Məhkəmə qərarları › İş №2(103)-2068/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2068/2025

04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2068/2025 04.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Rafael Quliyevin, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-75/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin və Cavabdeh apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1."xxxx" QSC iddiaçı ilə müqavilə bağlayaraq özünə məxsus olan “Audi A4” markalı H029558 dövlət qeydiyyat nişanlı avtomobili avtoqəzadan və digər risklərdən tam sığortalamışdır. Sığorta müddətində, yəni xx.xx.2018-ci il tarixdə sığorta hadisəsi baş vermiş, cavabdeh idarə etdiyi “Dodge Charger” markalı **-NX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydasını pozmuş, “Audi A4” markalı avtomobil ilə toqquşaraq ona mexaniki zədə yetirmişdir. Hadisənin cavabdehin təqsiri üzündən baş verməsi müəyyən olunmuşdur. 2.“Audi A4” markalı avtomobilə "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən baxış keçirilərək müəyyən edilmişdir ki, avtomobilin təmiri üçün 19.290 manat tələb olunur, təmir edildiyi təqdirdə əlavə xərc (ƏDV) 3.472,20 manat təşkil edəcək. 3.İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı “Audi A4” markalı avtomobilin təmiri məqsədi ilə "xxxx" MMC-yə 21.662,20 manat sığorta ödənişi etmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından "xxxx" ASC iddiaçıya 4.977,02 manat sığorta ödənişi etmişdir. İddiaçı qalan 16.685,18 manatın (21.662,20 – 4.977,02 = 16.685,18 manat) ödənilməsini cavabdehdən tələb etmiş, lakin cavabdeh həmin məbləği ödəmədiyindən iddiaçı məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub ki, subroqasiya qaydasında zərərin əvəzi kimi 16.685,18 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun. 5.Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə qət olunub ki, iddia qismən təmin olunsun, 10.000 manat cavabdehdən iddiaçının xeyrinə tutulsun, iddianın qalan hissəsi təmin olunmasın. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya instansiyası məhkəməsində icraat 6.İddiaçının apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia tam təmin olunsun. 7.Cavabdehin apellyasiya şikayətində tələb olunub ki, qətnamə qismən ləğv edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan pulun məbləği 2.000 manat müəyyən edilsin. 8.Məhkəmə iclasnda iştirak edən iddiaçının nümayəndəsi Rafael Quliyev iddiaçının apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. 9.Məhkəmə iclasında iştirak edən Cavabdeh özünün apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının apellyasiya şikayətinin isə əsassız olduğunu bildirdi. Cavabdeh izahatında bildirdi ki, vurulmuş zərərin məbləği təminən 4.000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.Apellyasiya şikayətlərində qətnamənin zərərin məbləğinə aid hissəsi mübahisələndirilib. İddiaçı tələb edib ki, zərərin əvəzi kimi iddia ərizəsində göstərilən məbləğ tutulsun. Cavabdeh isə zərər vurduğunu etiraf edir, lakin zərərin məbləği ilə razılaşmır, zərərin məbləğinin apellyasiya şikayətində 2.000 manat olduğunu, izahatında isə təxminən 4.000 manat olduğunu bildirir. 11.Zərərin məbləğinin müəyyən edilməsi üçün AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ekspertizalar keçirilib. Mülki işdə beş ekspert rəyi var. xx.xx.2022-ci il tarixli 9/5846 nömrəli birinci rəyə görə, zərərin məbləği 10.000 manat təşkil edir (cild 1, iş v. 76). xx.xx.2023-cü il tarixli 9/9027 nömrəli ikinci rəyə görə, zərərin məbləği 10.000 manat təşkil edir (cild 1, iş v. 81). xx.xx.2023-cü il tarixli 8/1579 nömrəli üçüncü rəyə görə, rəydə göstərilən səbəbdən zərərin məbləğini müəyyən etmək mümkün olmadı (cild 1, iş v. 106). xx.xx.2023-cü il tarixli 9/4030 nömrəli dördüncü rəyə görə, zərərin məbləği 10.000 manat təşkil edir. xx.xx.2024-cü il tarixli 9/5386 nömrəli beşinci rəyə görə, zərərin məbləği 10.000 manat təşkil edir (cild 2, iş v. 3). 12.Sonuncu ekspert rəyində həmçinin qeyd olunub ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən, avtomobilin dəyişilməli hissələrinin qiyməti aşınma tətbiq olunmaqla 4.964,31 manat, təmir-bərpa işlərinin qiyməti 830 manat təşkil edir. Lakin həmin akt birinci instansiya məhkəməsinə təqdim edilməyib, aktın tarixi qətnamədən sonraya aiddir, aktın qətnaməyə qədər əldə edilməsinin mümkün olmadığı əsaslandırılmayıb. Odur ki, AR Mülki Prosessual Məcəlləsinin 372.2-ci maddəsinə görə, həmin akt sübut kimi qəbul oluna bilməz. 13.Göründüyü kimi, zərərin məbləği 10.000 manat təşkil edir. Həmin məbləğin 4.977,02 manatı iddiaçıya cavabdehin mülki məsuliyyətini icbari qaydada sığorta edən sığorta şirkəti tərəfindən ödənilib, zərərin qalan hissəsi 5.022,98 manat təşkil edir. 14.Beləliklə, məhkəmə AR Mülki Məcəlləsinin 936.2 və 1097.1-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, zərərin əvəzi kimi 5.022,98 manat tutulmalıdır. 15.Yuxarıda göstərilənlərə əsasən və AR Mülki Prosessual Məcəlləsinin 372, 384- 392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-75/2023 nömrəli qətnaməsi dəyişdirilsin. Zərərin əvəzi kimi 5.022,98 (beş min iyirmi iki tam yüzdə doxsan səkkiz) manat Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 (otuz beş) manat Cavabdeh "xxxx" ASC-nin xeyrinə tutulsun. Ekspertiza xərci olan 210 manatın 155 (yüz əlli beş) manatı "xxxx" ASC-dən, 55 (əlli beş) manatı Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin nəfinə tutulsun. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar