Məhkəmə qərarları › İş №2(103)-2076/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2076/2021

12.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2076/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçı MMC-nin nümayəndəsi X1 və cavabdehin iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli “Alğı-satqı müqaviləsi” üzrə yaranmış əsas borcun ödənilməsi məqsədi ilə 60 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 6 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 20 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, onunla iddiaçı MMC arasında bağlanmış 26.11.2019-cu il tarixli müqaviləyə əsasən, MMC-dən, dəyərinin hissə-hissə ödənilməsi şərti ilə qiyməti 66 manat olan “xxxx” markalı üzqırxanı, MMC tərəfindən edilmiş güzəştə əsasən 60 manata almışdır. Üzqırxan MMC tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, üzqırxan dəyərini MMC-yə ödəməmişdir. Nəticədə cavabdehin MMC-ya 60 manat məbləğində borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi səbəbindən MMC, onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtinə əsasən cavabdehə 18 manat məbləğində cərimə hesablaya bildiyi halda, cavabdehə 6 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. MMC cavabdehə xəbərdarlıq məktubu göndərərək qeyd edilən məbləğlərin ödənilməsini cavabdehdən tələb etsə də borc ödənilməmiş qalmışdır. Bu səbəbdən də MMC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək və bunun üçün 20 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 22.10.2020-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC-dən aldığı üzqırxan qüsurlu olmuş, yəni yerinə yetirməli olan funksiyanı zəif yerinə yetirirdi. Buna görə cavabdeh üzqırxanı həmin gün mağazaya aparmış və üzqırxanın başqası ilə əvəz edilməsini xahiş etsə də MMC-nin işçisi bundan imtina etmiş və bildirmişdir ki, üzqırxanı təmir edib ona geri qaytaracaqlar. Cavabdeh isə bundan imtina etmiş, ya malı dəyişmələrini, ya da müqavilənin ləğv edilməsini tələb etmiş və üzqırxanı mağazada qoyaraq getmişdir. Göstərilənlərə əsasən cavabdeh hesab edir ki, MMC tərəfindən ona qarşı irəli sürülmüş iddia əsassız hesab edilməlidir, lakin işə baxmış Rayon Məhkəməsi əsassız olan iddianı təmin etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. İddiaçı MMC-nin nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O bildirdi ki, üzqırxan gigiyenik mallara aid olduğu üçün istifadə edildikdən sonra alıcıdan geri götürülə bilməz. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh, üzqırxanı alanda onu yoxlamış və üzqırxan işlək vəziyyətdə olmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti əsassız hesab edilməlidir. Üzqırxan hazırda mağazanın anbarındadır və cavabdeh istədiyi vaxt üzqırxanı götürə bilər. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçı MMC ilə cavabdeh arasında bağlanmış 26.11.2019-cu il tarixli müqavilədən görünür ki, cavabdeh, dəyərinin hissə-hissə ödənilməsi şərti ilə qiyməti 66 manat olan “xxxx” markalı üzqırxanı, MMC tərəfindən edilmiş güzəştə əsasən 60 manata MMC-dən almışdır. Müqavilənin şərtlərindən və müqavilənin ayrılmaz hissəsi olan “xxxx” görünür ki, cavabdeh tərəfindən iddiaçı MMC-yə 6 ay ərzində, ayda 10 manat olmaqla ödənişlər olmalı idi. İşdə olan sənədlərdən görünür ki, üzqırxan MMC tərəfindən cavabdehə təhvil verilsə də, cavabdeh iddiaçı MMC qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, üzqırxan dəyərini MMC-yə ödəməmişdir. Nəticədə cavabdehin MMC-ya 60 manat məbləğində borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi səbəbindən MMC, onunla cavabdeh arasında bağlanmış müqavilənin şərtinə əsasən cavabdehə 18 manat məbləğində cərimə hesablaya bildiyi halda, cavabdehə 6 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, MMC, öhdəliyin icrasını cavabdehdən tələb etmişdir. İşin hallarından bəlli olur ki, cavabdeh həmin xəbırdarlığa baxmayaraq MMC-yə olan borcu ödəməmişdir. “xxxx” görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün MMC 20 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh bildirir ki, MMC-dən aldığı üzqırxan qüsurlu olmuş, yəni yerinə yetirməli olan funksiyanı zəif yerinə yetirirdi. Buna görə o, üzqırxanı həmin gün mağazaya aparmış və üzqırxanın başqası ilə əvəz edilməsini xahiş etsə də MMC-nin işçisi bundan imtina etmiş və bildirmişdir ki, üzqırxanı təmir edib ona geri qaytaracaqlar. O, bununla razılaşmamış və malın dəyişilməsini və ya müqavilənin ləğv edilməsini tələb etmiş, üzqırxanı mağazada qoyaraq getmişdir. İşin müəyyən edilmiş hallarını nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Məcəllənin 600-cü maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600.1.). Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4.). Məcəllənin 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1.). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2.). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Cavabdeh üzqırxanın qüsurlu olduğunu bildirirsə, bunu təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim etməmişdir. Bununla da, müəyyən edilir ki, cavabdehin kreditor olan MMC arasında bağlanmış müqavilə üzrə MMC qarşısında icra edilməmiş öhdəliyi mövcuddur; cavabdeh, öhdəliyin icra edilməməsinə görə MMC qarşısında mülki məsuliyyət daşıyır; cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməli və ödənilməmiş qalan 60 manat məbləğində əsas borcu MMC-yə ödəməlidir. İddiaçı MMC müqavilə üzrə cavabdehə 6 manat məbləğində dəbbə (cərimə) hesablamış və həmin məbləğin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, MMC ilə cavabdeh arasında bağlanmış müqavilədən görünür ki, müştəri “Ödəniş cədvəli” üzrə ödəniş şərtlərini pozduqda, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faiz həcmdə mübahisəsiz olaraq penya (cərimə) ödəyir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 6 manat məbləğində cərimə pulu dəbbə məbləğinin tənasüblüyünə, iş üzrə tərəflərin həm əmlak mənafelərinə, həm də bütün əsaslı mənafelərinə uyğundur. Bu baxımdan hesab edilməlidir ki, iddianın müzakirə edilən bu hissəsi də, əsaslıdır. Beləliklə də, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki apellyasiya baxışının predmetini təşkil edən iddianın qiyməti isə 2.000 manatdan az olduğundan hazırki qətnamədən MPM-nin 404-1-ci maddəsinə əsasən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 22 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar