Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2070/2024 04.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Əkbərov Kamran Hüseyn oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 saylı, 20 iyun 2023cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilənin etibarsız hesab edilməsi və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti MPM-in tələblərinə uyğun tərtib olunmadığından geri qaytarılmışdır. Bundan sonra, İddiaçı qətnamədən yenidən apellyasiya şikayəti vermiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6557/2023 saylı, 18 oktyabr 2023-cü il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 saylı, 15 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti və və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, İddiaçı (nümayəndəsi və vəkili Vəkil2) xx.xx.2023-cü il tarixdə yenidən apellyasiya şikayəti, həmçinin apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinin təmin edilməsi və İddiaçı apellyasiya şikayətinin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh (nümayəndəsi və vəkili Vəkil1) şikayət verərək ləğv, iddiaçının müddət bərpa barədə ərizəsinin isə rədd edilməsini xahiş etmiş və şikayətində göstərib ki, iş materiallarından göründüyü kimi, apellyasiya şikayətinin verilməsinin son müddəti xx.xx.2023-cü il tarixi olmasına baxmayaraq, iddiaçının vəkili tərəfindən xx.xx.2023-cü il tarixində apellyasiya şikayəti verilmiş, apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəbdən buraxılmasını təsdiq edən hər hansı sənəd əlavə edilməmişdir. İddiaçı artıq bir dəfə apellyasiya şikayəti vermək hüququndan istifadə etmiş, o haqqından istifadə edərkən də qanunvericliyin tələblərinə əməl etmədiyindən şikayəti qeyri-mümkün hesab edilmişdir. İddiaçıya təkrar belə bir haqqın verilməsi cavabdehin konstitusion hüquqlarını kobud şəkildə pozmuş və süründürməçiliyə gətirib çıxarmışdır. Məhkəmənin qanunsuz qərardadına nəzər saldıqda həmin qərardadda müddətin üzrlü səbəbdən buraxılmasını sübut edən hər hansı mötəbər sənədə istinad olunmamış, sadəcə iddiaçının müddət bərpası barədə ərizəsində qeyd edilənləri qərardada köçürməklə kifayətlənmişdir. Yəni, sənədsiz-sübutsuz müddət üzrlü hesab edilməklə qanunusuz qərardad qəbul edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 saylı, 18 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki Prosessual Məcəllənin 133.1-cü maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.3-cü maddəsinə əsasən, müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkətlər edilməlidir.(ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və.s.). Həmin Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi şikayətdə göstərilənlərlə razılaşmır və hesab edir ki, həmin dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsi hələ 2(008)-3057/2023 saylı, 29 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinin MPM-in tələblərinə uyğun tərtib olunmadığına görə ilk dəfə geri qaytararkən haqlı olmamışdır. Belə ki, həmin vaxt apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddətdə verilmiş və birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytararkən MPM-in 363.1 və 363.1.1-1-ci maddəsinə əsaslansa da həmin normanı məqsədindən xaric tətbiq etmişdir. Başqa sözlə, apellyasiya şikayəti formal əsaslarla geri qaytarılmışdı, bu da ədalət mühakiməsinin məqsədlərinə xidmət etmirdi. Çünki, apellyasiya şikayətinin geri qaytarılması yalnız onun nəticə hissəsində şikayət verən şəxsin tələbinin necə göstərilməsindən asılı edilməməlidir. Başqa sözlə, apellyasiya şikayətinin geri qaytarılması yalnız “Əlavə 2” də nəzərdə tutulan bütün qrafaların doldurulub-doldurulmamasına bağlı deyildir. Yəni, şikayətin məzmununda şikayət verən şəxsin istəyi və tələbi aydın görünürsə, hansı ki, ilk dəfə verilən apellyasiya şikayətindədə bu belə idi, “Əlavə 2” də nəzərdə tutulan digər qrafaların zərurət olmadığı halda doldurulmasına da ehtiyac yoxdur və buna əsaslanaraq formal əlamətlərə istinad etməklə apellyasiya şikayəti geri qaytarılmamalı idi. Bir daha qeyd olunur ki, apellyasiya şikayəti verən şəxs qətnamənin ləğv edilməsini xahiş edib, şikayətin məzmununda isə məhkəmənin hansı maddi hüquq normasını pozduğuna dair dəlillərini göstərmişdi. Bu cür vəziyyətdə məhkəmənin məhz MPM-in 363.1.1-1-ci maddəsində nəzərdə tutulan əsasla apellyasiya şikayətini geri qaytarması formal olmuşdur. Qeyd olunanlara əsasən, birinci instansiya məhkəməsi sonradan səhvini düzəldərək apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəni təmin etməklə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3057/2023 saylı, 26 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-2070/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2070/2024
04.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver