Məhkəmə qərarları › İş №2(103)-2078/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2078/2024

21.05.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2078/2024 21.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun silinməsi”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Xəzər Rayon Məhkəməsinin 2(003)-3013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında olan **********00080 saylı abonent hesabına yazılmış 10648,80 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB tərəfindən ona məxsus ünvan 2 ünvanında olan **********00080 saylı abonent hesabına xx.xx.2021-ci il tarixdə yazılmış akta əsasən 1836 manat məbləğində borc hesablanmışdır. Təbii qazdan sayğacdan kənar istifadə etmədiyi halda abonent hesabına borcun yazılması düzgün olmamışdır. Eyni zamanda qanunsuz və əsassız olaraq xx.xx.2023-cü il tarixli akta əsasən 8812,80 manat məbləğində borc təkrarən guya təbii qazdan sayğacdan kənar istifadə etdiyinə görə yazılmışdır. Həmin ünvanda yaşayış olmadığına görə təbii qazdan istifadə olmamışdır. İstinad olunan fotoşəkillərin həmin ünvana heç bir aidiyyəti yoxdur.

3. Xəzər Rayon Məhkəməsinin 2(003)-3013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi (hakim İlham Cəfərzadə) ilə iddia tələbi təmin edilmiş, iddiaçı X1 adına olan **********00080 nömrəli abonent hesabından 10638,80 manat məbləğində borcun silinməsi qərara alınmışdır.

4. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri:

5. Cavabdeh tərəfindən verilmiş şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, Cavabdeh əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar iddiaçı tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Cavabdeh əməkdaşları tərəfindən hazırlanmış aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır və bir nüsxəsi abonentə təqdim edilmişdir əməkdaşlarımız tərəfindən aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh tərəfindən iddiaçını təbii qazla təhciz etməyinə baxmayaraq iddiaçı bununla kifayətlənməyərək təbii qazdan qeyri qanuni istifadə etmişdir. Məhkəmə isə öz növbəsində talanmış qaz həcminə biganə göstərərək ədalətli hüquqi qiymət verməmişdir. Təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli və tam baxılmayıb və hakim təqdim edilmiş sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə mülki işi araşdırarkən istehlakçının təbii qazdan istifadə etsə də ödənişin ödənilməməsini və ya istifadə olunmuş təbii qazın nədən qeydə aktına bilməməsini araşdırmamışdır. Halbuki bu deyilən meyarlar araşdırılsa abonentin Azəriqaz İB-yə dəymiş ziyanı öz təsdiqini tapmış olardı Məhkəmə tələbi müəyyən etmək üçün istehlak olunmuş qaz həcmini və ödənilmiş pul məbləğini müəyyən etmək üçün sadoya və çəkilmiş fotoşəkillərə diqqət etmiş olsa idi obyektiv nəticəyə gələrək iddia tələbinin rədd etmiş olardı. Qeyd edilənlərə baxmayaraq, məhkəmə qətnaməsini iddiaçının ifadəsi üzərində tərtib edərək qəbul etmişdir.

6. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2078/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş və icra olunması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə göndərilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2078/2024 nömrəli, 06 may 2024-cü il tarixli qərardadı ilə iş üzrə icraatın dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığından iş üzrə icraat təzələnmişdir. Tərəflərin izahatı:

8. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Həsənov Həsənbala apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

9. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməlməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.

10. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübuların tədqiqi:

11. Abonent saldosundan (abonent kodu **********00080) görünür ki, iddiaçının abonent hesabına aktlar əsasında 2021-ci ilin dekabr ayında 1836 manat, 2023-cü ilin yanvar ayında isə 8812,80 manat olmaqla cəmi 10638,80 manat məbləğində borc yazılmışdır.

12. xx.xx.2021-ci il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 16200 m3 həcmində (1836 manat dəyərində) itirilmiş təbii qaz hesablanmışdır.

13. xx.xx.2023-cü il tarixli, AKT ******* saylı aktın və itirilmiş təbii qazın dəyərinin hesablanmasına dair qərarın surətlərindən görünür ki, həmin tarixdə abonent İddiaçı tərəfindən sayğacdan kənar qeyri-qanuni qazdan istifadə etməsi halı aşkar edilmiş və bu səbəbdən həmin akt tərtib edilmişdir. Həmin akt əsasında 73440 m3 həcmində (73440 x 0.12 =8812,80 manat) itirilmiş təbii qaz hesablanmışdır.

14. İş üzrə iddiaçının ünvanı rayon məhkəməsi tərəfindən yerində müayinə olunmuş və yerində müayinə zamanı iddiaçının yaşadığı ünvanda iki tikilinin olması – iki mərtəbəli və bir mərtəbəli yaşayış evinin olması, ünvanda üç ədəd sayğacın yerləşdirildiyi, quraşdırılmış sayğaclarının ikisi bir mərtəbəli evə aid olması müəyyən edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, **********00080 nömrəli (iddiaçının adına olan) abonent hesabı bir mərtəbəli evə aiddir, evdə PQ-4 və iran sobası vardır. Hazırda evdə sayğac vasitəsilə qazdan istifadə olunur.

15. Yerində müayinə zamanı dindirilmiş Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin çilingəri X7 bildirmişdir ki, 2021-ci ildə evə quraşdırılmış sayğac dəyişdirildiyi zaman evdən gələn turbanın içərisində çölə qaz çıxdığını müəyyən etmişlər. Bu səbəbdən hesab etmişlər ki, ünvanda təbii qazdan qeyriqanuni xətt vasitəsilə istifadə olunur. Ona görə akt tərtib edilmişdir. Bu zaman evə baxış keçirməmişlər və turbadan qazın çıxması səbəbini araşdırmamışlar. 2023-cü ildə tərtib edilmiş aktın səbəbini isə bilmir.

16. Yerində müayinə zamanı iddiaçının nümayəndəsi X3, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti Qazın balansı və satış şöbəsinin çilingəri X5 izahatına etiraz edərək bildirmişdir ki, 2021-ci ildə ünvada təbii qazdan qaz balonu vasitəsilə istifadə edilmişdir. Ona görə də evdən sayğaca gedən qaz xəttinin içərisində qazın mövcud olması ehtimalı vardır.

17. 17. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi Bakı filialının 18 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı "Azəriqaz” İB-i tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla 16200 m³ (1836 manat dəyirində), xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktla isə 73440 m³ (8812,8 manat deyerinde), cəmi 10638 manat dəyərində əlavə qaz sərfiyyatı hesablanaraq qaz abonent hesabına daxil edilmişdir. Tərtib edilmiş aktlara əlavə edilmiş sənədlərin tehlili abonentin sayğacdan kənar qazdan istifadə etməsini tam təsdiq etmir. Belə ki, aktlarda abonentin və ya hal şahidlərin imzaları yoxdur, çəkilmiş fotoşəkillərin həmin ünvana aid olmasını müəyyən etmək mümkün deyil, istehlakçının istifadə etdiyi qaz qurğuları dəqiqləşdirilməmişdir. Bu baxımdan iddiaçıya hesablanan borcun məbləği həqiqəti əks etdirmir. İddiaçı X2 qaz abonent saldosunun təhlili göstərir ki, sayğacdan keçən qazın miqdarı 2021-2022-ci illər ərzində cəmi 150 m³ olmuşdur. Analogiya üzrə həmin dövr ərzində 5000 m³ a yaxın qaz sərfiyyatı ola bilərdi. 2023-cü ilin 25 iyun larixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirnor Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş Qazdan istifadə Qaydalarına dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazar Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qararı ilə müəyyən edilmişdir. Cavabdehin sözügedən aktları bu qərardan əvvəl tərtib etdiyindən borcun nəyə əsasən hesablanmasına ray vermək mümkün deyil. “X4 6.5-ci bəndinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun selahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb ətməlidir. Qeyd edilən ünvanda yerləşən evə baxış keçirildi və aşağıda göstərilən qaz qurğularının qaz xətlərinə qoşulu olduğu müəyyən edildi: 1 - ədəd PQ-4 markalı məişət tipli qaz plitəsi, 1 ədəd İran sobası, 1 ədəd 24 L həcmli qənaətli suqızdırıcı. Digər qaz qurğularının daxili qaz kəmərlərinə qoşulması əlamətləri müəyyən edilmədi. Bu baxımdan istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə analogiya üzrə X4 6.5-ci, 6.5-1-ci ve 6.5- 2-ci bəndlərinə əsaslanaraq, iddiaçının fərdi-yaşayış evində istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m³, 1 ədəd qənaətli su qızdırıcısı üçün 1.5 m³, 1 ədəd İran sobasının maksimal saatlıq qaz sərfi 1.5 m³ istifadə dövrü nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada apanla bilər: xx.xx.2021-ci il tarixli, ******* nömrəli akt üzrə: 1 əded PQ-4 məişət tipli qaz plitəsi üçün-1 x 1 x 2 m³ x 3 saat x 30 gün = 108 m³, 1 ədəd qənaətli su qızdırıcısı üçün-1 x 1,5 m³ x 3 saat x 30 gün= 135 m³, 1 ədəd İran sobası üçün 1 x 1.5 m³ x 12 saat x 30 gün = 540 m³ cəmi 783 m³, dəymiş ziyanın məbləği isə 93.96 manat təşkil edə bilər. xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1 x 1,2 m³ x 3 saat x 360 gün = 1296 m³, 1 ədəd qənaətli su qızdıncısı üçün - 1 x 1,5 m³ x 3 saat x 360 gün = 1620 m³; 1 ədəd İran sobası üçün - 1 x 1.5 x 1 x 12 saat x 150 gün = 2700 m³ cəmi 5616 m³ təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m³ (1200 m³ daxil olmaqla) olan hissəsi üçün hər 1 m³ -i 0.12 manat, illik istehlak həcminin 1200 m³-dən 2500 m³-dək hissesi üçün hər 1 m²- 0,20 manat, illik istehlak həcminin 2500 m³-dən çox olan hissəsi üçün hər 1 ma-i isə 0,25 manat qiymat təyin edildiyini nəzərə alaraq 5616 m³ qaz həcminin 1200 m³-i 0,12 manat ( 1200 x 0.12 = 144 manat), 1300 m³-i 0.20 manat ( 1300 x 0.2 = 260 manat), qalan 3116 m³ isə 0,25 manat (3116 x 0,25 = 779,0 manat) olmasını nəzərə alaraq, cəmi 144+260 +779,0=1183,0 manat məbləğində vurulmuş zərər müəyyən edilə bilər. Beləliklə, abonentin sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla qazpaylayıcıya dəyən zərərin məbləği 93.96+1183,0=1276,96 manat təşkil edə bilər. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

18. 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

21. 560.3 və 560.3.5.2.-ci maddələrinə görə, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, cavabdeh tərəfindən sonrakı hallar üzrə qanunsuz xəttə qoşulması, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində müəyyən edilmədiyi halda, cavabdehə əlavə pul hesablanması yolverilməzdir.

22. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qazpaylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə Qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Qazpaylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qazpaylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallara adan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktlar rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5-6.7)

23. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

25. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

26. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

27. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

28. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

32. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

34. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

35. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

36. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

39. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

40. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

41. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

42. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır Apellyasiya Məhkəməsinin baxışının hədləri:

44. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

45. Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir.

46. Belə ki, mübahisələndirilən aktların tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğu, o cümlədən həmin halların məhz iş üzrə iddiaçı tərəfindən törədilməsini sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür.

47. Çünki sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

48. (Müəyyən olunmuşdur ki, rayon məhkəməsinin qətnaməsində bir neçə yerdə mübahisləndirilən borcun məbləği texniki səbələrdən fərqli göstərilmişdir).

49. Hazırkı iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 2078/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş və icra olunması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə göndərilmişdir.

50. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin 18 aprel 2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, abonentin sayğacdan kənar qazdan istifadə etməsi nəzərə alınmaqla qazpaylayıcıya dəyən zərərin məbləği 93.96+1183,0=1276,96 manat təşkil edə bilər.

51. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə aparılmış ekspertiza nəticəsində verilmiş mütəxəssis rəyi ilə dəymiş ziyanın 1276,96 manat təşkil etməsi müəyyən edildiyindən, iddiaçıya məxsus ünvan 1 ünvanında olan **********00080 saylı abonent hesabına yazılmış 10638,80 manat məbləğindən mütəxəssis rəyi ilə hesablanmış dəymiş ziyanın məbləği 1276,96 manat çıxılmaqla, (10638,80-1276,96=9.361,84) 9.361,84 manat məbləğində borc silinməlidir.

52. MPM-nin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

53. Həmin Məcəllənin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Nəticə:

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməli, iddiaçıya məxsus ünvan 1 ünvanında olan **********00080 saylı abonent hesabına yazılmış 10638,80 manat məbləğ borcdan 9.361,84 manat silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

55. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

56. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir.

57. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Xəzər Rayon Məhkəməsinin 2(003)-3013/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı X1 adına olan **********00080 nömrəli abonent hesabından 9.361,84 (doqquz min üç yüz altmış bir manat səksən dörd qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar