Məhkəmə qərarları › İş №2(103)-2087/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2087/2024

22.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2087/2024 22.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: miras əmlakın bölüşdürülməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X12 (sədrlik edən və məruzəçi), oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı (X6 müstəqil tələb irəli sürməyən üçüncü şəxs olmaqla) “miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi, payının tanınması və s.” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)-550/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X9 və İstismarı Birliyi ilə X16 arasında bağlanmış xx.xx.1961-ci il tarixli, 5631 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 556 saylı bağ sahəsi (0,25 ha torpaq sahəsi) sonuncunun istifadəsinə verilmişdir.

2. Quliyeva (Kazımova) Nazilə Abdulağa qızı, İddiaçı, Cavabdeh5, X6, Cavabdeh2, Cavabdeh3 ataları X16, anaları isə Düri Xeyrabat qızıdır.

3. X16 xx.xx.1986-cı il tarixində, Düri Xeyrabat qızı isə xx.xx.2003-cü il tarixində vəfat etmişlər.

4. Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 556 saylı bağ sahəsinə (0,25 ha torpaq sahəsi) xx.xx.2021-ci il tarixdə X10 xüsusi mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır.

5. Cavabdeh3 miras əmlakın qəbul edilməsi isə bağlı ərizə ilə Bakı şəhəri 9 saylı notariat ofisinə xx.xx.2021-ci il tarixdə, Cavabdeh5 Əbdülağa qızı xx.xx.2021-ci il tarixdə, Cavabdeh2 və X6 xx.xx.2021-ci il tarixdə müraciət etmişlər.

6. X1 (xx.xx.2010-cu il tarixdə vəfat etmişdir) övladları X14, X15 xx.xx.2021-ci il tarixdə, X23, X28 xx.xx.2021-ci il tarixdə mirasın onlara çatası hissəsindən yazılı formada imtina etmişlər. Nazilə Quliyevanın digər oğlu Cavabdeh4 isə xx.xx.2021-ci il tarixdə miras əmlakın qəbul edilməsi ilə bağlı həmin notariat ofisinə ərizə ilə müraciət etmişdir.

7. İddiaçı tərəfindən miras əmlakın qəbul edilməsi isə bağlı ərizə ilə Bakı şəhəri 9 saylı notariat ofisinə xx.xx.2022-ci il tarixdə müraciət edilmiş, Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli qərarı ilə miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün notariat hərəkətlərin aparılmasından imtina edilmişdir. Digər vərəsələrə münasibətdə hər hansı qərar qəbul edilməmiş, vərəsəlik haqqında şəhadətnamə verilməmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehlər Bakı şəhəri 9 saylı notariat ofisinə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi, payının tanınması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 9 saylı notariat ofisinin miras əmlakı faktiki qəbul etməsi ilə əlaqədar ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbindən imtinasının, hərəkət və hərəkətsizliyinin qanunsuz hesab edilməsi, atası X10 xx.xx.1986-cı ildə vəfatından sonra ondan miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən, ümumi ərazisi 0,25 ha olan 556 saylı bağ torpaq sahəsini vərəsə olaraq faktiki qəbul etməsi faktının müəyyən edilməsi və həmin mirasın 1/5 hissəsinə pay hüququ tanınmaqla, ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin 9 saylı notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən ümumi ərazisi 0,25 ha olan, 556 saylı bağ torpaq sahəsi anasının xx.xx.1986-cı ildə vəfat etmiş atası X13 ayrılıb verilmiş və həmin ərazi dövlət reyestrində atasının adına qeydiyyata alınmışdır. Bu barədə reyestrdən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli çıxarış mövcuddur. Atasının sağlığından - 1975-ci ildən həmin torpaq sahəsində inşa edilmiş fərdi evdə yaşayır. Bu barədə də Pirşağı qəsəbəsi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilən arayışı var. O, atasının vəfatından sonra ondan miras qalmış 556 saylı bağ torpaq sahəsini faktiki qəbul edən beş vərəsədən biridir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, hələ atasının (mirasqoyanın) sağlığından hazırkı miras torpaq sahəsində inşa edilmiş fərdi tikilidə yaşayır, kommunal xərcləri ödəyir, atasının vəfatından sonra da bunu davam etdirir və bu və digər formada, qanunun tələb etdiyi qaydada, yəni miras əmlakı idarə etməyə faktiki başlamaqla, mirası qəbul etdiyini aşkar nümayiş etdirir. Notariat ofisinə müraciət edərək atasının vəfat etməsi ilə əlaqədar vərəsəlik işinin açılmasını və ondan miras qalmış, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi ünvanında yerləşən ümumi ərazisi 0,25 ha olan, 556 saylı bağ torpaq sahəsinin ümumi ərazisinin 1/5 hissəsinə vərəsə payının müəyyən edilməsi və həmin pay hissəyə dair ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin təmin olunmasını xahiş etmişdir. Ərizəsinə atanın ölməsi faktını təsdiq edən sənədin surəti, doğum haqqında şəhadətnamənin surəti, miras əmlak ərazidə yerləşən, ona məxsus fərdi tikilidə yaşadığına dair nümayəndəliyin arayışının surəti, onu aidiyyəti yerlərdə təmsil etməsi üçün özünün adına verdiyi etibarnaməmin surəti əlavə edilmişdir. Eləcə də, ərizədə mirası faktiki qəbul edən digər dörd vərəsə - Cavabdeh5 Əbdülağa qızı, Cavabdeh2, Cavabdeh3, (X5 münasibətdə tranmissiya) Cavabdeh4 haqqında məlumatlar göstərmişdir. 9 saylı notariat ofisindən isə ona bildirilmişdir ki, digər vərəsələrin müraciəti əsasında vərəsəlik işi açılmış və həmin vərəsələr, eləcə də onun tərəfindən təqdim edilmiş sənədlər notariat ofisində araşdırılaraq müəyyən edilmişdir ki, miras qoyanın əmlakının qəbulu ilə əlaqədar qanunla müəyyənləşdirilmiş müddət müraciət edən vərəsələr tərəfindən buraxılmış və ona görə də “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 40-cı maddəsinin tələbi, eləcə də Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması haqqında təlimatın 102-ci və 107-ci bəndləri rəhbər tutularaq tələbindən notariat hərəkətinin aparılmasından imtina edildiyi barədə xx.xx.2022-ci il tarixli, 1373 saylı qərar qəbul edilmişdir. Bir daha bildirir ki, 1975-ci il tarixdən bu günə kimi atasından miras qalmış həmin torpaq sahəsində inşa edilmiş fərdi evdə yaşayır və atası vəfat etdikdən sonra ondan miras qalmış torpaq sahəsini, əraziyə faktiki sahiblik edərək vərəsə olaraq qəbul etmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir.

10. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(008)- 5560/2022 nömrəli qərardadı ilə X6 iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

11. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 550/2023 nömrəli qətnaməsi ilə (hakim H.S.Mahmudova) iddia təmin olunmamışdır.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, sübutetmə yükünə görə, hazırkı işdə miras əmlakı faktiki qəbul etdiyini sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin məhkəmə baxışı zamanı iddiaçı həmin halı mötəbər və təkzibolumaz dəlillərlə sübuta yetirə bilməmiş, cavabdehlərin izahatları ilə həmin hal inkar olunmuşdur. Bu baxımdan da, iddia əsaslı sayıla və təmin edilə bilməz.

13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1243.1, 1243.2, 1246-ci maddələrinə, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx.xx.2014-cü il tarixli Qərarına, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 107, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı qeyd edilən qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti iddia ərizəsində göstərilənlərə uyğun əsaslandırılmış, həmçinin göstərilmişdir ki, iddiaçı mirasqoyana məxsus olmuş daşınar əşyalar; xalça, divar saatı və sair əşyalar olmaqla, torpaq sahəsində inşa edilmiş fərdi tikilidə hələ mirasqoyanın sağlığından yaşamaqla onun ölümündən sonrada orada yaşayaraq miras qalmış torpaq sahəsinə faktiki sahiblik etmişdir. Birinci instansiya məhkəməsinin, qətnamədə göstərilmiş nəticəsi işin halları (xalça və divar saatının iddiaçıda olması, eləcə də miras qalmış torpaq sahəsindəki evdə iddiaçının yaşamaqla evin kommunal ödənişlərini etməsi faktı) ilə təkzib olunur.

16. Daha sonra iddiaçı məhkəməyə müraciət ünvanlayaraq qeyd etmişdir ki, o, özünü mirası faktiki olaraq qəbul edən şəxs sayır və bunu məhkəməyə təqdim etdiyi arayış və digər sənədləri də təsdiq edir. Hazırki məlumatı isə onunla əlaqədardır ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib və mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 bildirdi ki, miras əmlak vərəsələr arasında bölüşdürülərkən üçüncü şəxs X6 torpaq sahəsindən pay istəməmişdir, çünki onun Kürdəxanıda torpaq sahəsi var idi. Miras qalmış torpaq sahəsində ev tikmişlər, hasar çəkmişlər. Heç kim razı deyil ki, miras əmlakdan Pikəxanıma yer verilsin. İddiaçıya torpaq sahəsindən pay verilməsinə razıdır, çünki onun orada evi var. Pikəxanımın həmin 25 sot torpaq sahəsində bir dənə daşı yoxdur. Notarius tərəfindən mirasa əmlaka dair onlara şəhadətnamə verilməmişdir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 qardaşı Cavabdeh3 dedikləri ilə razı olduğunu bildirdi.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 dayısı Cavabdeh3 dedikləri ilə razı olduğunu bildirdi.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X6 apellyasiya şikayətinə etiraz edərək ona da miras əmlakdan payın ayrılmasını xahiş etdi. Həmçinin bildirdi ki, o, atasından miras qalmış torpağın boş sahəsindən payının ayrılmasını istəyir, ona heç kimin yaşadığı yer lazım deyil.

22. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.

24. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

25. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikasının Qanununa və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının xx.xx.2008-ci il tarixli Qanunu "Bu Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir."

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı: Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu 2022-ci il 14 oktyabr tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinin davamı olaraq qeyd edir ki, mirasdan imtinanın ehtimal oluna bilmə imkanı mülkiyyət hüququnu və onun davamlılığını təmin edən vərəsəlik hüququnun konstitusion təminatını pozur. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

29. Hazırkı işdə iddia təmin edilmədiyindən və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında əks olunmuş hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

31. İşdən müəyyən edilir ki, iddiaçının atası X16 xx.xx.1986-cı il tarixdə, Düri Xeyrabat qızı xx.xx.2003-cü il tarixində vəfat etmişlər. Onların övladları: İddiaçı, Cavabdeh5, X6, Cavabdeh2, Cavabdeh3 və Quliyeva (Kazımova) Nazilə Abdulağa qızıdır.

32. X16 xx.xx.1986-cı il tarixdə vəfat edəndə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 556 saylı bağ sahəsi (0,25 ha torpaq sahəsi) miras əmlak hesab edilməsə də, yuxarıda istinad olunan xx.xx.2008-ci il tarixli Qanun qəbul edildikdən sonra həmin əmlak Dövlət reyestrində xx.xx.2021-ci il tarixdə mirası qoyanın adına qeydiyyata alınmaqla miras aktivinə çevrilmişdir.

33. X10 övladı Quliyeva (Kazımova) Nazilə Abdulağa qızı həmin tarixdən əvvəl vəfat etdiyindən onun beş övladından dördü mirasın onlara çatası hissəsindən yazılı formada imtina etmişlər, Cavabdeh4 isə miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etmişdir. X10 digər övladları da miras əmlakın qəbul edilməsi ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etmişlər. İddiaçıya notariat ofisi tərəfindən miras vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Digər vərəsələrə münasibətdə hər hansı qərar qəbul edilməmiş, vərəsəlik haqqında şəhadətnamə verilməmişdir.

34. Beləliklə, X10 birinci növbəli vərəsələri hazırki iş üzrə İddiaçı, cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və üçüncü şəxs X3r. Onlardan heç biri onlara mirasdan çatası paydan imtina etməmişlər.

35. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən iddiaçıya vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilərkən, habelə birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2023-cü il tarixli Qərarı mövcud deyildir. O da qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsində bir neçə tələblər göstərsə də, iddia ərizəsinin məzmunundan görünür ki, onun çatmaq istədiyi hüquqi nəticə miras əmlakın X6 istisna olmaqla qalan beş vərəsə arasında bölünməsidir.

36. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

37. Kollegiya yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, X8 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 556 saylı bağ sahəsi (0,25 ha torpaq sahəsi) üzərində vərəsələrin hər birinin 1/6 hissədə payı müəyyən edilməlidir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.2, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(008)- 550/2023 nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. İddiaçı, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, X6 və Cavabdeh4 xx.xx.1986-cı ildə vəfat etmiş X10 birinci növbəli vərəsələri hesab edilməklə, onların hər birinin miras əmlak - Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 556 saylı bağ sahəsi (0,25 ha torpaq sahəsi) üzərində 1/6 hissədə payları müəyyən edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar