Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-207/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Cavabdehin nümayəndəsi X1iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-5558/2021 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı cavabdeh tərəfindən tərtib olunmuş 15.09.2020-ci il tarixli, 020119 nömrəli aktın etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-5558/2021 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş 15.09.2020-ci il tarixli 020119 nömrəli akt etibarsız hesab edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi qeyri-qanuni və əsassız qətnamə qəbul etmişdir, bu səbəbdən iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi F.Abdullayev apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, akt yerində tərtib olunur, sonra sayğac lobaratoriyaya göndərilir, orada sayğaca baxış keçirilir, həmin baxışa uyğun protokol tərtib olunur. Həmin lobaratoriya protokolunda ilkin aktda olan fakt təsdiq edilir. İddiaçının lobaratoriyada iştirak edib-etmədiyini bilmədiyini qeyd etdi. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirdi ki, akt tərtib edilən zaman bu aktın qanunsuz olduğunu cavabdehin işçilərinə bildirmiş, onlar da dedilər ki, sayğacı lobaratoriyaya aparırlar, ona məlumat verəclər, səhəri gün Kondisioner zavodu tərəfə gedib, onlara zəng edərək, lobaratoriyanın harada olduğunu soruşanda ona dedilər ki, ona ehtiyac olmadı. Yəni onun iştirakı təmin olunmayıb. Hesab edir akt qanunsuz və əsassızdır. Qeyd edilənlərə görə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Sübutların tədqiqi: Mülki iş materiallarından müəyyən edilir ki, 15.09.2020-ci il tarixdə "xxxx" ASCnin əməkdaşları tərəfindən abonent İddiaçı məxsus ünvan 1 ünvanında 17.09.2009-cu il tarixdə quraşdırılmış A270990886M131247 nömrəli AMPY(5219A) tipli elektrik sayğacına abonent İddiaçı iştiraki ilə baxış keçirilmiş, baxış zamanı sayğacın baxış tablosunda "C" fazasında yük axmasına baxmayaraq həmin fazada gərginliyin olmaması aşkar olunmuşdur. Belə ki, sayğac həmin fazadan axan yükü qeyd etmir.və qeyd olunan qüsurla bağlı müvafiq olaraq NDM № 020119 nömrəli 15.09.2020-ci il tarixli akt tərtib edilmişdir. Aktdan görünür ki, Akt "xxxx" ASC-nin əməkdaşlarə tərəfindən imzalanmışdır. Abonent İddiaçı qeyd olunan aktın tərtib olunmasında iştirak etsə də aktı imzalamaqdan imtina etmişdir. "xxxx" ASC-nin 16.09.2020-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” adlı sənədin surətindən görünür ki, "xxxx" ASC-nin 020119 nömrəli, 15.09.2020-ci il tarixli Aktına əsasən abonentə məxsus elektrik sayğacının baxış tablosunda “C” fazasında yük axmasına baxmayarq həmin fazada gərginliyin olmaması qüsuru müəyyən edilmiş və abonentə 11206,36 manat məbləğində borc hesablanaraq, sayğac yeni sayğac ilə əvəz edilmişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş edilmiş”Abunə haqqında” məlumatdan görünür ki, İddiaçı elektrik enerjisindən istifadəyə görə haqqı aybaay ödəmişdir. Hüquqi dəyərləndirmə. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə əsasən tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Hazırkı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3491/2021 saylı, 28.04.2021-ci il tarixli qərardadı ilə məhkəmə texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında 17.09.2009-cu il tarixdə quraşdırılmış A270990886M131247 nömrəli AMPY(5219A) tipli elektrik sayğacında hər hansı nasazlığın olub-olmamasının müəyyən edilməsi və sayğacda nasazlıq müəyyən olunarsa, onun kənar müdaxilə və ya sayğacdakı texniki qüsur səbəbindən yaranmasının müəyyən edilməsi sualı qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi 07.07.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək sayğacın lobaratoriyada yoxlanılmaqla, həmin yoxlamanın nəticələri barədə sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Bununla bağlı, cavabdeh tərəfindən sayğacların yoxlanması barədə protokol və akt təqdim edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05.08.2021-ci il tarixli məlumatından müəyyən olunur ki, ekspert sayğacın lobaratoriyada yoxlanmasının nəticələri barədə sənədlərin təqdim edilməməsi əsası ilə ekspertizanın aparılmasından imtina etmişdir, həmin vəsatətdə cavabdeh tərəfindən təqdim edilmiş protokol və aktın əvvəldən mülki işdə olduğu qeyd edilmişdir. Bundan sonra mülki iş təkrar rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi 17.09.2021-ci il tarixli vəsatətlə məhkəməyə müraciət edərək sayğacın lobaratoriyada yoxlanılmaqla, həmin yoxlamanın nəticələri barədə sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Mülki iş materiallarında olan 07.10.2021-ci il tarixli bildirişdən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 17.09.2021-ci il tarixli vəsatəti icra edilməsi üçün tərəflərə göndərilmiş, bildirişlərin tərəflərə çatdırılması xəbərnamələrlə də təsdiq olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15.11.2021-ci il tarixli məlumatından müəyyən olunur ki, ekspert sayğacın lobaratoriyada yoxlanmasının nəticələri barədə sənədlərin təqdim edilməməsi əsası ilə ekspertizanın aparılmasından imtina etmişdir. MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Qanunun tələbinə görə, tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.2). Belə olan halda kollegiyanın mövqeyinə görə, məhkəmənin təyin etdiyi ekspertiza tədqiqatı zamanı cavabdehin hərəkətsizliyində ifadə olunan davranışı MPM-in 106.2-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Mülki mübahisənin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Kollegiya rayon məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, məişət abonenti tərəfindən elektrik enerjisindən pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir. Lakin mülki iş materiallarında aydın olur ki, mübahisələndirilən akt qeyd edilən tələb gözlənilmədən tərtib edilmişdir. Belə olan halda rayon məhkəməsi "xxxx" ASC-nin 020119 nömrəli, 19.09.2020-ci il tarixli aktın yuxarıda istinad edilən qanunun tələblərini pozmaqla tərtib edildiyindən aktın etibarsız hesab edilməsi barədə iş üzrə düzgün nəticəyə gəlmişdir Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 387, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Xətai Rayon Məhkəməsinin 2(011)-5558/2021 saylı, 30 noyabr 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-207/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-207/2022
12.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver