Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2075/2023 18.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı mülki iş üzrə (Açar sözlər: əsassız hesablanmış borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4530/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı Kamaləddin oğlu (etibarnamə üzrə X11) ilə X2 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 620.10 kv/m olan qeyri-yaşayış sahəsinin 600 kv/m hissəsini xx.xx.2024-cü il tarixədək X1 icarəyə verilmişdir. X2 isə mülkiyyətçiyə aylıq 2.000 manat məbləğində icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür.
2. "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, R 037878 nömrəli akta əsasən ünvan 1 ünvanında "xxxx" ASC-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilən zaman sayğacın cərəyan transformatorlarının obyektin işlədicilərinin maksimum yükləndiyi halda həmin yükü hiss etmədiyi müəyyən edilmişdir.
3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən ünvan 2 ünvanında **********90250 abunə kodlu elektrik sayğacı cərəyan transformatorları obyektə işlədicilərinin maksimum yükləndikdə həmin yükü hiss etmir. İstehlakçıya 44169 kvts (38055 kvts x 0,09, 6114 kvts x 0,11) = 4.097,50 manat hesablanması və cərəyan transformatorlarının yenisi əvəz edilməsi qərara alınmışdır.
4. Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 228462 saylı, xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 2 ünvanına məxsus elektrik hesabat sayğacının alt və cərəyan transformator ploblarının olmaması faktı aşkarlanmışdır.
5. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbardarlıq məktubuna əsasən ona istifadə edilmiş elektrik enerjisinin sərfiyyatına görə 3.999 manat məbləğində debitor borcunun yarandığı bildirilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş "X4 Qaydaları"nın müvafiq bəndlərinə uyğun olaraq vaxtında ödənilməmiş borca görə obyektin enerji təchizatının əlavə xəbərdarlıq edilmədən xx.xx.2022-ci il tarixdən etibarən dayandırılacağı barədə ona xəbərdarlıq edilmişdir.
6. "xxxx" ASC tərəfindən X1 ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən 06/40-721 (**********90250 uçot nöqtəsi) nömrəli kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunarkən məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixində Nərimanov RETSİ-nin əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “X4 Qaydaları”na riayət olunmasının vəziyyəti yoxlanılarkən, yaşayış sahəsinə məxsus elektrik hesabat sayğacının alt və cərəyan transformator ploblarının olmaması faktı aşkarlanaraq, RQ 037878 nömrəli akt tərtib edilmiş, 44169 kVt.s (4.097,49 manat) dəyərində ödəniş sənədi hazırlanmışdır. Aktda qeyd edilən qüsur Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə 228462 nömrəli aktla təsdiqlənmişdir. Aktın hesabatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci i! tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”na uyğun aparılmışdır.
7. Abunə kodu **********90250 olan abunə haqqında məlumatlara əsasən ünvan 2 ünvanına akt üzrə 4.097,50 manat əlavə ödəniş hesablanmış, borcu 50.278,85 manat, sonuncu ödəniş isə 2.279,00 manat olmuşdur.