2020 saylı barədə qərardadı ləğv edilmiş, İddiaçı tərəfindən verilmiş iddianı təmin etmə tədbiri barədə ərizə təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)- 6157/2020 saylı qərardadı ilə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən 776D saylı bağ sahəsində tikinti işlərinin aparılmasının qadağan edilməsi ləğv edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət Məhkəmənin eyni saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayət ilə razılaşmayaraq bildirdi ki, sözügedən bağ sahəsi alqı-satqı müqaviləsi ilə əldə edilmiş və DƏDRX-də rəsmiləşdirilərək çıxarış əldə etmişdir. Həmin bağ sahəsində tikinti işləri aparılması üçün qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq İcra Hakimiyyəti orqanından icazə almış və bundan sonra bağ evinin memarlıq planlaşdırma həlli əsasında tikinti işləri başlamışdır. İddiaçı hazırkı iddia tələbini onunla arasında olan şəxsi ədavətinə görə vermişdir. Belə ki, iddiaçı ona məxsus bu torpaq sahəsini ona satması üçün dəfələrlə təzyiqlər etmiş, o da buna razı olmadığı üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Bu səbəbdən, şikayətin əsasız olduğunu və təmin edilməməsini xahiş etdi. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası cavabdehin fikrlərini dinləyib mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR ƏMDK DƏDRX tərəfindən verilmiş Çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Görədil kəndində yerləşən 776D saylı bağ sahəsi xx.xx.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 1 saylı protokolunun 1-ci bəndinə əsasən “Hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” xx xxxx 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun qənaətinə görə, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Belə olan halda Kollegiya hesab edir ki, birinici instansiya məhkəməsi hazırkı iş üzrə nəticə etibarı ilə düzgün qənaətə gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə iddiaçının iddianın təmin tədbiri barədə ərzisəsini təmin etməməkdə haqlı olmuş, bu səbəbdən də şikayət təmin edilmədən, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (xx xxx 2018-ci il tarixdən qüvvəyə minmiş) x xxx 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və kommersiya kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-6157/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar