Məhkəmə qərarları › İş №2(103)-2057/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2057/2025

24.07.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2057/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Cəfərli Pəri İlham qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7862/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) Cavabdehnə qarşı (bundan sonra, cavabdeh) “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (kod:**********00000) əsassız olaraq hesablanmış 8238,92 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, Bakı şəhəri Suraxanı rayonu, X4 ev 691 ünvanında özünə məxsus fərdi yaşayış evində yaşayır, Cavabdeh ilə münasibətləri tərəflər arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən tənzimlənir. Münasibətlər müqavilə üzrə tənzimləndiyindən Cavabdeh tərəfindən adına **********00000 nömrəli abunə hesabı açılmış və iddiaçının evinə smart kart tipli sayğac quraşdırılmışdır. İddiaçı müqavilə imzalandıqdan sonra istifadə etdiyi qazın dəyərini daim vaxtı-vaxtında ödəmiş, lakin Cavabdeh İB-nin əməkdaşları tərəfindən iddiaçının guya təbii qazdan qeyri-qanuni istifadə etməsinə dair aktlar tərtib edilmişdir. Cavabdehin əməkdaşları guya onun qazdan kənar xəttdən istifadə etməyini, qaz itkisinə yol verdiyini və dəymiş ziyana görə cərimə borcunun hesablandığını bildirdilər. İddiaçı təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməmiş, ona borc yazılması barədə deyildikdə, iddiaçı buna etiraz etmiş, lakin nəticəsi olmamışdır. İddiaçının abonent hesabında hal-hazırda 8238,92 manat borcunun olduğu bildirilmişdir. Aktda qeyd edilən hesablama qaydasının hansı qanuna və ya hüquqi akta əsaslanaraq aparıldığı məlum deyildir, əsassız olduğundan silinməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7862/2024 saylı qətnaməsi ilə (hakim Şəhriyar Əliyev), iddia təmin edilərək, İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 8238,92 (səkkiz min iki yüz otuz səkkiz manat, 92 qəpik) məbləğində borcun silinməsi, həmçinin Cavabdehndən 102,39 manat dövlət rüsumunun alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur. Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti – qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması, Cavabdeh İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə baxış keçirilərkən iddiaçı tərəfindən özünə sərf etdiyi tərzdə təbii qazdan sayğaca müdaxilə etmək vasitəsilə istifadə etməklə, o cümlədən istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəmədən təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktlarının aşkar olunması, aşkar olunmuş faktların yerindəcə Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarla rəsmiləşdirilməsi, abonentin təqsirli hərəkətləri nəticəsində Birliyə zərər dəyməsi, iddianın əsassız olması və s. kimi əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, orda göstərilənlərə və iddiaya qarşı etirazda qeyd olunanlara uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı barəsində təbii qazdan qanunsuz istifadəyə görə 2017-2022-ci illəri əhatə edən aktlar tərtib olunmuş və buna görə borc hesablanmışdır. İşdə olan abonent saldosundan da görünür ki, 8238,92 manat borc hesablanmışdır və onların bir hissəsi aktlarla bağlıdır. Lakin, qalan hissəsinin nəyə görə hesablanmasını dəqiq deyə bilmir. Həmçinin, saldodan da göründüyü kimi iddiaçı uzun illərdir ki, ödənişlər etmir. Bu hal isə iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə etməsini sübut edir. Hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırma aparılmamış, borcun yaranma əsasları və s. müəyyən olunmamış, iddiaçının uzun müddət ərzində ödənişlərinin olmaması nəzərə alınmamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iddiaçı olan qızı yaşayır, evin həyəti yoxdur, yəni əkinlə (parnik və s.) məşğul olmamışlar. Evdə qaz plitəsi və kombi istifadə edilir. Müəyyən qısa müddətli dövrlər istisna olmaqla evdə daima yaşayış olmuş, hazırda da iddiaçı orada yaşayır. Cavabdeh tərəfindən tərtib olunmuş aktlardan məlumatlı olmamışlar. İddiaçı istifadə etdiyi təbii qazın dəyərini daima ödəmişdir, lakin ödənişlərlə bağlı məhkəməyə sübut təqdim edə bilmir. Belə ki, ödənişlər əsasən cavabdehin əməkdaşlarına əlbəəl verilmiş, buna görə qəbz alınmamışdır. Hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR : Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia aşağıdakı göstərilən əsaslarla qismən təmin olunmalıdır. Belə ki, işdə olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı qrafasında “İddiaçı” qeyd edilməklə **********00000 abonent koduna “abonent mənzildə təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi aşkar olundu” nöqsanı qeyd edilmişdir. İşdə olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, **********00000 abonent koduna xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 3816 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İşdə olan “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 12/2021 tarixi üzrə 888,28 manat, 01/2022 tarixi üzrə 449,28 manat, 02/2022 tarixi üzrə 457,92 manat, 03/2022 tarixi üzrə 354,24 manat, 04/2022 tarixi üzrə 457,92 manat, 05/2022, 06/2022, 07/2022, 08/2022, 09/2022 və 10/2022 tarixləri üzrə 233,28 manat, 11/2022 tarixi üzrə 354,24 manat, 12/2022 tarixi üzrə 457,92 manat borc, 01/2023 tarixi üzrə “-1520,64” manat borc hesablanmış, 02/2023 tarixi üzrə Ödəniş və qeyri-ödəniş qrafasında “- 6330,36” manat qeyd edilmiş, 03/2023 tarixi üzrə 10 manat, 2024-cü il tarixi üzrə 60 manat ödəniş aparılmış, 09/2024 tarixində “Ay sonuna” borc 8238,92 manat borc məbləği qalmışdır. İşdə olan Gasrep sənədindən görünür ki, **********00000 saylı abonent kodu üzrə 01/2022 tarixi üzrə 888,28 manat, 02/2022 tarixi üzrə 449,28 manat, 04/2022 tarixi üzrə 812,16 manat, 06/2022 tarixi üzrə 691,20 manat, 08/2022 tarixi üzrə 456,56 manat 12/2022 tarixi üzrə 1054,08 manat borc qeyd edilmiş, 02/2023 tarixi üzrə “Written off” qrafasında 6330,36 manat qeyd edilmişdir. Göründüyü kimi, işdə yalnız xx.xx.2022-ci il tarixli ******* saylı akt olduğu halda, iddiaçıdan 8238,92 manat məbləğində borc tələb olunmuş, həmin məbləğ abonent saldosunda öz əksini tapmış, lakin həmin məbləğin yaranma əsasları (başqa aktlara əsasən hesablanması, debitor borc olması və s.) aydın deyildir. Belə olan halda isə, apellyasiya baxışı zamanı cavabdeh tərəfindən tələb olunun müvafiq borcun (əlavə sərfiyyatın) nəyi əhatə etməsi, habelə borcun qanunvericiliyin tələblərinə uyğun qaydada hesablanmasının yoxlanılması zərurəti yaranmış, iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının mütəxəssisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 2173/2025 nömrəli mütəxəssis rəyinə və iş materiallarında olan saldoya əsasən müəyyən edilir ki, mübahisəli ünvan üzrə ümumilikdə 14 akt tərtib olunaraq, borc hesablanmış (2017-ci ilin avqust ayı - 648 manat, 2021-ci ilin dekabr ayı – 888,28 manat, 2022-ci ilin yanvar ayı - 449,28 manat, 2022-ci ilin fevral ayı - 457,92 manat, 2022-ci ilin mart ayı – 354,24 manat, 2022-ci ilin aprel ayı - 457,92 manat, 2022-ci ilin may ayı - 233,28 manat, 2022-ci ilin iyun - 233,28 manat, 2022-ci ilin iyul ayı – 233,28 manat, 2022-ci ilin avqust ayı – 233,28 manat, 2022-ci ilin sentyabr ayı – 233,28 manat, 2022-ci ilin oktyabr ayı – 233,28 manat, 2022-ci ilin noyabr ayı – 354,24 manat), həmin aktlarla saldoya 5468,36 manat əlavə sərfiyyat hesablanaraq daxil edilmişdir. Lakin, iddiaçının silinməsini iddia etdiyi 8238,92 manat borc məbləğinin necə yarandığını müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq araşdırma zamanı iddiaçı tərəfindən 2017-2022-ci illər ərzində qazdan istifadəyə görə heç bir ödənişin edilməməsi müəyyən olunmuşdur. Təqdim olunan sənədlərdə iddiaçı tərəfindən – 1 ədəd PQ-4 tipli qaz plitəsi, 1 ədəd kombi tipli su qızdırıcısı, 1 ədəd qənaətli su qızdırıcısından istifadə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarını istehlak tarixlərinin ən aşağı həddini (0,1m3 üçün 0,1 manat) nəzərə alsaq, iddiaçının istifadə etdiyi qazın dəyəri bir il üçün 666 manat 2017-2023-cü illər üzrə isə cəmi 666x7=4662 manat təşkil edir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya məxsus fərdi yaşayış ünvanına 2017-2022-ci illər ərzində qaz sayğacından kənar xətt vasitəsilə təbii qazdan istifadə edilmə barədə 14 ədəd akt (aktların surəti mütəxəssis rəyinə əlavə olunmuşdur) tərtib olunmuş, həmin aktların nəticəsi olaraq itirilmiş qaz sərfiyyatı hesablanaraq, saldoya əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi silinməsi tələb olunan 8238,92 manat pulun yaranma əsaslarını, hansı hissəsinin aktlarla əhatə olunmasını və s. bu kimi halları tam və hərtərəfli araşdırmamış, aktlar üzrə ayrı-ayrılıqda araşdırma apararaq onlara hüquqi qiymət verməmiş, iddiaçı tərəfindən ödənişlərin həyata keçirilib-keçirilməməsini müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə məhkəmə aktı qəbul edilmişdir. Belə olan halda isə qətnamə qanuni və əsaslı sayıla bilməz. Bu hal MPM-in 385.1.1, 385.1.4-cü maddələrinə əsasən qətnamənin ləğvinə tam əsasdır. MPM-in 384.0 və 384.0.2-ci maddələrinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 1.3-cü bəndinə əsasən (bundan sonra, Qaydalar) qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli Əlavə) əlavə edilir. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qərarının 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Göründüyü kimi, mövcud qanunvericilik, fiziki şəxs olan istehlakçıya münasibətdə bütün hallarda, o cümlədən qaz sağacının cavabdehliyini və plombların qorunmasını birmənalı şəkildə qaz paylayıcısının üzərinə qoymuş və bu işlərin onun hesabına həyata keçirilməsini müəyyən etmişdir. Bu məqsədlə, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Həmçinin qeyd olunmalıdır ki, «Qaz təchizatı haqqında» Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsaslar həmçinin cavabdeh qrum tərəfindən tərtib edilmiş aktlar olduğundan, həmin aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Bu istiqamətdə qeyd edilməlidir ki, «Qaz təchizatı haqqında» Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Qeyd edilməlidir ki, ««Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən «Qaz təchizatı haqqında» Qanuna yuxarıda qeyd edilən norma əlavə edilmiş, qeyd olunan maddi 01 may 2022-ci il tarixdən qüvvəyə minmişdir (Analoji məsələ, sonradan həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsində də nəzərdə tutulmuşdur.) İşdən görünür ki, 14 aktdan 8 ədədi yuxarıda göstərilən norma qüvvədə olduğu vaxt, yəni 2022-ci ilin may-dekabr ayları ərzində tərtib olunmuş və həmin aktlara görə ümumilikdə 2211,84 manat əlavə sərfiyyat (dəymiş ziyan) kimi hesablanaraq, iddiaçıdan tələb olunmuşdur. Göründüyü kimi, qanunverici açıq-aşkar müəyyən etmişdir ki, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Yalnız bundan sonra, yəni istehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdən sonra qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Hazırkı halda isə, cavabdeh orqan tərəfindən qeyd olunan aktlar tərtib olunan zaman abonentin təqsirinin müəyyən olunması üçün müvafiq hüquq-mühafizə orqanlarına müraciət edilməsi və abonentin təqsirinin müəyyən olunması halı aşkar olunmur. Belə olan halda isə, iddiaçının abonent hesabına 2022-ci ilin may-dekabr ayları ərzində tərtib olunmuş 8 ədəd akta görə əlavə sərfiyyatın daxil edilərək onun ödənilməsinin iddiaçıdan tələb olunması qanunvericiliyin qeyd edilən tələbləri ilə uzlaşmamaqla, əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən həmin aktlara əsasən hesablanmış əlavə sərfiyyatın ümumi məbləği 2211,84 manat təşkil etdiyindən, iddia həmin hissədə təmin olunmalı, qeyd edilən pul vəsaiti iddiaçıya məxsus abonent hesabından silinməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası mübahisə predmeti olan digər aktlar, yəni 2017-2022-ci ilin may ayınadək tərtib olunmuş 6 ədəd əsasən akta əsasən hesablanmış 3255,64 manat əlavə sərfiyyatın qanuniliyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan saldodan və mütəxəssis rəyindən də göründüyü kimi, iddiaçı qeyd eilən dövrdə qazdan istifadəyə görə heç bir ödəniş olunmamışdır. İddiaçının nümayəndəsi ödənişlərin həyata keçirildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Həmçinin, iddiaçının nümayəndəsi həmin müddətdə mübahisəli ünvanda daimi yaşayışın olmaması ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir (əksinə, ünvanda yaşayışın olması inkar olunmamışdır). Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, uzun müddət ərzində təbii qazdan istifadə olunmasına görə iddiaçı tərəfindən hər hansı pul vəsaitininin ödənilməməsini əsaslı və ağlabatan hesab etmir. Bu səbəbdən də həmin aktların tərtib olunması qanunsuz sayıla bilməz. Belə olan halda isə yoxlanılmalı olan növbəti hal, müvafiq akta əsasən hesablanmış əlavə sərfiyyatın düzgünlüyünün müəyyən edilməsidir. İşdə olan mütəxəsis rəyindən görünür ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” Qərarına əsasən əhali istehlakçılarını istehlak tarixlərinin ən aşağı həddini (0,1m3 üçün 0,1 manat) nəzərə alsaq, iddiaçının istifadə etdiyi qazın dəyəri bir il üçün 666 manat təşkil edir. Göründüyü kimi, mütəxəsis rəyi ilə iddiaçının istifadəsində olan qaz avadanlıqları da nəzərə alınmaqla bir il üçün yalnız ən minimal məbləğ müəyyən olunmuşdur. Həmin məbləğ isə 2017-2022-ci ilin may ayınadək olan müddət nəzərə alınmaqla tərtib olunmuş 6 ədəd aktlara görə hesablanmış əlavə sərfiyyat məbləğinə (3255,64 manat) uyğun gəlir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi - 2017-2022-ci ilin may ayınadək olan müddət ərzində tərtib olunmuş 6 ədəd akta görə hesablanmış 3255,64 manat əlavə sərfiyyat məbləğinin silinməsi hissədə rədd olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iddiaçının abonent saldosuna ümumilikdə 8238,92 manat borc daxil etsə də, qeyd edilən 14 akta əsasən hesablanmış əlavə sərfiyyat məbləğindən (5467,48 manat) kənarda qalan 2771,44 manat pul vəsaitinin nəyə görə hesablanmasını ümumiyyətlə əsaslandıra bilməmişdir. Bu hal həmçinin mütəxəssis rəyi ilə də müəyyən olunmuşdur. Bu səbəbdən də iddia tələbi həmin hissədə də əsaslı sayılmalıdır. Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddia yalnız 4983,28 manat hissədə əsaslıdır. Yuxarıda da qeyd edildiyi kimi, 2022-ci ilin may-dekabr ayları ərzində tərtib olunmuş aktlara görə ümumilikdə 2211,84 manat əlavə sərfiyyat (dəymiş ziyan) əsassız hesablanmışdır ki, həmin pul vəsaiti də saldoya daxil edilmiş 8238,92 manat borcdan çıxılmalıdır. Belə vəziyyətdə qalıq məbləğ 6027,08 manat təşkil edir. Bununla yanaşı, məhkəmə kollegiyası 2017-2022-ci ilin may ayınadək olan müddətdə tərtib olunmuş 6 ədəd akta görə hesablanmış 3255,64 manat əlavə sərfiyyat məbləğini qanuni hesab etdiyindən iddia həmin hissədə rədd olunmalıdır. Belə vəziyyətdə, qalıq qalmış 2771,44 manat (6027,08 – 3255,64 = 2771,44 manat) pul vəsaitinin saldoya nəyə görə daxil edilməsi də müəyyən olunmadığından iddia həmin pul vəsaitinin silinməsi hissədə də əsaslı sayılmışdır. Nəticə olaraq 2771,44 + 2211,84 = 4983,28 manat silinməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını, işdə olan sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin olunmalı, İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 4983,28 (dörd min doqquz yüz səksən üç manat, 28 qəpik) məbləğində borc silinməli, iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin, məhkəmə xərclərinə də hüquqi qiymət verərək, qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilməlidir ki, iddiaçı hazırki iddianın qaldırılması üçün dövlət rüsumunun ödənilməsindən azad olduğundan, həmçinin iddia qismən, yəni 4983,28 manat hissədə təmin olunduğundan, qanunvericiliyin tələblərinə əsasən ödənilməli olan 69,84 manat dövlət rüsumu da cavabdehə aid edilməli, sonuncudan tutularaq dövlət nəfinə verilməlidir. MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, hazırki qətnamə ilə iddianın təmin (4983,28 manat) və rədd olunan (3255,64 manat) hissələri ayrı ayrılıqda 5000 manatdan azdır. Bu səbəbdən də tərəflər qətnamədən kassasiya şikayəti verə bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-7862/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)- 7862/2024 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00000) İddiaçı Cavabdeh tərəfindən hesablanmış 4983,28 (dörd min doqquz yüz səksən üç manat, 28 qəpik) manat məbləğində borc (əlavə sərfiyyat) silinsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə həmçinin məhkəmə xərcləri hissədə ləğv olunsun. Məhkəmə xərcləri Cavabdehnə aid edilsin. Cavabdehdən dövlət rüsumuna görə 69,84 (altmış doqquz manat, 84 qəpik) manat tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə çıxarıldığı andan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar