Məhkəmə qərarları › İş №2(103)-2069/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2069/2021

25.02.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2069/2021 25.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdeh “xxxx” ASC-nə qarşı borcun lğv edilməsi tələbinə dair mülki iddia üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1918/2020 saylı xx xxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı Balali oğlunun ünvanına hesablanmış 1597 (min beş yüz doxsan yeddi) manat 85 (səksən beş) qəpik məbləğində borcun silinməsi qət edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Balali oğlu cavabdeh “xxxx” ASC-yə qarşı hesablanmış borcun ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC tərəfindən onun ünvanına hesablanmış 1712,39 manat borcun ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları ilə bağlanmış müqavilə əsasında onun faktiki yaşadığı ünvana işıq sayğacı qoyulmuşdur və o işıq sayğacından istifadə etmişdir. O, müvafiq olaraq işıq pulu vaxtlı-vaxtında ödəmişdir. Həmin vaxtı onun borcu olmamış, sonuncu ödənişi də xx.xx.2020-ci il tarixdə etmişdir. Bu zaman onun qalıq borcu olması qeyd edilməmişdir. İşıq sayğacında nasazlıq olduğuna görə müvafiq olaraq müraciət etmiş və işıq sayğacı dəyişdirilmişdir. xx xxxx 2020-ci il tarixdə akt tərtib edilərək sayğaca müdaxilə edilməsi qeyd edilmiş və ona 1712,39 manat borcun olması barədə bildiriş vermişlər. Həmin borc əsassız hesablanmaqla bildirir ki, o işıq sayğacında yaranan nasazlığa görə əlaqədar təşkilata məlumat vermişdir. Bundan sonra Qaradağ işıq idarəsindən sayğacın dəyişirilməsinin lazım olduğunu bildirmişlər və nasazlığa görə heç bir cərimə olmadığım bildirmişlər. İşıq idarəsi tərəfindən 2020-ci ilin iyun aynda sayğacı yenisi ilə əvəz edilmişdir. Aktda qeyd etmişlər ki, sayğaca müdaxilə edilmişdir., onun tərəfindən işıq sayğacına heç bir müdaxilə edilməmiş, sayğac evdən kənarda quraşdırılmaqla onun müdaxilə etməyi mümkün deyildir. Qeyd olunanları nəzərə alıb iddiaçı iddiasının təmin edilməsini xahiş etmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi Qasımzadə Fuad Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 28 oktyabr -2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnaməni iddianın təmin edilmiş hissədə ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış, məhkəmə tərəfindən mötəbər hallara lazımi qiymət verilməmişdir. Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı Balali oğlu və cavabdeh “xxxx” ASC-in səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 027102 nömrəli Qeydiyyat Vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 3 saylı hərbi şəhərcik, ev 14, 2 saylı mənzil X1 xüsusi mülkiyyəti kimi hüququ qeydiyyatdan keçirilmiş və bu barədə 63 saylı reyestr kitabının 9535 nömrəli səhifəsində xx.xx.2004-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan “xx.xx.2020-ci il tarixli NDM seriyalı 018958 nömrəli aktdan təsdiq olunmuş surətindən görünür ki, həmin tarixdə “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********A0000) mənzilə məxsus elektrik sayğacının elektrik sayğacının alt qapağına vurulmuş möhürün simi kəsikdir. Elektron baxış tablosu oxunmur, baxış tablosunda müdaxilə izləri olması aşkar edilmiş, mənzilə yeni elektrik sayğacın quraşdırılmasına dair tələb qoyulmuşdur. İş materiallarında olan “xxxx” ASC-nin bildiriş xəbərdarlığından görünür ki, İddiaçı Balali oğluna 1712.39 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, xx.xx.2020-ci il tarixli NDM seriyalı 018958 nömrəli akta əsasən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********A0000) mənzilə məxsus elektrik sayğacının elektrik sayğacının alt qapağına vurulmuş möhürün simi kəsikdir. Elektron baxış tablosu oxunmur, baxış tablosunda müdaxilə izləri olmasə aşkar edilmiş, mənzilə yeni elektrik sayğacın quraşdırılmasına dair tələb qoyulmuşdur. Sayğac yenisi ilə əvəz edilmişdir. Abunə kodu **********A0000 olan abunə haqqında sənəddən görünür ki,İddiaçı Balali oğlunun akt üzrə cəmi borcu 1597.85 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələricəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğacların qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli NDM seriyalı 018958 nömrəli akta əsasən “xxxx” ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu – **********A0000) mənzilə məxsus elektrik sayğacının elektrik sayğacının alt qapağına vurulmuş möhürün simi kəsikdir. Elektron baxış tablosu oxunmur, baxış tablosunda müdaxilə izləri olması qeyd edilmişdir. Akta əsasən iddiaçıya borc hesablanmışdır. Göründüyü kimi, akt tərtib edilərkən cavabdehin əməkdaşları tərəfindən «Elektrik enerjisindən istifadə qaydaları»nın tələbləri pozulmuşdur. Belə ki, akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalanmış, hal şahidlərinin iştirakı təmin edilməmişdir. Eyni zamanda iş materialları ilə sayğacın iddiaçının evindən kənarda quraşdırılması müəyyən edilmişdir. «Elektrik enerjisindən istifadə Qaydaları»nın yuxarıda qeyd edilən bəndlərinin tələblərinə görə evin daxilində quraşdırılmamış sayğaclarda aşkar edilmiş qüsurlara görə məsuliyyət abonent deyil, enerji təchizatı müəssisəsi, yəni cavabdeh “xxxx” ASC daşımalıdır. Kollegiya hesab edir ki, elektrik sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, bununla da iddiaçının iddia tələbində istinad etdiyi hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, iddia tələbi qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya qətnamənin ləğv edilməsinə heç bir hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393,405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh “xxxx” ASC-nin səlahiyyətli nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hazırkı iş üzrə olan xx xxxxxxx 2020-cu il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar