Məhkəmə qərarları › İş №2(103)-2085/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2085/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2085/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi, mənzilin boşaldılaraq geri qaytarılması və kompensasiya tələbi barədə” iddiasına dair mülki iş üzrə hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Mehri Rasim qızının katibliyi ilə, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamədən Cavabdeh verdiyi apellyasiya şikayətinə əsasən işə, İddiaçı nümayəndəsi X2 və Cavabdeh vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat

1. İddiaçı MTK-nın buna səlahiyyəti olan vəzifəli şəxsi MTK-nın adından Cavabdeh qarşı iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli, 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin” ləğv edilməsi, ünvan 1 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbədə yerləşən ümumi sahəsi 99,22 kv.m olan 3 otaqdan ibarət 4 saylı mənzilin cavabdehin qanunsuz sahibliyindən geri alınması, mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılması və MTK-ya təhvil verilməsi, xx.xx.2023-cü il tarixdən mənzil boşaldılanadək hər ay hesablanmaqla 500 manat məbləğində kompensasiyanın və ödənilmiş dövlət rüsumunun əvəzinin – 100 manat məbləğində pulun cavabdehdən tutularaq MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı MTK ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" olan MTK ilə “Alıcı” olan cavabdeh razılığa gəlmişlər ki, MTK, iddia ərizəsində qeyd edilən mənzili tikib cavabdehə təhvil verməli, cavabdeh isə onun sifarişi ilə tikilən həmin mənzili qəbul edib mənzilin dəyərini - 106.165 manatı, ilkin ödəniş kimi 16.165 manatı dərhal, qalan 90.000 manatı isə 40 ay ərzində, ayda 2.047 manat olmaqla MTK-ya ödəməlidir. MTK həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Belə ki, xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, MTK müqavilənin predmeti olan mənzil qüsursuz olaraq cavabdehə təhvil verilmiş, cavabdeh isə mənzili qəbul etmişdir. Cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki, müqavilə üzrə qalıq borcun ödənilməsinə dair mədaxil qəbzlərinə nəzər saldıqda müəyyən edilir ki, cavabdeh tərəfindən MTK-ya xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2020-ci il tarixdə 3.400 manat, xx.xx.2020-ci il tarixdə 6.141 manat, xx.xx.2020-ci il tarixdə 2.047 manat, xx.xx.2020-ci il tarixdə 3.094 manat, xx.xx.2020-ci il tarixdə 2.047 manat, xx.xx.2020-ci il tarixdə 1.047 manat, xx.xx.2020-ci il tarixdə 2.040 manat, xx.xx.2020-ci il tarixdə 2.040 manat, xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2021-ci il tarixdə 1.644 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 3.500 manat, xx.xx.2022-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla cəmi 52.500 manat ödəniş edilmişdir. Son ödəniş tarixindən bu günədək isə MTK-ya qalıq borc üzrə hər hansı ödəniş həyata keçirilməmişdir. Bu hal xx.xx.2019-cu il tarixli, 46 saylı müqavilənin 3.2-ci və 5.5-ci bəndlərinin tələblərinin cavabdeh tərəfindən kobud surətdə pozulmasını özündə ehtiva edir. Belə ki, müqavilənin 5.5-ci bəndi ilə göstərilən qrafikə əsasən ödənişləri vaxtında etmək “Alıcının” vəzifəsi kimi müəyyən edilmişdir. Müqavilənin 5.6-cı bəndinə əsasən, əgər “Alıcı” müqavilədə göstərilən qrafikə əsasən ödəməni 3 aydan çox ləngidirsə "xxxx" onunla müqaviləyə xitam vermək hüququnu özündə saxlayır. Müqavilənin 3.2-ci və 3.3-cü bəndləri ilə “Alıcı” qalıq borcu üzrə aylıq ödənişi hər növbəti ayın 18-dən gec olmayaraq ödəməsi, əgər göstərilən tarixdən 5 gün ərzində ödəmə gecikdirildikdə ödənilməyən məbləğin hər günü üçün 0,5 % həcmində hesablanan dəbbə pulunun əlavə olaraq “Satıcıya” ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh müqavilə üzrə öhdəliyini pozduğu üçün MTK hazırki iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. b) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

3. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı MTK ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 46 nömrəli müqavilənin ləğv edilməsini, mübahisəli mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılmaqla mənzilin boşaldılmasını və mənzilin MTK-ya təhvil verilməsini, ödənilmiş 50 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsini, iddianın qalan hissədə təmin edilməməsini qət etmişdir.

4. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmiş bu barədə MTK tərəfindən ona dəfələrlə xəbərdarlıq edilərək aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əməl etməsi tələb olunsa da, o müqavilə öhtəliyini icra etməkdən imtina etmişdir ki, bu hal məhkəmə tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilir. Rayon Məhkəməsi həmçinin qeyd etmişdir ki, tərəflər arasında müqavilə münasibətləri olmuş, tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə hazırda qüvvədə olduğundan, mənzil cavabdehin qanuni sahibliyindədir. Həmçinin mənzil boşaldılanadək hər ay 500 manat kompensasiya məbləği ilə bağlı da, hazırda tərəflər arasında bağlanmış müqavilə məhkəmə qaydasında ləğv edildikdən sonra mənzil cavabdeh tərəfindən qaytarılmadığı təqdirdə, iddiaçı vurulmuş ziyan məbləği ilə bağlı gələcəkdə iddia qaldırmaq hüququ vardır. d) apellyasiya şikayəti barədə məlumat

5. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və onun borcunu ödəməyə hazır olması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə iddianın təmin edilməsi hissəsində maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, cavabdeh hər ay nəzərdə tutulandan artıq ödəniş etmişdir. “COVİD-19” virusun yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilmiş karantin rejimi tətbiq edildiyi vaxt belə ödəniş etmişdir. Mənzilin təmirinə 40.000 manat pul sərf etmişdir. Üzrlü səbəbdən bir müddət ödəniş edə bilməsə də, hazırda borcunu ödəmək niyyətindədir. Lakin MTK ödənişi qəbul etmir və ondan artıq pul tələb edir. 37.500 manat pulu ödəməyəcəyi halda isə mənzili boşaltmağını tələb edir. MTK mənzili başqa şəxsə satmaq niyyətindədir. Cavabdeh iki dəfə cərrahi əməliyyat olduğu üçün səhhəti ilə əlaqədar Rayon Məhkəməsinin iclaslarında iştirak edə bilməmişdir. Lakin işə baxmış Rayon Məhkəməsi bunları nəzərə almamışdır. e) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı və iş üzrə verdikləri izahatlar barədə məlumat

7. Cavabdehin vəkili (nümayəndəsi) apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdi. O, öz izahatında əlavə olaraq bildirdi ki, MTK tərəfindən şişirdilmiş dəbbə pulu tələb edilir. Bununla da ödənişlərin həyata keçirilməsinə süni maneçilik yaradılır. Cavabdeh iddiaçı MTK-ya qarşı əsassız olaraq hesablanmış 136.875 manat məbləğində dəbbə pulunun silinməsi, müqavilənin 2.1 və 2.2-ci bəndinin dəyişdirilməsi barədə Sabunçu Rayon Məhkəməsində iddia qaldırmışdır. Belə ki, mənzilin qonşu ilə olan divarları iş kontorundan hesablanmaqla müəyyən edilmişdir ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğu kimi 99,22 kv.m deyil, 95,12 kv.m-dir. Müqavilədə göstərilmiş ölçülər faktiki ölçülərdən 4,10 kv.m artıqdır. Bu hal isə müqavilənin qiymətinə təsir göstərir, cavabdehin MTK-ya olan borcu daha azdır. Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)- 2739/2024 saylı mülki iş üzrə əsassız hesablanmış dəbbə pulu silindikdən və borcun həqiqi məbləği müəyyən edildikdən sonra cavabdeh borc öhdəliyini tam icra etmək niyyətindədir. Ona görə də hazırki iş üzrə icraat Sabunçu Rayon Məhkəməsinin icraatında olan 2(008)-2739/2024 saylı mülki işə baxılıb qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəyə minənədək dayandırılmalıdır.

8. İddiaçı MTK-nın nümayəndəsi apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və iddia ərizəsinin məzmununa, habelə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. O, öz izahatında əlavə olaraq bildirdi ki, cavabdeh qalıq borcunu və simvolik məbləğdə dəbbə pulunu ödəsə tərəflər arasında olan mübahisə öz həllini tapmış olacaqdır. Lakin cavabdeh MTK-nın bu təklifindən imtina edir. İcraatın dayandırılması barədə vəsatət cavabdeh üçün vaxt qazanmağa yönəlmişdir. f) apellyasiya baxışının hədləri barədə məlumat

9. Hazırki apellyasiya baxışının hədləri ilə bağlı Məhkəmə bildirir ki, iddia tələbi qismən təmin olunsa da, iddiaçı qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır.

10. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin dəlilləri qətnamənin qismən, yəni iddianın təmin edilməsi hissəsinin əsassızlığına yönəlmişdir.

11. Bunları nəzərə alan Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

12. Odur ki, göstərilənləri və mübahisə predmetinin bölünməz olmadığını nəzərə alan Məhkəmə qətnamənin iddianın təmin edilməməsi hissəsinin əsaslılığını yoxlamamışdır. g) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

13. Apellyasiya baxışının hədlərini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməklə, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.

14. Belə ki, iddiaçı MTK ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 46 saylı “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədən” görünür ki, "xxxx" olan MTK ilə “Alıcı” olan cavabdeh razılığa gəlmişlər ki, MTK, iddia ərizəsində qeyd edilən mənzili tikib cavabdehə təhvil verməli, cavabdeh isə onun sifarişi ilə tikilən həmin mənzili qəbul edib mənzilin dəyərini - 106.165 manatı, ilkin ödəniş kimi 16.165 manatı dərhal, qalan 90.000 manatı isə 40 ay ərzində, ayda 2.047 manat olmaqla MTK-ya ödəməlidir.

15. Müqavilədə qeyd edilən ödəniş qaydası MTK ilə cavabdehin birgə təsdiqlədikləri “Kreditlə verilən mənzillərin ödəniş cədvəlində” də öz əksini tapmışdır.

16. Müqavilənin şərtlərinə görə, qrafikə əsasən ödənişləri vaxtında etmək “Alıcının” vəzifəsidir (bənd 5.5.). Əgər “Alıcı” müqavilədə göstərilən qrafikə əsasən ödəməni 3 aydan çox ləngidərsə, "xxxx" onunla müqaviləyə xitam vermək hüququnu özündə saxlayır (bənd 5.6.). Əgər müqaviləyə xitam verilərsə, ödənilmiş məbləğ "xxxx" tərəfindən “Alıcıya” satılmış mənzil təkrar satıldıqdan sonra qaytarılmalıdır (bənd 7.4.).

17. MTK-nın nümayəndəsi və cavabdehin birgə tərtib etdikləri və imzaladıqları xx.xx.2021-ci il tarixli “Təhvil-təslim aktından” görünür ki, MTK, müqavilənin predmeti olan mənzil qüsursuz olaraq cavabdehə təhvil verilmiş, cavabdeh isə mənzili qəbul etmişdir.

18. MTK tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəfindən MTK-ya xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2019-cu il tarixdə 3.400 manat, xx.xx.2020-ci il tarixdə 3.400 manat, xx.xx.2020-ci il tarixdə 6.141 manat, xx.xx.2020-ci il tarixdə 2.047 manat, xx.xx.2020-ci il tarixdə 3.094 manat, xx.xx.2020-ci il tarixdə 2.047 manat, xx.xx.2020-ci il tarixdə 1.047 manat, xx.xx.2020-ci il tarixdə 2.040 manat, xx.xx.2020-ci il tarixdə 2.040 manat, xx.xx.2021-ci il tarixdə 1.500 manat, xx.xx.2021-ci il tarixdə 1.644 manat, xx.xx.2021-ci il tarixdə 1.000 manat, xx.xx.2021-ci il tarixdə 3.500 manat, xx.xx.2022-ci il tarixdə 1.500 manat, xx.xx.2022-ci il tarixdə 2.500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 500 manat olmaqla cəmi 52.500 manat ödəniş edilmişdir. Son ödəniş tarixindən bu günədək isə MTK-ya qalıq borc üzrə hər hansı ödəniş həyata keçirilməmişdir.

19. İşin hallarından müəyyən edilir ki, cavabdeh, onunla iddia MTK arasında xx.xx.2019-cı il tarixdə bağlanmış müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, müqavilə üzrə MTK-ya etməli olan ödənişləri müqavilədə və müqavilənin tərkib hissəsi olan cədvəldə göstərilən müddətdə və məbləğdə etməmişdir.

20. Məhkəmə bildirir ki, iddiaçı MTK ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cı il tarixli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilədə” MTK "xxxx" kimi, cavabdeh isə “Alıcı” kimi göstərilsələr də, müqavilənin məzmunundan və işin hallarından müəyyən edilir ki, MTK ilə iddiaçının arasındakı mövcud mülki mübahisə alğısatqı münasibətlərindən yox, podrat münasibətlərindən yaranmışdır.

21. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür (maddə 752.1.). Sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir (maddə 759.1.). Əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 760.2.).

22. İşin mübahisəsiz digər halı ondan ibarətdir ki, mübahisəli mənzil iddiaçı MTKnın vəsaiti hesabına inşa edilərək, ərsəyə gətirilib. Cavabdeh iddiaçı MTK-nın çəkdiyi xərci ödəmədiyi üçün cavabdehin mənzil üzərində mülkiyyət hüququ yaranmamışdır. Mənzil MTK-nın mülkiyyəti hesab edilir.

23. İşin bu halını nəzərə alan Məhkəmə bildirir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (maddə 157.4.). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1.). Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (maddə 421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (maddə 421.2.). Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 424.5.). Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər (maddə 447.1.).

24. İş materiallarından müəyyən edilir ki, cavabdeh tərəfindən sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə edilmiş, mənzilə görə qalıq borcunun ödənilməsi barədə ona dəfələrlə xəbərdarlıq edilərək aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin şərtlərinə əməl etməsi tələb olunsa da, cavabdeh müqavilə öhdəliyini icra etməmişdir. Bu halı müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirmiş Rayon Məhkəməsi cavabdehə münasibətdə iddianın qismən təmin edilməsi hissəsində iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil edə bilməz. Apellyasiya şikayəti əsassızdır.

25. Məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılması barədə cavabdehin vəsatəti də əsassız hesab edilərək rədd edilmiş, iş üzrə icraatın dayandırılması üçün əsas təşkil edə biləcək hal müəyyən edilməmişdir.

26. Lakin Məhkəmə hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi “mənzildə yaşayan şəxslərin əşyaları ilə birlikdə mənzildən çıxarılması” hissəsində qeyri-müəyyən olduğu üçün ləğv edilməlidir. İddia ərizəsində cavabdeh kimi yalnız Cavabdeh göstərilmiş, mənzildə yaşayan digər şəxslərin kim olması qeyd edilməmişdir. Odur ki, iddia tələbi müzakirə edilən hissədə də mənzildə yaşayan şəxs kimi yalnız cavabdehə münasibətdə təmin edilməli, qalan hissədə qeyri-müəyyən şəxslər dairəsinə qarşı yönəldiyi üçün rədd edilməlidir. h) apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə

27. Beləliklə, Məhkəmə MPM-in 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni mübahisəli mənzildə yaşayan şəxslərin çıxarılması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələb qismən, yəni cavabdehə münasibətdə təmin edilməli, cavabdeh mübahisəli mənzildən əşyaları ilə birlikdə çıxarılmalı, apellyasiya baxışının predmeti olan qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

28. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-nin 384, 392, 393, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni “mənzildə yaşayan digər şəxslərin çıxarılması hissəsində” ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə, yəni “İddiaçı iddiasının qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında 18 iyul 2019-cı il tarixdə bağlanmış 46 nömrəli “Çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin” ləğv edilməsi, Cavabdeh ünvan 2 ünvanda inşa edilən çoxmənzilli yaşayış binasının 1-ci giriş, 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 99,22 kv olan 3 otaqdan ibarət 04 nömrəli mənzildən əşyaları ilə birlikdə çıxarılması, mənzilin boşaldılması və İddiaçınə təhvil verilməsi” hissədə dəyişdirilmədən saxlanılsın. Müəyyən edilsin ki, hazırki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamənin “iddianın bir qisminin təmin edilməməsi” hissəsi apellyasiya baxışının predmeti olmamışdır. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə uyğun olaraq və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar