Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2069/2023 10.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(011)-6353/2022 nömrəli qətnaməsindən cavabdehin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. xx.xx.2022-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, mənzildəki qaz sayğacından kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur.
2. Dəymiş ziyanın bərpasına dair 29 aprel 2022-ci il tarixli tələbnaməyə əsasən, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1,2 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, kombinin maksimal saatlıq qaz sərfi 2,6 m3/saat orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Hesabata əsasən 8208 kub.m. əlavə sərfiyyat hesablanmışdır.
3. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Suraxanı rayonu İ.Şükürov küçəsinə baxış keçirən zaman ərazi üzrə sayğacdan kənar xətlər aşkar olunmuşdur. Aşkar olunan kənar xəttlər şəkillərlə aktlaşdırılmışdır. Aktı polis əməkdaşları və idarənin səlahiyyətli şəxsləri imzalamışlar.
4. xx.xx.2022-ci il tarixli ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akta əsasən, həmin tarixdə iddiaçıya məxsus İtron 4 markalı qaz sayğacı çıxarılmış, yeni sayğac quraşdırılmışdır.
5. Abonentin saldosundan görünür ki, abonent İddiaçı 984,96 manat borc hesablanmışdır.
6. Birinci instansiya məhkəməsi tərəfindən 22 noyabr 2022-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00010) yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-cu il tarixli ******* nömrəli akta əlavə edilmiş fotoşəkillər iddiaçıya məxsus yaşayış evinə aiddir. Lakin, ünvanda sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və sairə) aşkar edilməmişdir. Paylayıcı qaz xəttindən mübahisə predmeti olan ünvana ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış, evə qazın ötürülməsi həmin sayğac vasitəsi ilə təmin edilir.
BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə hesablanmış 984,96 manat borcun silinməsinə və əsassız hesablanmış borca görə tutulmuş məbləğin geri qayarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdehlə olan müqaviləyə əsasən həmin ünvanda yerləşən evim qazla təchiz edilmiş və həmin ünvana smart-kart tipli qaz sayğacı quraşdırılmışdır. Bu yaxınlarda cavabdeh tərəfindən onun evinə qazın verilməsi dayandırılmış, o, bu barədə cavbadehə bildirdikdə isə barəsində 2018-ci illərdə qazdan qanunsuz istifadəyə görə aktların tərtib edilməsi, həmin aktlara əsasən ona 984,96 manat borcun hesablanması bildirilmişdir. Lakin ona bu barədə heç bir sənəd təqdim edilməmiş, o yalnız cavbadehə müraciət edərək əsassız hesablanmış borcun silinməsini tələb etdikdə, sonuncu ona sənədləri təqdim edərək, borcun silinməsindən imtina etmişlər. Cavabdeh tərəfindən aktlar tərtib edilən zaman onun iştirakı təmin edilməmiş, onun bu barədə məlumatı olmamışdır. İddiaçının yoldaşı itkin düşmüş, əlil qızıyla tək yaşayır.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(011)- 6353/2022 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00010) üzrə İddiaçı hesablanmış 921,86 (doqquz yüz iyirmi bir manat səksən altı qəpik) manat məbləğdə borcun silinməsi, Cavabdehndən 30 (otuz) manat məbləğdə dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
10. Qətnamənin əsaslarına görə, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-cu il tarixli ******* nömrəli akta əlavə edilmiş fotoşəkillərdə də, iddiaçı tərəfindən qaz sayğacından kənar təbii qazdan istifadə etdiyini müəyyən etmək qeyri-mümkündür. Məhkəmə iclasında iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmamışdır. İddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir.
11. Məhkəmə gəldiyi nəticəni “Qazdan istifadə qaydalarının” 4.2, 4.8, 4.9, 5.2-ci bəndlərinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
13. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlməmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol vermişdir. İddiaçının zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməli nəticəsində cavabdehə dəymiş maddi zərər tam həcmdə ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi iddia tələbini təmin etmişdir. Təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir. Məhkəmə araşdırmanın obyektivliyini təmin etmək məqsədilə mülki işi ekspertizaya göndərməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək, şikayətin təmin olunmasını xahiş etmişdir.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı (onun nümayəndəsi) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.6. Başqa şəxsə zərər vurulması; Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: Maddə 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; Maddə 4.6. Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
21. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu, iddiaçı tələbinin qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinə iddia rədd olunan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, qətnamənin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
25. Apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların tələblərinin pozulması ilə bağlı dəlillərində bir – birinə zidd olaraq iş üzrə ekspertiza təyin olunmadığı, digər tərəfdən isə “təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən sayğaclar üzrə saldolar, fotoşəkillər, aktlar, ekspertiza rəyi əlaqəli şəkildə araşdırılmamış, yalnız səthi yanaşılan ekspertiza rəyinə istinad edilmişdir.” sözləri qeyd olunmuşdur. Lakin iş materiallarından görünür ki, iş üzrə ümumiyyətlə ekspertiza təyin olunmamış, ekspert rəyi alınmamışdır.
26. Bundan başqa, iş materiallarının 33-cü vərəqəsində olan yerli müayinə protokolunda qeyd olunmuşdur ki, “ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-cu il tarixli ******* nömrəli akta əlavə edilmiş fotoşəkillər iddiaçıya məxsus yaşayış evinə aiddir. Lakin, ünvanda sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və sairə) aşkar edilməmişdir. Paylayıcı qaz xəttindən mübahisə predmeti olan ünvana ötürülən qazın hesabatı üçün qaz sayğacı quraşdırılmış, evə qazın ötürülməsi həmin sayğac vasitəsi ilə təmin edilir”. Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq cavabdehin məhkəmə iclasının, o cümlədən yerində müayinə protokolu ilə tanış olaraq qeydlər vermək hüququ olsa da, bu hüququndan istifadə etməmişdir.
27. Şikayətin digər dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin qeyri-qanuni, təqsirli hərəkətləri nəticəsində iddiaçıya itirilmiş qazın dəyərinə görə zərər vurulduğunu iddia etsə də, iş materialları ilə iddiaçının belə bir təqsirli hərəkəti müəyyən edilməmiş, bu hərəkətlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut təqdim edilməmişdir.
28. Eyni zamanda, qüvvədə olan qanunvericilik normalarına əsasən, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıyır.
29. Bundan əlavə, iş materiallarına əlavə edilmiş fotoşəkillərin nə vaxt, hansı ünvanda çəkilməsi, qanunsuz qoşulma faktını hansı formada əks etdirdiyi, əgər həqiqətən aktların tətibi zamanı çəkilmişsə hansı fotoşəkilin hansı aktın tərtibi zamanı çəkildiyi və s. hallar müəyyən edilmədiyindən mötəbər sübut kimi qanunuz qoşulma faktını müəyyən edə bilməz.
30. Cavabdeh tərəfindən tərtib edilmiş akt qanunvericiliyin sadalanan normalarının tələblərinə zidd olaraq, iddiaçı tərəfindən imzalanmamış, aktın hazırlanmasına hal şahidləri cəlb edilməmiş, akt cavabdehin əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmişdir.
31. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
32. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(011)-6353/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2(011)-6353/2022 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Fərrux Qasımov Fuad Abdıyev
Xəyal Sarıyev