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, ona tərtib olunmuş 037878 saylı, 15 noyabr 2021 tarixli akta əsasən sayğacdan kənar hesablanmış 4.097,49 manat əsassız borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m olan qeyri-yaşayış sahəsi onun tərəfindən fərdi sahibkar X1 (VÖEN 3********) icarəyə vermişdir. Həmin sahə “Buta market” kimi istifadə edilir. Enerjitəchizatı müəssisəsi ilə müqavilələr onunla bağlanmış və həmin müqavilələrə əsasən icarə sahəsinə elektrik sayğacı quraşdırılmışdır. İlk öncə elektrik sayğacı icarə sahəsinin yerləşdiyi binanın daxilində sayğaclar üçün ayrılmış xüsusi yerdə quraşdırılmışdır. Lakin sonradan icarə sahəsinin yerləşdiyi binanın sahibi olan "xxxx" MMC-nin təkidi ilə və "xxxx" ASC əməkdaşlarının 15 noyabr 2021-ci il tarixli aktında etdikləri tövsiyələrə əsasən onun nümayəndəsinin iştirakı ilə icarə sahəsinin sayğacı əlavə xərc çəkilməklə elektrik sayğacların quraşdırılması ilə məşğul olan idarə tərəfindən yenisi ilə əvəz olunmaqla binanın tərkib hissəsindən kənarda yerləşən transformatorun yerləşdiyi tikilinin içində quraşdırılmışdır. Həmçinin, qeyd olunan 037878 saylı, 15 noyabr 2021 tarixli bu akta əsasən ona və icarə sahəsini icarəyə götürərək fərdi sahibkarlıqla məşğul olan icarəçiyə məlum olmayan səbəbə görə sayğacın göstəricisi ilə əlaqəli olmayan, sayğacın qeyd etdiyi sərfiyyatdan əlavə ona 44169 KVT sərfiyyat hesablanmış və hazırki dövrə qədər ödənilməsi tələb olunur. Halbuki, sayğacın yerləşdiyi transformatorun yerləşdiyi tikiliyə yalnız "xxxx" ASC-nin əməkdaşlarının giriş imkanı vardır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları nəzarət baxışı zamanı onun nümayəndəsinin iştirakı olmadan akt tərtib etmişlər. Həmin aktda qeyd olunmuşdur ki, sayğacın alt plombu yoxdur, faktiki olaraq heç bir sayğacdan çıxılan deyil. Halbuki, bu sahəni tənzimləyən qanunvericiliyə əsasən istehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə hesablanmış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Abonent istifadə etdiyi elektrik enerjisinə görə borcu yalnız abonentə səlahiyyətli qurum tərəfindən quraşdırılmış sayğacın göstəricilərinə əsasən hesablana bilər. Həmçinin, abonentin günahı olmadan yaranmış hər hansı qüsura görə abonentə əlavə borcun hesablanması yolverilməzdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4530/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş R037878 saylı, 15 noyabr 2021 tarixli akta əsasən hesablanmış 2.999,85 manat məbləğində borcun İddiaçı məxsus **********90250 saylı abunə hesabından silinməsi, dövlət rüsumu kimi ödənilməli olan 61,45 manat məbləğində pulun "xxxx" ASC-dən tutularaq İddiaçı verilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. (hakim X9)
11. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki mülki işin düzgün həlli üçün ilk növbədə sayğacın qüsurlu işləməsində istehlakçının təqsirinin olub-olmaması məsələsinə münasibət bildirməlidir. İş materiallarından və məhkəmə araşdırması zamanı cavabdeh tərəfin verdiyi izahatdan göründüyü kimi, sayğaca iddiaçı tərəfindən müdaxilə edilməmiş, sayğacın qüsurlu işləməsi onun 60 əmsaldan artıq olan yükü hiss etməməsi ilə əlaqədardır və həmin vəziyyətin baş verməsində iddiaçının təqsirli olmaması işin mübahisələndirilməyən halıdır. Hazırkı mülki iş üzrə zərərin baş verməsinin İddiaçı qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, habelə onun təqsirli olması halı müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab etmişdir ki, ona məxsus qeyri-yaşayış sahəsinə aid **********90250 saylı abunə koduna hesablanmış borc silinməlidir. İddiaçıya akta əsasən hesablanmış borcun məbləği 4.097,50 manat təşkil edir. Abunə kodu **********90250 olan abunə haqqında sənəddən də görünür ki, iddiaçının elektrik enerjisinə görə sonuncu ödəməsi 2.279 manat həddindədir. Ona görə də məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilərək, abonentin 2.999,85 manat məbləğində mövcud borcu (5.278,85 (akt və sərfiyyat borcu) - 2.279,00 (sonuncu ödəniş)) ona məxsus abunə hesabından silinməlidir.
12. Məhkəmə öz mövqeyini “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X4 qaydaları”nın 7.6-cı, 8.2-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh "xxxx" ASC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)- 4530/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, həmin qətnamənin qismən, iddianın təmin olunan hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. olan və “Buta market” kimi istifadə olunan (abunə kodu: 06/40-721 ) qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik sayğacına baxış keçirmiş və bu zamanı abonentə məxsus 40027208M74117 nömrəli elektrik sayğacın cərəyan transformatorlarının abonentin işlədiciləri maksimum yükləndikdə həmin yükü hiss etmədiyini müəyyən etmişdir. Bununla bağlı xx.xx.2021-ci il tarixli, R 037878 saylı müvafiq akt tərtib olunmuşdur. Aktın əsasında itirilmiş elektrik enerjinin bərpası məqsədi ilə abonentə 44.169 kvts - 4.097,50 manat hesabat təqdim edilmişdir. Akt "xxxx" ASC-nin əməkdaşları M.Hacıyev, T.Məmmədov, F.Novruzlu və abonentin nümayəndəsi T.Nərimanov tərəfindən imzalanmışdır. TM PQ-də uçot komplektinə baxış keçirilmiş və aşkar olunmuşdur ki, uçot komplekti kom. bazasında 06/40-688 koduna aid olan 02819288 saylı sayğacdan çıxılan olan halda, faktiki olaraq hec bir sayğacdan çıxılan deyil və xx.xx.2022-ci il tarixli, 228462 saylı sayğac sxemlərinin yoxlanması, quraşdırılması və dəyişdirilməsi üzrə akt tərtib edilmişdir. "xxxx" ASC-nin Akt komissiyasının əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair xx.xx.2022ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixli, RQ 037878 saylı akt üzrə 44.169 kvts. itirilmiş elektrik enerjisinin dəyəri 4.097,50 manat müəyyən edilməklə abonentin (kod 06/40-721) abunə haqqında məlumata daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. İddiaçı tərəfindən 4.097,50 manat borc məbləğindən 1.098,22 manat ödənilmişdir. Qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, sayğaca heç bir müdaxilə aşkar edilməmişdir. Abonentə akt əsasında borc transformatorun məlumatları sayğaca düzgün ötürməməsi və nəticədə sayğacın enerji sərfiyyatını düzgün göstərməməsi səbəbindən hesablanmışdır. Həmin transformator "xxxx" ASC-nin balansındadır. Elektrik enerjisi sərfiyyatı transformatordan ötürülən cərəyan gücünə əsasən sayğacda oxunur. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
17. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, birinci instansiya məhkəməsində "xxxx" ASC-nin nümayəndəsi də mütəxəssis kimi çıxış edərək, transformatorun cərəyan gücünü düzgün ötürməməsi nəticəsində sayğacda enerji sərfiyyatının düzgün əks olunmamasında abonentin təqsirinin olmadığını etiraf etmişdir. İddiaçı sayğacın göstəricilərinə əsasən hər ay vaxtlı-vaxtında ödəniş etmiş və sayğaca hər hansı müdaxilə etməmişdir. X4 qaydalarını tənzimləyən qanunvericiliyin müddəalarına əsasən abonentə borc ancaq sayğac göstəricisinə əsasən yazıla bilər. Cavabdeh tərəfindən 2022-ci ilin avqust ayında borc məbləğinin ödənilməyəcəyi təqdirdə elektrik enerjisinin dayandırılacağı barədə iddiaçıya xəbərdarlıq göndərildiyindən, iddiaçı bu xəbərdarlıq əsasında 1000 manat məbləğində ödəniş etmişdir. Göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini, eyni zamanda, yekun məhkəmə aktı çıxarılan zaman vəkil olaraq ona ödənilmiş cəmi 1.000 manat məbləğin məhkəmə xərci kimi cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirakı cavabdeh "xxxx" ASC tərəfindən təmin edilmiş şahid X12 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, iş üzrə müvafiq akt onun tərəfindən tərtib olunmuşdur. Abonentin X4si ilə bağlı sərfiyyatın az göstərilməsinin səbəbi cərəyan transformatorunun sərfiyyatı düzgün hesablamaması olmuşdur. Belə ki, yüksək amperli elektrik enerjisi paylanan abonentlərə sayğacdan əlavə transformator qoyulur, əks halda sayğac təzyiqdən yana bilər. İddiaçıya məxsus “Buta Market” "xxxx" MTK-nın həyətində yerləşir. Həmin MTK-ya məxsus bina 60 mənzilli bir bloklu binadır. Biz enerji sərfiyyatını hesablayarkən transformatorda olan baş sayğacdan əhali və qeyri-əhaliyə məxsus sayğac göstəricilərini çıxaraq geri qalan məbləği MTK-nın hesabına borc kimi yazırlar. Bu məsələ ilə bağlı "xxxx" MTK-nin şikayəti əsasında yoxlama aparılan zaman qeyd edilən faktlar aşkar olunmuşdur. Həmçinin, həmin binada iddiaçıya məxsus şirniyyat sexi açıldı, məhz enerji sərfiyyatında fərq də bundan sonra yaranmağa başlandı. Eyni zamanda, verilmiş suallara cavab olaraq bildirmişdir ki, tranformator "xxxx" ASC-nin balansındadır. Sayğacda enerji sərfiyyatının az göstərilməsi abonentin təqsiri deyil. Aktda borc məbləğinin 2022-ci ilin avqust ayından yaranmasının göstərilməsi səbəbi enerji sərfiyyatında fərqin həmin vaxtdan yaranması ilə bağlı olmuşdur ki, bu da böyük ehtimal şirniyyat sexinin açılması ilə əlaqədardır.
Tətbiq edilən hüquq
19. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 402.1-ci maddəsinə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxsdir. Abonent (əsas istehlakçı) - elektrik qurğuları enerjitəchizatı müəssisəsinin şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçıdır. Məişət abonenti (əhali) - yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün X4 edən istehlakçıdır; 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir; 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz; 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir; xx.xx.2022-ci il tarixədək olan redaksiyada 8.17-ci bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihaz-larından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Hazırkı apellyasiya şikayətində qətnamənin qismən, yəni iddianın təmin olunduğu hissəsinin ləğv edilməsi və iddianın təmin olunmaması xahiş olunduğundan, qətnamə yalnız iddianın təmin edilmiş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur.
26. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə hesablaşma elektrik sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı, o cümlədən məişət abonenti tərəfindən həmin sayğaclarının zədələnməsi (plombun qoparılması, baxış şüşəsinin sındırılması, gövdəsinin zədələnməsi və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), habelə sayğacdan kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulması hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmişdir. Bununla belə, bu işlərin görülməsini təmin edən, o cümlədən sayğacın işlək vəziyyətdə saxlanılmasına və elektrik enerjisindən düzgün istifadə edilməsinə nəzarət edən enerji təchizatı müəssisəsinin əməkdaşları bu sahədə hər hansı pozuntular aşkar etdikdə bunun səbəblərini qanunvericiliyin tələblərinə uyğun araşdırmalı və rəsmiləşdirməlidir. Bu zaman pozuntular bilavasitə istehlakçının təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində yaranmasını sübut etmək vəzifəsini də məhz enerji təchizatı müəssisəsi daşıyır. Əks halda, pozuntunun istehlakçı tərəfindən yol verilməsinə dair aparılmış hər hansı rəsmiləşdirmə hüquqi nəticə etibarı ilə etibarsız, bunun nəticəsi olaraq, istehlakçıya hesablanmış zərər məbləği isə əsassız olacaqdır.
27. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus ünvanda (abunə kodu-**********90250) sayğacın cərəyan transformatorlarının obyektin işlədicilərinin maksimum yükləndikdə həmin yükü hiss etmədiyi aşkar edilmiş, bununla bağlı xx.xx.2021-ci il tarixdə, R 037878 saylı akt tərtib edilmişdir. Akta əsasən iddiaçıya müvafiq olaraq 4.097,50 manat əlavə ödəniş hesablanmışdır. İddiaçı qeyd edilən borcun əsassız olaraq hesablandığından silinməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyası ilk növbədə sayğacın cərəyan transformatorlarının qüsurlu işləməsində və bunun nəticəsi olaraq sayğacın istifadə edilmiş elektrik enerjisini düzgün qeyd etməməsində istehlakçının (abonentin) təqsirinin olub-olmaması məsələsinə münasibətdə qeyd edir ki, cavabdeh tərəfin özü də istehlakçı (abonent) tərəfindən transformatora və sayğaca hər hansı müdaxilənin edilməsini və ya qeyd edilən avadanlıqlarda qüsurların hər hansı kənar müdaxilə nəticəsində yarandığını bildirmir. Aşkar edilmiş qüsur transformatorun fəaliyyəti ilə bağlı olması və həmin halın baş verməsində iddiaçının hər hansı təqsirinin olmaması işin mübahisələndirilməyən halıdır.
29. Ümumiyyətlə abonent haqqında məlumatlardan da istifadə olunmuş elektrik enerjisinin həcmində ciddi bir fərq hiss olunmur. Belə ki, aktın tərtib edildiyi tarixdən əvvəl 2021-ci ilin oktyabr və noyabr ayları ərzində bu məqsədlər üçün müvafiq olaraq 1.952,35 manat və (1.032,66 + 891,42) 1924,00 manat məbləğində pul ödənilmişdir. Aktdan sonrakı dövrdə isə, məsələn 2022-ci ilin mart ayı üçün 2.097,25 manat məbləğində pul ödənilmişdir. O halda, nəzərə alınmalıdır ki, 2021-ci ilin noyabr ayından etibarən hesablama 1 kvts = 0,11 manat üzrə aparılmışdır ki, bu da sərfiyyata görə ödənilən məbləğin artması ilə nəticələnir. Bu baxımdan məsələn, sərfiyyata görə 2022-ci ilin aprel ayında 2.337,16 manat, may ayında isə 2.458,82 manat, yəni daha yüksək məbləğin hesablanması, həmçinin bu halla bağlı olmuşdur.
30. Bununla belə, nəticə etibarı ilə qeyd edilən qeyri-yaşayış sahəsi üzrə istifadə edilmiş elektrik enerjisi bu məqsədlər üçün quraşdırılmış elektrik sayğacda öz əksini tapmış və ödənişlər də məhz sayğacın göstəricilərinə uyğun aparılmışdır. Bu səbəbdən qeyd edilən akt üzrə hesablanmış elektrik enerjisinin dəyərinin ödənilməsini cavabdeh iddiaçıdan tələb edə bilməz. Qeyd edilənlər hüquqi nəticə etibarı ilə cavabdeh tərəfindən tərtib edilmiş akta əsasən hesablanmış və iddiaçı tərəfindən aparılmış ödənişdən sonra qalıq olaraq qalmış 2.999,85 manat məbləğində borcun silinməsini şərtləndirir.
31. Eyni zamanda, məhkəmə kollegiyası iddiaçı tərəfindən təqdim edilmiş 2 ədəd ödəniş qəbzi üzrə 500 manat məbləğində 2 ödənişin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə, yəni 7 aylıq müddət fərqi ilə aparıldığını, bu ödənişlərin məhz iddiaçı tərəfindən və hazırki iş üzrə hüquqi xidmətin göstərilməsi ilə bağlı həyata keçirildiyinin müəyyən edilmədiyini, ən əsası da göstərilən xidmətlə bağlı aidiyyəti müqavilənin təqdim edilmədiyini nəzərə alıb, belə qənaətə gəlir ki, vəkilə çəkilmiş xərcin əvəzi olaraq cavabdehdən iddiaçının xeyrinə 1.000 manat məbləğində pul tutula bilməz.
32. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq 2.999,85 manat məbləğində borcu iddiaçının abunə hesabından silmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və bu səbəbdən təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilməlidir.
33. Hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: . Cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4530/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh "xxxx" ASC-yə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.