Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2066/2022 26.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh2 və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı hərracın nəticələri barədə protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)-2920/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli Y-188 saylı protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və əmlakın əvvəlki hüquqi vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsi məhkəmə qərarına əsasən hərraca çıxarılmış, hərrac "xxxx" MMC tərəfindən keçirilmişdir. Hərracın keçirilməsi barədə "Market" qəzetində elan verilmiş, qəzetdə hərracın keçirilməsinin 10 iyul 2019-cu il tarixinə təyin olunması qeyd olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli Y-188 saylı protokoldan görünür ki, hərrac qəzetdə elan verildiyi tarixdə deyil, 5 gün sonra digər tarixdə (15 iyul 2019-cu il) qanunsuz olaraq keçirilmiş və rəsmiləşdirilmişdir. "xxxx" MMC-nin Suraxanı rayon İcra və Probasiya Şöbəsinə 05 iyul 2019-cu il tarixli bildirişinin məzmunundan da göründüyü kimi, hərracın sonuncu keçirilmə tarixi 10 iyul 2019-cu il tarixində nəzərdə tutulmuş və aidiyyatı üzrə qəzetdə elan edilmişdir. Göründüyü kimi, hərrac "xxxx" MMC tərəfindən protokol tərtib olunarkən və müqavilə tərtib olunduğu tarixdə həyata keçirilməmiş, qanunsuz şəkildə tələbkar Cavabdeh2 xeyrinə hərracın nəticələri elan edilmişdir. Bundan əlavə, hərrac protokolundan göründüyü kimi daşınmaz əmlak 54000 manat ilkin satış qiyməti ilə hərraca çıxarılmış, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.5 və 43.7-ci maddələrinə əsasən ev dəyərindən 40 faiz aşağı qiymətə təkrar hərraca çıxarılsa da, mənzilin qiyməti düzgün müəyyən olunmamışdır. (32400 manat əvəzinə 34425 manat). Qeyd olunanlardan əlavə, İddiaçı tərəfindən Cavabdeh2 ümumilikdə 47630 manat (19000 + 4000 + 2000 + 4630 + 8000 + 10000) pul ödənilmişdir. Bu hallar ona dəlalət edir ki, hərrac qanunsuz şəkildə keçirilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)- 2920/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olmaqla qətnamə qəbul olunarkən maddi hüquq normalarının pozulması ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndələri X3 və Vəkil apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, Cavabdeh2 və onun nümayəndəsi X4 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)- 2920/2021 saylı qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli 2(103)-6411/2018 saylı icra vərəqəsinə əsasən cavabdeh İddiaçı 43000 manat məbləğində borc, 61 manat ödənilməmiş dövlət rüsumu və 500 manat məbləğində xidmət haqqının iddiaçı Cavabdeh2 xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə İddiaçı məxsus ipotekaya qoyulmuş Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinin ilkin satış qiyməti ana bazar qiyməti ilə qiymətləndirilərək açıq hərrcdan satılması, ipoteka predmetinin açıq hərracda ilkin satış qiymətinin 54000 manat müəyyən edilməsi, cavabdeh İddiaçı Cavabdeh2 olan kredit borcunun həmin ipoteka predmetinin satışından əldə ediləcək pul vəsaiti hesabına ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin cavabdeh İddiaçı qaytarılması, əmlak satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı və X1 Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsindən məcburi çıxarılmasına göstəriş verilmişdir. İcra vərəqəsi icra olunması üçün Bakı şəhəri Suraxanı rayon icra və probasiya şöbəsinə göndərilmiş, hərracın keçirilməsi icra qurumu tərəfindən "xxxx" MMCyə həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən hərrac keçirilmiş, hərracın nəticələri haqqında 15 iyul 2019-cu il tarixli Y-188 saylı protokola və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqaviləyə əsasən həmin mənzil 34425 manata Cavabdeh2 tərəfindən əldə olunmuşdur. Cavabdeh2 həmin mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən 07.08.2019-cu il tarixli çıxarış verilmişdir.Birgə iddiaçılar İddiaçı və X1 cavabdeh "xxxx" MMC-yə qarşı hərracın nəticələrinin, protokolun və alqısatqı müqaviləsinin ləğv edilməsi tələbinə dair iddiası Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12.09.2019-cu il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 12.10.2020-ci il tarixli qərarı) Hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)-2920/2021 saylı qərardadı ilə mənzilin satılması ilə bağlı keçirilmiş hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası, əmlakın satış qiyməti barədə iddiaçıya yazılı bildirişlərin göndərilməməsi, hərracın iddiaçıdan gizli keçirilməsi və əmlakın açıq hərracdan satılması ilə bağlı qanunvericilik müddəalarının pozulması əsasları ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə və Cavabdeh2 qarşı hərracın nəticələrinin, protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə iddia tələbləri üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi İddiaçı tərəfindən Cavabdeh2 olan borcun bir hissəsinin hərracdan əvvəl, qalan hissəsinin isə hərracdan sonra ödənilməsi ilə bağlı hərracın qanuniliyini yoxlamışdır. İş materiallarından görünür ki, İddiaçı və onun arvadı X3 tərəfindən Cavabdeh2 19.06.2017-ci, 15.05.2019-cu, 29.12.2019-cu, 07.12.2020-ci il tarixli, 05.03.2021-ci il tarixlərdə ümumilikdə 47606 manat (19000 + 4000 + 2000 + 4606 + 8000 + 10000) pul ödənilmişdir. Birinci instansiya məhkəməsində işə baxılarkən Cavabdeh2 həmin pul vəsaitindən 20600 manat hissəsini aldığını, bundan əlavə 27000 manat pul vəsaitinin iddiaçı tərəfindən Cavabdeh2 bank hesabına ödənildiyini, həmin pul vəsaitinin onun bank hesabında olduğunu bildirmişdir. (i.v.117) Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 avqust 2018-ci il tarixli 2(103)-6411/2018 saylı icra vərəqəsində cavabdeh İddiaçı Cavabdeh2 xeyrinə tutulmalı olan cəmi 43561 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən artıqlaması ilə iddiaçıya ödənilmişdir. O cümlədən həmin pul vəsaitinin bir hissəsi hərrac keçirilməmişdən əvvəl ödənilmişdir. İpoteka predmeti olan mənzilə tutma yönəldilməsində əsas məqsəd cavabdeh İddiaçı Cavabdeh2 olan borcunun ödənilməsini təmin etmək olmuşdur. Həmin məqsədə çatıldığından, cavabdehə məxsus olan mənzilin açıq hərracda satılmasına, həm də dəyərindən xeyli aşağı qiymətə satılmasına zərurət olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.4-cü maddəsinə hərrac auksion və ya müsabiqə formasında keçirilir. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən azı otuz gün qalmış bilməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası və s. məlumatlar olmalıdır. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. İşdə olan sübutlardan görünür ki, mübahisələndirilən hərrac qanuni əsaslarla keçirilmədiyinə görə onun ləğvi üçün əsas mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyul 2021-ci il tarixli 2(010)- 2920/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracın yekunları üzrə 15 iyul 2019-cu il tarixli, Y-188 saylı protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 15 iyul 2019-cu il tarixli müqavilə etibarsız hesab edilsin və həmin müqavilə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-in 1 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına verilmiş Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Yeni Günəşli yaylası 1-ci döngədə yerləşən 52 saylı fərdi yaşayış evi və 0,0258 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilsin və əmlak əvvəlki hüquqi vəziyyətinə qaytarılsın. İddia ərizəsi və apellyasiya şikayəti verilərkən dövlət rüsumu kimi ödənilmiş cəmi 45 manat pul cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2066/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2066/2022
26.04.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver